Qərarlar

27.01.14 Z.Abdullayevanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2012-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

Z.Abdullayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

27 yanvar  2014-cü il                                                                                          Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Elməddin Hüseynovun,

ərizəçi Ziyafət Aslan qızı Abdullayevanın nümayəndəsi Zemfira Abdullayevanın,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin müdir müavini Hüseynxan Məmmədovun,

mütəxəssis Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Hüquq sektorunun müdiri Yusif Hümbətovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Z.Abdullayevanın  şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

 İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin və mütəxəssisin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

İddiaçılar Sərvər Fazil oğlu Çəmənov və Azlara Fazil qızı Nağıyeva cavabdehlər Aydın Həsən oğlu Məmmədova, Vaqif  Həsən oğlu Məmmədova, Rasim Oruc oğlu Abdullayevə və Ziyafət Aslan qızı Abdullayevaya qarşı iddia ərizəsi ilə Astara rayon məhkəməsinə müraciət edərək, Astara rayon Giləkəran kənd Mədəniyyət evinin yanında yerləşən onlara məxsus 0,15 ha torpaq sahəsində cavabdehlər tərəfindən aparılan tikintilərin qanunsuz hesab edilməsi və sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

 S.Çəmənov və A.Nağıyeva iddia tələblərini onunla əsaslandırmışlar ki, mübahisəli torpaq sahəsinin onların istifadəsində olması Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – Şirvan Apellyasiya Məhkəməsinin MK) 11 fevral 2009-cu il tarixli qətnaməsində öz təsdiqini tapmış, həmin qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK) 29 iyun 2009-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

Bundan sonra apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin icra olunmasına dair Astara rayon məhkəməsi 22 aprel 2009-cu il tarixində qərardad qəbul etmiş və həmin qərardad Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 12 iyun 2009-cu il tarixli qərardadı ilə qüvvədə saxlanılmışdır. Bununla yanaşı, iddiaçılar qeyd edirlər ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına baxmayaraq onlara məxsus 0,15 ha torpaq sahəsində ağaclar kəsilmək üçün əhatəyə alınmış, A.Məmmədov, V.Məmmədov və R.Abdullayev tərəfindən həmin torpaq sahəsində tikinti işləri aparılmışdır.

Astara rayon məhkəməsinin 4 sentyabr 2009-cu il tarixli qətnaməsi ilə iddiaçılar S.Çəmənov və A.Nağıyevanın iddiası təmin edilmiş, onların qanuni istifadəsində olan mübahisəli torpaq sahəsində cavabdehlər A.Məmmədov, V.Məmmədov, R.Abdullayev və Z.Abdullayeva tərəfindən aparılan qanunsuz tikililərin özlərinin hesabına sökülməsi qət edilmişdir.

 Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 8 dekabr 2009-cu il tarixli qətnaməsi ilə cavabdehlər A.Məmmədov, V.Məmmədov, Z.Abdullayeva və maraqlarına toxunan 3-cü şəxs Astara şəhər Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

 Ali Məhkəmənin MK-nın 3 sentyabr 2010-cu il tarixli qərarı ilə cavabdehlər və maraqlarına toxunan 3-cü şəxs tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 8 dekabr 2009-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

 Kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Astara şəhər Bələdiyyəsinin V.Məmmədova 0,09 ha mübahisəli torpaq sahəsinin satılması barədə 41 nömrəli 28 noyabr 2007-ci il tarixli qərarına və 207 nömrəli 29 noyabr 2007-ci il tarixli “torpaqların alqı-satqısına dair” aktına, Z.Abdullayevaya 0,06 ha mübahisəli torpaq sahəsinin satılması barədə 41nömrəli 28 noyabr 2007-ci il tarixli qərarına və 208 nömrəli 29 noyabr 2007-ci il tarixli “torpaqların alqı-satqısına dair” aktına, R.Abdullayevə 20 kv.metr mübahisəli torpaq sahəsi satılması barədə 31 nömrəli 12 dekabr 2001-ci il tarixli qərarına və 61 nömrəli 26 dekabr 2001-ci il tarixli “torpaqların alqı-satqısına dair” aktına, Astara rayon İcra Hakimiyyəti Başçısının tikililər barədə V.Məmmədova 126 nömrəli 14 noyabr 2008-ci il tarixli, Z.Abdullayevaya 125 nömrəli 14 noyabr 2008-ci il tarixli və R.Abdullayevə 87 nömrəli 7 sentyabr  2006-cı il tarixli sərəncamlarına hüquqi qiymət verməməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərini pozmuşdur.      

 Bundan sonra Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 24 dekabr 2010-cu il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətləri təmin edilmiş, Astara rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, S.Çəmənov və A.Nağıyevanın cavabdehlər A.Məmmədov, V.Məmmədov, R.Abdullayev və Z.Abdullayevaya qarşı “tikintilərin qanunsuz hesab edilməsi və sökülməsi” tələbinə dair iddiası rədd edilmişdir.

Ali Məhkəmənin MK-nın 19 may 2011-ci il tarixli qərarı ilə iddiaçılar S.Çəmənov və A.Nağıyeva tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Apellyasiya instansiyası məhkəməsində işə yenidən baxılarkən iddiaçılar S.Çəmənov və A.Nağıyeva iddia tələblərinin həcminin artırılmasına dair ərizə verərək, Astara rayon Giləkəran kənd Mədəniyyət evinin yanında yerləşən iddiaçılara məxsus 0,15 ha torpaq sahəsində cavabdehlər tərəfindən aparılan tikintilərin qanunsuz hesab edilməsi və öz hesabına sökülməsi,  Astara şəhər Bələdiyyəsinin qərarlarının və aktlarının, Astara rayon İcra Hakimiyyəti Başçısının sərəncamlarının etibarsız hesab edilməsini xahiş etmişlər.

 Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 29 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə Astara rayon məhkəməsinin 4 sentyabr 2009-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmışdır. İddiaçılar S.Çəmənov və A.Nağıyevanın “tikintilərin qanunsuz hesab edilərək sökülməsi, qərarların, alqı-satqı aktlarının və sərəncamların etibarsız hesab edilməsi” tələbinə dair iddiaları təmin edilmişdir.

 Ali Məhkəmənin MK-nın 28 fevral 2012-ci il tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayətləri təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin 13 iyun 2013-cü il tarixli qərardadına əsasən cavabdeh Z.Abdullayevanın əlavə kassasiya şikayəti Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmamışdır.

Ərizəçi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək, Ali Məhkəmənin MK-nın 28 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60, 71 və 127-ci maddələrinə, MPM-in 82.3 və 417-ci maddələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayət onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsi qərar qəbul edərkən Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 11 fevral 2009-cu il tarixli qətnaməsində müəyyən edilmiş halları əsas götürməklə, ərizəçinin əvvəlki məhkəmə araşdırmalarında irəli sürdüyü dəlilləri müzakirə etməmişdir. Ərizəçinin əsas dəlilləri isə ondan ibarətdir ki, iş üzrə cavabdehlər Astara şəhər Bələdiyyəsindən mübahisəli torpaq sahəsini əldə edərkən həmin əmlaka dair hər hansı üçüncü şəxslərin mövcud ola biləcək hüquqlarından xəbərsiz olmuşlar.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiya Məhkəməsində konstitusiya məhkəmə icraatı üzrə şikayətlərə baxılmasının bir neçə xüsusiyyəti mövcuddur. Bu xüsusiyyətlər “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gəlir. Həmin Qanunun 34.3-cü  maddəsində göstərilmişdir  ki, bu Qanunun 34.2-ci maddəsində nəzərdə tutulmuş hallarda Konstitusiya Məhkəməsi tərəfindən işin faktiki hallarının  yoxlanılmasına  yol verilmir. Şikayətlər üzrə işlərə baxarkən Konstitusiya Məhkəməsi  ümumi  yurisdiksiyalı  məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları yoxlamır,  bu və ya digər  sübutların  mötəbərliyi  məsələsini həll etmir, yeni sübutları  toplamır. Konstitusiya Məhkəməsi tərəfindən məhkəmə aktlarının Konstitusiyaya və  qanunlara uyğunluğunun  yoxlanılmasına dair şikayətlərə baxılması yalnız normativ-hüquqi aktların məhkəmə tərəfindən düzgün tətbiq edilib-edilməməsi və ya şərh edilməsi ilə bağlıdır.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Z.Abdullayevanın konstitusiya şikayəti  qanunvericiliyin məhz yuxarıda göstərilən müddəaları çərçivəsində həll edilməlidir.

İşin ümumi məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, birinci instansiya məhkəməsində məhkəmə baxışının predmeti cavabdehlər tərəfindən mübahisəli torpaq sahəsində aparılan tikintilərin qanunsuz hesab edilərək sökülməsi olmuşdur. Belə ki, iddiaçılar iddia tələbini mübahisəli torpaq sahəsinin onların qanuni istifadəsində və sahibliyində olmasının qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 11 fevral 2009-cu il tarixli qətnaməsi və Ali Məhkəmənin MK-nın 29 iyun 2009-cu il tarixli qərarı ilə təsdiq olunması və bununla da cavabdehlərin apardığı tikintilərin hüquqi əsasının olmaması ilə əsaslandırmışlar.    

Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qətnaməsində işin faktiki hallarına əsaslanmaqla müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi 1955-ci ildə iddiaçıların anası Xoşqədəm Eyni qızı Zeynalovaya (Hüseynovaya) keçmiş kolxoz üzvlərinin təhkim aktı ilə verilmiş, Astara rayon Subaribad kənd ZDS İK-nin Giləkəran kəndi üzrə təsərrüfatbaşına kitabda ailə başçısı kimi X.Hüseynovanın və onun ailə üzvlərinin 0,15 hektar torpaq sahəsi qeydə alınmışdır. X.Zeynalova (Hüseynova) vəfat etdikdən sonra həmin torpaq sahəsi onun ailə üzvlərinin istifadəsində və sahibliyində olmuşdur. Bununla yanaşı, məhkəmədə tədqiq olunan sübutlarla təsdiq olunmuşdur ki, 1996-cı ildə torpaq islahatı aparılan zaman həmin torpaq sahəsi S.Çəmənovun istifadəsində olmuşdur.

Bu hallara əsaslanaraq məhkəmələr MPM-in 82.3-cü maddəsini tətbiq etmiş, mübahisəli torpaq sahəsinin iddiaçıların qanuni istifadəsində və sahibliyində olması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edildiyindən bu halı sübut etməkdən azad olunan fakt kimi qiymətləndirmişlər.      

Qeyd olunmalıdır ki, preyudisiya institutunun məzmunu və məhkəmələrdə işlərin düzgün həll edilməsinə yönələn bu prosessual qaydanın əhəmiyyəti Konstitusiya Məhkəməsi Plenumunun 12 noyabr 2013-cü il tarixli Qərarında açıqlanmışdır.

Göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərini, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsini və torpaq üzərində hüquqların müdafiəsini, torpaqlardan səmərəli istifadə və onların mühafizəsini tənzimləyən bir sıra qanunvericilik aktları mövcuddur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il  tarixli Qanunu (bundan sonra – “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun) bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla onların mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarını, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətlərini tənzimləyir.

Bələdiyyə torpaqlarının dövriyyəsinin səmərəliliyinin yüksəldilməsi, hüquqi və fiziki şəxslər arasında sağlam rəqabətin təmin edilməsi məqsədi ilə müvafiq qanunvericilikdə bələdiyyə torpaqlarının hərrac və ya müsabiqə vasitəsilə satılması mexanizmi müəyyən edilmişdir. Belə ki, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli 466-IIIQD nömrəli Qanununun III hissəsinə əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsi “Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər” redaksiyada verilmişdir.

Kassasiya instansiyası məhkəməsi təkrar işə baxaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etməklə işi yeni apellyasiya baxışına göndərərkən qəbul etdiyi 19 may 2011-ci il tarixli qərarında qeyd olunan normativ hüquqi akta istinadən göstərmişdir ki, mübahisəli torpaq sahəsinin alqı-satqısının torraq hərracı və ya müsabiqə əsasında keçirilməsini təsdiq edən müvafiq rəsmi sənədin olub-olmaması araşdırılmamışdır.

MPM-in 420-ci maddəsinin tələblərinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə  qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarı).

Məhkəmə səhvlərinin aradan qaldırılmasının təmin edilməsi məqsədilə  MPM-in 372.1-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim edilmiş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məcəllənin 385.1.1-ci maddəsində maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin MK prosessual qanunvericiliyin qeyd olunan tələblərinə əməl edərək Ali Məhkəmənin MK-nın 19 may 2011-ci il tarixli qərarında müəyyən olunmuş göstərişləri lazımınca yerinə yetirmiş, bu məqsədlə əlavə araşdırma aparmış və qəbul etdiyi 29 sentyabr 2011-ci il tarixli qətnamədə müəyyən etdiyi faktlara tətbiq olunmalı maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

Ali Məhkəmənin MK mülki işə təkrar baxmış Şirvan Apellyasiya Məhkəməsinin MK tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini, habelə özünün əvvəlki qərarını nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin 29 sentyabr 2011-ci il tarixli qətnaməsini qüvvədə saxlamışdır.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kassasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı Konstitusiyanın 60-cı maddəsinə və MPM-in 416, 417.1.3, 418.1 və 420-ci maddələrinə uyğun hesab edilməlidir.

Göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, ərizəçinin həmin torpaq sahəsi ilə əlaqədar yaranmış mübahisə nəticəsində ona dəymiş maddi zərərin ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ məhdudlaşmır.         

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu 

QƏRARA ALDI:

1. Sərvər Çəmənov və Azlara Nağıyevanın cavabdehlər Aydın Məmmədova, Vaqif  Məmmədova, Rasim Abdullayevə və Ziyafət Abdullayevaya qarşı tikililərin qanunsuz hesab edilməsi və sökülməsi iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2012-ci il tarixli qərarı  Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1 və 420-ci maddələrinə uyğun hesab edilsin.

2. Ziyafət Abdullayevaya torpaq sahəsi ilə əlaqədar yaranmış mübahisə nəticəsində dəymiş maddi zərərin ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ izah olunsun.         

3. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədr                                                                            Fərhad Abdullayev