AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLIKASI
KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN
Q Ə R A R I
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 107.4-cü
maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının
60-cı maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair
31 may 2012-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Fikrət Babayev (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi İsmayıl İsmayılovun,
sorğuverən orqanın nümayəndəsi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Elmi-Analitik sektorunun müdiri Mahir Məmmədovun,
cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Fuad Məmmədovun,
ekspert Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru Rauf Rüstəmovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 27 yanvar 2012-ci il tarixli sorğusu əsasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 107.4-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsinə, 26-cı maddəsinə, 47-ci maddəsinin I və II hissələrinə, 60-cı maddəsinin I hissəsinə, 71-ci maddəsinin I, II və IX hissələrinə, 79-cu maddəsinə, 125-ci maddəsinin VII hissəsinə, 127-ci maddəsinin II və VIII hissələrinə və 149-cu maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim F.Babayevin məruzəsini, sorğuverən və cavabverən orqanların nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu verərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 107.4-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına (bundan sonra – Konstitusiya) uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
CPM-in 107.4-cü maddəsinə əsasən hakimə (məhkəmə tərkibinə) və ya andlı iclasçıya etiraz məhkəmə baxışını ləngitmək məqsədilə edilmişsə, yaxud etirazın dəlilləri uydurma olarsa (həqiqətə uyğun deyildirsə), etiraz etmiş şəxs məhkəmənin qərarına əsasən iki yüz iyirmi manat cərimə edilə bilər.
Sorğuverənin fikrincə, CPM-in 107.4-cü maddəsinin “iki yüz iyirmi manat cərimə” müddəası Konstitusiyanın bəzi maddələrinin müddəaları ilə ziddiyyət təşkil edir və cinayət mühakimə icraatında iştirak edən şəxslərin cinayət-prosessual qanunvericiliyi ilə müəyyən olunan etiraz etmək hüququnu əsassız olaraq məhdudlaşdırır.
Sorğuverənin qənaətinə görə, cinayət-prosessual qanunvericiliyinə əsasən məhkəmə prosesinin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxsə məhkəməyə etiraz etmək hüququ verilir. CPM-in 107.3.3-cü maddəsinə əsasən hakimə, yaxud andlı iclasçıya tam olaraq etiraz yalnız məhkəmə istintaqı başlananadək edilə bilər. Həmin maddəyə görə hakimə və ya andlı iclasçıya məhkəmə istintaqı başlandıqdan sonra isə yalnız cinayət prosesinin etiraz edən hər hansı iştirakçısı müvafiq şəxsin prosesdə iştirakını istisna edən halların bilavasitə etiraz etməkdən əvvəl ona məlum olduğunu sübut etdikdə verilə bilər. Belə olan halda isə məhkəmə baxışını ləngitmək məqsədilə etiraz etmək praktiki olaraq mümkün deyil.
Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələyə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir.
Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin müraciətlərə, vəsatətlərə, etirazlara baxmaq və onlara dair ədalətli, qərəzsiz və əsaslandırılmış qərar qəbul etmək vəzifəsini müəyyən edir.
Ədalətli məhkəmə araşdırması hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada (bundan sonra – Konvensiya) öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Xüsusilə vurğulanmalıdır ki, Konvensiya ədalətli məhkəmə araşdırmasının təminatlarının iki əsas qrupunu nəzərdə tutur:
- orqanik təminatlar – bu təminatlar məhkəmə araşdırmasını mümkün (əlçatan) etməyə yönəlmişdir. Bu məqsədlə dövlət hakimiyyəti orqanlarının üzərinə bir sıra vəzifələr qoyulur: məhkəmənin qanun əsasında yaradılması; qərəzsizlik; işlərin icraatının açıq aparılması;
- funksional təminatlar – bərabərlik prinsipinin təmin olunmasına yönəlmişdir. Bərabərlik prosesin bütün mərhələlərində gözlənilməlidir.
