Qərarlar

18.03.13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLIKASI

KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN

QƏRARI

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin

18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair

18 mart 2013-cü il                                                                                                Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Şahin Yusifovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Fuad Məmmədovun,

ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Rafiq Quliyevin,

mütəxəssislər Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun, Sumqayıt Apellyasiya Məhkəməsinin Aparat rəhbəri Müzəffər Ağazadənin və Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini Qəzənfər Bayramlının iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin müraciəti əsasında xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim M.Muradovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N     E T D İ:

Azərbaycan Respublikasının Ali Məhkəməsi (bundan sonra – Ali Məhkəmə) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh olunmasını xahiş etmişdir.

Ali Məhkəmənin müraciətində göstərilmişdir ki, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 2 aprel 2012-ci il tarixli hökmü ilə Y.Babayev CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir.

Dövlət ittihamçısının apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2012-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmiş, Y.Babayevə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur.

Gəncə Apellyasiya Məhkəməsinin qərarından verilmiş kassasiya protestində qeyd edilmişdir ki, Y.Babayevin Samux rayon məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanı çəkib qurtarmadığı, məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratmışdır. CM-in 221.2.1-ci maddəsinin dispozisiyasında təkrarlıq tövsifedici əlamət kimi nəzərdə tutulsa da, cinayətin residivi bu maddədə tövsifedici əlamət kimi müəyyən edilmədiyindən məhkəmələr tərəfindən şəxsə cəza təyin olunarkən residiv nəzərə alınmamış və CM-in 18.5, 61.1.1 və 65.2-ci maddələrinin tələbləri pozulmuşdur.

Bu baxımdan, Ali Məhkəmə müraciətdə məhkum olunmuş şəxs tərəfindən yenidən təkrarlıq əlaməti olan cinayət törədildiyi halda CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin tətbiq olunub-olunmaması məsələsinin şərh edilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələ ilə əlaqədar cinayət hüququnun qanunçuluq prinsipinin mahiyyətinin və konstitusiya əsaslarının, habelə cinayət mühakimə icraatında təqsirləndirilən şəxsin hüquq və qanuni mənafelərinin qorunması baxımından bu prinsipə əməl olunmasının vacibliyinin vurğulanmasını zəruri hesab edir.

Qanunçuluğun ümumi prinsiplərinə əsaslanan cinayət hüququnun prinsipləri – hüquq normalarında təsbit olunan, cinayət hüququnun və onun institutlarının təbiətini müəyyən edən, cinayət hüququ yaradıcılığının və bu hüququn tətbiqi ilə bağlı fəaliyyətin əsas istiqamətləridir.

CM-də əks olunmuş prinsiplər insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra konstitusiya prinsiplərindən irəli gəlir.

Cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız CM ilə müəyyən edilir (CM-in 5.1-ci maddəsi).

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” 21 oktyabr 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır.

Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən qanunverici orqan tərəfindən cinayət hüquq norması qəbul edilərkən qanunçuluğun prinsiplərindən olan qanunun aliliyi, vahidliyi, məqsədəuyğunluğu və qanunçuluğun reallığı prinsiplərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sadalanan prinsiplərə əməl olunması Konstitusiyada təsbit olunmuş bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik, tarazlıq prinsiplərindən irəli gəlir.

Göstərilənlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətdə qaldırılan məsələlərin düzgün həll edilməsi və qanunçuluq prinsipinin təmin olunması məqsədilə cinayətlərin çoxluğu, cinayətlərin təkrar törədilməsi, cinayətlərin məcmusu və cinayətlərin residivi anlayışlarına aydınlıq gətirilməsi zəruridir.

Hüquq nəzəriyyəsində “təkrarlıq” termini geniş və dar mənalarda istifadə olunur. Geniş mənada təkrarlıq, cinayətin əvvəllər hər hansı cinayət törətmiş şəxs tərəfindən törədilməsi deməkdir. Belə təkrarlıq həm də ümumi təkrarlıq adlanır. Təkrarlığın bu cür geniş anlayışı özündə həmcins və müxtəlif növlərdən olan bir neçə cinayətin törədilməsini əks etdirən “cinayətlərin çoxluğu” terminində ifadə olunur.

Qanunvericiliyin tələblərinə müvafiq olaraq çoxluğu təşkil edən bütün cinayətlər eyni şəxs tərəfindən törədilməlidir və təqsirləndirilən şəxsin cinayətlərdə hansı rolu (icraçı, təşkilatçı, əlbir və ya təhrikçi) yerinə yetirməsi heç bir məna kəsb etmir.

Əgər şəxs törətdiyi əmələ görə cinayət məsuliyyətindən azad olunubsa və ya törətdiyi hərəkətlərə görə məhkumluğu ödənilibsə, habelə cinayət məsuliyyətinə cəlb olunma müddəti başa çatıbsa, çoxluğun müəyyən edilməsi zamanı bu əməllər nəzərə alınmır.

