Qərarlar

01.11.13 S.Mahmudovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

1 noyabr 2013-cü il                                                                                   Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Elməddin Hüseynovun,

ərizəçi Svetlana Mahmudovanın və onun nümayəndəsi Mehman Əliyevin,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin müdiri Elxan Kazımovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

 İş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin, onun və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Sumqayıt şəhər məhkəməsinin 19 mart 2012-ci il tarixli qətnaməsi ilə iddiaçı E.Əfəndiyevin cavabdehlər Sumqayıt şəhər Bələdiyyəsinə, S.Mahmudovaya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsinə (bundan sonra – ƏMDK yanında DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsi) qarşı bağ torpaq sahəsinin mülkiyyətə verilməsinə dair qərarın və hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi, bağ sahəsindən çıxarılma, bağ sahəsinə dair icarə müqaviləsinin müddətinin uzadılması, müqavilənin onunla bağlanmış hesab edilməsi, bağ sahəsi üzərində vərəsəlik üzrə mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası və Sumqayıt şəhər Bələdiyyəsinin E.Əfəndiyevə və ƏMDK yanında DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı bağ torpaq sahəsinə dair bağlanmış icarə müqaviləsinin ləğv edilməsinə dair qarşılıqlı iddiası təmin olunmamışdır.

Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – Sumqayıt Apellyasiya Məhkəməsinin MK) 1 avqust 2012-ci il tarixli qətnaməsi ilə E.Əfəndiyevin apellyasiya şikayəti və iddia tələbi qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə Sumqayıt şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin  (bundan sonra – Sumqayıt şəhər XDS İK) qərarına əsasən mərhum P.Əfəndiyevin icarəsinə verilmiş Sumqayıt şəhər Novxanı bağlar massivində yerləşən 1603q saylı, ümumi sahəsi 0,12 ha olan bağ sahəsi üzərində E.Əfəndiyevin mülkiyyət hüququ tanınmış, B-1603z saylı bağ sahəsinin S.Mahmudovanın mülkiyyətinə verilməsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin 19 avqust 2006-cı il tarixli qərarı etibarsız hesab edilmiş və onun həmin bağ sahəsindən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK) 12 fevral 2013-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın qətnaməsi qismən ləğv edilmiş, E.Əfəndiyevin iddia tələbi qismən təmin olunmuşdur. Sumqayıt şəhər XDS İK-nin qərarına əsasən mərhum P.Əfəndiyevin icarəsinə verilmiş Sumqayıt şəhəri Novxanı bağlar massivində yerləşən 1603q saylı 0,12 ha olan bağ sahəsi üzərində E.Əfəndiyevin icarə hüququ tanınmış və onunla icarə müqaviləsinin bağlanması Sumqayıt şəhər Bələdiyyəsinə həvalə edilmişdir. Mübahisəli bağ sahəsinin S.Mahmudovanın mülkiyyətinə verilməsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin 19 avqust 2006-cı il tarixli qərarı etibarsız hesab edilmiş və onun həmin bağ sahəsindən çıxarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir.

Ərizəçi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş Ali Məhkəmənin MK-nın 12 fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya)  və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

S.Mahmudova şikayətini onunla əsaslandırmışdır ki, uzun illər ərzində baxımsız qalmış, konturları (mərzləri) itmiş Novxanı bağlar massivində yerləşən 1603z saylı bağ sahəsi 2000-ci ilin əvvəlindən onun istifadəsindədir. S.Mahmudova həmin bağ sahəsini 10 iyul 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhər Bələdiyyəsindən almışdır. Bundan sonra Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (bundan sonra – DTXK) Sumqayıt şəhər şöbəsinin 7 avqust 2006-cı il tarixli 02/1492 saylı rəyinə əsasən Sumqayıt şəhər Bələdiyyəsinin 19 avqust  2006-cı il tarixli 29 saylı iclas protokolunun qərarı ilə həmin bağ sahəsi onun mülkiyyətinə verilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Mülki işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt şəhər XDS İK-nin Bağlar Təsərrüfatı Tresti ilə E.Əfəndiyevin mərhum atası P.Əfəndiyev arasında bağlanmış 8 iyun 1989-cu il tarixli 7046 saylı “bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” müqaviləyə əsasən Novxanı bağlar ərazisində yerləşən sahəsi 0,12 ha olan 1603q saylı bağ sahəsi 8 iyun 1999-cu ilədək onun icarəsinə verilmişdir. Lakin P.Əfəndiyev 29 sentyabr 1989-cu ildə vəfat etmiş, icarəçinin vəfatından və həmin müqavilənin müddətinin başa çatmasından sonra müqavilədə göstərilən altı nəfər ailə üzvlərindən heç biri müqavilənin uzadılmasına dair müraciət etməmişdir. Bununla yanaşı, həmin bağ sahəsindən istifadə edilməmiş, bağa aqrotexniki cəhətdən qulluq göstərilməmiş və bağ sahəsi baxımsız qalmışdır.

Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara yenidən hüquqi qiymət verərkən “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İcarə haqqında” Qanun) 13-cü maddəsinin altıncı hissəsinin ikinci bəndini, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Torpaq icarəsi haqqında” Qanun) 15-ci maddəsinin dördüncü hissəsini və digər normativ hüquqi aktların müddəalarını tətbiq edərək, E.Əfəndiyevin atasının vəfatından sonra birinci növbə vərəsə kimi bağ sahəsindən istifadə etməklə faktiki olaraq miras əmlakı qəbul etdiyi, bununla da icarə müqaviləsi üzrə hüquqi varisin mülkiyyət hüququnu əldə etməsi qənaətinə gəlmişdir.

Məhz bunu nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və E.Əfəndiyevin apellyasiya şikayətini qismən təmin etmişdir.

Bundan sonra kassasiya instansiyası məhkəməsi S.Mahmudovanın və Sumqayıt şəhər Bələdiyyəsinin kassasiya şikayətləri əsasında işə baxmış, apellyasiya instansiyası məhkəməsinin iş üzrə tətbiq etdiyi maddi hüquq normalarına uyğun olaraq E.Əfəndiyevin vərəsə kimi bağ sahəsindən istifadə etməklə faktiki olaraq miras əmlakı qəbul etdiyini və icarə müqaviləsi üzrə mülkiyyət hüququna deyil, icarə hüququna malik olduğunu göstərmişdir.     

Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın və müvafiq qanunvericiliyin torpaq sahələrinin icarə müqaviləsi əsasında istifadə edilməsinin qaydalarını və əsaslarını, həmçinin vərəsəlik hüququ qaydasında həmin torpaqlara icarə hüququnun həyata keçirilməsini tənzimləyən hüquq normalarının mahiyyətinin açıqlanmasını zəruri hesab edir.

Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13 və 29-cu maddələri).

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar).

Azərbaycan Respublikasında torpaq sahələrinin xüsusi mülkiyyətə, istifadəyə və icarəyə veriməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra – MM), “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “Torpaq islahatı haqqında” Qanun), “Torpaq icarəsi haqqında” Qanun, “İcarə haqqında” Qanun və digər normativ hüquqi aktlar ilə tənzimlənir.

Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Qanuna müvafiq olaraq torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir.

“Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsində isə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

Əsasnamənin 2-ci bəndində özəlləşdirməyə çıxarılmış torpaqların, o cümlədən həyətyanı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi üçün onlar tərəfindən ərizənin və həmin sahədən qanuni istifadə olunmasını təsdiq edən sənədin surətinin təqdim edilməsi nəzərdə tutulmuşdur.

Qeyd olunmalıdır ki, qanuni istifadədə olan torpaq sahələrinin hüquqi vəziyyətinin dəyişdirilməsinin həmin torpaq sahəsinin qanuni istifadəçisinin vərəsələri tərəfindən həyata keçirilməsinin mümkünlüyü müvafiq qanunvericiliyə uyğun olaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir.

Nəzərə alınmalıdır ki, yuxarıda göstərilən qanunvericilik aktlarında həyətyanı torpaq sahəsinin məhz daimi istifadəçinin ərizəsi və həmin sahənin onun qanuni istifadəsində və ya icarəsində olduğunu təsdiq edən sənəd əsasında xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü müəyyən edilmişdir. Bu qayda isə həmin torpaq sahələrinin hüquqi vəziyyətinin dəyişdirilməsi təşəbbüsünə yalnız belə torpaq sahələrinin daimi istifadəçisinin malik olduğunu göstərir və həmin şəxsin ölümündən sonra vərəsəlik kütləsinə daxil edilməsini istisna edir.

Oxşar hüquqi mövqe həmçinin  Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarında da ifadə olunmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu konstitusiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, icarə müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla yanaşı əmlak kirayəsi müqaviləsidir. Əqdlərin digər növlərində olduğu kimi bu müqavilə də mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına səbəb ola bilər. İcarə müqaviləsinə əsasən bir tərəf (icarəyə verən) digər tərəfə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

İcarə münasibətləri bir qayda olaraq, MM-in müddəaları ilə tənzimlənir. Bununla belə, torpaq icarəsi münasibətlərinin müvafiq tənzimlənmə qaydası “İcarə haqqında” Qanunda və “Torpaq icarəsi haqqında” Qanunda müəyyən edilmişdir.

Həmin normativ hüquqi aktların müddəaları əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olunmasını və bunlardan istifadə edilməsini, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsini və icarə münasibətlərinin hüquqi əsaslarını müəyyən etməklə, icarəçi vəfat etdiyi halda torpaq sahəsi üzərində icarə hüquqlarının onun vərəsələrinə (hüquqi varislərinə) keçməsini istisna etmir.

Belə ki, “İcarə haqqında” Qanunun 13-cü maddəsinin altıncı hissəsinin ikinci bəndinə əsasən icarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun.  

 “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinin dördüncü hissəsinə görə icarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada onun hüquqi varislərinə keçir.

Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr tərəfindən torpaq sahələri üzərində icarə hüququnun vərəsələrə keçməsi məsələləri həll edilərkən MM-in vərəsəlik hüququnu tənzimləyən müvafiq normaları nəzərə alınmalıdır.

Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur.

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar qeyd etmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinin I, II və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarlar).

2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının  Mülki Məcəlləsi mirası əldə etməni vərəsənin onu qəbul etməsi ilə şərtləndirirdi. Vərəsə o halda mirası qəbul etmiş sayılırdı ki, o, miras əmlakını faktiki surətdə idarə etməyə başlasın və ya mirasa yiyələnsin, yaxud vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə versin. Həmin Məcəllənin 552-ci maddəsinə görə bu hərəkətlərin vərəsəlik açılan gündən altı ay müddətində edilməsi nəzərdə tutulurdu. Mirasın qəbul edilməsini tənzimləyən oxşar qayda qüvvədə olan MM-in 1243-cü maddəsində də nəzərdə tutulmuşdur.

Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, E.Əfəndiyev mübahisəli torpaq sahəsi üzərində icarə hüquqlarının keçməsi barədə müraciət etməmiş, yalnız 2010-2011-ci illərdə bağ sahəsi üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi barədə Sumqayıt Bələdiyyəsinə müraciət etmişdir. Lakin apellyasiya və kassasiya instansiyaları məhkəmələri tərəfindən yuxarıda göstərilən normativ hüquqi aktların müddəaları düzgün tətbiq edilməmiş, P.Əfəndiyevin vəfatından sonra onun ailə üzvlərinin həmin torpaq sahəsinin icarəçisi olmağa razı olub-olmamaları, həmçinin onun hüquqi varislərinin torpaq sahəsi üzərində icarə hüquqlarının keçməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanına müraciət etmədikləri nəzərə alınmamışdır.

Beləliklə, qeyd olunan normativ hüquqi aktların işə baxan məhkəmələr tərəfindən düzgün tətbiq edilməməsi S.Mahmudovanın Konstitusiyanın 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. 

Konstitusiyada təsbit olunmuş mülkiyyət hüququnun müdafiə vasitələrindən biri Konstitusiyanın 60-cı maddəsində əksini tapmış hüquq və azadlıqların məhkəmə təminatıdır. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi də qəbul olunur. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur.

Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri).

Nəzərə alınmalıdır ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun, ədalət bərpa edilsin.

Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (MPM-in 14.1-ci maddəsi).

Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə,  işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM-in 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə  apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan  istifadə edir. Həmin Məcəllənin 385.1.1-ci maddəsində maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.

Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin MK ərizəçinin mülkiyyət hüququnun müqəddəratını həll edərkən həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən E.Əfəndiyevin birinci növbə qanuni vərəsə kimi torpaq sahəsini faktiki idarə etməsi barədə apellyasiya şikayətində irəli sürdüyü dəlillərinə istinad etməklə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti rədd etmişdir. Halbuki Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, 129-cu maddəsinin III hissəsinə əsasən isə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən MPM-in 416-cı maddəsinə əsasən bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Кassasiya instansiyası məhkəməsi işə baxarkən, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (MPM-in 417.1.3 və 418.1-ci maddələri).

İş materiallarından göründüyü kimi, kassasiya instansiyası məhkəməsi S.Mahmudovanın kassasiya şikayətində göstərilən dəlillərə qiymət verməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın maddi hüquq normalarının pozulması ilə qəbul olunmuş qətnaməsinin qismən dəyişdirilməsi, E.Əfəndiyevin icarə hüququnun tanınması, onunla icarə müqaviləsinin bağlanmasının Sumqayıt şəhər Bələdiyyəsinə həvalə edilməsi, S.Mahmudovanın hüquq müəyyənedici sənədinin etibarsız hesab edilməsi və mübahisəli bağ sahəsindən çıxarılması barədə 12 fevral 2013-cü il tarixli yeni qərar qəbul etmişdir.

Lakin, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə tətbiq olunmuş maddi hüquq normasının düzgün şərh edilməməsini aşkar etməsinə baxmayaraq, yalnız həmin məhkəmənin gəldiyi nəticəyə düzəliş etmiş və buna əsasən yeni qərar qəbul etmişdir. Bununla bağlı, Ali Məhkəmənin MK-nın qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi müvafiq normativ hüquqi aktlara istinad etməklə icarəçinin ölümündən sonra icarə müqaviləsi üzrə hüquqların onun varisinə keçdiyini göstərsə də, nəticədə səhvən iddiaçının icarə hüququnu deyil, mülkiyyət hüququnu tanımışdır.  

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, MPM-də kassasiya məhkəməsinin öz təşəbbüsü ilə məhkəmə aktlarının mübahisələndirilməyən hissəsinin qanuniliyinin yoxlanılması səlahiyyəti nəzərdə tutulmamışdır. Bu baxımdan, kassasiya məhkəməsinin öz təşəbbüsü ilə qərarı mübahisələndirilməyən hissədə yoxlaması Konstitusiyanın 60-cı və MPM-in 4-cü maddələrindən irəli gələn dispozitivlik prinsipinə ziddir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar).

Mülki prosessual qanunvericiliyə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Belə qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun (MPM-in 417.1.4 və 417.2-ci maddələri).

MPM-in 417.1.4-cü maddəsinin tətbiqi müstəsna olaraq kassasiya instansiyası məhkəməsinin hüquqi təbiəti və səlahiyyət hədləri çərçivəsində qanuni hesab edilə bilər və heç bir halda həmin məhkəmənin kassasiya şikayətinin mübahisələndirilməyən hissəsində aşağı instansiya məhkəməsinin qətnaməsində maddi hüquq normasının pozulmasını və ya düzgün tətbiq edilməməsini deyil, yalnız apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə düzəliş edilməsi ilə nəticələnməlidir. Bu maddə, həmçinin kassasiya instansiyası məhkəməsinin mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə və həmin hallara maddi hüquq normalarını tətbiq etməsinə hüquqi əsas vermir.

Lakin hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsi MPM-in 417.1.4 və 417.2-ci maddələrinin tələblərinə riayət etməmişdir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, E.Əfəndiyevin cavabdehlər Sumqayıt şəhər Bələdiyyəsinə, S.Mahmudovaya və ƏMDK yanında DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı bağ torpaq sahəsinin mülkiyyətə verilməsinə dair qərarın və hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi, bağ sahəsindən çıxarılma və s. iddiasına dair mülki iş üzrə Ali Məhkəmənin MK-nın 12 fevral 2013-cü il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinə, 60-cı maddəsinin  I hissəsinə və      MPM-in 416, 417.1.4, 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır. 

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu 

QƏRARA ALDI:

1. E.Əfəndiyevin cavabdehlər Sumqayıt şəhər Bələdiyyəsinə, S.Mahmudovaya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı bağ torpaq sahəsinin mülkiyyətə verilməsinə dair qərarın və hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi, bağ sahəsindən çıxarılma və s. iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, 60-cı maddəsinin  I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.4, 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr                                                                                        Fərhad Abdullayev