Qərarlar

09.03.00 «Müəssisələr haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair

AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI 

KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

«Müəssisələr haqqında» Azərbaycan Respublikası Qanununun

6-cı  maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair

9 mart 2000-ci il                                                                                    Bakı şəhəri

 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyevin (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov, S.Salmanova (məruzə­çi-ha­kim), Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

maraqlı subyektlərin qanuni nümayəndələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Ş.Hidayevin, Azərbaycan Respublikası Milli Məclisi İqtisadi qanunvericilik şöbəsinin müdir müavini İ.Rəfibəylinin,

mütəxəssislər: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi bazar strukturlarının inkişafının proqnozlaşdırılması şöbəsinin rəisi, iqtisad elmləri namizədi F.Qa­rayevin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəisi F.Məmmədovun, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin Hüquq departamenti direktorunun müavini R.Hacıyevin,Səhmdar Cəmiyyətləri departamentinin baş mütəxəssisi İ.Həbiyevin, Bakı Dövlət Universiteti Hüquq fakultəsinin  baş müəllimi E.Xələfovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında xüsusi konstitusiya icraatı üzrə «Müəssisələr haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin ikinci bəndinin şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 dekabr 1999-cu il tarixli 5-4/99 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

İş üzrə məruzəçi-hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin qanuni nümayəndələri Ş.Hidayev və İ.Rəfibəylinin çıxışlarını, mütəxəssislər F.Qarayev, F.Məmmədov, R.Hacıyev, İ.Həbiyev və E.Xələfovun rəylərini dinləyib müzakirə edərək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

M Ü Ə Y Y Ə N  E T D İ:

Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğuda «Müəssisələr haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin səhmlərinin nəzarət paketi dövlət orqanlarına məxsus olan müəssisələrin dövlət mülkiyyətinə əsaslanan müəssisə hesab edilməsini nəzərdə tutan ikinci bəndini şərh etməyi xahiş edir.

Baxılan məsələ ilə əlaqədar iş materiallarına «Müəssisələr haqqında» Azərbaycan Respublikası Qanununun 4, 6-cı maddələrinin, ""Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramının"" təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 11 saylı "Dövlət mül­kiyyətinin özəlləşdirilməsinin sahə xüsusiyyətləri" əlavəsinin ikinci bəndinin, Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208-1Q saylı Qanunu ilə təsdiq edilmiş "Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında" Əsasnamənin 7.7-ci maddəsinin, "Azərbaycan Respublikasında mülkiyyət haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin Azərbaycan Respublikası Milli Məclisi Aparatında təsdiq edilmiş  rəsmi mətnləri əlavə edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sorğu ilə bağlı bir sıra məsələlərin təhlil olunmasını vacib hesab edir.

İlk növbədə müəssisənin anlayışı və onun mahiyyətinin nədən ibarət olması müəyyən edilməlidir.  «Müəssisələr haqqında» Azərbaycan Respublikası Qanununun birinci maddəsinə əsasən müəssisə-mülkiyyət formasından asılı olmayaraq, bu Qanuna müvafiq yaradılan, ictimai təlabatın ödənilməsi və mənfəət əldə edilməsi məqsədi ilə məhsul istehsal edən və satan, işlər görən və xidmətlər göstərən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir. 

Bu anlayışdan göründüyü kimi müəssisənin mahiyyətini təşkilati-hüquqi forma və mülkiyyətin növü təşkil edir.

Mülkiyyət növü müəssisənin mülkiyyətinin mənsubiyyətini (dövlət, xüsusi və bələdiyyə) müəyyən edir. Təşkilati-hüquqi forma isə bu mülkiyyətin kimlərin (fiziki və hüquqi şəxslərin) sahibliyində, istifadəsində və sərəncamında olduğunu göstərərək, mülkiyyətin idarə olunmasının təşkilati-hüquqi mahiyyətini və təsisçilərin müəssisənin öhdəliklərinə görə məsuliyyətini şərtləndirir.

Həmin müddəalar «Müəssisələr haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsində də öz əksini tapmışdır. Adı çəkilən maddədə nəzərdə tutulmuşdur ki, dövlət müəssisəsi dövlət mülkiyyətinə əsaslanan və təşkilati-hüquqi formasına görə dövlət müəssisəsi hesab edilən müəssisədir. Dövlət mülkiyyətinə əsaslanan aşağıdakı növ müəssisələr fəaliyyət göstərirlər:

əmlakı tamamilə dövlət mülkiyyətində olan müəssisə;

səhmlərinin nəzarət paketi dövlət orqanlarına məxsus olan müəssisə.

    Qeyd olunan maddənin birinci hissəsinin ikinci bəndinin  məzmunundan  göründüyü kimi dövlət  müəssisəsinin  təşkilində başqa mülkiyyət  növü iştirak etdikdə, o  səhmdar  cəmiyyəti təşkilati-hüquqi formasında da yaradıla bilər. Səhmlərin nəzarət paketinin anlayışı “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramının" təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 11 saylı əlavəsinin ikinci bəndində verilmişdir. Həmin bənddə qeyd edilir ki, özəlləşdirməyə məhdudiyyətlər yalnız adi (səs hüququ olan) səhmlərin nəzarət zərflərinin (51 faizi) və məhdudlaşdırıcı hissəsinin (25,5 faiz) dövlətin mülkiyyətində qalması yolu ilə, yaxud “Qızıl səhm”-in buraxılması formasında qoyula bilər.

"Müəssisələr haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin ikinci bəndinin mənasına görə müəssisənin nizamnamə kapitalının 51 faizini dövlət mülkiyyəti təşkil edirsə, o dövlət mülkiyyətinə əsaslanan müəssisə hesab edilir və həmin müəssisənin daxilində başqa mülkiyyət növünün olması istisna edilmir.             

Dövlət mülkiyyət münasibətlərinin islahatları özəlləşdirmə yolu ilə ümumi mülkiyyətdə olan obyektlərin qəti azaldılması ilə yanaşı, səhmdar cəmiyyətlərinin təsis edilməsi qaydası ilə ümumi mülkiyyətdə qalan obyektlərin idarə edilməsinin səmərəliliyinin  artırılmasını nəzərdə tutmuşdur.

“Müəssisələr haqqında” Qanunun 4-cü maddəsində göstərilir ki, qarışıq mül­kiyyət formasına əsaslanan müəssisə növləri fəaliyyət göstərə bilər. “Azərbaycan Res­publikasında mülkiyyət haqqında”  Azərbaycan Respublikası Qanununun 4-cü mad­dəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının və başqa dövlətlərin vətəndaşlarının  və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın  birləşdirilməsinə, bunun əsasında mülkiyyətin qarışıq formasının yaranmasına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hədlərdə yol verilir.

Dövlət, xüsusi və bələdiyyə mülkiyyət növlərini müəyyən edən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi həmin mülkiyyət növlərinin birləşdirilməsini və birgə fəaliyyət göstərməsini istisna etmir. Əksinə, Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinin I hissəsinə əsasən Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir.

Beləliklə, “Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı mad­dəsinin birinci hissəsinin ikinci bəndində göstərilən səhmlərinin nəzarət paketi dövlət orqanlarına məxsus olan müəssisələrin daxilində müxtəlif mülkiyyət növlərinin olması istisna edilmir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi həmçinin hesab edir ki, yuxarıda göstərilənlərlə əlaqədə olan bu Qanunun dövlət müəssisəsinin əmlakının Azərbaycan Respublikasının dövlət mülkiyyəti olmasını nəzərdə tutan 6-cı maddəsinin üçüncü hissəsi də şərh edilməlidir. 

"Müəssisələr haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsində nəzərdə tutulan müəssisələrin əmlakının dövlət mülkiyyətində olması şübhə doğurmur.

Lakin həmin Qanunun 6-cı maddəsinin birinci hissəsinin ikinci bəndində nəzərdə tutulan  müəssisələrin nizamnamə kapitalının 51 faizi dövlətin mülkiyyətinə, qalan hissəsinin isə başqa mülkiyyət növlərinə aid olduğundan, bu müəssisələrin bü­tün əmlakını dövlət mülkiyyəti kimi qəbul edilməsi Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş mülkiyyət hüququnu  pozmuş olur.

Belə müəssisələrin əmlakının bütövlükdə dövlətə məxsus olması “Dövlət müəssi­səsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında” Əsasnamədən də irə­li gəlmir. Həmin Əsasnamənin 7.7-ci maddəsinə görə müvafiq icra hakimiyyəti or­qanı dövlət müəssisəsinin özəlləşdirmə prosessində səhmdar cəmiyyətinə çevirilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətlərinin nizamnamə  kapitalındakı dövlətin payı həcmində cəmiyyətin fəaliyyətinə görə cavabdehdir. Bu halda digər mül­kiy­yət­çi­lər cəmiyyətin fəaliyyətinə görə nizamnamədəki payı həcmində cavabdehlik daşıyırlar.

Beləliklə, səhmlərinin nəzarət paketi dövlət orqanlarına məxsus olan müəssisənin nizamnamə  fondunda dövlət payına uyğun olan əmlak “Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş dövlət mülkiyyəti hesab edilməlidir.

Səhmlərinin nəzarət paketi dövlət orqanlarına məxsus olan müəssisənin digər payçıları öz paylarına uyğun olaraq əmlak üzərində mülkiyyətçi səlahiyyətlərini həyata keçirmək hüququna malikdir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, «Konstitusiya Məhkəməsi haqqında»  Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 

Q Ə R A R A  A L D I:

1. “Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin ikinci bəndinə əsasən müəssisənin səhmlərinin nəzarət paketi (azı 51 faizi) dövlət orqanlarına məxsus olduqda, o dövlət mülkiyyətinə əsaslanan dövlət müəssisəsidir və həmin müəssisənin daxilində başqa mülkiyyət növünün olması istisna edilmir.

2. Səhmlərinin nəzarət paketi dövlət orqanlarına məxsus olan müəssisənin nizamnamə fondunda dövlətin payına uyğun olan əmlak «Müəssisələr haqqında» Azərbaycan Respublikası Qanununun  6-cı maddəsinin  üçüncü hissəsində nəzərdə tutulmuş dövlət mülkiyyəti hesab edilməlidir.

Səhmlərinin nəzarət paketi dövlət orqanlarına məxsus olan müəssisənin digər payçıları öz paylarına uyğun olaraq əmlak üzərində mülkiyyətçi səlahiyyətlərini həyata keçirmək hüququna malikdirlər.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar «Azərbaycan» qəzetində dərc olunsun.

5. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.

Sədrlik edən                                                                                         Xanlar Hacıyev