Cinayətlərin çoxluğu cinayət məsuliyyətini ağırlaşdıran hal kimi səciyyələndirilir. Cinayətin şəxs tərəfindən ardıcıl olaraq törədilməsi ona cinayət törətmə təcrübəsi əldə etməyə imkan verir, onun sonrakı cinayət fəaliyyətini daha təhlükəli edir.

Belə müddəalar digər ölkələrin, o cümlədən Almaniya, İspaniya, Fransa cinayət qanunvericiliklərində də mövcuddur.

Beləliklə, cinayətlərin çoxluğu dedikdə, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə səbəb olan ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin törədilməsi halları başa düşülür.

Cinayət qanunvericiliyində cinayətlərin çoxluğu termininin adı çəkilməsə də, CM-in 16, 17 və 18-ci maddələrində cinayətlərin çoxluğuna aid olan cinayətlərin təkrar törədilməsi, cinayətlərin məcmusu, cinayətlərin residivi və onun növləri ilə bağlı olan məsələlər tənzimlənir.

Təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və CM-də dar mənada istifadə olunur.

Cinayətlərin təkrar törədilməsinin özünəməxsus əlamətlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir.

Əvvəlki cinayət qanunvericiliyindən fərqli olaraq, cinayətlərin təkrar törədilməsi CM-in Ümumi hissəsində müstəqil normada nəzərdə tutulmuşdur. Əvvəlki CM-də cinayətlərin təkrar törədilməsi Məcəllənin Xüsusi hissəsinin normalarında cinayət tərkibinin əlaməti kimi və ağırlaşdırıcı halları nəzərdə tutan zəruri tərkib əlaməti kimi müəyyən edilmişdi. Hazırda qüvvədə olan CM-in 16-cı maddəsində ümumi təkrarlıq anlayışından imtina edilmiş, xüsusi təkrarlığın isə iki müstəqil növü müəyyən olunmuşdur:

- Məcəllənin eyni maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki və ya iki dəfədən çox törədilməsi (CM-in 16.1-ci maddəsi);

- Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda, Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi (CM-in 16.2-ci maddəsi).

Maddənin mahiyyətindən göründüyü kimi, təkrar cinayətlər eyni və həmcins cinayətlərə bölünür.

CM-in eyni tərkib əlamətlərinə malik olan cinayətlərin təkrar törədilməsi eyni cinayətlər hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir).

Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (CM-in 177-185-ci maddələri).

CM-in 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq:

- həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı;

- cinayətləri təkrar törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmadığı halda;
- şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı;

- eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır.

Cinayətlərin çoxluğunun digər forması cinayətlərin məcmusudur.

CM-in 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır.

Göstərilən maddənin mahiyyətindən belə nəticəyə gəlmək olar ki, cinayətlərin məcmusu aşağıdakı əlamətlərlə səciyyələnir:

- şəxsin iki və ya daha artıq cinayət törətməsi;

- ona daxil olan cinayətlərin hər birində müstəqil cinayət tərkibi əlamətlərinin mövcudluğu;

- cinayətlərin məhkumluğu olmayan şəxs tərəfindən törədilməsi;

- yalnız müxtəlif cinsli cinayətlərin törədilməsi;

- cinayətlərin müxtəlif vaxtlarda və ya eyni vaxtda törədilib-törədilməməsindən asılı olmayaraq yaranması.

Cinayətlərin məcmusu təkrar cinayətlərdən onunla fərqlənir ki, cinayətlərin təkrar törədilməsi Məcəllənin eyni və ya oxşar maddələri ilə nəzərdə tutulan cinayətin iki və ya iki dəfədən çox törədilməsi ilə əlaqədar yarandığı halda, cinayətlərin məcmusu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə yaranmış olur.

Keçmiş cinayət qanunvericiliyindən fərqli olaraq, qüvvədə olan CM ilk dəfə olaraq cinayətlərin çoxluğu kimi cinayətlərin residivinin anlayışını və növlərini tənzimləyir.

CM-in 18-ci maddəsinə əsasən, şəxsin əməlində residivin mövcud olması üçün iki şərt tələb olunur:

- şəxsin əvvəllər qəsdən cinayət törətməyə görə məhkumluğunun olması;

- şəxsin qəsdən cinayət törətməsi.

Bununla yanaşı, cinayətlərin residivi özünəməxsus xüsusiyyətlərə malikdir:

- residivi təşkil edən cinayətlərin ardıcıl olaraq törədilməsi;

- əvvəllər törədilmiş cinayətə görə qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ya ödənilməmiş məhkumluğun olması (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli Qərarı);

- əvvəllər törədilmiş cinayətə görə məhkəmə tərəfindən təyin edilmiş cəzanın tam və yaxud qismən çəkilməsi.

Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, cinayətlərin residivini cinayətlərin çoxluğunun digər formalarından, xüsusilə də təkrarlıqdan fərqləndirən xüsusiyyətlər mövcuddur. Bunlar aşağıdakılardır:

- şəxsin əvvəllər törədilmiş cinayətə görə qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması;

- şəxs tərəfindən qəsdən yeni cinayətin törədilməsi.

