AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan
Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair
28 yanvar 2014-cü il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Elməddin Hüseynovun,
maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Bağır Əsədovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin böyük məsləhətçisi Vasif Əmiraslanovun,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru Mübariz Yolçuyevin,
mütəxəssislər Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və informasiya idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Natiq Hüseynovun, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət sığorta nəzarəti xidmətinin lisenziyalaşdırma, ərizə və şikayətlər şöbəsinin müdiri Mahir Abdullayevin, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin hüquq və kadr departamentinin müdiri Əfqan Mirzəyevin və Bakı Apellyasiya Məhkəməsinin hakimi Raqib Qurbanovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi baxımından “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh edilməsinə dair sorğusu əsasında konstitusiya işinə baxdı.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikası Ali Məhkəməsinin (bundan sonra – Ali Məhkəmə) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) ünvanladığı sorğuda göstərilmişdir ki, 20 may 1997-ci ildə hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydalarını və şərtlərini müəyyən edən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun) qəbul edilmişdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən hərbi qulluqçuların sığortaçısı Dövlət Sığorta Şirkətidir və həmin Şirkət hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını həyata keçirir.
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2006-cı il tarixli Qanunu ilə hərbi qulluqçuların icbari sığorta məbləği artırılmışdır.
Bununla əlaqədar sığorta ödənişinin alınması üçün sığorta orqanına və məhkəmələrə müraciətlərin sayı çoxalmışdır.
Bu qəbildən olan işlərə baxarkən bəzi məhkəmələr Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 149-cu maddəsi nöqteyi nəzərindən iddiaların təmin edilməsi ilə bağlı qətnamələr qəbul etmiş, digər məhkəmələr isə həmin Qanunun özündə qanunun geriyə qüvvəsi ilə əlaqədar normanın olmamasına əsaslanaraq iddiaları rədd etmişlər.
Göstərilənləri nəzərə alaraq Ali Məhkəmə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun bəzi müddəalarının şərh olunmasını Konstitusiya Məhkəməsindən xahiş etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, hərbi qulluqçuların sosial müdafiəsi sahəsində qəbul olunmuş normativ hüquqi aktlara ardıcıllıqla baxılmasını zəruri hesab edir.
“Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 1991-ci il tarixli 350 nömrəli Fərmanı ilə respublikada icbari sığortalanmanın bütün növlərinin həyata keçirilməsi Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilmişdir.
25 dekabr 1991-ci ildə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Bu Qanunun 2.1-ci maddəsinə əsasən hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.
Həmin Qanunun 27-ci maddəsinə görə hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərin sosial təminatına dövlət zəmanət verir.
Hərbi qulluqçuların dövlət tərəfindən mütləq sığortalanmasına dair Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və sərhəd qoşunlarında xidmətdə olan hərbi qulluqçuların, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə toplanışa çağırılmış hərbi vəzifəlilərin, Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrinin şəxsi heyətinin, Azərbaycan Respublikası milli təhlükəsizlik və daxili işlər nazirliklərinin rəis və sıravi heyətinin dövlət tərəfindən mütləq şəxsən sığortalanması haqqında” 8 fevral 1992-ci il tarixli 563 nömrəli Fərmanı ilə sığortalanmanın qaydasının, şərtlərinin və sığorta haqqının məbləğlərinin müəyyənləşdirib təsdiq edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 15 fevral 1992-ci il tarixli 99-6 nömrəli və 4 avqust 1992-ci il tarixli 426-20 nömrəli Qərarlar ilə sığorta tədiyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həyata keçirilməsi Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilmişdir.
20 may 1997-ci ildə hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydasını və şərtlərini müəyyən edən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qəbul edilmişdir. Bu Qanunun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 27 nömrəli Fərmanı ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 1998-ci il tarixli 140 nömrəli Qərarı ilə müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin 8 fevral 1992-ci il tarixli 563 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 1992-ci il tarixli 99-6 nömrəli və 4 avqust 1992-ci il tarixli 426-20 nömrəli Qərarları qüvvədən düşmüşdür.
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu qanunvericiliklə müəyyən edilmiş minimum əmək haqqının min misli məbləğində sığorta edilmişdir.
20 oktyabr 2006-cı il tarixdə göstərilən Qanuna dəyişikliklər və əlavələr edilmiş, Qanunun 4-cü maddəsində sığorta məbləği on bir min manat müəyyən edilmişdir.
Qeyd edildiyi kimi, məhkəmələr sığorta məbləğinin ödənilməsi ilə bağlı işlərə baxarkən bəzi hallarda Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə əsaslanaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunu, bu Qanun qüvvəyə minənədək həlak olmuş, xəsarət almış və sığorta məbləğini almamış hərbi qulluqçulara şamil etmişlər.
Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 149-cu maddəsi ilə bağlı sorğuda qaldırılan məsələlərə münasibətdə hüquq normasının zamana görə qüvvəsi məsələsinə aydınlıq gətirilməsini vacib hesab edir.
Hüquq normasının zamana görə qüvvəsi məsələsi geniş təcrübi (praktiki) əhəmiyyətə malikdir. Onun düzgün həllindən çox zaman konkret münasibətlərə hansı – yeni və ya əvvəllər qüvvədə olmuş qanunun tətbiq edilməsi, onun müddəalarının necə həyata keçirilməsi asılı olur.
Məsələnin kifayət qədər böyük əhəmiyyətə malik olmasını onun Konstitusiyanın 149-cu maddəsi ilə tənzimlənməsi faktı da təsdiq edir. Həmin maddənin VII hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
Konstitusiyanın 149-cu maddəsinin VII hissəsi ümumi şəkildə aşağıdakı qaydaları müəyyən edir: normativ hüquqi akt yalnız gələcəyə dair qaydaları müəyyən edir, onun geriyə qüvvəsi yoxdur.
Bu qaydanın aydınlaşdırılması üçün Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulmuş iki halı dəqiq şəkildə ayırmaq və onları ikincidən başlamaqla bir-birinin ardınca tədqiq etmək lazımdır.
Normativ hüquqi aktın geriyə qüvvəsi yoxdur. Bu qaydanın mahiyyəti ondan ibarətdir ki, məhkəmə, normativ hüquqi aktı, onun qüvvəyə minməsindən əvvəl baş vermiş faktlara (münasibətlərə), bu faktların yaratdığı hüquqi nəticələri dəyişmək və ya ləğv etmək məqsədilə tətbiq edə bilməz.
Normativ hüquqi akt, onu qəbul edənin diktəsidir, bu isə yalnız gələcək zamana təsir edə bilər. Vətəndaşdan bilmədiyi qaydaya riayət edilməsini tələb etmək olmaz. Bu prinsip hüquq münasibətlərinin subyektləri arasındakı münasibətlərin sabitliyini və hüquq qaydasının möhkəmliyini qoruyur. Prinsipin əksini qəbul etmək, həmin normativ hüquqi akta tabe olanların hafizəsində onun nüfuzunu sarsıtmaq demək olardı.
Yeni normativ hüquqi akt qüvvəyə mindiyi andan yalnız onun dərcindən sonra baş vermiş faktları və hadisələri əhatə edir.
Normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsinin əsasları daha ətraflı təhlil edilərkən, ilk növbədə, hüquq normasının zamana görə ictimai münasibətlərə təsirinin təbiətinə aydınlıq gətirilməlidir.
Hüquq nəzəriyyəsində zamanın keçmiş, indiki və gələcək kəsiyinə müvafiq olaraq hüquq normalarının üç əsas tipi fərqləndirilir: geriyə təsir edən norma (olmuş, olan və gələcəkdə yaranacaq münasibətləri tənzimləyən); təxirəsalınmaz təsir edən norma (olan və gələcəkdə yaranacaq münasibətləri tənzimləyən); perspektiv təsirli norma (gələcəkdə yaranacaq münasibətləri tənzimləyən).
Hüquq normalarının zamana görə qüvvəsinin təsnifatı, ilk növbədə, hüquq normasının ictimai münasibətlərə təsirinin hüquqi qüvvəsinin əhəmiyyətini görməyə, digər tərəfdən isə əvvəlki və yeni normalar arasında zamana görə yarana biləcək ziddiyyətləri aşkar etməyə imkan yaradır.
Əksər normativ hüquqi aktların “lex retro non agit” prinsipinə əsasən geriyə qüvvəsi olmur. Həmin aktlar yalnız hüquqi qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq edilir. Normativ-hüquqi aktın hüquqi qüvvəsinin geriyə şamil olunmaması hüquq sistemində qayda və hüquqi təhlükəsizlik zəmanətini yaradır. Belə məhdudiyyət, ilk növbədə, qanunvericiliyin və təcrübədə normaları tətbiq edən orqanların fərdin subyektiv hüquqlarına haqqsız müdaxiləsindən qoruyur.
Qanunvericilikdə hüquqi müəyyənlik, yəni yeni hüquq normasının gözlənilməsi (əvvəlcədən gözlənilən, hüquq sisteminin dəyərləri və məntiqinə zidd olmayan) prinsipi hüquqi dövlətin əsas əlamətlərindən biridir. Hüquq normasının qüvvəsinin geriyə şamil olunmaması isə hüquqi müəyyənlik prinsipinin bir komponentidir.
Hüquq normasının hüquqi qüvvəsinin geriyə şamil edilməsinə məhdudiyyətin qoyulması hüquqi məsuliyyət institutu ilə bağlıdır. Hüquqi məsuliyyət hüquq münasibətlərinin subyektləri üçün neqativ təsirlə nəticələnir. Ona görə hüquq münasibətlərinin iştirakçıları qanunvericilik səviyyəsində neqativ nəticələnən münasibətlərin formal hüquqi tərkibini aydın təsəvvür etməlidirlər.
Qeyd edilənlərlə yanaşı, konstitusiya hüququ baxımından hüquq sistemində hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi istisna olunmur.
Hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi əvvəl mövcud olan münasibətlərə aid edilir və bir qədər təftişedici xarakter daşıyır. Bu təsir nəticəsində yeni normativ-hüquqi aktla artıq tənzimlənmiş münasibətlər və ya faktlar yenidən nəzərdən keçirilir.
Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində iki növ normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi nəzərdə tutulmuşdur:
fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran;
hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən.
Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran” ifadəsinin nəyi nəzərdə tutması və bu ifadənin fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasını özündə ehtiva edib-etməməsinə dair sorğuda qaldırılan suala cavab olaraq Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, “hüquqi vəziyyət” anlayışına aydınlıq gətirilməsini zəruri hesab edir.
Şəxsiyyətin “hüquqi vəziyyəti” və “hüquqi statusu” məfhumları eyni məna daşıyır. “Status” sözü latın dilindən tərcümədə kiminsə və ya nəyinsə vəziyyəti deməkdir. Bu halda şəxsiyyətin, insanın, vətəndaşın statusu nəzərdə tutulur.
Hüquqi status şəxsiyyətin cəmiyyətdə vəziyyətinin hüquqi cəhətdən təsbit edilməsidir. Hüquqi statusun əsasını faktiki sosial status, yəni mövcud ictimai münasibətlər sistemində insanın real vəziyyəti təşkil edir. Hüquq bu vəziyyəti qanunvericilik çərçivəsinə salaraq tənzimləyir.
Hüquqi statusun aşağıdakı növləri fərqləndirilir:
- vətəndaşın ümumi və ya konstitusiya statusu;
- müəyyən kateqoriya vətəndaşların xüsusi statusu;
- fərdi status və s.
Hüquqi statusun növləri çox olsa da, praktiki cəhətdən yuxarıda göstərilən üç növü əhəmiyyət kəsb edir.
Ümumi hüquqi status dedikdə, dövlətin vətəndaşı, cəmiyyətin üzvü kimi şəxsin statusu başa düşülür. Ümumi hüquqi status Konstitusiya ilə müəyyən edilir və müxtəlif şərtlərdən (qulluq mövqeyindəki dəyişikliklərdən, ailə vəziyyətindən, vəzifəsindən, yerinə yetirdiyi funksiyalardan) asılı deyildir, hamı üçün vahid və eynidir, nisbi stabil və ümumi səciyyəyə malikdir.
Ümumi hüquqi status hüquq subyektlərinin bütün xüsusiyyətlərini, fərqlərini, səciyyəsini əhatə edə bilməz. Buna görə də hüquq subyektlərinin əmək fəaliyyətindən, daxil olduğu hüquq münasibətlərinin xarakterindən, digər vəziyyətlərdən asılı olaraq mütəmadi yaranan və xitam olunan çoxsaylı subyektiv hüquqlar və vəzifələr ümumi hüquqi statusa daxil deyildir.
Xüsusi status müəyyən kateqoriya vətəndaşların (məsələn, pensiyaçıların, tələbələrin, hərbi qulluqçuların, müəllimlərin, əlillərin, müharibə iştirakçılarının və s.) vəziyyətinin xüsusiyyətlərini əks etdirir. Göstərilən təbəqələr və qruplar vətəndaşın ümumi konstitusiya statusuna əsaslanan və mövcud qanunvericilikdə nəzərdə tutulan əlavə hüquqlara, vəzifələrə, güzəştlərə malik ola bilərlər.
