Qərarlar

04.09.12 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair

AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN

AZƏRBAYCAN RESPUBLIKASI

KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN

Q Ə R A R I

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair

4 sentyabr  2012-ci il                                                                                                     Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Fikrət Babayev, Ceyhun Qaracayev (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi İsmayıl İsmayılovun,

maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin baş məsləhətçisi Rövşən Süleymanovun, Xəzər rayon məhkəməsinin hakimi Ceyhun Qədimovun,

ekspertlər Bakı Dövlət Universitetinin Mülki hüquq kafedrasının baş müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru Sərvər Süleymanlı və həmin kafedranın dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru Azad Talıbovun,

mütəxəssislər “Beyker və Makenzi” Hüquq firmasının hüquqşünası Natiq Məmmədovun, “Paşa Bank” Açıq Səhmdar Cəmiyyətinin Hüquq departamentinin direktoru Şirin Əliyevanın iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertlərin rəylərini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Bakı şəhəri Xəzər rayon məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) ünvanladığı müraciətdə göstərmişdir ki, icraatında olan mülki iş üzrə T.Hacıyev V.Şükürova qarşı iddia qaldıraraq “Unibank” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “Unibank” ASC) və “DNS Kompüterləri” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “DNS Kompüterləri” MMC) arasında 04 aprel 2011-ci ildə bağlanmış “Kreditləşmə üzrə əməkdaşlıq şərtləri haqqında” müqaviləyə əsasən hesabından silinmiş 1618 manatın cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Məhkəmənin iş üzrə müəyyən etdiyi hallardan göründüyü kimi, qeyd edilən müqavilə “Unibank” ASC-nin, “DNS Kompüterləri” MMC-nin səlahiyyətli nümayəndələri və T.Hacıyev tərəfindən imzalanmışdır. Müqaviləyə əsasən “Unibank”  ASC “DNS Kompüterləri” MMC-nin mallarının satışını kreditləşdirməyi, T.Hacıyev isə “Unibank” ASC tərəfindən alıcılara veriləcək krediti faizləri ilə birlikdə qaytaracağına zəmanət verərək, onların banka olan borclarının tam həcmdə ödənilməsi öhdəliyini üzərinə götürmüşdür.

26 aprel 2011-ci il tarixində “Unibank” ASC ilə V.Şükürov arasında “Dell İnspirow” markalı kompüter alınması məqsədilə illik faiz dərəcəsi 26 faiz olmaqla 12 ay müddətinə qaytarılması şərti ilə 1498 manat məbləğində kredit müqaviləsi bağlanmışdır.  Müqavilənin 1.2-ci bəndinə görə bu müqavilə üzrə “müştəriyə” kredit  “Unibank” ASC ilə “DNS Kompüterləri” MMC və T.Hacıyev arasında bağlanmış 04 aprel 2011-ci il tarixli “Kreditləşmə üzrə əməkdaşlıq şərtləri haqqında” müqavilə əsasında verilmişdir.

V.Şükürov kreditorun qarşısında üzərinə götürdüyü kredit öhdəliyini yerinə yetirmədiyindən bank cavabdehin borclu olduğu 1618 manat məbləğində pulu T.Hacıyevin hesabından silərək V.Şükürova qarşı tələb hüququnu iddiaçıya keçirmişdir.

Xəzər rayon məhkəməsi T.Hacıyevin zaminlik münasibətlərindən, o cümlədən öhdəliyi icra etmiş zaminin hüquqlarını tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 475-ci maddəsindən irəli gələn subyektiv hüquqa malik olub-olmaması məsələsini araşdırarkən zaminlik müqaviləsinin hüquqi əsaslarını müəyyən edən həmin Məcəllənin 470.1, 470.2 və 471-ci maddələrinin müddəalarına aydınlıq gətirilməsinə ehtiyac olması qənaətinə gəlmiş və həmin maddələrin Azərbaycan Respublikası Konstitusiyası (bundan sonra – Konstitusiya)  baxımından şərh olunmasını Konstitusiya Məhkəməsindən xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı mülki hüquq müqavilələrinin növlərini müəyyən edən, habelə zaminlik müqaviləsinin hüquqi təbiətini açıqlayan MM-in bir sıra müddəalarına diqqət yetirilməsini zəruri hesab edir.

Əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi ilk növbədə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan, tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (MM-in 425.1 və 425.2-ci maddələri)

Mülki dövriyyənin müdafiəsi məqsədilə qanunverici tərəfindən dispozitiv xarakter daşıyan MM-in 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Sadalanan eyni hüquqi təyinatlı üsullar əsas müqavilələrdən irəli gəlir, mahiyyət və tətbiqi qaydalarına görə isə fərqlənirlər.

Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik MM-in 470-477-ci maddələri ilə tənzimlənir. MM-in 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 

Zaminlik ilə yalnız pul məbləğinin ödənilməsi öhdəliyi deyil, həmçinin malın verilməsi, işin yerinə yetirilməsi, xidmətin göstərilməsi, borclu tərəfindən müəyyən hərəkətləri etməmək öhdəliyi təmin edilə bilər.

Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir.

Zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birtərəfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfindən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır. Zaminlik - əvəzsiz müqavilədir və zaminin əsas borclunun öhdəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməsi müqabilində kreditor zamin qarşısında heç bir öhdəlik daşımır.

Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. (MM-in 471-ci maddəsi)

Qanunvericilikdə zaminlik müqaviləsinin yazılı formada bağlanması tələbinin nəzərdə tutulması ilə birtərəfli qaydada öhdəlik yaradan zaminlik müqaviləsinin zamin tərəfindən dərk edilmədən bağlanmasının qarşısı alınır və bununla da ilk növbədə zaminin maraqları qorunur.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir:

hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə);

əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş;

Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır.

Kreditor qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası vardır. Belə ki, zaminlik müqaviləsinin bağlanması nə zaminin, nə də kreditorun hüquq və öhdəliklərinin yaranmasına səbəb olmur. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır.

Beləliklə, zaminlik müqaviləsinin bağlanması ilə həmin öhdəlik yaranmadığından, zamin bu hüquqi faktın (yəni borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə) yaranmasına qədər  öhdəliyin icra edilməsinə yönəlmiş hər hansı hərəkət edə bilməz.

Zaminlik münasibətlərində üç tərəf iştirak edir: əsas öhdəlik üzrə borclu, onun kreditoru və üçüncü şəxs olan zamin. Onların bir hüquqi münasibətlə bağlı olması zaminlik müqaviləsinin yaranma səbəbinə və yerinə yetirdiyi funksiyaya əsaslanır. Bu səbəbdən, normativ qaydada borclunun razılığı tələb olunmasa da,  zaminlik müqaviləsi borclu xəbərdar edilməklə bağlanmalı və ya artıq mövcud olan zaminlik müqaviləsi barədə borclu məlumatlandırılmalıdır. Bununla yanaşı, kreditorla zamin arasında zaminlik müqaviləsinin gələcəkdə borcluya qarşı tələb irəli sürmək hüququnun zaminə keçmək məqsədilə bağlanması və bununla da borclunun hüquqi vəziyyətinin əhəmiyyətli dərəcədə ağırlaşdırılması ilə nəticələnən hərəkətlər belə müqavilənin etibarsızlığına səbəb ola bilər.

Mülki qanunvericilikdə kreditorun tələbinin icra edilməsi zamanı zaminin və borclunun bir-birinə qarşılıqlı məlumat verməsi nəzərdə tutulmuşdur. Belə ki, MM-in 476-cı maddəsinə əsasən, zaminliklə təmin edilən öhdəliyi icra etmiş borclu bu barədə dərhal zaminə məlumat verməlidir. Əks təqdirdə, yəni əsas borclu kreditorun ona qarşı irəli sürdüyü tələbi ödəyib bu barədə subsidiar məsuliyyət daşıyan şəxsi xəbərdar etmədikdə, zamin tərəfindən isə öhdəlik yerinə yetirildikdə məsuliyyət əsas boclunun üzərinə düşür. Öz növbəsində, həmin Məcəllənin 474.2-ci maddəsinə uyğun olaraq, zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur.

MM-in 470.2-ci maddəsində zaminlik müqaviləsinin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Bu zaman nəzərə almaq lazımdır ki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər.

 Zaminlik müqaviləsi ilə mövcud olan və gələcəkdə yaranacaq öhdəliyin təminatına dair həmçinin qeyd edilməlidir ki, MM-in 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, yəni borclunun kreditor qarşısında olan öhdəliyi müqavilə ilə müəyyən edilməlidir.

Beləliklə, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur.

Eyni zamanda, zaminlik müqaviləsinin aksessor xarakterli olduğunu və mövcud olmayan öhdəliyin icra edilməsinin mümkün olmamasını nəzərə alaraq, gələcəkdə yaranacaq öhdəliyi təmin edən zaminlik müqaviləsinin tərəflərinin qarşılıqlı hüquq və vəzifələri belə müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Borclu tərəfindən zaminliklə təmin olunmuş öhdəliyin pozulmasına dair kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərilən hallarda irəli sürülə bilər.

Bununla yanaşı, zaminlik müqaviləsi ilə təxirəsalıcı və ya ləğvedici şərtlə bağlanmış müqavilələrdən irəli gələn öhdəliklər də təmin edilə bilər və zaminlik müqaviləsi özü də müəyyən şərtlə bağlana bilər. MM-in 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır.

Zaminlik müqaviləsinin qüvvəyə minməsini şərtləndirən təxirəsalıcı şərtlərə (MM-in 328.6-cı maddəsi) kreditor tərəfindən borclu və ya üçüncü şəxslərlə təminatverici müqavilələrin bağlanması (məsələn ipoteka müqaviləsi) və s. aid edilə bilər. Ləğvedici şərt kimi (MM-in 328.7-ci maddəsi) kreditor və borclu arasında bağlanmış digər təminedici müqavilələrə xitam verilməsi və ya etibarsız və yaxud bağlanmamış hesab edilməsi zaminlik müqaviləsində nəzərdə tutula bilər.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, gələcəkdə yaranacaq öhdəliyin icrası üzrə bağlanmış zaminlik müqaviləsi ilkin müqavilədən aşağıdakı xüsusiyyətlərinə görə fərqləndirilməlidir:

ilkin müqavilədə əsas müqavilənin predmetini, digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Əsas müqavilənin bağlanması tarixi ilkin müqavilə ilə müəyyən edilir. Belə tarix ilkin müqavilədə göstərilmədiyi təqdirdə, müqavilə ilkin müqavilənin bağlandığı gündən bir il müddətində bağlanmalıdır;

zaminlik müqaviləsi isə müvafiq şərtlərlə müəyyən edilmiş formada əsas öhdəliyə dair razılığın əldə edildiyi andan qüvvəyə minir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirildikdə zaminliyə müqavilənin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir;

ilkin müqavilənin tərəflərindən hər biri öhdəliklərin yerinə yetirilməməsi nəticəsində əmələ gələn ziyanın ödənilməsi şərti ilə əsas müqavilənin imzalanmasından imtina edə bilər. Zaminlik müqaviləsinin tərəfləri əsas müqavilə ilə nəzərdə tutulan hərəkətləri etməkdən boyun qaçıra bilərlər və belə halda mənfi deyil, müsbət maraqları odəyirlər, öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar.

Qeyd olunduğu kimi, borclu öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi hallarda borclu və zamin kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

Belə ki, MM-in 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Subsidiar məsuliyyət nəzərdə tutulduqda kreditor tələbi ilkin olaraq əsas borcluya qarşı sürməlidir. Əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər (MM-in 453-cü maddəsi).

Borclunun öhdəliyi bir neçə zamin tərəfindən də təmin edilə bilər:

bir neçə şəxs tərəfindən müxtəlif zaminlik müqavilələri əsasında verilən zaminlik;

bir müqavilə əsasında zamin qismində bir neçə şəxs tərəfindən verilən zaminlik (zaminlik bir neçə şəxs tərəfindən birgə verilir) ;

Birinci halda kreditor müvafiq tələbi istənilən zaminə qarşı irəli sürə bilər. Belə olan halda zaminlər arasında hər hansı hüquqi münasibətlər yaranmır. İkinci halda, yuxarıda qeyd edildiyi kimi, əgər zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zaminlər kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, bir zaminlik müqaviləsi çərçivəsində zamin və ya birgə zaminlər tərəfindən yalnız mövcud konkret öhdəliyin və ya gələcəkdə yaranması ehtimal olunan konkret öhdəliyin təmin edilməsi mümkündür.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki:

- MM-in 470 və 471-ci maddələrinə əsasən zaminlik müqaviləsinin bağlanması üçün borclunun razılığı tələb olunmur. Bununla belə, borclu zaminlik müqaviləsinin olması barədə məlumatlandırılmalıdır.

- MM-in 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər.

Bu maddənin mənasına görə, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılımış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir.  

- Gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik müqaviləsi üzrə öhdəlik həmin müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir.

Bu halda kreditor zaminə qarşı olan tələblərini yalnız MM-in 472.1-ci maddəsinə müvafiq olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə irəli sürə bilər.

Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470 və 471-ci maddələrinə əsasən zaminlik müqaviləsinin bağlanması üçün borclunun razılığı tələb olunmur. Bununla belə, borclu zaminlik müqaviləsinin olması barədə məlumatlandırılmalıdır.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər.

Bu maddənin mənasına görə, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir.  

3. Gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik müqaviləsi üzrə öhdəlik həmin müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Bu halda kreditor zaminə qarşı olan tələblərini yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə müvafiq olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə irəli sürə bilər.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5. Qərar  “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski  raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.  

Sədr                                                                                            Fərhad Abdullayev