Qərarlar

04.04.12 “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLIKASI

KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN

Q Ə R A R I

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası

İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair

4 aprel 2012-ci il                                                                                                              Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi İsmayıl İsmayılovun,

maraqlı subyektlərin nümayəndələri Bakı şəhəri Binəqədi rayon məhkəməsinin hakimi Elmar Rəhimovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimovun,

ekspert Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Elçin Usubovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon məhkəməsinin və Lənkəran rayon məhkəməsinin müraciətləri əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim Ceyhun Qaracayevin məruzəsini, maraqlı subyektlərin  nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N   E T D İ:

 Bakı şəhəri Binəqədi rayon məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.2-ci maddəsində qeyd edilmiş “qətnamə işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır” göstərişinin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli Qanununun (bundan sonra – “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun), MPM-in 32.7-ci maddəsinin və “İcra haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli Qanununun (bundan sonra – “İcra haqqında” Qanun) 87.2-ci maddəsinin müddəaları baxımından şərh edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət etmişdir.

Müraciətdə göstərilir ki, T.Əhmədov Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmurlarının hərəkətlərinin qanunsuz hesab edilməsi haqqında şikayət ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterini nəzərə alaraq bu mübahisəyə ixtisaslaşdırılmış məhkəmədə, yəni 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalı olması qənaətinə gəlmiş və iş materiallarını həmin Məhkəməyə göndərmişdir.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 14 sentyabr 2011-ci il tarixli qərardadında “İcra haqqında” Qanunun 87.2-ci maddəsinə istinad edərək T.Əhmədovun şikayət ərizəsi üzrə məhkəmə aidiyyətini müəyyən etmək üçün iş materiallarını Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati-Prosessual Məcəllə)  2.1-ci, “İcra məmurları haqqında” Azərbaycan Respublikasının 28 dekabr 2009-cu il tarixli Qanununun (bundan sonra – “İcra məmurları haqqında” Qanun) 11-ci, “İcra haqqında” Qanunun 87.2-ci maddələrinə istinad edərək, yaranmış mübahisəyə       1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən deyil, Bakı şəhəri Binəqədi rayon məhkəməsi tərəfindən baxılmalı olmasına dair qərar çıxarmışdır.

Binəqədi rayon məhkəməsi Konstitusiya Məhkəməsinə ünvanladığı müraciətdə mülki iş üzrə məhkəmə qərarının icrasında yaranan mübahisəyə ümumi yurisdiksiyalı və ya inzibati-iqtisadi məhkəmə tərəfindən baxılmalı olması məsələsinə aydınlıq gətirilməsini xahiş etmişdir.

Eyni zamanda, Lənkəran rayon məhkəməsi icraatında olan A.Hüseynovun icra məmurunun hərəkətlərindən verdiyi şikayət ərizə ilə bağlı iş üzrə Konstitusiya Məhkəməsinə müraciət göndərərək, “İcra haqqında” Qanunun 87.2-ci və İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddələrinin məhkəmə aidiyyəti baxımından şərh edilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu hər iki müraciətdə qaldırılan məsələyə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların müdafiəsinə dair məhkəmə təminatı hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüququdur. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur.

Həmin təminatlardan biri Konstitusiyanın 62-ci maddəsində təsbit edilmiş hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququdur. Konstitusiyanın bu normasında qeyd olunan “qanunla müəyyən edilmiş məhkəmə” müddəasının şərhi bu anlayışa işlərin aidiyyət qaydalarını, qanunla müəyyən edilmiş məhkəmə tərkibinin mövcudluğunu, habelə digər şərtləri də daxil etməyə əsas verir. Qanunvericilikdə mübahisələrin məhkəmə aidiyyəti məsələsinin aydın və dəqiq göstərilməsi insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə təminatı baxımından olduqca  əhəmiyyətlidir.

Beləliklə, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər.

İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrinə görə hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir.

Qeyd olunan beynəlxalq normaların mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur.

İnsan hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin I bəndinin tələblərini pozur.

Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan “məhkəmə” anlayışının tələblərinə cavab vermiş olur.

Nəzərdən qaçırılmamalıdır ki, məhkəmə aidiyyətinin əsassız və qeyri-qanuni dəyişdirilməsi yolverilməzdir. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanununun (bundan sonra – “Məhkəmələr və hakimlər haqqında” Qanun) 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır.

Bununla yanaşı, MPM-in 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 385, 387 və 418-ci maddələrində isə məhkəmə qətnaməsinin apellyasiya və kassasiya qaydasında ləğv edilməsi üçün əsaslar sırasında məhkəmə aidiyyəti qaydalarının pozulması bilavasitə müəyyən olunmasa da, bu cür pozuntularla qəbul edilmiş məhkəmə aktı qanuni hesab edilə bilməz.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” 10 fevral 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, işin mahiyyəti baxımından məhkəmə aidiyyəti qaydaları müvafiq sahə üzrə məcəllələşdirilmiş prosessual xarakterli normativ-hüquqi aktla tənzimlənir.   

Mülki mübahisələrin məhkəmə aidiyyətini müəyyən edən MPM-in 24-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakterindən asılı olaraq, məhkəmə aidiyyəti ümumi və ya inzibati-iqtisadi məhkəmələrə həvalə edilir.

Müraciətlərdə qaldırılan məsələ məhkəmə qərarlarının icrası zamanı şəxs və icra məmuru arasında yaranmış mübahisə ilə bağlı olduğundan, Konstitusiya Məhkəməsinin Plenumu inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrin hüquqi təbiətinə, inzibati orqanların aktlarının mübahisələndirilməsini tənzimləyən prosessual qaydalara diqqət yetirilməsini zəruri hesab edir.

“İnzibati icraat haqqında”Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) 1-ci maddəsinə uyğun olaraq bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlərində tərəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir. Qeyd olunmalıdır ki, inzibati hüquq münasibətlərinin bu əlaməti dövlət idarəetmə fəaliyyətinin mahiyyətinin təzahürüdür.

Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Bu isə inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı fəaliyyəti üzərində məhkəmə nəzarətinin müəyyən edilməsini tələb edir.

“İnzibati icraat haqqında” Qanunun 72-ci maddəsində inzibati orqanların qəbul etdiyi inzibati aktlardan inzibati şikayətin inzibati qaydada və ya məhkəmə qaydasında verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. 

“İcra haqqında” Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir.

Məhkəmə qərarının icra olunmasına dair icra sənədi kimi qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı və onun əsasında verilmiş icra vərəqəsi çıxış edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti inzibati orqandır.

Qeyd etmək lazımdır ki, icra məmurunun icra sənədi üzrə «İcra haqqında» Qanuna uyğun olaraq qəbul etdiyi hər hansı qərar və ya icraya yönəlmiş hərəkətləri maraqlı şəxsin mövcud hüquqi vəziyyətində dəyişikliklərə səbəb olmadığından faktiki xarakterli hərəkətlər kimi də qiymətləndirilə bilər. Həmçinin, icra məmurları birtərəfli hakimiyyət iradəsinə əsasən fəaliyyət göstərir və həmin məmurun ümumi (publik) hüquq müstəvisində həyata keçirdiyi hərəkətlər hakimiyyət tədbiridir. Belə ki, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar tələbləri hüquq subyektləri üçün məcburi xarakter daşıyır və onların yerinə yetirilməməsi və ya icra məmurunun öz vəzifələrini icra etməsinə maneə törədilməsi qanunvericilikdə müəyyən edilmiş cinayət və ya inzibati məsuliyyətə səbəb olur.

Bununla yanaşı, “İcra haqqında” Qanunun 29-cu maddəsində icraatda tərəflərin (tələbkar və borclu) hüquq və vəzifələri nəzərdə tutulmuşdur. Onların sırasına icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququ da daxil edilmişdir.

Qeyd olunmalıdır ki, MPM-in 29-cu fəslində xüsusi iddia icraatı qaydasında müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin, o cümlədən icra məmurunun qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə baxılmasını tənzimləyən prosessual qaydalar müəyyən edilmişdir. MPM-in 25.2-ci maddəsi ilə bu növ mübahisələrin baxılması ümumi məhkəmələrə aid olunmuşdur.

Göstərilən xüsusi iddia icraatı mübahisələndirilən müvafiq icra hakimiyyəti orqanlarının qərarlarına və hərəkətlərinə (hərəkətsizliyinə) məhkəmə qaydasında baxılmasının prosessual şərtlərini tənzimləyirdi. Beləliklə, MPM-də nəzərdə tutulan bu xüsusi iddia icraatı növü inzibati hüquq sahəsində şəxsin hüquq və azadlıqlarının mülki məhkəmə icraatı qaydasında müdafiəsini müəyyənləşdirirdi.

Lakin inzibati hüquq sahəsində yaranan mübahisələrin, dövlət icra hakimiyyəti orqanlarının məsuliyyətinin və dövlət idarəçilik sahəsində insan hüquqlarının təminatının xüsusiyyətini nəzərə alaraq, bu sahədə məhkəmə müdafiəsinin səmərəliliyinin artırılması məqsədi ilə 2009-cu il 30 iyun tarixində İnzibati-Prosessual Məcəllə qəbul edilmişdir.

Bundan sonra həmin Məcəllənin qəbul edilməsi ilə əlaqədar qüvvədə olan qanunvericilik aktlarının uyğunlaşdırılması məqsədilə MPM-ə və digər qanunlara müvafiq dəyişikliklər edilmişdir.

“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunun 14-cü maddəsinə əsasən MPM-in 26-29 və 38-ci fəsilləri çıxarılmışdır. Həmçinin həmin Qanunun 3-cü maddəsinə görə MPM-in 25.1-ci maddəsindən “inzibati” sözü, 25.2-ci maddəsi isə tamamilə çıxarılmışdır.   

Öz növbəsində, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli Qanunu ilə “Məhkəmələr və hakimlər haqqında” Qanunun iqtisadi məhkəmələrin səlahiyyətlərini müəyyən edən 42-ci maddəsində “iqtisadi” sözünün əvvəlinə “inzibati” sözü əlavə edilmişdir. Hal-hazırda həmin maddəyə uyğun olaraq, inzibati-iqtisadi məhkəmələr birinci instansiya məhkəməsi qismində qanunla səlahiyyətlərinə aid edilmiş inzibati və iqtisadi mübahisələrə dair işlərə baxır.

Qeyd edilən dəyişikliklər nəticəsində qanunverici inzibati hüquq sahəsində yaranan mübahisələrin inzibati məhkəmə icraatı qaydasında həll edilməsini müəyyən etmişdir.    

Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikasının hüquq sisteminə yeni daxil olmuş inzibati ədliyyənin mahiyyətinin açıqlanmasını vacib hesab edir.

Nəzəriyyədə inzibati ədliyyənin üç əsas əlaməti fərqləndirilir:

· inzibati mübahisənin təbiətinin ümumi (publik) hüquq sahəsinə aid olması (maddi aspekt);

· inzibati mübahisələrin xüsusi səlahiyyətli orqanlar tərəfindən həll edilməsi;

· inzibati mübahisələrin həlli üçün xüsusi prosessual normaların və icraat qaydalarının mövcud olması (prosessual aspekt).

İnzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi).

Sadalananları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurlarının qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) verilən şikayətlər təbiətinə və məzmununa görə inzibati-prosessual xarakter daşıdığından, inzibati-iqtisadi məhkəmələrdə mübahisələndirilməlidir. 

Göstərilənlərlə yanaşı, qeyd olunmalıdır ki, “İcra haqqında” Qanun qəbul edildikdə Azərbaycan Respublikasının hüquq sistemində inzibati məhkəmələrin fəaliyyətini tənzimləyən İnzibati-Prosessual Məcəllə mövcud deyildi. Bu baxımdan məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən həmin məmurun ərazi üzrə iqtisadi və ya olduğu yerin məhkəmələrinə şikayət verilməsi hər hansı bir məhkəmə qərarlarının icrası ilə bağlı fəaliyyətə məhkəmə nəzarəti funksiyasını daşıyırdı.     

Belə ki, “İcra haqqında” Qanunun 87.1-ci maddəsinə əsasən inzibati-iqtisadi məhkəmə tərəfindən verilmiş icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya həmin hərəkətləri yerinə yetirməkdən imtina etməsindən, o cümlədən icra məmuruna etirazın təmin edilməməsindən tələbkar və ya borclu şikayət verə bilər. Həmin Qanunun 87.2-ci maddəsinə görə bu Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmayan digər icra sənədlərinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya həmin hərəkətləri yerinə yetirməkdən imtina etməsindən, o cümlədən icra məmuruna etirazın təmin edilməməsindən şikayət, müvafiq hərəkətin edildiyi (və ya həmin hərəkətin yerinə yetirilməsindən imtina edildiyi) vaxtdan 10 gün müddətində icra məmurunun olduğu yerin məhkəməsinə verilir.

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 10 iyun tarixli Qanunun 5-ci maddəsinə müvafiq olaraq “İcra haqqında” Qanunun 87.1-ci maddəsinin mətnində “iqtisadi” sözü “inzibati-iqtisadi” sözü ilə əvəz edilmişdir. Bu dəyişiklik nəticəsində icra məmurunun qərarının, hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsinin yeni inzibati məhkəmə icraatı növündə aparılması müəyyən edilmişdir.

Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun ilə bu növ şikayətlərin ümumi məhkəmələr tərəfindən baxılmasına dair icraat MPM-dən çıxarılmışdır.        

Bu  baxımdan qanunverici tərəfindən “İcra haqqında” Qanunun 87.2-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə qaydasının İnzibati-Prosessual Məcəllənin qəbulu ilə bağlı bir sıra normativ-hüquqi aktlarda həyata keçirilən dəyişikliklərə uyğun təkmilləşdirilməsi məqsədə uyğundur.                 

  Eyni zamanda, qeyd olunmalıdır ki, icra məmurunun qərarının, hərəkətlərinin  (hərəkətsizliyinin) mübahisələndirilməsi hallarından başqa, mülki məhkəmə icraatı qaydasında məhkəmə qərarının icrası ilə bağlı olan məsələləri tənzimləyən MPM-in 231-ci maddəsinin tətbiqi istisna edilmir.

Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır;

- Konstitusiya Məhkəməsi Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair bu Qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, “İcra haqqında” Qanunun 87.2-ci və İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir;

- qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “İcra haqqında” Qanunun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəası icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI :  

1. Məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.

2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair bu Qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin;

3. Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəası icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməlidir.  

4. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

5. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.  

Sədr                                                                                     Fərhad Abdullayev