Bu fərqləndirmə müraciətdə göstərilən məsələnin həll edilməsində əsas rol oynayır.

CM-in 18-ci maddəsində residivin 3 növü müəyyən olunmuşdur: sadə, təhlükəli və xüsusilə təhlükəli. Bu maddənin mənasına və mahiyyətinə görə residiv aşağıdakı əsaslara görə təsnifləşdirilmişdir:

- şəxs tərəfindən törədilmiş cinayətlərin xarakterinə;

- şəxsin məhkumluqlarına;

- qəsdən törədilən cinayətlərin ağırlıq dərəcəsinə görə.

Məhkumluğun və törədilən cinayətlərin ağırlıq dərəcəsinə görə residiv sadə və mürəkkəb residivə bölünür. Bu barədə CM-in 18-ci maddəsində ətraflı açıqlama verilmişdir.
Cinayətlərin xarakteri baxımından residiv ümumi və xüsusi residivə bölünür.
Eyni obyektlərə yönəlməyən və müxtəlif təqsir formalarına malik cinayətlər ümumi növ cinayətlərin residivi hesab edilir.

Tərkibinə eyni və ya həmcins cinayətlərin daxil olduğu cinayətlər isə xüsusi növ cinayətlərin residivi hesab edilir. Qeyd edildiyi kimi, eyni cinayətlər eyni tərkib əlamətlərinə malik olan, həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan qəsdən törədilən cinayətlərdir.

Konstitusiya Məhkəməsinin Plenumu diqqəti ona cəlb edir ki, qanunverici qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsini birmənalı olaraq cinayətin residivi kimi qeyd edir. Qəsdən cinayət törətməyə görə əvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi də məhz cinayətin residivi kimi qəbul edilir və bu halda onun əməli cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Qeyd edildiyi kimi, CM-in 16-cı maddəsinin mənasına və mahiyyətinə görə, bu maddədə nəzərdə tutulmuş cinayətlər o zaman təkrar törədilmiş hesab olunur ki, şəxs həmin cinayətlərin heç birinə görə məhkum olunmamış olsun.

Belə nəticə cinayət qanununun tələblərindən, eləcə də Konstitusiya Məhkəməsi tərəfindən formalaşdırılmış hüquqi mövqelərdən irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72, 73 və 74-cü maddələrində nəzərdə tutulmuş “ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs” anlayışının şərh edilməsinə dair” 25 dekabr 2009-cu il tarixli Qərarında CM-in 16-cı maddəsinin mahiyyətini açıqlayaraq qeyd etmişdir ki, əvvəllər bir və ya bir neçə cinayət törətməsinə dair güclü əsaslı şübhələr olduqda və bu şübhələr nəticəsində həmin şəxsə qarşı ittiham irəli sürüldükdə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan şəxsin əvvəllər cinayət törətmiş şəxs qismində cinayət təqibinə məruz qalması mümkündür. Bu, təqsirsizlik prezumpsiyası ilə ziddiyyət təşkil etmir. Şəxsin cinayətin törədilməsində təqsirli olub-olmaması məsələsi isə işin mahiyyəti üzrə qəbul edilən məhkəmə hökmü ilə həll olunur.

Həmin Qərarda daha sonra göstərilmişdir ki, ibtidai araşdırmanın gedişində bir neçə cinayət əməlinin törədilməsinə dair güclü əsaslı şübhələrin müəyyən edilməsinə baxmayaraq, təqsirsizlik prezumpsiyasına əsaslanmaqla bu cinayətlərdən heç olmasa biri üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmünün çıxarılmamasına istinadən əməlin ilk dəfə törədilmiş hesab olunması, cinayətlərin təkrar törədilməsinin və ya cinayətlərin məcmusunun yaranmasının obyektiv həqiqət kimi inkarına gətirib çıxara bilər.

Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında CM-in 16-cı maddəsində nəzərdə tutulmuş təkrarlıq qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması ilə əlaqələndirilmir.

CM-in 16-cı maddəsindən fərqli olaraq bu Məcəllənin 18-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkumluğu götürülməmiş və ya ödənilməmiş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi residiv hesab olunur.

Onu da qeyd etmək lazımdır ki, cinayətlərin residivi müəyyən edildikdə, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, CM-in 61.1.1-ci maddəsinə əsasən o, cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır.

Beləliklə, cinayətlərin residivi müəyyən edildikdə, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, CM-in 61.1.1-ci maddəsinə əsasən o cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə CM-in 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır.

Əvvəlki cinayətə görə cəzanı çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər.

Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətlər yaradır və buna görə onun barəsində daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25 may 2009-cu il tarixli Qərarı).

Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki:

- Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz.

- Cinayətlərin residivi müəyyən edildikdə, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz.

2. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr                                                                    Fərhad Abdullayev