Qərarlar

05.10.12 Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki kollegiyasının 06/10/11-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLIKASI

KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN

Q Ə R A R I

Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

05 oktyabr  2012-ci il                                                                                                      Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Fikrət Babayev, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi İsmayıl İsmayılovun,

ərizəçilər Əfruz Əfəndiyevanın və onun nümayəndələri Faiq Əliyev və Vüsal Kazımzadənin, Natavan Kərimovanın və onun nümayəndəsi Muxtar Mustafayevin,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının şöbə müdiri Elxan Kazımovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında Ə.Əfəndiyevanın və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçilərin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Yasamal rayon məhkəməsinin 06 dekabr 2010-cu il tarixli qətnaməsi ilə iddiaçı Solmaz Ağayevanın cavabdeh və üçüncü şəxs qismində cəlb edilmiş Əfruz Əfəndiyevaya, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə (bundan sonra – Xidmətin Bakı Ərazi İdarəsi) qarşı Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi, 96 saylı evin Sürayə Baqiyevanın adından açıq qalan 3/6 hissəsinə vərəsəlik və mülkiyyət hüququnun tanınması, vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddia tələbləri qismən təmin edilmiş, Ə.Əfəndiyevanın və Rəşid Baqiyevin qanun üzrə vərəsələri – Natavan Kərimovanın və Lalə Baqiyevanın S.Ağayevaya və digərlərinə qarşı vərəsəlik və mülkiyyət hüququnun tanınmasına dair qarşılıqlı iddia tələbləri isə rədd edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra -  Bakı Apellyasiya Məhkəməsinin MK) 26 may 2011-ci il tarixli qətnaməsi ilə Ə.Əfəndiyevanın, N.Kərimovanın və L.Baqiyevanın apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra -  Ali Məhkəmənin MK) 06 oktyabr 2011-ci il tarixli qərarı ilə Ə.Əfəndiyeva və N. Kərimova tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin MK-nın qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 dekabr 2011-ci il tarixli qərardadı ilə Ə.Əfəndiyevanın əlavə kassasiya şikayətinin Ali Məhkəmənin Plenumuna çıxarılmasından imtina edilmişdir.

Ərizəçilər Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra - Konstitusiya Məhkəməsi) şikayət verərək Ali Məhkəmənin MK-nın qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra -Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişlər.

Şikayət onunla əsaslandırılmışdır ki, Ali Məhkəmənin MK-nın qərarında 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – əvvəlki MM) tətbiq edilmiş bəzi normaları düzgün şərh edilməmiş, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tətbiq edilməli olan bir sıra normaları tətbiq edilməmişdir.  

Ərizəçilər hesab edirlər ki, məhkəmələr tərəfindən onların Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş mülkiyyət hüququ, habelə hüquq və azadlıqların məhkəmə müdafiəsi təminatı pozulmuşdur.

Şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.

Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriya 121346 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Bəşir Səfəroğlu (keçmiş Şors) küçəsi, 96 nömrəli ev S.Baqiyevanın mülkiyyətində olmuşdur. S.Baqiyeva ilə Ağa Rəşid Baqiyevin rəsmi nikahından Nərgiz, Sona, Bədəl, Baqi, Əfruz və Solmaz adlı altı uşaqları olmuşdur. A.Baqiyev 29 iyun 1960-cı ildə, S.Baqiyeva isə 30 iyun 1993-cü ildə vəfat etmişlər.

Bakı şəhər 5 saylı Dövlət Notariat Kontorunda 30 dekabr 1997-ci il tarixində 2V-442 nömrə ilə reyestrdə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə S.Baqiyevanın ölümündən sonra Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi, 96 saylı evin S.Ağayevanın, Ə.Əfəndiyevanın və N.Baqiyevanın vərəsəsi olan Rüfət Sultanovun hər birinin 1/6 hissəyə vərəsəlik hüquqları tanınmışdır. Evin 3/6 hissə payı isə S.Baqiyevanın adına saxlanılmışdır.

Mübahisəli evin 1/6 hissəsi S.Ağayevanın, 1/6 hissəsi Ə.Əfəndiyevanın, 1/6 hissəsi R.Sultanovun və 3/6 hissəsi S.Baqiyevanın adlarına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövtət reyestrində qeydiyyata alınmışdır.

Bundan sonra S.Ağayevanın Xidmətin Bakı Ərazi İdarəsinə qarşı miras qoyan S.Baqiyevaya məxsus mübahisəli evin 3/6 hissəsinə vərəsəlik və mülkiyyət hüquqlarının tanınmasına dair iddia ərizəsi üzrə mülki işə müvafiq məhkəmə instansiyalarında baxılmış və yuxarıda göstərilən qərarlar qəbul edilmişdir.

Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur.

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinin I, II və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarlar).

    Əvvəlki MM mirası əldə etməyi vərəsənin onu qəbul etməsi ilə şərtləndirirdi. Vərəsə o halda mirası qəbul etmiş sayılırdı ki, o, miras əmlakını faktiki surətdə idarə etməyə başlasın və ya mirasa yiyələnsin, yaxud vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə versin. Məcəllə bu hərəkətlərin vərəsəlik açılan gündən altı ay müddətində edilməsini nəzərdə tuturdu (552-ci maddə). Məcəllənin 553-cü maddəsinə müvafiq olaraq isə mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilərdi. Mirası qəbul etmiş bütün vərəsələrin razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilərdi.

Burada nəzərə alınmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin III hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlət daxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir. (Avropa Məhkəməsinin Kuşoglu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərarı).

Məsələyə bu baxımdan yanaşaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında” 1979-cu il tarixli, 5 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, MM-in 552-ci maddəsinə əsasən miras əmlakın bir hissəsini qəbul etmiş vərəsə, mirasın qalan hissəsinin harada yerləşməsindən asılı olmayaraq, ona bütövlükdə və yaxud həmin mirasdan ona düşən payı qəbul etmiş hesab olunur.

Göstərilənlərlə əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yuxarıda qeyd olunan maddələrin müddəaları tətbiq edilərkən Konstitusiyanın 29-cu maddəsinin V hissəsində vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir.

Burada nəzərə alınmalıdır ki, bu öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin faktiki qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir.

Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir.

Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında müəyyən edilmişdir ki, mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasında proporsionallıq prinsipinin tələblərinə uyğun olaraq fərdin üzərinə qanunun məqsədlərindən kənar olan artıq yük düşməməlidir (§ 71). Məhkəmənin digər iş üzrə qəbul edilmiş qərarında göstərilmişdir ki, mülkiyyət hüququna müdaxilə fərdlə ictimai maraqlar arasında “ədalətli balans” əsasında olmalıdır (Depalle Fransaya qarşı iş üzrə 29 mart 2010-cu il tarixli qərar, § 83).

Lakin məhkəmələr tərəfindən iş üzrə tətbiq edilmiş maddələr göstərilən prinsiplərə (sosial ədalətlilik və mütənasiblik) uyğun şərh edilməyərək, Ə.Əfəndiyevanın miras əmlakın bir hissəsini faktiki olaraq 1997-ci ildən notariat kontoruna ərizə verməklə qəbul etməsi və həmin əmlakın onun mülkiyyətinə keçirilməsi miras qoyan S.Baqiyevadan vərəsələrə miras qalmış və harada yerləşməsindən və nədə ifadə edilməsindən asılı olmayaraq bütün miras əmlakın qəbul edilməsi kimi qiymətləndirilməmişdir. Belə yanaşma isə Ə.Əfəndiyevanın Konstitusiyanın 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir.

Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarı).

Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur.

Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri).

Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı)

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, miras əmlaka qanunla müəyyən olunmuş qaydada mülkiyyət hüququnu əldə etmiş və onu dövlət qeydiyyatından keçirmiş şəxslərin belə hüququ ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsini daşıyırlar.

Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmiş mülki işin hallarından görünür ki, birinci instansiya məhkəməsi məhz S.Ağayevanın mübahisəli evdə daimi yaşamasını əsas gətirməklə, bu halı onun miras əmlakı faktiki qəbul etməsi kimi qiymətləndirmişdir. 

Bununla əlaqədar Ə.Əfəndiyevanın və N.Kərimovanın S.Ağayevanın miras əmlakının bir hissəsinə vərəsəlik hüququnu əldə etdikdən sonra həmin evdə   yaşamaması barədə birinci instansiya məhkəməsində irəli sürülən dəlillərinə və müvafiq sənədlərə sübütların qiymətləndirilməsi ilə bağlı məhkəmənin üzərinə düşən vəzifələr yerinə yetirilmədən 06 dekabr 2010-cu il tarixli qətnamə чыхарылмышдыр.

Ərizəçilər tərəfindən apellyasiya şikayətində təkrarlanan bu dəlillərə isə apellyasiya instansiyası məhkəməsi S.Ağayevanın miras əmlakını faktiki qəbul etməsini mübahisəli evdə yaşaması ilə deyil, həmin evin digər şəxslərə icarəyə verilməsi ilə əlaqələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi bu halı birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı dindirilmiş şahidlərin ifadələri əsasında müəyyən etmişdir.

 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə,  işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM-in 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə  apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan  istifadə edir. Məcəllənin 385.1.1-ci maddəsində maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.

Belə ki, MPM-in 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

    Lakin hazırkı işə səlahiyyəti çərçivəsində baxmış apellyasiya instansiyası məhkəməsi S.Ağayeva tərəfindən miras əmlakın faktiki idarə olunmasının yalnız icarə müqaviləsi əsasında müəyyən edilməsinə diqqət yetirməmiş və MPM-in 76.1 və 81-ci maddələrinin tələbləri ilə uzlaşmayan qətnamə qəbul etmişdir.

Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən MPM-in 416-cı maddəsinə əsasən bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Кassasiya instansiyası məhkəməsi işə baxarkən, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (MPM-in 417.1.3 və 418.1-ci maddələri).

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 416, 417.1.3, 418.1-ci maddələrinin tələblərinə əməl olunmamışdır.

Belə ki, Ə.Əfəndiyevanın və N.Kərimovanın kassasiya şikayəti əsasında mülki işə baxmış kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün şərh olunmamasına və prosessual hüquq normalarının tətbiq edilməməsinə lazımi diqqət yetirməmiş, nəticədə MPM-in 416, 417.1.3 və 418.1-ci maddələrinin tələblərinə cavab verməyən 06 oktyabr 2011-ci il tarixli qərar qəbul etmişdir. Bu isə öz növbəsində Ə.Əfəndiyevanın Konstitusiyanın 29-cu maddəsində və 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş mülkiyyət və məhkəmə müdafiəsi hüquqlarının, N.Kərimovanın isə Konstitusiyanın 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi hüququnun pozulmasına gətirib çıxarmışdır.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin MK-nın 06 oktyabr 2011-ci il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinin V hissəsinə və 60-cı maddəsinin I hissəsinə, MPM-in 416, 417.1.3, 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Solmaz Ağayevanın cavabdeh və üçüncü şəxs qismində cəlb edilmiş Əfruz Əfəndiyevaya, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.  

Sədr                                                                                Fərhad Abdullayev