Cinayət mühakimə icraatının qarşısında duran vəzifələrin səmərəli şəkildə həll edilməsinin zəruri şərtlərindən biri cinayət prosesində icrası məcburi olan qərarlar qəbul etmək səlahiyyəti olan şəxslərin obyektivliyi və qərəzsizliyidir. Cinayət mühakimə icraatında iştirak edən şəxslərin cinayət prosesində obyektivliyinin və qərəzsizliyinin təmin edilməsinin mühüm vasitələrindən biri cinayət prosesində etirazlar institutunun mövcudluğudur. Cinayət prosesində hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi obyektiv və qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır və cinayət prosesi iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırmış olur.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Lindon, Otchakovsky-Laurens və July Fransaya qarşı iş üzrə 22 oktyabr 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmənin qərəzsizliyi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin mənasına görə məhkəmədə qabaqcadan formalaşmış yanlış fikirlərin və qabaqcadan hasil olan qənaətlərin olmamasını ehtiva edir. Məhkəmənin qərəzsiz olmasının müəyyən edilməsinin iki metodu mövcuddur: 1) konkret hakimin işə dair şəxsi fikrinin və ya marağının müəyyən edilməsi cəhdi; 2) hakimin bu məsələyə dair hər hansı qanuni şübhələri istisna etməyə imkan verən zəmanətləri təmin edə bilib-bilməməsinin müəyyən edilməsi.
Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, cinayət prosesində hakimin qərəzsizliyi işin tam, obyektiv və hərtərəfli araşdırılmasına, ədalətli qərar qəbul olunmasına, eləcə də ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə xidmət edir. Cinayət-prosessual qanunvericiliyində əksini tapan hakimə etiraz institutu isə hakimin qərəzsizliyini təmin edən vasitələrdən biridir.
CPM-in XII fəsli cinayət prosesində etirazlara həsr olunmuşdur. Cinayət-prosessual qanunvericiliyində etiraz edilməli olan şəxslərin dairəsi dəqiq müəyyən edilmişdir.
Cinayət prosesində etiraz bu və ya digər şəxsin prosesdə iştirakını qanunsuz hesab edərək onun prosesdən kənarlaşdırılması üçün irəli sürülən şikayətdir. Etiraz etmək hüququ məhkəmədə iştirak edən şəxslərdən özünə və işin materiallarına qarşı qərəzsiz və obyektiv olmağı tələb edir.
CPM-in 109.1-ci maddəsinə müvafiq olaraq hakimə (məhkəmə tərkibinə) edilən etiraz əsaslandırılmalıdır. Etirazda konkret əsaslar olmadıqda, o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır.
Bununla yanaşı, qanunverici hakimə edilən etirazın əsaslı sayılması və şərtsiz təmin edilməsi üçün hər hansı şəxsin cinayət prosesində hakim qismində iştirakını istisna edən bir sıra hallar müəyyən etmişdir.
Qeyd olunan hallar cinayət prosessual qanunvericiliyində qanunilik və subyektivlik prinsipləri əsasında bölünmüşdür.
Qanunilik prinsipi şəxsin hakim vəzifəsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təyin edilməməsində, eləcə də hakimin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala baxılması üçün lazımi səlahiyyətlərə malik olmamasında ifadə olunur (CPM-in 109.1.1 və 109.1.2-ci maddələri).
Subyektivlik prinsipi isə hakimin həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların qanuni nümayəndəsi, yaxud nümayəndəsi olmasında, hakimin həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə şahid qismində dindirilməsində və ya dindirilə bilməsində və s. özünü göstərir (CPM-in 109.1.3-109.1.8-ci maddələri).
Göstərilənlərlə yanaşı, cinayət-prosessual qanunvericiliyi hakimlərə və ya məhkəmənin bütün tərkibinə etiraz etmək hüquqlarının olduğunu tərəflərə izah etmək vəzifəsini hakimin üzərinə qoymuşdur. Belə ki, CPM-in 322.1.7-ci maddəsinə görə məhkəmə baxışının açılışı ilə əlaqədar məhkəmə iclasında sədrlik edən cinayət prosesinin iştirakçılarına onların hakimə, hakimlərə və ya məhkəmənin bütün tərkibinə etiraz etmək hüquqlarının olduğunu izah etməli, hansı halların etiraza səbəb olduğunu, etirazın nəyə gətirib çıxaracağını, icraatda olan konkret iş üzrə etiraz etmək üçün hansı halların ola biləcəyini proses iştirakçılarının nəzərinə çatdırmalıdır.
Əgər sədrlik edən tərəfindən etiraz etmək hüququ aydın şəkildə cinayət prosesinin iştirakçılarına izah edilməmişdirsə, bu hal məhkəmənin qərəzsizliyini şübhə altına almaqla prosesin ümumilikdə qanuniliyinə təsir göstərir.
Eyni zamanda, CPM-in 107.3.3-cü maddəsinə əsasən hakimə, yaxud andlı iclasçıya tam olaraq etiraz yalnız məhkəmə istintaqı başlananadək edilə bilər. Həmin maddəyə görə hakimə və ya andlı iclasçıya məhkəmə istintaqı başlandıqdan sonra isə yalnız cinayət prosesinin etiraz edən hər hansı iştirakçısı müvafiq şəxsin prosesdə iştirakını istisna edən halların bilavasitə etiraz etməkdən əvvəl ona məlum olduğunu sübut etdikdə verilə bilər.
Qeyd olunduğu kimi, cinayət prosesi iştirakçısı tərəfindən hakimə (məhkəmə tərkibinə) edilmiş istənilən etiraz əsaslandırılmalıdır. Etirazın əsaslandırılması dedikdə, barəsində etiraz edilmiş hakimin (hakimlərin) cinayət prosesində iştirakını istisna edən CPM-də nəzərdə tutulmuş konkret halın (halların) mövcud olmasının təsdiq edilməsi başa düşülür (CPM-in 109.1-ci maddəsi).
Etirazın əsaslandırılması həm də CPM-in 107.4-cü maddəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin maddəyə görə hakimə (məhkəmə tərkibinə) və ya andlı iclasçıya etiraz məhkəmə baxışını ləngitmək məqsədilə edilmişsə, yaxud etirazın dəlilləri uydurma olarsa (həqiqətə uyğun deyildirsə), etiraz etmiş şəxsin məhkəmənin qərarına əsasən iki yüz iyirmi manat cərimə edilə bilməsi nəzərdə tutulur.
Göründüyü kimi, qanunvericilikdə hakimin qərəzsizliyinin təmin edilməsi və məhkəmə araşdırılmasının obyektiv və hərtərəfli aparılması üçün həm hakimin özü-özünə, həm də cinayət prosesi iştirakçılarının hakimə etiraz etmək hüququ tənzimlənmişdir. Bu hüquqdan sui-istifadə edilməsinin və məhkəmə baxışının ləngidilməsinin qarşısını almaq məqsədilə cinayət-prosessual qanunvericiliyində yuxarıda qeyd olunan cərimə tədbiri nəzərdə tutulmuşdur. Eyni zamanda, etirazda konkret əsaslar olmadıqda hakimə onu baxılmamış saxlamaq hüququ verilmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının mütləq olmadığını nəzərə alaraq hesab edir ki, CPM-in 107.4-cü maddəsində göstərilən cərimə tədbiri mahiyyət etibarilə Konstitusiyanın müddəaları ilə ziddiyyət təşkil etmir.
Buna baxmayaraq, Konstitusiya Məhkəməsinin Plenumu CPM-in 107.4-cü maddəsinin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş qərəzsizlik və Konstitusiyadan irəli gələn hüquqi müəyyənlik prinsipləri baxımından nəzərdən keçirilməsini zəruri hesab edir.
Belə ki, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə cinayət prosesindən danışarkən ilk növbədə, məhkəmənin təqsirləndirilən şəxsdə etibarlıq hissini yaratması məsələsi demokratik cəmiyyətdə fundamental əhəmiyyət kəsb edir. Bununla bağlı, Konvensiyanın 6-cı maddəsi məhkəmədən qərəzsiz olmağını tələb edir. Qərəzsizlik, bir qayda olaraq, qənaətin qabaqcadan formalaşmasını və ya qərəzli olmağı qadağan edir və bu müxtəlif vasitələrlə yoxlanıla bilər (Kiprianu Kiprə qarşı iş üzrə 15 dekabr 2005-ci il tarixli qərar).
Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan 107.4-cü maddəsindən göründüyü kimi, hakimə və ya andlı iclasçıya etiraz etmiş şəxs iki halda məhkəmə qərarına əsasən iki yüz iyirmi manat məbləğində cərimə oluna bilər: 1) etiraz məhkəmə baxışını ləngitmək məqsədi ilə edildikdə; 2) etirazın dəlilləri uydurma olduqda.
Lakin cinayət-prosessual qanunvericiliyi dəlilləri əsassız olan etirazla uydurma olan etiraz arasındakı fərqin, eləcə də etirazın məhz ləngitmək məqsədilə verilməsinin hansı meyarlar əsasında müəyyən edilməli olmasını təsbit etməmişdir. Müvafiq olaraq, etirazı uydurma və ya məhkəmə araşdırmasını ləngitmək məqsədilə verilmiş hesab edən məhkəmənin qənaətinin qərəzsizliyində şübhələr yarana bilər.
Eyni zamanda, qeyd olunduğu kimi cinayət-prosessual qanunvericiliyi hakimə etirazda konkret əsaslar olmadıqda, onu baxılmamış saxlamaq hüququ vermişdir. Belə olan halda hakimin hansı meyarlar əsasında etirazın uydurma olması qənaətinə gələrək cərimə təyin edə bilməsi, hansı meyarlar əsasında isə etirazı əsassız hesab edərək baxılmamış saxlaması cinayət-prosessual qanunvericiliyində müəyyənləşdirilməmişdir. Qanunvericilikdə mövcud olan bu qeyri-müəyyənlik hakimin qərəzsizliyini şübhə altına alaraq mövcud olan prosessual ədalət prinsipinə xələl gətirə bilər.
Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, ümumi hüquqi tənzimləmə sistemində, müəyyənlik, aydınlıq, hüquq normalarının birmənalı və ardıcıl olması tələbləri cinayət və cinayət-prosessual qanunvericilikləri çərçivəsində xüsusi əhəmiyyət kəsb edir. Həmçinin qeyd olunmalıdır ki, CPM-in müddəalarının dəqiq və aydın olmasını tələb edən hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin ayrılmaz elementi olaraq, həm qanunvericilik, həm də hüquq tətbiqetmə fəaliyyətində, insan hüquqlarının səmərəli müdafiəsinin və prosessual ədalət prinsipinin təmin olunması üçün zəmanət yaradır.
Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi dövlətin ali prinsiplərindən olan hüquqi müəyyənlik prinsipinə diqqət yetirilməsinin vacibliyini vurğulamışdır.
Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir.
Avropa Məhkəməsinin Amann İsveçrəyə qarşı iş üzrə qəbul etdiyi 16 fevral 2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Eyni qayda Məhkəmənin Edvards Maltaya qarşı iş üzrə 24 oktyabr 2006-cı il tarixli qərarının 60-cı bəndində və Vrbica Xorvatiyaya qarşı iş üzrə 1 aprel 2010-cu il tarixli qərarında da öz əksini tapmışdır.
Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət prosesi iştirakçılarının müdafiə hüquqlarının tərkib hissəsi olan etiraz etmək hüququnun səmərəliliyinin təmin olunması üçün CPM-in 107.4-cü maddəsində nəzərdə tutulmuş cərimənin tətbiq edilməsi əsasları məhkəmə müdafiəsi təminatı və hüquqi müəyyənlik prinsipləri baxımından təkmilləşdirilməlidir. Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 6-cı bəndinə əsasən isə məhkəmə icraatı qaydalarının müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aid edilmişdir.
Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:
CPM-in 107.4-cü maddəsi Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə uyğun hesab edilməlidir;
CPM-in 107.4-cü maddəsində nəzərdə tutulmuş cərimənin tətbiq edilməsi əsaslarının məhkəmə müdafiəsi təminatı və hüquqi müəyyənlik prinsipləri baxımından təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
Q Ə R A R A A L D I:
1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 107.4-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğun hesab edilsin.
2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 107.4-cü maddəsində nəzərdə tutulmuş cərimənin tətbiq edilməsi əsaslarının məhkəmə müdafiəsi təminatı və hüquqi müəyyənlik prinsipləri baxımından təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.
3. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev