AZƏRBAYCAN RESPUBLİKASI
ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi
Plenumunun
QƏRARI
Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək
hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair
24 sentyabr 2014-cü
il
Bakı
şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael
Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət
tərkibdə,
məhkəmə
katibi Fəraid Əliyevin,
maraqlı
subyektlərin nümayəndələri Şəmkir rayon Məhkəməsinin sədri Qafil Baxşıyevin və
Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi
qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,
ekspert
Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının
müdiri, hüquq elmləri doktoru, professor Firudin Səməndərovun,
mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının
sədri Şahin Yusifovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Camal Ramazanovun
və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi
İdarəsinin İstintaq və təhqiqat şöbəsinin rəisi Hikmət Kərimovun iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq
olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini
idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair Şəmkir rayon
Məhkəməsinin müraciəti ilə bağlı konstitusiya işinə
baxdı.
İş
üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı
subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin
rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Şəmkir
rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan
sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 263-1-ci maddəsinin “nəqliyyat
vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsini xahiş
etmişdir.
Müraciətdə
qeyd olunur ki, N.Zeynalovun Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə
təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında dövlət
ittihamçısı cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş
etmişdir.
Dövlət
ittihamcısı öz mövqeyini onunla əsaslandırmışdır ki, 20 noyabr 1935-ci ildə
anadan olmuş N.Zeynalov 23 may 1985-ci ildə nəqliyyat vasitələrini idarə etmək
hüququ verən “B” kateqoriyalı müddətsiz sürücülük vəsiqəsi almışdır. “Yol
hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Yol
hərəkəti haqqında” Qanun) 33-cü maddəsinin V hissəsinin 1-ci bəndinə
əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin
nəqliyyat vasitələrini idarəetmə hüququ şəxsin sürücülük vəsiqəsinin etibarlıq
müddəti qurtarıbsa, sürücülük vəsiqəsi dəyişdirilənədək məhdudlaşdırıla bilər.
Həmin
Qanunun 34-cü maddəsinin I hissəsinə görə sürücülük vəsiqəsi şəxsin
nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Qeyd olunan
maddənin V hissəsinin 1, 2 və 3-cü bəndlərində sürücülük vəsiqəsinin etibarlıq
müddəti 60 yaşına çatmayan şəxslər üçün 10 il, 60 və daha çox yaşı olan şəxslər
üçün onların 70 yaşı tamam olanadək qalan müddət, 70 və daha çox yaşı olan
şəxslər üçün 2 il müəyyən edilmişdir.
Eyni
zamanda, “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsinin VIII hissəsinin
4-cü bəndində göstərilmişdir ki, sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün
bu Qanunun 34-cü maddəsinin V hissəsinin 2-4-cü bəndlərində nəzərdə tutulduğu
hallarda tibbi arayış təqdim edilməlidir.
Eləcə
də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2012-ci il 4 avqust
tarixli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin
hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların
qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və
qaytarılması qaydaları haqqında” Təlimatın 6-cı bəndində keçmiş SSRİ nümunəli
sürücülük vəsiqələrinin dəyişdirilməsi qaydaları nəzərdə tutulmuşdur.
Beləliklə,
dövlət ittihamçısının mövqeyinə görə, istintaq orqanı N.Zeynalova nəqliyyat
vasitələrini idarə etmək hüququ verən 23 may 1985-ci ildə əldə etdiyi sürücülük
vəsiqəsinin etibarlı olub-olmamasını müəyyən etməmiş, yalnız həmin sürücülük
vəsiqəsinin müddətsiz verilməsinə istinad edərək yanlış olaraq 78 yaşlı şəxsin
nəqliyyat vasitələrini idarə etmək hüququnun olması qənaətinə gəlmişdir. Belə
ki, təqsirləndirilən şəxs N.Zeynalov sürücülük vəsiqəsini 50 yaşında almış və
yuxarıda qeyd olunan normativ hüquqi aktların tələblərinə görə hadisə törədilən
zaman onun nəqliyyat vasitələrini idarə etmək hüququ olmamışdır.
Şəmkir
rayon Məhkəməsi hesab edir ki, keçmiş SSRİ nümunəli müddətsiz sürücülük
vəsiqəsi olan şəxsə münasibətdə Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin
dispozisiyasında əks olunmuş “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan
şəxs” müddəasının tətbiqində yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması
məqsədilə həmin müddəanın şərh edilməsinə zərurət yaranmışdır.
Konstitusiya
Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri
hesab edir.
Yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması, bu
hadisələrlə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı
sui-istifadə hallarının qarşısının alınması məqsədi ilə “Yol-nəqliyyat
hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol
hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə
bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26
dekabr tarixli Sərəncamı (bundan sonra –Sərəncam) qəbul edilmişdir.
Sərəncamın
1.2-ci bəndində yol-nəqliyyat hadisələrinin sərxoş halda, nəqliyyat
vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış və ya belə hüququ olmayan
şəxslər tərəfindən törədilməsi ağır nəticələrə səbəb olduğu hallarda cinayət
məsuliyyətinin sərtləşdirilməsi təklif olunmuşdur.
Qeyd
olunmalıdır ki, Cinayət Məcəlləsinə müvafiq əlavələrin edilməsindən öncə
Azərbaycan Respublikasının cinayət qanunvericiliyində yol-nəqliyyat
hadisələrinin sərxoş halda, nəqliyyat vasitələrini idarə etmək hüququ
məhdudlaşdırılmış və ya belə hüququ olmayan şəxslər tərəfindən törədilməsi
Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə tövsif olunurdu.
Cinayət
Məcəlləsinin 263-cü maddəsinə müvafiq olaraq avtomobil, tramvay və ya digər
mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya
nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda,
eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər
vurulmasına səbəb olduqda, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş
əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, eləcə də bu
Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və
daha çox şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətinə səbəb olur.
(Cinayət Məcəlləsinin 263.1, 263.1-1, 263.2, 263.3-cü maddələri).
“Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında”
Azərbaycan Respublikasının 2013-cü il 5 aprel
tarixli Qanunu ilə Cinayət Məcəlləsinə yeni məzmunda
263-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən
Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin
qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən
maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat
vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına
səbəb olduqda, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına
ağır zərər vurulmasına səbəb olduqda, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə səbəb olduqda, eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox
şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətinə səbəb olur. (Cinayət
Məcəlləsinin 263-1.1–263-1.4-cü maddələri).
Konstitusiya
Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci
maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında
formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun
tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini
əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə
təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin
cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə
yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da
cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına,
cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət
Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə
məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.
Göstərilənlərlə
əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin
263-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli insanların həyat və ya
sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə yönəldiyi üçün
bu cinayətin tərkibinin, xüsusilə də onun subyektinin düzgün müəyyən olunması
böyük əhəmiyyət kəsb edir.
Cinayət
Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulan cinayətlərin obyekti
yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin
edən ictimai münasibətlərdir. Eyni zamanda, Cinayət Məcəlləsinin qeyd olunan
maddələri ilə cinayət məsuliyyətinin yaranması insan sağlamlığına zərər vurulmasından
asılı olduğu üçün bu cinayətlərin əlavə obyekti insanın həyat və ya
sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir.
Cinayət
Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin
subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış,
anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitələrini idarə edən şəxs ola bilər.
Bununla
yanaşı, Cinayət Məcəlləsinin 263-1-ci maddəsində nəzərdə tutulan cinayətin
subyekti yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını
alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və
digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda
pozan nəqliyyat vasitələrini idarə edən şəxsdir. Bu cinayətin digər subyekti
isə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan
nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxsdir.
Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin
subyektlərindən biri olan nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan
şəxsin düzgün müəyyən olunması üçün “Yol hərəkəti haqqında” Qanunun normaları
təhlil olunmalıdır.
“Yol
hərəkəti haqqında” Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların
təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər
həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının
və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və
dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının
alınması və onların ağırlıq dərəcəsinin
aşağı salınması üçün tədbirlər görülməsinin
hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol
hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.
“Yol
hərəkəti haqqında” Qanunun 33-cü maddəsinə görə bu maddənin ikinci
hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq
cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən,
sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs
Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini
idarəetmə hüququna malikdir. Azərbaycan Respublikasının ərazisindəki
yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük
vəsiqəsi əsasında həyata keçirilir.
“Yol
hərəkəti haqqında” Qanunun qeyd olunan normasında nəqliyyat vasitələrini
idarəetmə hüququnun əldə edilməsinin şərtləri və qaydaları dəqiq müəyyən
olunmuşdur və bu Qanuna uyğun olaraq sürücülük vəsiqəsini əldə etmiş şəxs
nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs hesab
edilməlidir. Beləliklə, Cinayət
Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ
olmayan şəxs” müddəası, ilk növbədə, hadisə törədilən zaman ümumiyyətlə
sürücülük vəsiqəsi olmayan şəxsi ehtiva edir.
Bununla
yanaşı, “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin V hissəsində fiziki
şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasından bəhs
olunur. Belə ki, həmin normaya əsasən Azərbaycan
Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin
nəqliyyat vasitələrini idarəetmə hüququ yalnız aşağıdakı hallarda
müvəqqəti məhdudlaşdırıla bilər:
1) şəxsin
sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa — sürücülük vəsiqəsi
dəyişdirilənədək;
2) şəxs
tərəfindən yol hərəkətinin qaydaları bu Qanunla müəyyən
edilmiş hallarda kobud surətdə pozulmuşdursa — Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada
beş ildən artıq olmayan müddətin qurtarmasınadək;
3) şəxsdə bu
maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər
və ya fiziki qüsurlar müəyyən edilərsə — xəstəlik müalicə olunanadək
və ya fiziki qüsur aradan qaldırılanadək.
Beləliklə,
qanunverici şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun
məhdudlaşdırılmasının üç şərtini müəyyən etmişdir: sürücülük vəsiqəsinin
etibarlıq müddətinin bitməsi; yol hərəkəti qaydalarının bu Qanunla müəyyən
edilmiş hallarda kobud surətdə pozulması; şəxsdə xəstəliklərin
və ya fiziki qüsurların müəyyən edilməsi.
Sürücülük
vəsiqəsinin etibarlıq müddəti “Yol hərəkəti haqqında” Qanunun 33-cü
maddəsində göstərilmişdir. Həmin maddənin V hissəsinə görə sürücülük
vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimidir: 1) 60
yaşına çatmamış şəxslər üçün — 10 il; 2) 60
və daha çox yaşı olan şəxslər üçün — onların 70
yaşı tamam olanadək qalan müddət; 3) 70 və daha çox yaşı olan şəxslər üçün
— 2 il; 4) siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün
— təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan
müddət.
Həmin
Qanunun 35-ci maddəsinə görə isə sürücülük vəsiqəsinin etibarlıq müddətinin
qurtarması onun dəyişdirilməsini tələb edir. Sürücülük vəsiqəsinin etibarlıq
müddətinin qurtarması fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququnu
məhdudlaşdırır. (“Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin V
hissəsinin 1-ci bəndi). Belə olan halda Cinayət Məcəlləsinin 263-1-ci
maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası,
həmçinin hadisə törədilən zaman sürücülük vəsiqəsinin etibarlıq müddəti
qurtarmış şəxsi ehtiva edir.
Bununla
yanaşı, şəxsin yol hərəkəti qaydalarının kobud surətdə pozulmasına görə
nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması Azərbaycan
Respublikasının İnzibati Xətəlar Məcəlləsi (bundan sonra – İnzibati Xətalar
Məcəlləsi) ilə müəyyən edilmişdir.
İnzibati
Xətalar Məcəlləsinin 28-ci maddəsinə əsasən həmin Məcəllənin 151.4-cü
maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə
sürücülər bir il ərzində 20 və daha çox bal topladıqda, inzibati cərimə tətbiq
edilmədən onların nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılır.
Həmçinin,
Cinayət Məcəlləsinin 45-ci maddəsinə görə nəqliyyat vasitəsini idarəetmə
hüququndan məhrum etmə cəza növü Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq
maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin
şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək
müddətə təyin edilə bilər.
Beləliklə,
qanunvericiliyin yuxarıda göstərilən normalarının təhlilindən belə qənaətə
gəlmək olar ki, hadisə törədilən zaman nəqliyyat vasitəsini idarə etmək
hüququndan müəyyən müddətə məhrum edilmiş şəxs və yol hərəkəti qaydalarının
qanunvericiliklə müəyyən edilmiş hallarda kobud
surətdə pozulmasına görə bu hüququ məhdudlaşdırılmış şəxs nəqliyyat
vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilməlidir.
Bununla
yanaşı qeyd edilməlidir ki, “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin V
hissəsinin 3-cü bəndinə görə şəxsdə bu
maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər
və ya fiziki qüsurlar müəyyən edilərsə, xəstəlik müalicə olunanadək
və ya fiziki qüsur aradan qaldırılanadək həmin şəxsin nəqliyyat
vasitələrini idarə etmək hüququ məhdudlaşdırıla bilər.
“Yol
hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli Fərmanının
2-ci bəndinə görə həmin Qanunun 33-cü maddəsinin III hissəsində (birinci halda)
və VI hissəsində, 34-cü maddəsinin V hissəsinin 4-cü bəndində və 35-ci
maddəsinin II hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi həyata keçirir.
Belə
olan halda qanunvericiliyin tələblərinə görə hadisə törədilən zaman xəstəliyə
və ya fiziki qüsurlara görə nəqliyyat vasitələrini idarə etmək hüququ
məhdudlaşdırılmış şəxs də nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan
şəxs hesab edilməlidir.
Göründüyü
kimi, “Yol hərəkəti haqqında” Qanunun yuxarıda qeyd olunan normalarında şəxsin
nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilməsi
və bu hüququn məhdudlaşdırılması halları dəqiq müəyyən edilmişdir. Beləliklə,
qanunvericilikdə göstərilən hallarda nəqliyyat vasitələrini idarə etmək
hüququndan müəyyən müddətə məhrum edilmiş və ya bu hüququ məhdudlaşdırılmış şəxs
nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilməlidir.
Bununla
yanaşı, “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin II hissəsi, 34-cü
maddəsinin II və IV hissələri, 35-ci maddəsinin IX hissəsi ilə sürücülük
vəsiqəsinin əldə edilməsi, sürücülük vəsiqəsində müəyyən olunmuş kateqoriya ilə
hansı nəqliyyat vasitəsini idarə etmək hüququnun yaranması, sürücülük
vəsiqəsində göstərilmiş kateqoriyaların dəyişdirilməsi qaydaları tənzimlənir.
“Yol
hərəkəti haqqında” Qanunun yuxarıda göstərilən normaları hər bir nəqliyyat
vasitəsinin idarə edilməsinin ayrı-ayrı xüsusiyyətlərini müəyyən etmişdir. Bu
xüsusiyyətlər isə müxtəlif növ nəqliyyat vasitələrinin idarə edilməsini xüsusi
bilik, vərdiş və təcrübə ilə əlaqələndirmişdir. Bu baxımdan, müəyyən
kateqoriyaya aid olan nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük
vəsiqəsinə malik şəxs başqa kateqoriyaya aid olan nəqliyyat vasitələrini idarə
etdikdə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs hesab
edilməlidir.
Beləliklə,
Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək
hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman həmin növ nəqliyyat
vasitəsini idarə etmək hüququ olmayan şəxsi ehtiva edir.
Göstərilənləri
nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Cinayət
Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ
olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi
olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək
hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ
məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna
malik olmayan şəxsi ehtiva edir.
Konstitusiya
Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, “Yol hərəkəti haqqında” Qanunda
keçmiş SSRİ nümunəli müddətsiz sürücülük vəsiqəsinin bu Qanunun tələbləri ilə
müəyyən olunan yeni sürücülük vəsiqəsi ilə dəyişdirilməsi və ya qüvvədən
düşməsi nəzərdə tutulmamışdır. Bununla da, dövlət həmin dövrdə verilmiş
sürücülük vəsiqələrini tanımış və onların dövriyyədən çıxarılması ilə bağlı heç
bir imperativ norma müəyyən etməmişdir.
Lakin
“Yol hərəkəti haqqında” Qanunun qəbul edilməsi ilə bu sahədə yeni qaydalar
müəyyən edilmişdir. Keçmiş SSRİ nümunəli müddətsiz sürücülük vəsiqəsinin sahibi
də bu qaydaların təsiri altına düşür və həmin qaydalara mütləq riayət və əməl
etməlidir.
Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 149-cu maddəsinin
III hissəsinin tələblərinə görə yalnız dərc edilmiş qanunların tətbiqi və
icrası vətəndaşlar, qanunvericilik və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və
bələdiyyələr üçün məcburidir.
Bununla
yanaşı, Konstitusiyanın 72-ci maddəsinin II və III hissələrinə müvafiq olaraq
hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl
etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla
müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək
məsuliyyətdən azad etmir.
“Yol
hərəkəti haqqında” Qanunun əsas təyinatı yollarda nəqliyyat vasitələrinin
və piyadaların təhlükəsiz və rahat hərəkətinin təşkil edilməsi, yol
hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının
qorunması, ətraf mühitin mühafizəsi, yol-nəqliyyat hadisələrinin
qarşısının alınması və s. ibarətdir.
“Yol
hərəkəti haqqında” Qanunun 4-cü maddəsində yol hərəkəti sahəsində dövlətin
vəzifələri müəyyən edilmişdir. Həmin maddəyə görə yol hərəkəti
sahəsində dövlətin aşağıdakı vəzifələri vardır: yol hərəkətinin
təşkili, onun təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin mühafizəsi,
yol hərəkəti qaydalarının, habelə onların pozulmasına
görə məsuliyyətin müəyyənləşdirilməsi ilə bağlı qanunlar
və digər normativ hüquqi aktlar qəbul etmək, onların icrasını həyata
keçirmək; sürücülərin hazırlanmasını və onların ixtisasının
artırılmasını həyata keçirən təhsil müəssisəsi və kursların
açılmasına razılıq vermək, onların fəaliyyətinə nəzarət etmək,
nəzəri təcrübi imtahanlar qəbul etmək, imtahanlardan
müvəffəqiyyətlə keçənlərə sürücülük vəsiqəsi vermək, onların uçotunu
aparmaq.
Qeyd
olunduğu kimi, qanunverici “Yol hərəkəti haqqında” Qanunun 34-cü maddəsinin V
hissəsində sürücülük vəsiqəsinin etibarlıq müddətini aşağıdakı kimi
müəyyən etmişdir: 1) 60 yaşına çatmamış şəxslər üçün — 10
il; 2) 60 və daha çox yaşı olan şəxslər üçün — onların
70 yaşı tamam olanadək qalan müddət; 3) 70 və daha çox
yaşı olan şəxslər üçün — 2 il; 4) siyahısı Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən
xəstəlikləri olan şəxslər üçün — təqdim etdikləri tibbi arayışda
göstərilən, lakin 2 ildən artıq olmayan müddət.
Eyni
zamanda, “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsinin VIII hissəsinin 4-cü
bəndində göstərilir ki, sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün bu Qanunun
34-cü maddəsinin V hissəsinin 2-4-cü bəndlərində nəzərdə tutulduğu hallarda
tibbi arayış təqdim edilir.
Konstitusiya
Məhkəməsinin Plenumu qeyd edir ki, qanunvericinin müəyyən etdiyi bu qaydalar
məhz yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, yollarda
nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat
hərəkətinin təşkil edilməsi, yol hərəkəti ilə bağlı insanların
həyatının və sağlamlığının qorunması, yol-nəqliyyat hadisələrinin
qarşısının alınması məqsədlərinə xidmət edir.
Göründüyü
kimi, SSRİ nümunəli müddətsiz sürücülük vəsiqələri “Yol hərəkəti haqqında”
Qanunun tələblərinə müvafiq verilməsə də, onların etibarlıq müddəti ilə bağlı
məsələlər bu Qanunun normaları ilə tənzimlənməlidir.
Belə
ki, “Yol hərəkəti haqqında” Qanun SSRİ nümunəli müddətsiz sürücülük vəsiqəsinə
malik olan şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu məhdudlaşdırmasa
da, onun müəyyən yaşa çatması və ya müəyyən xəstəliyə düçar olması ilə əlaqədar
həmin sürücülük vəsiqələsinin dəyişdirilməsini nəzərdə tutan yeni qaydalar
müəyyən etmişdir.
Bununla
əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, keçmiş SSRİ nümunəli
müddətsiz sürücülük vəsiqəsinə malik olan şəxs “Yol hərəkəti haqqında” Qanunun
34-cü maddəsinin V hissəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun
33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi
nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilməlidir.
Eyni
zamanda, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki,
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yol hərəkəti
təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət siyasətinə uyğun
olaraq, təxirə salınmadan keçmiş SSRİ nümunəli müddətsiz sürücülük
vəsiqələrinin “Yol hərəkəti haqqında” Qanuna müvafiq olaraq yeniləri ilə əvəz
olunması işini təşkil etməlidir.
Göstərilənlərə
əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
Cinayət
Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ
olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi
olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək
hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ
məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna
malik olmayan şəxsi ehtiva edir.
Keçmiş
SSRİ nümunəli müddətsiz sürücülük vəsiqəsinə malik olan şəxs “Yol hərəkəti
haqqında” Qanunun 34-cü maddəsinin V hissəsinin müvafiq tələblərinə əməl
etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ
məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan
şəxs hesab edilməlidir.
Keçmiş
SSRİ nümunəli müddətsiz sürücülük vəsiqələrinin “Yol hərəkəti haqqında” Qanuna
uyğun olaraq yeniləri ilə əvəz olunması işinin təşkil edilməsi Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanına tövsiyə edilməlidir.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və
69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat
vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman
ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq
nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat
vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat
vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir.
2.
Keçmiş SSRİ nümunəli müddətsiz sürücülük vəsiqəsinə malik olan şəxs “Yol
hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin V
hissəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V
hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini
idarə etmək hüququ olmayan şəxs hesab edilir.
3.
Keçmiş SSRİ nümunəli müddətsiz sürücülük vəsiqələrinin “Yol hərəkəti haqqında”
Azərbaycan Respublikası Qanununa uyğun olaraq yeniləri ilə əvəz olunması işinin
təşkil edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına
tövsiyə edilsin.
4.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
5.
Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi”
qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda
dərc edilsin.
6.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və
ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev