Qərarlar

15.07.15 Q.Məmmədova və digərlərinin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 30/10/14-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

QƏRARI

Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının

Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

15 iyul 2015-ci il                                                                                                                                                                   Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,  

məhkəmə katibi Elməddin Hüseynovun, 

ərizəçi Qəşəng Məmmədova və onun vəkili Müşviq Mahmudovun,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin müdiri Elxan Kazımovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Q.Məmmədovanın, A.Məmmədovun və R.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin vəkilinin və cavabverən orqanın nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu  

MÜƏYYƏN ETDİ:

  İddiaçılar Q.Məmmədova və digərləri cavabdehlər “Bank Technique” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – “Bank Technique” ASC)  və “Qübbə” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “Qübbə” MMC) qarşı iddia ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət edərək, onlar arasında bağlanmış 7 iyun 2006-cı il tarixli 6 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişlər.

İddia onunla əsaslandırılmışdır ki, Q.Məmmədovanın xəbəri və razılığı olmadan əri İ.Məmmədov tərəfindən verilmiş etibarnamə əsasında onların birgə mülkiyyətində olan ev “Bank Technique” ASC ilə “Qübbə” MMC arasında bağlanmış ipoteka müqaviləsinə əsasən girov qoyulmuşdur.

Quba rayon Məhkəməsinin 31 yanvar 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Sumqayıt Apellyasiya Məhkəməsinin MK) 30 iyun 2014-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, “Bank Technique” ASC və “Qübbə” MMC arasında bağlanan ipoteka müqaviləsi İ.Məmmədova aid olan hissədə etibarsız hesab edilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK) 30 oktyabr 2014-cü il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməmişdir.

Q.Məmmədova və digərləri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək, Ali Məhkəmənin MK-nın qeyd olunan qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişlər.

Şikayət onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkənAzərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə), Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) tələblərinə əməl edilməmiş, bununla da ərizəçinin Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququ pozulmuşdur.

Şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13 və 29-cu maddələri).

Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır.

Konstitusiyanın 34-cü maddəsində nikah hüququ, o cümlədən ər ilə arvadın hüquqlarının bərabərliyi təsbit olunmuşdur. Ailə Məcəlləsinin 29.1-ci maddəsində isə ər və arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olmaları müəyyən edilmişdir. Ailə Məcəlləsinin 32.1-ci maddəsində nikah müddətində əldə edilən daşınmaz və daşınar əmlakın kim tərəfindən əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, ər-arvadın birgə mülkiyyətinə daxil edilməsi nəzərdə tutulmuşdur. Öz növbəsində, Mülki Məcəllənin 225.1-ci maddəsində göstərilir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Ər-arvadın ümumi əmlak üzərində mülkiyyət hüququnun həyata keçirilməsi Ailə Məcəlləsinin 33-cü maddəsi ilə tənzimlənir. Bu maddəyə müvafiq olaraq ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının   Mülki   Məcəlləsi   ilə   müəyyən   olunmuş   müddətdə mübahisələndirilə bilər (Ailə Məcəlləsinin 33.4-cü maddəsi).

Qeyd olunmalıdır ki, “İpoteka haqqında” Qanunun 8.1-ci maddəsi ümumi birgə mülkiyyətdə olan əşyanın ipoteka ilə yüklü edilməsi zamanı bütün mülkiyyətçilərin hüquqlarının və qanuni maraqlarının qorunması məqsədilə həmin mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığının olmasını tələb edir.

Ailə qanunvericiliyinin yuxarıda istinad olunan müddəalarına əsasən bu tələb ər-arvadın ümumi mülkiyyət hüququ əsasında əldə etdikləri əmlaka da şamil edilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il  tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir:

- əmlakın ər-arvadın nikah müddətində əldə olunması;

- əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması.

İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir.

Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmeti olan yaşayış evinin İ.Məmmədovun mülkiyyətinə Q.Məmmədova ilə nikahda olduğu vaxt keçməsini müəyyənləşdirmişdir. Bununla belə, yaşayış evi birgə nikah dövründə əldə olunduğundan ümumi əmlak hesab edilmiş və həmin əmlak üzərində sərəncam vermək üçün digər payçı Q.Məmmədovanın notariat qaydasında təsdiq edilmiş razılığı alınmamışdır.

Lakin kassasiya instansiyası məhkəməsi Ailə Məcəlləsinin 33.4-cü maddəsinin tətbiq edilməsini əsassız hesab etmişdir. Belə ki, məhkəmənin qənaətinə görə, birgə nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə etdiyi əmlak ümumi birgə mülkiyyətə aid edilir, lakin nikah dövründə əqdin bağlanması və ər-arvaddan birinin adına əmlakın qeydiyyata alınması faktı həmin əmlakın onların birgə mülkiyyətində olmasını təsdiq etmir. Evin ümumi birgə mülkiyyətə aid edilməsi üçün əmlakın əldə olunması tarixi, ona dair əsas və mənbə müəyyən edilməlidir. Bununla belə, Ali Məhkəmənin MK hesab etmişdir ki, əmlakın nikahda olduqları dövrdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması faktı Ailə Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq həmin əmlakın İ.Məmmədovun və Q.Məmmədovanın ümumi birgə mülkiyyəti kimi tanınması üçün kifayət deyildir.

Lakin mülki işin faktiki hallarını araşdıraraq, iş üzrə yeni qərar qəbul edərkən Ali Məhkəmənin MK-nın mübahisəni ər-arvadın ümumi mülkiyyətinin hüquqi rejimi ilə bağlı ailə və mülki qanunvericilikdə müəyyən edilmiş yuxarıda göstərilən müddəaların məzmununa və legitim məqsədinə uyğun həll etməməsi Q.Məmmədovanın yaşayış sahəsinə qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu əhəmiyyətsiz etmişdir. Bu isə ərizəçinin Konstitusiyanın 29-cu maddəsinin I, II və III hissələrində təsbit olunmuş mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir.

Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur.

Mülki prosessual qanunvericiliyin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qənaətinə gəldikdə, bir qayda olaraq, Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinə əsasən qətnaməni ləğv edib işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərməlidir. İş üzrə düzgün qətnamənin qəbul edilməsinə təsir göstərən hər hansı boşluğun aşkar edilməsi apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərarın qəbul edilməsini istisna edir.

Mülki prosessual qanunvericiliyə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Belə qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun (Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələri).

Kassasiya instansiyası məhkəməsi işin hallarını və iş üzrə sübutları müəyyən etmir, həmçinin apellyasiya instansiyası məhkəməsində sübut kimi qəbul edilməyən hər hansı sənədi yenidən sübut kimi qəbul edə və qiymətləndirə bilməz, yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar üzrə maddi hüquq normalarının pozulduğunu və ya düzgün tətbiq edilmədiyini müəyyən etdikdə müvafiq qərar qəbul edə bilər.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən Mülki Prosessual Məcəllənin 417.1.4-cü maddəsinin tətbiqi müstəsna olaraq kassasiya instansiyası məhkəməsinin hüquqi təbiəti və səlahiyyət hədləri çərçivəsində qanuni hesab edilə bilər və heç bir halda həmin məhkəmənin aşağı instansiya məhkəmələrinin səlahiyyətlərini öz üzərinə götürməsi ilə nəticələnməməlidir. Bu maddə, həmçinin kassasiya instansiyası məhkəməsinin mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə və həmin hallara maddi hüquq normalarını tətbiq etməsinə hüquqi əsas vermir (Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il, 21 may 2004-cü il, 3 avqust 2004-cü il, 28 oktyabr 2004-cü il, 21 iyun 2010-cu il, 28 fevral 2012-ci il, 18 fevral 2014-cü il, 15 sentyabr 2014-cü il tarixli Qərarları).

Lakin Ali Məhkəmənin MK mülki işin faktiki hallarını müəyyən edərək, iddiaçılar tərəfindən mübahisəli əmlakın necə əldə olunmasına dair əlavə sübutların təqdim olunmasının zəruri olmasını qeyd etməklə yeni qərar qəbul etmişdir. Eyni zamanda, kassasiya instansiyası məhkəməsi qərarında iddia müddətinin müəyyən edilməsinin də  zəruri olduğunu qeyd etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında iddia müddətinin zəruriliyini qeyd etməklə yanaşı, bu institutun tətbiqi mexanizminə də aydınlıq gətirmişdir.        İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə  tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur. Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir.

Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.

Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır.       

Bu baxımdan, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə istinadla və yaxud həmin Məcəllənin 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı)  .

Bununla yanaşı, Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi digər hüquqi mövqeyi də nəzərə alınmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışdırsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər. Bu halda, apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.

İş üzrə qəbul edilmiş qətnamələrdən də göründüyü kimi, cavabdeh nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrində iddia müddəti ilə bağlı hər hansı bir ərizə təqdim etməmişdir. Bu məsələyə həmin məhkəmələrdə baxılmamış və qiymət verilməmişdir. Belə olan təqdirdə, kassasiya instansiyası məhkəməsi tərəfindən iddia müddətinin ötürülməsi əsası ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi qanunvericiliyin tələblərinə cavab vermir.

Bundan başqa, kassasiya instansiyası məhkəməsi qərarında göstərmişdir ki, “Bank Technique” ASC-nin “Qübbə” MMC-yə və G.İsayevə qarşı kredit müqaviləsinin ləğv edilməsi, kreditin və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi, borcun ipotekaya yönəldilməsi və ərazinin boşaldılmasına dair iddiası üzrə Ali Məhkəmənin MK-nın 3 iyun 2013-cü il tarixli qərarı hazırkı iş üzrə preyudisial xarakter daşıyır.

Qeyd etmək lazımdır ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.

Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 27 noyabr 2012-ci il tarixli qətnaməsindən və Ali Məhkəmənin MK-nın 3 iyun 2013-cü il tarixli qərarından görünür ki, məhkəmə aktlarında yalnız mübahisəli əmlakın cavabdeh İ.Məmmədov tərəfindən G.İsayevə verilən etibarnamə əsasında ipoteka ilə yüklü edilməsinin mövcud qanunvericiliyə uyğun olub-olmaması məsələsi araşdırılmışdır. Bu hal isə kassasiya instansiyası məhkəməsinin həmin qərarının hazırkı iş üzrə preyudisial xarakterə malik olmasını istisna edir.

Beləliklə, Ali Məhkəmənin MK tərəfindən Mülki Prosessual Məcəllənin 416, 417.1.4 və 417.2-ci maddələrinin tələblərinə riayət edilməmiş və iş üzrə tətbiq edilən maddi və prosessual hüquq normalarının düzgün şərh edilməməsi nəticəsində Q.Məmmədovanın Konstitusiyanın 29-cu maddəsinin I, II və III hissələrində və 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquqları pozulmuşdur.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, iddiaçıQ.Məmmədovanın və digərlərinin cavabdehlər “Bank Technique” ASC-yə və “Qübbə” MMC-yə qarşı onlar arasında bağlanmış 7 iyun 2006-cı il tarixli 6 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin MK-nın 30 oktyabr 2014-cü il tarixli qərarı Konstitusiyanın 29 və 60-cı maddələrinə,  Mülki Prosessual Məcəllənin 416, 417.1.4 və 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.      

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu   

QƏRARA  ALDI:  

1. Qəşəng Məmmədova və digərlərinin ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dairmülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 416, 417.1.4 və 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.   

Sədr                                                                   Fərhad Abdullayev