Fərdi status ayrıca şəxsin səciyyəsini (məsələn, şəxsin cinsini, ailə vəziyyətini, yerinə yetirdiyi işi, digər xüsusiyyətlərini) əks etdirir. Fərdi status vətəndaşın fərdi hüquqlarının və vəzifələrinin məcmusudur. Fərdi hüquqi status dinamikdir, insanın həyatında baş verən dəyişikliklərə müvafiq olaraq dəyişir.
Xüsusi, fərdi və digər növ statuslar ümumi (konstitusiya) statusa zidd ola bilməz. Əksinə, onlar ilkin, başlıca status kimi ona əsaslanmalıdırlar.
“Hüquqi vəziyyət (status)” kateqoriyası hər hansı subyektin hüquq və vəzifələrinin məcmusunu xarakterizə edir. Bu anlayış qanun nöqteyi-nəzərindən subyektin cəmiyyətdə tutduğu mövqeyi və malik olduğu imkanları səciyyələndirir.
“Hüquqi vəziyyət (status)” hüququn ayrı-ayrı subyektləri (həmin subyektlər sırasına dövlət də aiddir) arasında qarşılıqlı əlaqələrin qurulmasının hüquqi prinsiplərinin əsasını təşkil edir.
Beləliklə, hüquqi vəziyyətin strukturunu bir-biri ilə dialektik əlaqədə olan şəxsiyyətin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir.
Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür.
“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununda, “Hərbi qulluqçuların statusu haqqında” Qanunda və başqa qanunvericilik aktlarında hərbi qulluqçuların hüquqları, vəzifələri və məsuliyyəti müəyyən edilmişdir. Bu qanunvericilik aktlarında hərbi qulluqçuların xüsusi statusu müəyyən edilmişdir.
Göstərilən qanunlara uyğun olaraq hərbi qulluqçuların siyasi hüquqları və azadlıqları, şəxsiyyətin toxunulmazlığı, əmək, istirahət, sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi, təhsil, xidmət yerini dəyişdirmək, müavinətlər və başqa güzəştlər almaq və s. hüquqları vardır.
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz.
Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara münasibətdə bu Qanunla müəyyən edilmiş sığorta məbləğinin verilməsi məsələsi Konstitusiyanın 12, 16 və 25-ci maddələrinin tələbləri baxımından həll edilməlidir.
Belə ki, Konstitusiyanın 12-ci maddəsinin I hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
Konstitusiyanın 16-cı maddəsinin I hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
Konstitusiyanın 25-ci maddəsinin I və III hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir... Həmçinin, həmin maddənin IV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış və bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara və ya onların vərəsələrinə bu məbləğin ödənilməsindən imtina konstitusiya prinsipi olan bərabərlik hüququnu pozmuş olur. Belə ki, hərbi qulluqçular eyni kateqoriyaya aid və bərabər statusa malikdirlər və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən onlara eyni sığorta riskinə qarşı eyni təminatlar verilir. Konstitusiya prinsipi olan bərabərlik prinsipi isə bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrıseçkiliyin tətbiq olunmasını qadağan edir.
Şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur.
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qəbul edilənədək Dövlət Sığorta Kommersiya Şirkəti ilə Müdafiə Nazirliyi arasında hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası ilə bağlı müqavilənin olmaması xidmətdə olduğu zaman həlak olmuş (ölmüş), itkin düşmüş, xəsarət və əlillik qrupu almış, xidmətə yararsız kimi tərxis olunmuş hərbi qulluqçulara sığorta ödənişi aparmaqdan imtina üçün əsas verib-verməməsinə dair sorğuda qaldırılan məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.
Göstərildiyi kimi, “Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli Qanuna görə hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər.
Qanunvericiliyin tələblərinə uyğun olaraq hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası sığorta müqaviləsinə əsasən həyata keçirilir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında üçüncü şəxsin, yəni sığorta olunanın (faydalanan şəxsin) xeyrinə bağlanır və həmin müqavilədə sığorta olunan (faydalanan şəxslər) barədə məlumatlar, sığortalının və sığortaçının vəzifələri və məsuliyyəti, sığorta olunan şəxsə sığorta ödənişinin verilməsi qaydası, habelə sığortalı tərəfindən sığorta haqlarının ödənilməsi qaydası və s. öz əksini tapır.
