Qərarlar

25.07.13 V.Qurbanovun şikayəti üzrə AR Ali Məhkəməsinin Hərbi kollegiyasının 13 sentyabr 2012-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

V.Qurbanovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 13 sentyabr 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

25 iyul 2013-cü il                                                                                               Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Elməddin Hüseynovun,

ərizəçinin vəkili Səyəddan Məmmədovun, cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İnqilab Nəsirovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Qurbanov Vələd Qüdrət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 331.2, 331.3, 341.1-ci maddələri ilə məhkum olunmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 13 sentyabr 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

 İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, ərizəçinin vəkilinin və cavabverən orqanın nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

V.Qurbanov Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 27 dekabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan – sonra CM) 311.3.1, 311.3.2, 331.3 və 341.1-ci maddələri ilə təqsirli bilinərək hərbi rütbədən məhrum olunmaqla 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 6 mart 2011-ci il tarixli qərarı iləV.Qurbanovun apellyasiya şikayəti təmin edilməmiş və hökm dəyişdirilmədən saxlanılmışdır.

Həmin qərardan V.Qurbanovun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Hərbi kollegiyası) 13 sentyabr 2012-ci il tarixli qərarı ilə təmin edilməmişdir.

ƏrizəçiV.Qurbanov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək,Ali Məhkəmənin Hərbi kollegiyasının 13 sentyabr 2012-ci il tarixli  qərarınınAzərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmələr tərəfindənəlavə cəza təyin edilərkən CM-in 48-ci maddəsinin tələbləri pozulmuş və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konsitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli Qərarı (bundan sonra –Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il tarixli Qərarı) nəzərə alınmamışdır.

Ərizəçi hesab edir ki, bununlada onun Konstitusiyanın 63-cü maddəsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edirki, CM-in 48-ci maddəsi ilə əlaqədar Plenum 23 iyul 2004-cü il tarixdə Qərar qəbul etmişdir. Həmin Qərarda CM-də məhkəmə tərəfindən əlavə cəza kimi hərbi və ya xüsusi rütbədən məhrum etmə qaydasının müəyyən olunmasıAzərbaycan Respublikasının Milli Məclisinə (bundan sonra – Milli Məclis) tövsiyə edilmişdir.

V.Qurbanovun şikayəti ilə bağlıKonstitusiya Məhkəməsinin Plenumu 23 iyul 2004-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeyinin davamı olaraq aşağıdakıları vurğulamağı vacib hesab edir.

CM-in 48-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı, məhkəmə cinayətin xarakterini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə, bu barədə xüsusi və ya hərbi rütbəni, fəxri adı və dövlət təltifini vermiş orqana müvafiq təqdimat göndərir.

Konstitusiyanın 63-cü maddəsinin I və V hissələrinə müvafiq olaraq  hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.

Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə hakimiyyəti konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələrlə həyata keçirilir. (Konstitusiyanın 125-ci maddəsinin I və III hissələri)

Ədalət mühakiməsinin yalnız məhkəmələr tərəfindən həyata keçirilməsi və məhkəmənin hökmü olmadan kimsənin cinayətdə təqsirli sayıla bilməməsi konstitusiya prinsipləri onu ifadə edir ki, cəza yalnız məhkəmə hökmü ilə təyin edilə bilər.

CM-in 41.1-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

Cinayətkarlığa qarşı tətbiq edilən hüquqi təsir vasitələrinin səmərəliliyi hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətləri, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır.

Törədilmiş cinayət əməlinə görə tətbiq edilməli olan cəzanın ədalətliliyi, mütənasibliyi və fərdiləşdirilməsinin mümkünlüyü qanunverici tərəfindən müəyyənləşdirilmiş cəza sistemi daxilindəki cəza növlərinin dairəsi ilə əlaqəlidir.

Tətbiq edilməsi, çəkilmə qaydası və şərtlərindən, habelə təsiretmə xüsusiyyətləri və hüquqi təbiətindən asılı olaraq cinayət qanunvericiliyində cəzalar əsas və əlavə cəzalar kimi fərqləndirilir.

CM-in 42.0.5 və 43.3-cü maddələrinəgörə “xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə” cəzası müstəqil cəza növü kimi nəzərdə tutulur və bu cəza növü yalnız əlavə cəza kimi tətbiq edilir.

CM-in yuxarıda qeyd olunan maddələrinin məzmununa görə də xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə cəzası əlavə cəza kimi məhkəmələr tərəfindən tətbiq edilir.

Cinayət mühakimə icraatının yalnız məhkəmə tərəfindən həyata keçirilməsi konstitusiya prinsipinəəsaslanan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 23.1-ci maddəsində göstərilir ki, cinayət mühakimə icraatı Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan səlahiyyətli məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmənin hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla və məhkum oluna bilməz. 

Cinayət mühakimə icraatının nəticələrindən biri kimi məhkəmə ittiham hökmü çıxararkən müşavirə otağında digər məsələlərlə yanaşı, cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığını müzakirə edib, hökmün təsviri-əsaslandırıcı hissəsində əlavə cəza növünün təyin edilməsi haqqında qərarın motivlərini, hökmün nəticəvi hissəsində isə cinayət qanununun müddəaları ilə nəzərdə tutulmuş hallarda əlavə cəza növünün təyin edilməsini göstərir. (CPM-in 346.1.14, 353.2.8 və 353.4.9-cu maddələri).

Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın, CM-in və CPM-in yuxarıda qeyd olunan norma və prinsiplərindən, eləcə dəKonstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeyindən çıxış edərək hesab edir ki, CM-in 48-ci maddəsində nəzərdə tutulmuş xüsusi və ya hərbi rütbədən məhrum etmə cəzasıyalnız məhkəmələr tərəfindən həyata keçirilməlidir.

Məhz bu baxımdan, Ali Məhkəmənin Hərbi kollegiyasının 13 sentyabr 2012-ci il tarixli qərarının V.Qurbanovun mayor hərbi rütbəsindən məhrum edilməsi hissəsi Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə uyğun hesab edilməlidir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə”11 iyun 2004-cü il tarixli, 688-IIQD saylı Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu bəndinin və IV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya işinə baxılması nəticəsində qəbul olunan Konstitusiya Məhkəməsi Plenumunun qərarı iş üzrə məhkəmənin gəldiyi qənaəti əks etdirir. Bu qərar giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarət olmaqla, vahid sənəd kimi çıxış edir.

Konstitusiya Məhkəməsi Plenumunun Qərarı mübahisəyə dair hüquqi məsələlərlə bağlı məhkəmənin hüquqi mövqelərini də əks etdirir. Həmin mövqelər bir qayda olaraq, Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların, o cümlədən  insan hüquq və azadlıqlarının üstünlüyü nəzərə alınmaqla formalaşır.

Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilən qərarlar Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir və qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Bu qərarlar heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. (“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 66.1, 63.4 və 66.2-ci maddələri)

Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət daşıyır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız V.Qurbanovun işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir.

Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu V.Qurbanovun şikayəti ilə əlaqədar CM-in,CPM-in, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra – CİM) və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli Qanununun (bundan sonra – “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun) bir sıra normalarını tədqiq edərkən həmin normalarda xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə məsələsinin fərqli tənzimləndiyini müəyyən etmişdir.

Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 33.1-ci maddəsində hərbi qulluqçuların və hərbi vəzifəlilərin (əsgər, matros hərbi rütbəsinə malik olanlar istisna olmaqla) ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqları halda məhkəmənin qərarı ilə onlara verilmiş hərbi rütbələrdən məhrum edilərək əsgər (matros) rütbəsinə endirilməsi nəzərdə tutulmuşdur.

Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası barədə hakimin göstərişini tənzimləyən CPM-in 507-ci maddəsində xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə cəzası ilə əlaqədar məhkəmə hökmünün icraya yönədilməsi qaydası CM-in 48-ci maddəsində nəzərdə tutulan məzmuna uyğun göstərilmişdir. Həmin maddəyəəsasən hökmlə məhkumun xüsusi və ya hərbi rütbədən məhrum edilməsi, fəxri addan, yaxud məhkumun dövlət təltifindən məhrum edilməsi haqqında məsələnin qoyulmasının zəruriliyi nəzərdə tutulduğu halda hakim müvafiq təqdimatı və məhkəmə hökmünün surətini məhkuma xüsusi və ya hərbi rütbə vermiş, fəxri ad, yaxud dövlət təltifi ilə təltif etmiş orqana göndərir. (CPM-in 507.6-cı maddəsi)

Göstərilən məsələ CİM-də cinayət və cinayət-prosessual qanunvericiliklərinə nisbətənfərqlimüəyyən olunmuşdur. Həmin Məcəllənin xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə növündə cəzanın icrası qaydasını tənzimləyən 159-cu maddəsində göstərilir ki, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə barədə hökm qanuni qüvvəyə mindikdən sonra hökmün surəti və müvafiq təqdimat məhkəmə tərəfindən xüsusi və ya hərbi rütbəni, fəxri adı və dövlət təltifini vermiş orqana göndərilir.

Qeyd edildiyi kimi, xüsusi və ya hərbi rütbədən, fərxi addan və dövlət təltifindən məhrum etmə cəzasının məhkəmələr tərəfindən tətbiq edilməsi, həmçinin CM-in 42.0.5 və 43.3-cü maddələrindən də irəli gəlir.

Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Konstitusiyanın aliliyinin təmin olunması məqsədilə Milli Məclis tərəfindən CM-in 48-ci maddəsinin təkmilləşdirilməsi zamanı qeyd edilən normativ hüquqi aktların müddəalarının nəzərə alınması məqsədə müvafiq olardı.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

 - Ali Məhkəmənin Hərbi kollegiyasının 13 sentyabr 2012-ci il tarixli qərarının V.Qurbanovun mayor hərbi rütbəsindən məhrum edilməsi hissəsi Konstitusiyanın 63, 125-ci maddələrinə uyğun hesab edilməlidir;

 - Konstitusiyanın aliliyinin təmin olunması məqsədilə CM-in 48-ci maddəsinin təkmilləşdirilməsi zamanı həmçinin,xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə cəzasının tətbiq etmə qaydasınıtənzimləyən CM-in, CPM-in və CİM-in müddəalarının nəzərə alınması Milli Məclisə tövsiyə olunmalıdır;

 - Konstitusiyanın 63 və 125-ci maddələrinə,Konstitusiya Məhkəməsi Plenumunun23 iyul 2004-cü il tarixli Qərarında və bu Qərarda əks olunan hüquqimövqeyinəuyğun olaraq,Milli Məclis CM-in 48-ci maddəsinə müvafiq dəyişikliklər edənədək əlavə cəza kimi xüsusi və ya hərbi rütbədən məhrum etməməhkəmələr tərəfindən həyata keçirilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 13 sentyabr 2012-ci il tarixli qərarının V.Qurbanovun mayor hərbi rütbəsindən məhrum edilməsi hissəsi Azərbaycan Respublikası Konstitusiyasının 63, 125-ci maddələrinə uyğun hesab edilsin.

2. Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin təkmilləşdirilməsi zamanı,həmçinin xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə cəzasının tətbiq etmə qaydasınıtənzimləyən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin,Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarının nəzərə alınması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.

3. Azərbaycan Respublikası Konstitusiyasının 63 və 125-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konsitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli Qərarında və bu Qərarda əks olunan hüquqi mövqeyinə uyğun olaraq,Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin    48-ci maddəsinə müvafiq dəyişikliklər edənədək əlavə cəza kimi xüsusi və ya hərbi rütbədən məhrum etməməhkəmələr tərəfindən həyata keçirilsin.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr                                                              Fərhad Abdullayev