Qərarlar

02.03.00 Bakı şəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 961 saylı sərəncamı barədə

AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI 

KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

Bakı şəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi

haqqında” 1999-cu il  5 oktyabr tarixli 961 saylı sərəncamı barədə

2 mart 2000-ci il                                                                                          Bakı şəhəri

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyevin (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), S.Salmanova, E.Məm­mədov və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

sorğuverənin qanuni nümayəndəsi, Azərbaycan Respublikası Baş Prokurorunun müavini X.Vəliyevin və Respublika Prokurorluğunun mülki işlər üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət idarəsinin rəisi E.Mirzəzadənin,

cavabverənin qanuni nümayəndəsi, Bakı şəhər icra hakimiyyətinin başçısı R. Allahverdiyevin, Bakı şəhər icra hakimiyyəti mənzil-kommunal təsərrufat departamentinin sədr müavini R.Abdullayevin, Bakı şəhər icra hakimiyyəti hüquq şöbəsinin müdiri  Z. Rzayevanın, 

mütəxəssis, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Hüquq şöbəsinin böyük referenti Ç.Quliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 9-cu bəndinə müvafiq olaraq, açıq məhkəmə iclasında Bakı şəhər  icra  hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 okt­yabr tarixli 961 saylı sərəncamına dair Azərbaycan Respublikası Prokurorluğunun 2000-ci il 08 fevral tarixli 07/3759 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

Hakim R.Qvaladzenin məruzəsini, tərəflərin qanuni nümayəndələri X.Vəliyev, S.Mirzəzadə, R.Allahverdiyev, R.Abdullayev, Z. Rzayevanın çıxışlarını, mütəxəssis Ç.Quliyevin rəyini dinləyib, işin materiallarına baxaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi     

M Ü Ə Y Y Ə N  E T D İ:

Bakı şəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında”  1999-cu il 5 oktyabr  tarixli 961 saylı sərəncamı ilə mülkiyyət formasından asılı olmayaraq Bakı şəhəri ərazisində dövlət mənzil-kommunal istismar təşkilatları tərəfindən xidmət olunan binalarda yaşayan əhali, habelə qeyri-yaşayış sahəsinin istifadəçiləri  və mülkiyyətçiləri üçün istismar yığımı və kommunal xidməti xərcləri 1 sentyabr 1999-cu il tarixdən etibarən yeni tariflər müəyyən edilmişdir. Bu sərəncamın 1 saylı əlavəsinə görə tam kommunal təminatlı mənzillər (evlər) üzrə 1 kv.m. ümumi sahə üçün 250 manat, qismən kommunal təyinatlı, həyət  evləri, yarımzirzəmi və kommunal tipli  mənzillər üzrə 1 kv. m. 150 manat, məhəllədaxili şəxsi və icarədə olan fərdi qarajlar üzrə  əhalidən 1 kv. m. ümumi sahə üçün 250 manat, yaşayış sahələrində məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi üçün əhalidən 1 adama 1000 manat (ƏDV-siz), yaşayış binalarında liftdən istifadəyə görə 1 adama 1500 manat (ƏDV-siz) alınması qərarlaşdırılmışdır.

Azərbaycan Respublikasının Prokurorluğu sorğuda göstərilən sərəncamın Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55-ci maddəsinə, “Mənzil fondunun özəl­ləş­dirilməsi haqqında“ Qanunun 13 və 14-cü maddələrinə, Azərbaycan Respubli­kası Mül­­­ki Məcəlləsinin 39-cu və 150-ci maddələrinə uyğunluğunun yoxlanılmasını xa­hiş edir.

Sorğuverənin mülahizəsinə görə, Bakı şəhər icra hakimiyyəti başçısının adı çəkilən sərəncamı ilə Azərbaycan Respublikası Konstitusiyasında, digər qanunlar və nor­ma­tiv hüquqi aktlarda öz əksini tapmış vətəndaşların hüquq və azadlıqları pozulmuşdur.

Sorğu ilə bağlı konstitusiya işində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55-ci maddəsini, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 13 və 14-cü maddələrini əks etdirən Azərbaycan Respublikası Milli Məclisinin Aparatında  düzgünlüyü təsdiq edilmiş rəsmi mətnləri vardır.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sorğu ilə bağlı aşağıdakıları qeyd edir.

Sərəncamdan göründüyü kimi Bakı şəhəri ərazisində 01 sentyabr 1999-cu il tarixdən etibarən dövlət mənzil fondu və özəlləşdirilmiş şəxsi mənzillər (evlər) üzrə  yeni  istismar  yığımı  və kommunal xidməti xərcləri müəyyən edilmişdir. Dövlət və içtimai mənzil fondunda olan yaşayış sahələri ilə yanaşı eyni məbləğdə haqlar vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış sahələrinə da şamil edilmişdir. Beləliklə sərəncamla faktiki olaraq mülkiyyətin hüquqi rejiminə dair ümumi qaydalar mü­əy­yən edilmişdir. Bu isə Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hakimiyyətlərin bö­lünməsi prinsipinə uyğun  deyildir.

Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə görə Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir.

Hakimiyyətlərin bölünməsi prinsipi azad, müstəqil, hakimiyyət qollarının mahiyyətcə fərqli hakimiyyət funksiyalarının yerinə yetirilməsini nəzərdə tutur. Azadlıq təminatlarının qorunması və bununla da demokratiyanın özbaşınalıgla əvəz olunmasının yolverilməzliyi belə bölgünün mahiyyətini təşkil edir. Hakimiyyətlərin bölünməsi prinsipinin məqsədi hakimiyyətin bir qolu tərəfindən digərinin səlahiyyətlərinin mənimsənilməsinə yol verməməkdən ibarətdir.

Lakin Bakı şəhər icra hakimiyyəti həmin prinsipin tələblərini pozaraq, qanun­veri­ciliklə ona müəyyən edilmiş hüdudlardan  kənara çıxmışdır.

Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin II hissəsində göstərilir ki, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mül­kiy­­yəti növündə ola bilər. Konstitusiyanın 94-cü  maddəsinin I hissəsinin 13-cü bəndində isə nə­zərdə tutulmuşdur ki, mülkiyyət hüququnun, o cümlədən dövlət, xüsusi və bələdiyyə mülkiyyətinin hüquqi rejiminin, əqli mülkiyyət hüququnun, digər əşya hüquqlarının, öhdəlik hüququnun ümumi qaydalarını Azərbaycan Respublikasının Milli Məclisi müəy­yən edir. Azərbaycan Respublikası Konstitusiyasının 81-ci maddəsinə görə Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirir.

Azərbaycan Respublikasının Konstitusiyasında mülkiyyətçinin əsas hüquqları təsbit edilmiş, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş bir sıra Qanunlarda isə yaşayış sahələri ilə bağlı xüsusi mülkiyyət hüququnun rejimi müəyyən olunmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin III hissəsinə görə mülkiyyət huququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Konstitusiyanın bu normasına əsaslanan “Azərbaycan Respublikasında mül­kiy­yət haqqında” Azərbaycan Respublikası Qanununun birinci maddəsinin ikinci hissəsində göstərilir ki, mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir.

“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən özəlləşdirilmiş mənzillərə (evlərə) xidmət və onların təmiri mülkiyyətçilərin vəsaiti hesabına dövlət mənzil fondunun evləri üçün müəyyən edilmiş şərtlərlə mənzil fondunun istismarının və təmirinin vahid qaydalarına və normalarına mütləq əməl edilməklə həyata keçirilir.

Bu Qanunun 14-cü maddəsində qeyd olunur ki, dövlət mənzil-istismar və təmir tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə ancaq müqavilə əsasında bu mənzillərə (evlərə) xidmət göstərə bilərlər. Tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cumlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır. Qismən özəlləşdirilmiş mənzillərə (evlərə) isə xidməti və onların təmirini bu evlərə özəlləşdirmədən əvvəl xidmət etmiş mənzil-istismar və təmir-tikinti təşkilatları həyata keçirirlər.

Həmin Qanunun 15-ci maddəsinə görə yerli icra hakimiyyət orqanları yalnız özəlləşdirilmiş mənzil fondunun texniki vəziyyətinə və vaxtında təmir olunmasına nəzarət edirlər.

Göstərilənlərdən məlum olur ki, özəlləşdirilmiş mənzillərə xidmət və onların təmiri mülkiyyətçinin öz vəsaiti hesabına və onun istəyinə görə tərəflərin razılığı ilə, yəni müqavilə əsasında həyata keçirilməlidir.

Bakı şəhər icra hakimiyyətinin başçısı isə adı çəkilən sərəncamla qanunverici orqan tərəfindən müəyyən edilmiş qaydaların ziddinə  mülkiyyət hüququnun  yeni rejimini müəyyən edərək, dövlət və  ictimai mənzil fondu evlərində yaşayış sahələri və xüsusi mülkiyyətdə olan mənzillər (evlər) arasında heç bir fərq  qoymadan  mənzil və xidmət  haqqlarını tətbiq etmişdir.                

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 6 saylı fərmanı  ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə görə yerli icra hakimiy­yəti başçıları mülkiyyət hüququnun rejimini müəyyən etmək səlahiyyətinə malik deyil.

Beləliklə, Bakı şəhər icra hakimiyyətinin başçısı qanunvericiliklə ona verilmiş səlahiyyət hüdudlarından kənara çıxaraq, Azərbaycan Respublikasının Konstitusiyası ilə Azərbaycan Respublikasının Milli Məclisinə verilmiş səlahiyyətləri həyata keçirmişdir.

Bakı şəhər icra hakimiyyəti başçısının həmin sərəncamı Azərbaycan Respublikasının Konstitusiyasında və yuxarıda göstərilən Qanunlarda təsbit edilmiş mülkiy­yətçinin özünə məxsus əmlaka öz mülahizəsinə görə  sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək hüququnu məhdudlaşdıraraq bu sahədə münasibətlərin məcburi qaydada tənzim edilməsini nəzərdə tutur.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi eyni zamanda aşağıdakıları qeyd etməyi vacib bilir:

 - Bakı şəhər icra hakimiyyəti başçısının adı çəkilən sərəncamında mənzil-kommunal xidməti tariflərinin hansı meyyarlara əsaslanmaqla müəyyənləşdirilməsi göstərilməmişdir;

- Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55-ci maddəsinə əsasən Azərbaycan Respublikasında  dövlət və içtimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqının  (mənzil haqqının) məbləğini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Qanunun bu göstərişinə zidd olaraq Bakı şəhər icra hakimiyyətinin başçısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərini  öz üzərinə götürmüşdür;

Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə zidd olaraq sərəncam 5 oktyabr 1999-cu il tarixdə qəbul edildiyi halda onun qüvvəsi şəxslərin hüquqi vəziyyətini ağırlaşdırmasına baxmayaraq geriyə, yəni 01 sentyabr 1999-cu il tarixə şamil edilmişdir. 

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hesab edir ki, Bakı şəhər icra hakimiyyəti başçısının 1999-cu il 05 ok­t­yabr tarixli 961 saylı sərəncamı qəbul edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin III hissəsinin, 29-cu maddəsinin III hissəsinin, 81-ci maddəsinin, 94-cü maddəsinin I hissəsinin 13-cü bəndinin və 149-cu maddəsinin VII hissəsinin, “Mənzil fondunun  özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qa­nu­nunun 13 və 14-cü  maddələrinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55-ci maddəsinin tələbləri pozulmuşdur.

 Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 9-cu bəndini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 80-83 və 85-ci  maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 

Q Ə R A R A     A L D I :

1. Bakı şəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti  tariflərinin  tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 961 saylı sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin III hissəsində nəzərdə tutulan hakimiyyətlərin bölünməsi prinsipinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinə yaşayış sahəsindən istifadə haqqının (mənzil haqqının) ödənilməsi qaydasının təxirə salınmadan müəyyən edilməsi tövsiyyə olunsun.   

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan” qəzetində dərc olunsun.

5. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.

Sədrlik edən                                                                  Xanlar Hacıyev