Qərarlar

22.07.16 Z.Hüseynovun şikayəti üzrə AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 dekabr 2015-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

QƏRARI

Z.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair  

22 iyul 2016-cı il                                                                                           Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,  

Elməddin Hüseynovun katibliyi ilə, 

ərizəçi Zöhrab Hüseynov və onun vəkili Rəşad Abdiyevin,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakim köməkçisi Günel Tanrıverdiyevanın iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Z.Hüseynovun şikayəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N   E T D İ:

Zöhrab Hüseynov Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə (bundan sonra – Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi)  qarşı iddia ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Samir Qəhrəmanovun adına qeydiyyat aparılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz sayılması və qeydiyyat vəsiqəsinin ləğv edilməsini xahiş etmişdir.

Z.Hüseynov iddiasında göstərmişdir ki, o, 1994-cü ildə “Cəmilə” kiçik müəssisəni təsis etmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 9 noyabr 1994-cü il tarixli Sərəncamı ilə müəssisəyə ofis tikintisi üçün 0,033 ha torpaq sahəsi ayrılmışdır. 1996-cı ildə ofis binasının hazır olan 128,3 kv.m qeyri-yaşayış sahəsinə texniki pasport tərtib edilmiş və müvafiq qurumda inventar kimi qeydiyyat aparılmışdır. Bir müddət sonra binanın tikintisi başa çatdırılmış və texniki pasporta əsasən sahəsi 590 kv.m. olmuşdur.

2001-ci ildə müəssisənin fəaliyyətini genişləndirmək üçün o, tikilinin 2-ci mərtəbəsini təmir etmək qərararına gəlmiş və bu məqsədlə Abdulla Abdullayevdən 25 000 ABŞ dolları məbləğində borc almışdır.

Borc 128,3 kv.m. qeyri-yaşayış sahəsi girov qoyulması müqabilində verilmişdir. Borc vaxtında qaytarılmadığından, A.Abdullayev Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə borcun müəssisənin əmlakı olan 128,3 kv.m. sahədən ibarət tikilinin dəyərindən ödənilməsi qət edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 14 may 2002-ci il tarixli qeydiyyat vəsiqəsi ilə 128,3 kv.m. qeyri-yaşayış  sahəsi A.Abdullayevin xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. A.Abdullayev həmin sahəni 28 fevral 2004-cü ildə S.Qəhrəmanova satmış və qeyri-yaşayış sahəsi sonuncunun xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Sonradan isə S.Qəhrəmanov və digərləri heç bir hüquqi əsas olmadan, saxtakarlıq edərək ümumi sahəsi 563,2 kv.m. olan qeyri-yaşayış sahəsini öz adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirmişdir.    

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə əsl olmayan iddiaçı Z.Hüseynov əsl iddiaçı “Cəmilə” kiçik müəssisəsi ilə əvəz edilmişdir. Həmin məhkəmənin 29 mart 2015-ci il tarixli qərarı ilə müəssisənin iddia tələbi qismən təmin edilərək, mübahisəli 563,2 kv.m. qeyri-yaşayış sahəsinin qeydiyyat orqanının S.Qəhrəmanovun xüsusi mülkiyyəti kimi qeydiyyata alınması ilə bağlı hərəkətləri qanunsuz sayılmış, iddia tələbi qalan hissədə rədd edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 5 avqust 2015-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı qismən - mübahisəli qeyri-yaşayış sahəsinin S.Qəhrəmanovun mülkiyyəti kimi qeydiyyata alınması ilə bağlı qeydiyyat orqanının hərəkətlərinin qanunsuz sayılması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası) 15 dekabr 2015-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

Z.Hüseynov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, kassasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra - Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Z.Hüseynov şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının qərarı ilə onun Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququ və 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqların  məhkəmə təminatı hüququ pozulmuşdur.

Ərizəçi şikayətində həmçinin göstərmişdir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.3-cü maddəsini, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 8 və 15-ci maddələrini, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsini düzgün təfsir etməmişlər.

Z.Hüseynovun şikayəti ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.

Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından göründüyü kimi, Bakı şəhəri Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, 13 saylı binanın qarşısında ofis tikintisi üçün “Cəmilə” kiçik müəssisəsinə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində 2 mərtəbəli qeyri-yaşayış sahəsi inşa edilsə də, “Cəmilə” kiçik müəssisəsinin adına xüsusi mülkiyyət kimi yalnız bir mərtəbədən ibarət 128,3 kv.m. qeyri-yaşayış sahəsi müvafiq qeydiyyat orqanı tərəfindən qeydə alınmışdır. Qeyri-yaşayış sahəsi “Cəmilə” kiçik müəssisəsinin təsisçisi Z.Hüseynovla A.Abdullayev arasında bağlanmış müqavilə ilə borcun təminatı kimi girov qoyulmuş, borc vaxtında ödənilmədiyindən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 dekabr 2001-ci il tarixli qətnaməsi ilə borcun girov əmlakın dəyərindən ödənilməsi qət edilmişdir. Bundan sonra 128,3 kv.m. qeyri-yaşayış sahəsi A.Abdullayevin adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi həmçinin müəyyən etmişdir ki, 128,3 kv.m. qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi A.Abdullayevin adına qeydiyyata alındıqdan sonra, 28 fevral 2004-cü il tarixində onunla S.Qəhrəmanov arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən həmin sahə sonuncuya satılmışdır. Buna baxmayaraq, 26 avqust 2004-cü il tarixində həmin ünvandakı qeyri-yaşayış sahəsi 563,2 kv.m. ölçüdə, yəni müqavilə ilə nəzərdə tutulduğundan 434,9 kv.m. artıq ölçüdə S.Qəhrəmanovun adına qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, qeydiyyat orqanına ünvanlanmış 12 avqust 2004-cü il tarixli ərizə S.Qəhrəmənov tərəfindən imzalanmış, lakin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin məktubuna əsasən sonuncu 2004-cü ilin avqust ayında Azxərbaycan Respublikası hüdudlarından kənarda olmuşdur. Məhkəmə onu da nəzərə almışdır ki, həmin dövrdə qeydiyyat orqanı kimi fəaliyyət göstərən qurum tərəfindən verilmiş texniki pasporta əsasən 434,9 kv.m. qeyri-yaşayış sahəsi “Cəmilə” kiçik müəssisəsinə məxsus olmuşdur.

Birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin edərkən belə nəticəyə gəlmişdir ki, Suraxanı rayonu, Günəşli qəsəbəsi “D” yaşayış massivi, 13 saylı ünvanda yerləşən 563,2 kv.m. qeyri-yaşayış sahəsinin S.Qəhrəmanovun adına xüsusi mülkiyyət kimi qeydiyyata alınması hərəkətləri qanuna zidd, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1 və 15.2.3-cü maddələrinin tələbləri pozulmaqla aparılmışdır.

Apellyasiya və kassasiya instansiyası məhkəmələri isə S.Qəhrəmanovun saxta sənədlərlə 563,2 kv.m. sahəyə qeydiyyat vəsiqəsini əldə etməsinə dair birinci instansiya məhkəməsinin nəticələrini əsassız hesab edərək göstərmişlər ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 mart 2002-ci il tarixli qərardadı ilə borcun bir hissəsinin müqabilində qeyri-yaşayış sahəsinin yalnız 128,3 kv.m. hissəsi deyil, bütün mübahisəli bina və onun içərisindəki avadanlıqlar A.Abdullayevin mülkiyyətinə verilmişdir. A.Abdullayev alqı-satqı müqaviləsinə əsasən həmin binanı S.Qəhrəmanova satmışdır.   

  Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

  “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar.

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında qeyd etmişdir ki, məhkəmə aktları məhkəmə hakimiyyətinin bütövlüyünün təmin olunmasında xüsusi yer tutur. Məhkəmə hakimiyyəti orqanının bu və ya digər aktının məhkəmə aktına aid edilməsinin meyarı məhkəmə hakimiyyətinin cəmiyyətdə əsas təyinatını əks etdirməlidir. Buna görə də baxılan işlərlə bağlı məhkəmə aktlarına məhkəmə hakimiyyəti orqanının yalnız o aktları daxil ola bilər ki, onlarda məhkəmə hakimiyyətinin əsas funksiyası olan ədalət mühakiməsinin həyata keçirilməsi əks olunsun.

  Məhkəmə aktları hüquqi aktların bir növü olmaqla, digərləri ilə yanaşı aşağıdakı xüsusiyyətlərlə səciyyələnirlər:

- səlahiyyətli dövlət orqanları tərəfindən çıxarılırlar;

- həmin dövlət orqanının iradəsini ifadə edirlər;

- fərdi xarakterli olurlar;

- hüquqi nəticələr törədirlər;

- sənədli aktları təşkil edirlər.

Konkret mülki məsələlərə baxarkən və onları həll edərkən məhkəmələr prosessual formaya bağlıdırlar və beləliklə, onların ədalət mühakiməsinin həyata keçirilməsinə yönələn bütün hərəkətləri məhz məhkəmə aktlarında ifadə olunmalıdır. Mülki prosessual hüquq münasibətlərinin yaranması, dəyişdirilməsi və ya xitamının əsasını yalnız qanunla müəyyən olunmuş prosedura, formaya və məzmuna uyğun çıxarılmış məhkəmə aktları təşkil edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun S.Teymurovanın şikayəti ilə bağlı 13 iyul 2009-cu il tarixli Qərarı).

 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra – Mülki Prosessual Məcəllə) məhkəmə aktlarının formasına, məzmununa və çıxarılması proseduruna aid tələbləri təsbit etmişdir. Bu tələblərə görə, işi mahiyyəti üzrə həll edən məhkəmənin aktı qətnamə formasında çıxarılır (Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsi). Mülki Prosessual Məcəllənin 263.1-ci maddəsində isə göstərilmişdir ki, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Məhz buna görə də qanunverici qərardad və qətnamələrə dair müddəaları Mülki Prosessual Məcəllənin ayrı-ayrı fəsillərində nəzərdə tutmuşdur (17 və 21-ci fəsillər).

Qərardadda işin baxılması gedişində yaranan məsələlərin məhkəmə tərəfindən həll edilməsinin nəticələri təsbit olunur. Qəradadla məhkəmə iş üzrə icraatı dayandırır və onu təzələyir, tələbləri mahiyyəti üzrə həll etməyərək iş üzrə icraata xitam verməklə və ya ərizəni baxılmamış saxlamaqla məhkəmə icraatını bitirir (Mülki Prosessual Məcəllənin 258-262-ci maddələri).

Göründüyü kimi, qərardadlar məzmununa və hüquqi nəticələrinə görə məhkəmə qətnamələrindən əhəmiyyətli dərəcədə fərqlənir.

Apellyasiya və kassasiya instansiyası məhkəmələrinin istinad etdikləri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 mart 2002-ci il tarixli qərardadı ilə mülki prosessual qanunvericiliyin tələbləri kobudcasına pozularaq, yalnız məhkəmə qətnaməsi ilə həll oluna bilən, yəni “Cəmilə” kiçik müəssisəsinə məxsus olan bütün tikilinin - bina və içərisindəki avadanlıqların A.Abdullayevin mülkiyyətinə verilməsi və qeydiyyat vəsiqəsinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə həvalə edilməsi məsələsi həll edilmişdir.

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qanunun tələblərinə cavab verməyən qərardadı mülki münasibətlərin yaranması, dəyişdirilməsi və xitamı üçün əsas ola bilməz.

Lakin həmin qərardada əsaslanaraq və heç bir sübuta istinad etməyərək apellyasiya instansiyası məhkəməsi və bu məhkəmənin nəticələri ilə razılaşan kassasiya instansiyası məhkəməsi hesab etmişlər ki, mübahisəli qeyri-yaşayış sahəsinin Z.Hüseynovun mülkiyyətindən çıxaraq A.Abdullayevin mülkiyyətinə keçməsi məhkəmə aktları əsasında baş vermiş, A.Abdullayev qeyri-yaşayış sahəsinin tam həcmi üzərində mülkiyyət hüququ yarandıqdan sonra həmin sahəni özgəninkiləşdirərək 27 fevral 2004-cü il tarixində S.Qəhrəmanova satmışdır.

Bundan fərqli olaraq, birinci instansiya məhkəməsi işdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 dekabr 2001-ci il tarixli qətnaməsinə, Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 14 may 2002-ci il tarixli qeydiyyat vəsiqəsinə, A.Abdullayev tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 9 avqust 2007-ci il tarixli məktuba, 25 fevral 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ilə Z.Hüseynovun A.Abdullayevə olan borcunun “Cəmilə” kiçik müəssisəsinə məxsus 128,3 kv.m. sahənin dəyərindən ödənilməsi qət edilmiş, həmin sahə A.Abdullayevin xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmiş və yalnız bu sahəni (128,3 kv.m.) A.Abdullayev alqı-satqı müqaviləsinə əsasən S.Qəhrəmanova satmışdır.             

Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati Prosessual Məcəllə) 82-ci maddəsinin tələblərini pozaraq işə sübutlar və faktlar əsasında mahiyyəti üzrə tam həcmdə baxmamış, heç bir araşdırma aparmadan, yalnız Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 mart 2002-ci il tarixli qanuna zidd olan qərardadına əsaslanaraq, qanunsuz və əsassız qərar qəbul etmişdir.

Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası İnzibati Prosessual Məcəllənin 91 və 96-cı maddələrinin tələblərinə əməl etməyərək, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmış qərarı əsassız olaraq dəyişdirmədən saxlamışdır.

Bu isə öz növbəsində, ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquq və azadlıqlarının məhkəmə təminatının mühüm elementlərindən biri olan müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırılması əsasında hüquqların səmərəli bərpa edilməsi prinsipinin pozulmasına gətirib çıxarmışdır.

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki,  Z.Hüseynovun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə  qarşı qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbinə dair iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 dekabr 2015-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, İnzibati Prosessual Məcəllənin 91 və 96-cı maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericilikləri ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan  Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında”  Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A    A L D I:

1. Z.Hüseynovun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə  qarşı qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 dekabr 2015-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91 və 96-cı maddələrinə uyğun olmadığından  qüvvədən düşmüş hesab edilsin. İşə Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericilikləri ilə  müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.         

Sədr                                                                                            Fərhad  Abdullayev