Qərarlar

12.01.12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA

MƏHKƏMƏSİ PLENUMUNUN

QƏRARI

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü

maddəsinin şərh edilməsinə dair


12 yanvar 2012-ci il                                                                                                    Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi İsmayıl İsmayılovun,

maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi İlqar Cəfərovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Fuad Məmmədovun,

mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Fərhad Kərimovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədovun, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Təşkilat-nəzarət idarəsinin rəisi Musa Hümbətovun,       

ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru Kəmalə Nəzərovanın  iştirakı ilə,

Azərbaycan  Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 114-cü maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

 İş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

 Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  (bundan sonra – CM) 56.1.3-cü və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra - CİM) 114-cü maddələrinin şərh olunmasını xahiş etmişdir.

Sorğuverən hesab edir ki, CM-in 56.1.3-cü və CİM-in 114-cü maddələrində nəzərdə tutulan “xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə” müddəasının qadın məhkumlara şamil edilib-edilməməsi məsələsi hüquqtətbiqetmə təcrübəsində qeyri-müəyyənliyin yaranmasına səbəb olur.

Sorğuda göstərilir ki, cinayət mühakimə icraatı zamanı məhkəmələr tərəfindən cəzaçəkmə müəssisəsinin növü müəyyən edilərkən, CM-in və CİM-in qeyd olunan maddələrinin məhkum qadınlara münasibətdə tətbiqinin mümkünlüyünə dair müxtəlif yanaşmaların mövcudluğu vahid məhkəmə təcrübəsinin formalaşmasına mənfi təsir göstərir. Bəzən məhkəmələr CM-in 56.1.3-cü maddəsində nəzərdə tutulan “xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə” müddəasının məhz kişi məhkumlara aid olduğuna əsaslanaraq, qadın məhkumlara ciddi rejimli cəzaçəkmə müəssisəsi növünü yalnız cinayətlərin xüsusi təhlükəli residivi zamanı təyin edirlər. 

 Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə bağlı cəzanın hüquqi təbiətini açıqlayan, cəzaçəkmə müəssisəsinin növlərini müəyyən edən CM-in və cəzanın icrası qaydalarının təmin edilməsini tənzimləyən CİM-in bir sıra müddəalarına diqqət yetirilməsini zəruri hesab edir.

Cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir.

CM-in 41.1-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət cəzası törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və fərdi xarakter daşıyır.

  Bununla əlaqədar  “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər.

Azərbaycan Respublikasının cinayət qanunvericiliyində cəzanın anlayışının verilməsi ilə yanaşı, onun sistemi və növləri, cəzanın təyin edilməsinin ümumi əsasları müəyyən olunmuşdur.

CM-in 42-ci maddəsində göstərilən cəza növlərindən yalnız iki cəza növü məhkumu cəmiyyətdən təcrid edir: müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə. CM-in 55.1-ci maddəsinə görə müəyyən müddətə azadlıqdan məhrumetmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Məhkumların cəmiyyətdən təcrid olunması dərəcəsi onların törətdiyi cinayətlərin ağırlığı, məhkumluğunun olub-olmaması və s. əsaslarla fərqlənir, cəzaçəkmə müəssisəsinin növündən və məhkumun davranışından asılıdır.

Lakin nəzərə alınmalıdır ki, məhkumların cəmiyyətdən təcrid olunması sosial təcridə çevrilməməli, cəzaların icrası qanunvericiliyində təsbit olunmuş cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi şərtlərinə (əsas məhsulları və zəruri malları əldə etmək, telefon danışıqları, qohumlar və başqa şəxslər ilə görüşmək, bədən tərbiyəsi və idmanla məşğul olmaq və s.) əməl olunmalıdır.

Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi birbaşa cinayət qanunvericiliyi ilə tənzimlənir. Cinayət qanunu ilə müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi cəzanın məhkumların islah edilməsi məqsədinə xidmət edir.

CM-in 56-cı maddəsi azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin ədalətliliyini dərk etməsi cəzanın məqsədlərinə nail olmanın əsas şərtlərindən biridir.

Bu baxımdan CM-in 56.1-ci maddəsində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün cəzaçəkmə müəssisələrinin aşağıdakı növləri müəyyən edilmişdir: ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün – məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə  beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün – ümumi rejimli cəzaçəkmə müəssisələrində; xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində; cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü  müəyyən müddətə  azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə - xüsusi rejimli cəzaçəkmə müəssisələrində; ömürlük azadlıqdan məhrum edilmiş şəxslər üçün – həbsxanalarda.

CM-in 56.2-ci maddəsinə əsasən xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər.

Azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs üçün cəzaçəkmə müəssisəsinin növü CM-in yuxarıda göstərilən maddələrinə uyğun olaraq məhkəmənin hökmü ilə müəyyən edilir və hökmün nəticəvi hissəsində göstərilir (CM-in 56.3-cü maddəsi və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.4.4-cü maddəsi).

CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumların törətdiyi cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq onları bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.

Bununla yanaşı, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cins, yaş, məhkumun törətdiyi cinayətin ağırlıq dərəcəsi, cəzanı çəkdiyi dövrdə məhkumun davranışı və sağlamlıq vəziyyətinə görə differensiasiya olunur.  Məhkumların differensiasiyası azadlıqdan məhrum etmə cəzasının icrasının qrup halında fərdiləşdirilməsi, ilk dəfə qısa müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin daha təhlükəli cinayətkarların zərərli təsirindən qorunması üçün mühüm əhəmiyyət kəsb edir. Cəzaçəkmə müəssisələrinin differensiasiyasının əsasını cinayət və cəza-icra  hüququnun ədalət, humanizm, məcburetmə tədbirlərindən və məhkumların islah edilmə vasitələrindən məqsədəuyğun istifadə edilməsi, onlarda qanuna itaətin həvəsləndirilməsi və cəzanın islahedici təsirinin artırılması kimi prinsipləri təşkil edir.

Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər bir-birindən sosial, psixoloji və mənəvi keyfiyyətlərinə görə də fərqlənir. Qadın məhkumlar onların psixi-fizioloji xüsusiyyətləri nəzərə alınmaqla şəxsi təhlükəsizliyinin təmin edilməsi və tərbiyə işinin aparılması məqsədi ilə ayrıca kateqoriyaya ayrılır. Belə yanaşma CM-in əsas prinsiplərindən olan humanizm prinsipindən irəli gəlir.

Qeyd olunduğu kimi, qanunverici azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş qadınların törətdikləri ictimai-təhlükəli əməlin ağırlığını və məhkumluğunun olub-olmamasını nəzərə alaraq müxtəlif növ cəzaçəkmə müəssisələri müəyyən etmişdir.

 CM-in 56.1.2 və 56.1.3-cü maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün  ümumi rejimli və xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzaların çəkilməsi müəyyən olunmuşdur.

Göründüyü kimi, yuxarıda qeyd olunan maddələrin məzmununda “məhkum olunmuş şəxs” ifadəsi kişi və qadın məhkumlar arasında fərq qoyulmadan ümumi anlayış kimi verilmişdir. Qeyd olunmalıdır ki, CM-in 18, 47, 49, 70.6, 71, 79, 80-cı və s. maddələrində “məhkum olunmuş şəxs” ifadəsindən istifadə edilmiş və bu ifadə həm kişi, həm də qadın məhkumlara şamil edilmişdir.

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında da məhkumluğu olan şəxs ifadəsindən istifadə edilərkən kişi və qadın məhkumlar bir-birindən fərqləndirilməmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, məhkum olunmuş şəxs müddəası barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir.       

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab edir ki,  CM-in 56.1.3 və 56.1.4-cü maddələrində ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrinin müəyyən edilməsinə əsas verən şərtlərin təhlil olunması zəruridir.           

CM-in 56.1.4-cü maddəsi ilə cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə xüsusi rejimli cəzaçəkmə müəssisəsi, CM-in 56.1.3-cü maddəsində isə cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilmişdir. 

Bu halda CM-in göstərilən maddələrində olan fərqləndirmə onu göstərir ki, məhkəmənin hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadın və kişi məhkumlara müvafiq olaraq ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, CM-in 57.2-ci maddəsinə əsasən qadınlara ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi istisna edilir.

Bununla yanaşı, qanunverici CM-in 56.1.3-cü maddəsində nəzərdə tutulmuş  “cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə” müddəasını həm kişi, həm də qadın məhkumlara aid etməklə onların ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələrini müəyyən etmişdir.

Belə ki, CM-in 18-ci maddəsində cinayətlərin residivi və onun növləri göstərilmişdir. Həmin maddədə residivin sadə, təhlükəli və xüsusilə təhlükəli növləri fərqləndirilir.

Lakin qanunverici qeyd olunan maddədə kişi məkumlardan fərqli olaraq, cinayətlərin xüsusı təhlükəli residivi zamanı da qadın məhkumların  ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələrini müəyyən etmişdir.

Göstərilənlərlə yanaşı, qeyd edilməlidir ki, CM-də nəzərdə tutulmuş cəzaların icrasının ümumi müddəaları və prinsipləri, müxtəlif növ cəzaçəkmə müəssisələrində cəzanın icrası qaydaları cəzaların icrası qanunvericiliyi ilə tənzimlənir.

CİM-in məqsədi məhkumları islah etmək, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaqdır. Bu Məcəllənin vəzifəsi cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini tənzimləməkdən, məhkumların islah edilmə vasitələrini müəyyən etməkdən, məhkumların hüquq və azadlıqlarını, qanuni mənafelərini qorumaqdan ibarətdir (CİM-in 2.1 və 2.2-ci maddələri).

CİM-in 112-ci maddəsinə görə ümumi rejimli cəzaçəkmə müəssisələrində  qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, həmçinin cəzaları müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmiş şəxslər cəza çəkirlər. Göründüyü kimi, CM-in 56-cı maddəsində olduğu kimi qeyd olunan normada da “şəxslər” dedikdə həm kişi, həm də qadın məhkumlar nəzərdə tutulur.

CİM-in 114-cü maddəsi ciddi rejimli cəzaçəkmə müəssisələri adlanır və məhz belə rejimli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin dairəsini  müəyyən edir. Həmin maddəyə görə ciddi rejimli cəzaçəkmə müəssisələrində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə  müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş, habelə cinayətlərin residivi zamanı, yəni əvvəllər müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər və cinayətlərin xüsusi təhlükəli residivinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş qadınlar cəza çəkirlər.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, CİM-in 114-cü maddəsinin müddəaları cinayət qanunvericiliyinə əsasən məhkəmənin hökmü ilə cəzanın çəkilməsi üçün müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzanın icrası qaydasını tənzimlədiyindən, Plenumun bu Qərarında CM-in 56.1.3-cü maddəsi ilə bağlı müəyyən edilmiş hüquqi mövqeyi CİM-in həmin maddəsinin tətbiqinə də şamil olunmalıdır.

Yuxarıda qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, CM-in 56.1.3-cü maddəsinin “xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə” müddəası həm qadın, həm də kişi məhkumlara aiddir.

  Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

 1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin “xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə” müddəası həm qadın, həm də kişi məhkumlara aiddir.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar  “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski  raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 Sədr                                                                               Fərhad Abdullayev