AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
QƏRARI
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci
maddələrinin şərh edilməsinə dair
18 iyun 2013-cü il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin,
maraqlı subyektlərin nümayəndələri Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimi Amil Dosiyevin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,
ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, Hüquq fakültəsinin dekan müavini, hüquq üzrə fəlsəfə doktoru Cabir Quliyevin,
mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Şahin Yusifovun, Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyaları məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mahir Abbasovun, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin hüquq şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Ziya Dadaşovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
M Ü Ə Y Y Ə N E T D İ:
Şirvan Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 56.1.1 və 56.1.2-ci maddələrinin, həmin Məcəllənin 66.1 və 66.2-ci maddələrinin müddəaları baxımından şərh olunmasını xahiş etmişdir.
Müraciətdə göstərilir ki, təqsirləndirilən şəxs Hüseynov Səlimxan Aram oğlu Saatlı rayon məhkəməsinin 7 fevral 2013-cü il tarixli hökmü ilə CM-in 263.2 və 264-cü maddələri ilə təqsirli bilinib, CM-in 263.2-ci maddəsi ilə 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 264-cü maddəsi ilə isə 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla S.Hüseynov 3 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilmişdir.
Məhkum və onun müdafiəçisi hökmdən apellyasiya şikayəti verərək, S.Hüseynov barəsində təyin edilmiş cəzanın CM-in 62-ci maddəsi tətbiq edilərək məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsinə dair yeni hökmün çıxarılmasını xahiş etmişlər.
Şirvan Apellyasiya Məhkəməsi işə baxarkən CM-in 56.1.1 və 56.1.2-ci maddələrinin tətbiqi ilə bağlı müəyyən çətinliklərlə qarşılaşmışdır.
Müraciətdə göstərilir ki, CM-in 56.1.1-ci maddəsində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində, həmin Məcəllənin 56.1.2-ci maddəsində isə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində təyin edilmiş cəzanın çəkilməsi müəyyən edilir.
Müraciətedən hesab edir ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edən CM-in 56-cı maddəsində cinayətlərin (hökmlərin) cəmi qaydasında ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ilə qədər azadlıqdan məhrum etməyə və həmçinin böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərə qəti cəza təyin edilərkən cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi tənzimlənmədiyindən hüquqtətbiqetmə təcrübəsində qeyri-müəyyənlik yaranmışdır.
Bu baxımdan Şirvan Apellyasiya Məhkəməsi qeyd edir ki, göstərilən maddələrin müxtəlif qaydada tətbiq edilməsi vahid məhkəmə təcrübəsinin formalaşmasına çətinlik yaratdığından Konstitusiya Məhkəməsi tərəfindən həmin normaların rəsmi şərh edilməsinə ehtiyac duyulur.
Müraciətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu cəzanın hüquqi təbiətini, cinayətlərin cəmi qaydasında cəzanın təyin edilməsinin mahiyyətini, cəzaçəkmə müəssisəsinin növlərini müəyyən edən CM-in və cəzanın icrası qaydasını tənzimləyən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra – CİM) bəzi müddəalarının açıqlanmasını zəruri hesab edir.
Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri).
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər.
Cinayət qanunvericiliyində cəzanın anlayışı ilə yanaşı cinayət törətmiş şəxslərə təyin edilən cəzanın növləri, cəza təyin edilməsinin prinsipləri də müəyyən edilmişdir.
Məhkəmənin hökmünə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxslərə təyin edilən cəzalardan yalnız ikisi məhkumun cəmiyyətdən təcrid edilməsi ilə əlaqədardır: müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə (CM-in 42.0.12 və 42.0.13-cü maddələri).
Müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin hökm çıxarılanadək on səkkiz yaşı tamam olmamış şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrində yerləşdirilirlər (CM-in 55.1-ci maddəsi).
Cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi və məhkumun cəmiyyətdən təcrid edilməsi dərəcəsi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, onun şəxsiyyəti, əvvəllər məhkum olunub-olunmaması, təqsirkarın cinsi, yaşı və sair hallar nəzərə alınmaqla həll edilir.
Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi birbaşa cinayət qanunvericiliyi ilə tənzimlənir. Cinayət qanunu ilə müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumların islah edilməsi məqsədinə xidmət edir.
CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir ( “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2012-ci il tarixli Qərarı).
CM-in 56.1.1-ci maddəsində ehtiyyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində, Məcəllənin 56.1.2-ci maddəsində isə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzaların çəkilməli olması müəyyən edilmişdir.
Bu məsələ ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” 28 iyun 2002-ci il tarixli Qərarında göstərilir ki, cinayətlərin və ya hökmlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, cəzaçəkmə müəssisəsinin növü, yaxud cəzanın bir hissəsinin həbsxanada çəkilməsi hər bir cinayətə görə ayrılıqda yox, yalnız qəti cəza müəyyən edildikdən sonra göstərilməlidir.
Həmin Qərarın 2-ci bəndinə əsasən əgər şəxs həm qəsdən, həm də ehtiyatsızlıqdan bir neçə cinayət əməli törətmişdirsə və həmin şəxs cinayətlərin məcmusu qaydasında beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, məhkəmə cəzanın çəkilməsini o zaman məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edə bilər ki, təqsirli şəxsə qəsdən törədilmiş cinayətə görə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilmiş olsun.
Azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs üçün cəzaçəkmə müəssisəsinin növü CM-in yuxarıda göstərilən maddələrinə uyğun olaraq məhkəmənin hökmü ilə müəyyən edilir və hökmün nəticəvi hissəsində göstərilir (CM-in 56.3-cü maddəsi və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.4-cü maddəsi).
CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.
Bununla yanaşı, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cins, yaş, məhkumun törətdiyi cinayətin ağırlıq dərəcəsi, cəzanı çəkdiyi dövrdə məhkumun davranışı və sağlamlıq vəziyyətinə görə differensiasiya olunurlar. Məhkumların differensiasiyası azadlıqdan məhrum etmə cəzasının icrasının qrup halında fərdiləşdirilməsi, ilk dəfə qısa müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin daha təhlükəli cinayətkarların zərərli təsirindən qorunması üçün mühüm əhəmiyyət kəsb edir. Differensiasiyanın əsasını cinayət və cəza-icra hüququnun ədalət, humanizm, məcbur etmə tədbirlərindən və məhkumların islah edilmə vasitələrindən məqsədə uyğun istifadə edilməsi, onlarda qanuna itaətin həvəsləndirilməsi və cəzanın islahedici təsirinin artırılması kimi prinsipləri təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair” 12 yanvar 2012-ci il tarixli Qərarı).
CİM-in 112-ci maddəsində ümumi rejimli cəzaçəkmə müəssisələrində, 119-cu maddəsində isə məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrası şərtləri müəyyənləşdirilmişdir. Həmin normalarda hər iki cəzaçəkmə müəssisəsində məhkumların cəza çəkmə qaydaları, şərtləri, hüquq və vəzifələri fərqli müəyyən edilmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, CM-in 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədinə nail olunması üçün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin cəzasını çəkməli olduğu cəzaçəkmə müəssisəsinin növü cinayət qanunvericiliyində dəqiq, birmənalı, anlaşılan formada öz əksini tapmalı və məhkəmənin hökmündə göstərilməlidir.
Cinayətlərin məcmusunun anlayışı və cinayətlərin məcmusuna görə cəza təyin edilməsi qaydası CM-in 17 və 66-cı maddələrində nəzərdə tutulmuşdur.
Qeyd olunan Məcəllənin 17.1 və 17.2-ci maddələrində göstərilir ki, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Bir hərəkətlə (hərəkətsizliklə) bu Məcəllənin iki və ya daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır.
Cinayətlərin çoxluğunun müstəqil növü hesab edilən cinayətlərin məcmusunun iki növü – ideal və real məcmu fərqləndirilir. Cinayətlərin məcmusunun hər iki növü yalnız o halda mövcud olur ki, şəxs törətdiyi cinayətlərin heç birinə görə məhkum olunmamış olsun və qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmiş olsun. Törədilmiş hər bir cinayət əməli (məcmunun hər iki növündə) CM-in bu əmələ görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif olunmalıdır.
Cinayətlərin məcmusunun anlayışına müvafiq olaraq qanunverici məcmu qaydasında törədilən cinayətlərə görə cəzanın təyin edilmə qaydasını da xüsusi norma ilə tənzimləmişdir.
Belə ki, cinayətlərin məcmusu üzrə məhkəmə cəza təyin edərkən hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (CM-in 66.1-ci maddəsi). Göründüyü kimi, cinayətlərin məcmusu üzrə məhkəmə cəza təyin edərkən, həmin Məcəllənin 66.1-ci maddəsində nəzərdə tutulmuş hansı qaydanı tətbiq etməsindən asılı olmayaraq, hər bir cinayətə görə, ayrılıqda cəza təyin edir və məcmu üzrə qəti cəza müəyyənləşdirir. Cəzaçəkmə müəssisəsinin növü isə hər bir cinayətə görə ayrılıqda deyil, məcmu üzrə qəti cəza təyin edildikdən sonra təyin edilməlidir.
CM-in 24-cü maddəsində göstərilmişdir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır.
Cinayət qanunvericiliyində qəsdin və ehtiyatsızlığın iki forması nəzərdə tutulur:
- birbaşa və ya dolayı qəsdlə törədilən əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır (CM-in 25.1-ci maddəsi);
- cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır (CM-in 26.1-ci maddəsi).
Cinayət hüququnda “təqsir” dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və bu əməlin nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti başa düşülür.
Psixoloji kateqoriya kimi təqsir müxtəlif psixoloji elementlərin məcmusundan ibarət olan müəyyən bir məzmuna malikdir. Təqsirin məzmununu təşkil edən psixoloji elementlərə şüur və iradə aiddir ki, onlar da psixoloji akt kimi ictimai təhlükəli davranışın müvafiq əqli və iradəvi tərəfini təşkil edir. Bu psixoloji elementlər öz növbəsində əməlin (hərəkət və ya hərəkətsizliyin) ictimai təhlükəlilik dərəcəsini formalaşdırır. Əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təyin edilən azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisənin növü bu psixologiyaya müvafiq olaraq qanunverici orqan tərəfindən müəyyən edilmiş, qəsdən törədilən əməllərə görə daha ciddi rejimli cəzaçəkmə müəssisəsinin növləri cinayət qanunvericiliyində təsbit edilmişdir.
Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, CM-in 56.1.1 və 56.1.2-ci maddələrinin mənasına uyğun olaraq:
- şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir;
- cinayətlərin (hökmlərin) məcmusuna həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilmiş cinayət daxil olduqda şəxs həm ehtiyatsızlıqdan edilmiş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına, həm də böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin məcmusu üzrə qəti cəza beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə təyin edildikdə, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir.
Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, qanunverici insan və vətəndaş hüquqlarının qorunması və müdafiəsi, habelə cinayət qanunvericiliyi sahəsində Konstitusiya ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirərkən cinayət qanununun müddəalarının məzmununu, o cümlədən ictimai təhlükəli əməllərin törədilməsinə görə cəzaları və şəxsin cinayət törətməsinin digər cinayət-hüquqi nəticələrini müəyyən etməkdə haqqlıdır.
Bu baxımdan, şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsinin mümkünlüyünün qanunvericilik qaydasında tənzimlənməsi istisna edilməməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin mənasına uyğun olaraq:
- şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir;
- cinayətlərin (hökmlərin) məcmusuna həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilmiş cinayət daxil olduqda şəxs həm ehtiyatsızlıqdan edilmiş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına, həm də böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin məcmusu üzrə qəti cəza beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə təyin edildikdə, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev