Qərarlar

27.09.13 S.Qurbanovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki kollegiyasının 31/01/13-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

S.Qurbanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali  Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

27 sentyabr 2013-cü il                                                                                 Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Saidə Qurbanovanın nümayəndəsi Vidadi Mahmudovun,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin müdiri Elxan Kazımovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında S.Qurbanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Bakı şəhəri Nizami rayon məhkəməsinin 5 iyul 2011-ci il tarixli qətnaməsi ilə S.Qurbanovanın H.Quliyevə qarşı Bakı şəhəri Nizami rayonu Ə.Vəliyev küçəsi 7a saylı evin 138 saylı mənzilindən istifadə hüququnun itirilməsi və pasport qeydiyyatının ləğv edilməsi tələbinə dair iddiası rədd edilmiş, H.Quliyevin həmin mənzilə köçürülmə tələbi barədə qarşılıqlı iddiası təmin olunmuşdur.

Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – Bakı Apellyasiya Məhkəməsinin MK) 17 noyabr 2011-ci il tarixli qətnaməsi ilə S.Qurbanovanın apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK) 6 aprel 2012-ci il tarixli qərarı ilə S.Qurbanovanın kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin MK-nın 5 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə Nizami rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin MK-nın 31 yanvar 2013-cü il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ərizəçi S.Qurbanova Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək, Ali Məhkəmənin MK-nın 31 yanvar 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra –  Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

 Şikayətdə göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin MK apellyasiya şikayətinə təkrar baxarkən mülki prosessual qanunvericiliyin tələblərinə əməl etməyərək Ali Məhkəmənin MK-nın 6 aprel 2012-ci il tarixli qərarında müəyyən olunmuş göstərişləri yerinə yetirməmiş, bu məqsədlə əlavə araşdırma aparmamış və qəbul etdiyi qətnamədə mövcud olan dəlilləri təkrarlamışdır.

Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə instansiyaları tərəfindən 2009-cu il oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – əvvəlki Mənzil Məcəlləsi) 87-ci maddəsinin müddəaları düzgün tətbiq edilməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra –  MPM) tətbiq edilməli olan bir sıra normaları tətbiq edilməməklə ərizəçinin Konstitusiyada təsbit olunmuş mülkiyyət və məhkəmə müdafiəsi hüququ pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri MPM-in 6-cı maddəsində də əksini tapmış və hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmişdir.

 “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir.

Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).

Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, “məhkəmə” üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır.

Ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Avropa Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqelərinə oxşar mövqelər formalaşdırmışdır. Belə ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Bu hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquq və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun E.Həkimovun şikayəti üzrə 3 noyabr 2008-ci il tarixli Qərarı).

Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında hüquq münasibətləri 1987-ci ildən yaranmış və məhkəmələr tərəfindən bu münasibətlərə əvvəlki Mənzil Məcəlləsinin 87-ci maddəsinin ikinci hissəsinin norması tətbiq olunmuşdur.

Bu normaya əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

Qanunverici icarədarın və onun ailə üzvlərinin bu qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunması üçün yuxarıda göstərilən qaydaları müəyyən etmişdir.

Kassasiya instansiyası məhkəməsi ilk dəfə işə baxarkən Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 noyabr 2011-ci il tarixli qətnaməsini ləğv etmiş, işi yeni apellyasiya baxışına göndərmiş və işin düzgün həll edilməsi üçün əhəmiyyətli olan halların qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılması barədə apellyasiya instansiyası məhkəməsinə müəyyən göstərişlər vermişdir.

Ali Məhkəmənin MK-nın qeyd olunan qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən işin düzgün həll olunması üçün əhəmiyyətli olan halların araşdırılaraq qiymətləndirilməməsi, bununla da sübutların obyektiv, qərəzsiz, hərtərəfli və tam tətqiq edilərək qiymət verilməsini, eləcə də işdə iştirak edən şəxslərin izahatlarına iş üzrə toplanmış digər sübutlarla birlikdə qiymət verilməsini tələb edən MPM-in 88 və 106.1-ci maddələrinin tələblərinin yerinə yetirilmədiyi göstərilmişdir.

 Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişlərinin işə yenidən baxan məhkəmə üçün məcburiliyi barədə MPM-in 420-ci maddəsinin tələblərinə əməl etməyərək belə nəticəyə gəlmişdir ki, H.Quliyev mübahisəli mənzilə yaşamaq hüququnu əldə etmişdir və onun hər hansı bir səbəbdən mübahisəli evi tərk etməsi daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmə kimi qiymətləndirilə bilməz.

Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə qanunvericilikdə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarı).

Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları müəyyən edir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələn, məhkəmə aktlarından apellyasiya və kassasiya şikayəti vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarı).

Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur.

Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri).

Məhkəmə səhvlərinin aradan qaldırılmasının təmin edilməsi məqsədilə MPM-in 372.1-ci maddəsində müəyyənləşdirilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim edilmiş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 385.1.1-ci maddəsi ilə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.

S.Qurbanovanın kassasiya şikayəti üzrə işə ikinci dəfə baxan Ali Məhkəmənin MK isə mülki işə təkrar baxan Bakı Apellyasiya Məhkəməsinin MK-nın MPM-in 217.3, 217.4, 377 və 420-ci maddələrini düzgün tətbiq etməməsinə, şikayətçinin dəlillərinə, habelə özünün əvvəlki qərarına diqqət yetirmədən apellyasiya instansiyası məhkəməsinin 5 sentyabr 2012-ci il tarixli qətnaməsini dəyişiklik etmədən  saxlamışdır.

MPM-in 416, 417.1.3 və 418.1-ci maddələrinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlamalı, bu normaların pozulması və ya düzgün tətbiq olunmaması müəyyən edildikdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərməlidir. Məhkəmələr tərəfindən iş üzrə tətbiq edilməli olan prosessual hüquq normalarının tələblərinə əməl edilmədən məhkəmə aktlarının qəbulu öz növbəsində ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit edilmiş  hüquq və azadlıqların məhkəmə təminatı hüququnun pozulmasına gətirib çıxarmışdır.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, S.Qurbanovanın H.Quliyevə qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi, pasport qeydiyyatının ləğv edilməsi tələbi və H.Quliyevin S.Qurbanovaya qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin MK-nın 31 yanvar 2013-cü il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, MPM-in 416, 417.1.3, 418.1 və 420-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq  Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:

1. Saidə Qurbanovanın Həmzə Quliyevə qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi, pasport qeydiyyatının ləğv edilməsi tələbi və H.Quliyevin S.Qurbanovaya qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2013-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin  416, 417.1.3, 418.1 və 420-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr                                                                              Fərhad Abdullayev