Müvafiq icra hakimiyyəti orqanı ilə müqavilə bağlayaraq sığortaçı sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda, sığorta olunana (faydalanan şəxsə) qanunvericiliklə müəyyən olunmuş sığorta ödənişini vermək öhdəliyini öz üzərinə götürür. Sığortaçının bu öhdəliyi mülki hüquq müqaviləsindən irəli gəlsə də, o, sığorta ödənişini edərkən sığorta olunanla (faydalanan şəxslə) münasibətlərdə dövlətin adından çıxış edir, Konstitusiyadan irəli gələn həmin şəxslərin həyatına və yaxud sağlamlığına vurulmuş zərərə görə dövlətin kompensasiya ödəmək vəzifəsini həyata keçirərək, həm də publik funksiyanı yerinə yetirir.
Sığortaçının bu funksiyanı öz üzərinə götürməsi sığortalını müqavilə üzrə öhdəliklərini yerinə yetirmək, dövləti isə həmin xərclərin lazımi qaydada maliyyələşdirilməsini təmin etmək vəzifəsindən azad etmir.
Hərbi qulluqçuların və onlara bərabər tutulmuş şəxslərin həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası həyata keçirilərkən müqavilənin bağlanmaması nəticə etibarilə dövlətlə hərbi xidmətdə olduğu zaman həyatına və yaxud sağlamlığına zərər dəymiş şəxs arasında mövcud olan hüquqların və vəzifələrin mahiyyətini (təbiətini) dəyişdirə bilməz.
Konstitusiyanın 7-ci maddəsinin III hissəsinə görə Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir.
Hakimiyyətlərin bölünməsi prinsipi azad, müstəqil hakimiyyət qollarının mahiyyətcə fərqli hakimiyyət funksiyalarını yerinə yetirməsini nəzərdə tutur. Hakimiyyətlərin bölünməsi prinsipinin məqsədi hakimiyyətin bir qolu tərəfindən digərinin səlahiyyətlərinin mənimsənilməsinə yol verməməkdən ibarətdir.
Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən sosial təminat məsələlərinə dair ümumi qaydaların müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aid edilmişdir.
Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir.
Qanunverici bu mexanizmin qaydasını və şərtlərini tənzimləyərkən, sığorta məbləğinin ödənilməsinin müxtəlif üsullarını seçə bilər, lakin qanunvericiliklə 2006-cı ildə artıq müəyyən edilmiş sığorta məbləğinin ödənilməsi həcmi ləğv edilə və ya azaldıla bilməz, bu həcm şərtsiz gözlənilməlidir. Bunun əksi, hüquqi tənzimlənmənin ağlabatan sabitliyi və qüvvədə olan hüquq normaları sisteminə əsassız dəyişikliklərin edilməsinin yolverilməzliyini nəzərdə tutan vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar.
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qüvvəyə minənədək artıq sığorta məbləği almış şəxslərə şamil olunub-olunmamasına dair sorğuda qaldırılmış suala cavab olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etdiyi kimi, Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinin müddəaları hazırkı vəziyyətdə bu münasibətlərə şamil olunmur.
Plenum bir daha qeyd edir ki, qanunvericiliyin tələblərinə görə sığorta münasibətləri tərəflər arasında sığorta müqaviləsi bağlanmaqla həyata keçirilir.
Qanunvericiliyin tələblərinə və müqavilə şərtlərinə görə sığorta müqaviləsinə müqavilənin müddətinin başa çatması ilə, yaxud da sığorta hadisəsinin baş verməsi və buna müvafiq sığorta ödənişinin sığortaçı tərəfindən sığortalıya ödənilməsi ilə xitam verilir. Sığorta ödənişi həmin vaxt qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilir. Bu baxımdan, birdəfəlik sığorta ödənişini almış və bu əsasla sığorta müqaviləsinə xitam verilmiş şəxslərə sığorta ödənişinin təkrarən verilməsi qanunvericiliyin tələblərinə zidd olardı.
Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələlərə dair aşağıdakı nəticələrə gəlir:
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz;
Konstitusiyanın 12, 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir. Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir;
sığorta ödənişini almış və bu əsasla sığorta müqaviləsinə xitam verilmiş şəxslərə sığorta ödənişinin təkrarən verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz.
2. Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
3. Sığorta ödənişini almış və bu əsasla sığorta müqaviləsinə xitam verilmiş şəxslərə sığorta ödənişinin təkrarən verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir.
4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
5. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev