Qərarlar

23.07.13 M.Şahverdiyevanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

23 iyul 2013-cü il                                                                                          Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Elməddin Hüseynovun,

ərizəçi Məlahət Şahverdiyevanın və onun nümayəndəsi Bəylər Məmişovun, cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının şöbə müdiri Elxan Kazımovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN  ETDİ:

Bakı şəhəri Səbail rayon məhkəməsinin 26 noyabr 2010-cu il tarixli qətnaməsi ilə iddiaçı M/Şahverdiyevanın cavabdehlər “Azərbaycan Sənaye Bankı” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – “Azərbaycan Sənaye Bankı” ASC) və İbrahim İbrahimova qarşı 5 aprel 2010-cu il tarixli 09/GM-14 saylı ipoteka müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə üzrə ipoteka qoyulmuş Bakı şəhəri, Nizami rayonu, İ.Əliyev küçəsi, ev 3, mənzil 2 ünvanında yerləşən mənzilin ipotekadan azad edilməsi tələbinə dair iddiası rədd edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – Bakı Apellyasiya Məhkəməsinin MK) 21 fevral 2011-ci il tarixli qətnaməsi ilə M.Şahverdiyevanın apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK) 14 iyul 2011-ci il tarixli qərarı ilə M.Şahverdiyevanın kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə Səbail rayon məhkəməsinin, Ali Məhkəmənin MK-nın 24 fevral 2012-ci il tarixli qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin adı çəkilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ərizəçi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək Ali Məhkəmənin MK-nın qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra –Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə instansiyaları tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 337, 339, 352, 359.2, 359.4, 360.1-ci maddələrinin müddəaları düzgün tətbiq edilməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tətbiq edilməli olan bir sıra normaları tətbiq edilməmişdir.

Ərizəçi hesab edir ki, məhkəmələr tərəfindən onun Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş mülkiyyət hüququ, habelə hüquq və azadlıqların məhkəmə müdafiəsi təminatı pozulmuşdur.

Şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 13-cü maddəsinin I və II hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (S.Bayramovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 16 iyul 2012-ci il tarixli Qərarı)

Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, ipoteka müqaviləsinin predmetini təşkil edən əşyaların hüquqi rejimini, ipoteka qoyanın hüquqi statusunu və əqdlərdə təmsilçilik institutunu tənzimləyən müvafiq maddələrinin mahiyyətinin və məqsədlərinin açıqlanmasını zəruri hesab edir.       

Qeyd olunmalıdır ki, məhkəmələrdə mülkiyyət hüququ ilə bağlı olan işlər üzrə mülki qanunvericiliyin müvafiq maddələrinin məzmunu mülki hüquq subyektlərinin bərabərliyi və iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, mülki hüquqların məhkəmə müdafiəsi və s. prinsiplərə uyğun tətbiq edilməlidir.

MM-in 6-cı maddəsində sadalanan mülki huquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir.  

MM-in 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. (MM-in 269.1-269.3-cü maddələri)

Bununla yanaşı, nəzərə alınmalıdır ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir.

İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Beləliklə, ipoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir. İpoteka kreditoru (ipoteka saxlayan) dedikdə, borclunun onun qarşısında yaranan pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarına malik olan şəxs nəzərdə tutulur.

MM-in 271.1-ci maddəsinə görə əşyanı ipoteka qoyan yalnız onun mülkiyyətçisi ola bilər və o adətən əsas öhdəlik üzrə borclu şəxs qismində çıxış edir. Eyni zamanda, MM-in 271.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir.

Məcəlləyə müvafiq olaraq mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (MM-in 139-cu maddəsi)

MM-in 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

Göstərilənlərlə yanaşı, ərizəçinin təşəbbüsü ilə başlanmış mülki mübahisə üzrə tətbiq edilmiş mülki qanunvericilik müddəalarına münasibətdə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir.

MM-in 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı MM-in   362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir.  MM-in 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

MM-in 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

Göstəriən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir.

İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.

MM-in yuxarıda qeyd olunan 269.1 və 269.5-ci maddələrinə müvafiq olaraq ipoteka əsas öhdəliyin icrasının təminatı üsuludur və ipoteka müqaviləsinə (öhdəliyi təmin edən) hər hansı mülki hüquq müqaviləsi, o cümlədən kredit müqaviləsi (əsas öhdəlik) ilə birlikdə baxılmalıdır.

Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İ.İbrahimov və “Azərbaycan Sənaye Bankı” ASC arasında bağlanmış 5 aprel  2010-cu il tarixli kredit müqaviləsi (əsas öhdəlik) İ.İbrahimovun maraqlarına uyğun bağlanmışdır. Belə ki, bu müqavilədə borclu təmsil olunan M.Şahverdiyeva deyil, İ.İbrahimovun özü olmuşdur. M.Şahverdiyevanın mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, İ.Əliyev küçəsi, ev 3, mənzil 2 ünvanında yerləşən mənzilə dair (öhdəliyi təmin edən) ipoteka müqaviləsi də onun etibarnaməsi əsasında İ.İbrahimov tərəfindən kredit müqaviləsi üzrə bank qarşısında öz öhdəliklərinin təmin olunması üçün bağlanmışdır.

 Burada nəzərə alınmalıdır ki, mənzilə dair etibarnamə verilərkən M.Şahverdiyeva (təmsil olunan), İ.İbrahimova bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və İ.İbrahimovun özünün maraqları daxilində deyil, M.Şahverdiyevanın maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir.

  Lakin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən ərizəçinin onun etibarnaməsi əsasında ipoteka müqaviləsi bağlanarkən göstərilən maddi hüquq normalarının tələblərinə riayət edilməməsi barədə irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verilməmişdir.

Kassasiya instansiyası məhkəməsi ilk dəfə işə baxaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etməklə işi yeni apellyasiya baxışına göndərərkən qəbul etdiyi 14 iyul 2011-ci il tarixli qərarında göstərmişdir ki, İ.İbrahimovun M.Şahverdiyevanın adından ipoteka müqaviləsini bank qarşısında öz öhdəliklərinin təmin olunması üçün əqd bağlanmasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, onun təmsil edilən şəxsin əqd barəsində susulan hallar haqqında məlumat vermək vəzifəsini vicdanla gözləyib-gözləməməsinin mövcudluğu araşdırılmamışdır.      

MPM-in 420-ci maddəsinin tələblərinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarı)

Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. (Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarı)

Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur.

Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri)

Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı)

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar.

Məhkəmə səhvlərinin aradan qaldırılmasının təmin edilməsi məqsədilə  MPM-in 372.1-ci maddəsində müəyyənləşdirilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim edilmiş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məcəllənin 385.1.1-ci maddəsində maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.

Buna baxmayaraq, Apellyasiya Məhkəməsinin MK qanunvericiliyin qeyd olunan tələblərinə əməl etməyərək Ali Məhkəmənin MK-nın 14 iyul 2011-ci il tarixli qərarında müəyyən olunmuş göstərişləri lazımınca yerinə yetirməmiş, bu məqsədlə əlavə araşdırma aparmamış və qəbul etdiyi qətnamədə əsasən əvvəlki qətnaməsində mövcud olan dəlilləri təkrarlamışdır.

M.Şahverdiyevanın kassasiya şikayəti üzrə işə ikinci dəfə baxan Ali Məhkəmənin MK isə mülki işə təkrar baxmış Bakı Apellyasiya Məhkəməsinin MK-nın MPM-in 217.3, 217.4, 271.2.9, 377 və 420-ci maddələrini düzgün tətbiq etməməsinə, şikayətçinin dəlillərinə, habelə özünün əvvəlki qərarına diqqət yetirmədən apellyasiya instansiyası məhkəməsinin 19 oktyabr 2011-ci il tarixli qətnaməsini qüvvədə saxlamışdır.

MPM-in 416, 417.1.3 və 418.1-ci maddələrinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlamalı, bu normaların pozulması və ya düzgün tətbiq olunmaması müəyyən edildikdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərməlidir. İş üzrə tətbiq edilməli olan prosessual hüquq normalarının tələblərinə əməl etmədən məhkəmə aktlarının qəbulu öz növbəsində ərizəçinin Konstitusiyanın 29-cu maddəsinin I hissəsinin və 60-cı maddəsinin I hissəsinin tələblərinin pozulmasına gətirib çıxarmışdır.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin MK-nın 24 fevral 2012-ci il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə, MPM-in 416, 417.1.3, 418.1 və 420-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır. 

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu   

QƏRARA  ALDI:

1. Məlahət Şahverdiyevanın cavabdehlər “Azərbaycan Sənaye Bankı” Açıq Səhmdar Cəmiyyətinə və İbrahim İbrahimova qarşı 5 aprel 2010-cu il tarixli ipoteka müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə üzrə ipoteka qoyulmuş mənzilin ipotekadan azad edilməsi iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I hissəsinə, 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1 və 420-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədr                                                                          Fərhad Abdullayev