Qərarlar

28.12.11 N.Babayevin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2011-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN

Q Ə R A R I

N.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin

Mülki kollegiyasının 25 fevral 2011-ci il tarixli qərarının

Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına

uyğunluğunun yoxlanılmasına dair

28 dekabr 2011-ci il                                                                                                         Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi İsmayıl İsmayılovun,

ərizəçinin nümayəndəsi Şahverdi Ağaveysin,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının əməkdaşı Günel Əliyevanın iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında N.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:  

Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 20 sentyabr 2009-cu il tarixli qətnaməsi ilə Nizam Babayevin Məhsun Babayevə, Sadiq Əhmədova, Vüsal Rəhimova və “Tərəqqi-Tikinti” MTK-ya qarşı Bakı şəhəri, S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsində yerləşən 364-cü məhəllədəki binanın sahəsi 129 kv.m olan 207 saylı mənzilinin M.Babayev və S.Əhmədovun adına sənədləşdirilməsinə dair “Tərəqqi-Tikinti” MTK-nın ümumi yığıncağının 13 iyul və 09 sentyabr 2008-ci il tarixli qərarlarının ləğv olunması, mənzilin ona qaytarılması tələbinə dair iddiası rədd edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – Bakı Apellyasiya Məhkəməsinin MK) 22 fevral 2010-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, N.Babayevin iddiası təmin olunmuşdur.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK) 15 iyul 2010-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə Binəqədi rayon məhkəməsinin 20 oktyabr 2009-cu il tarixli qətnaməsi, Ali Məhkəmənin MK-nın 25 fevral 2011-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin adıçəkilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) ünvanladığı şikayətdə N.Babayev kassasiya instansiyası məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edərək, onun Azərbaycan Respublikası Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Konstitusiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçiyə məxsus olan mübahisəli mənzil aldatma yolu ilə M.Babayevin, sonra isə S.Əhmədovun adlarına keçirilmiş, bu fakt üzrə onu aldadan şəxslər cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmış, o isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmələr tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111, 112.3, 146.2, 337.5, 339.2, 339.5, 394, 651-ci maddələrinin, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsinin tələblərinə əməl olunmamışdır.

Ərizəçi hesab edir ki, məhkəmələr tərəfindən onun Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş mülkiyyət hüququ, hüquq və azadlıqların məhkəmə müdafiəsi təminatı pozulmuşdur.

Şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.

Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, N.Babayevin 09 iyun 2007-ci il tarixdə “Tərəqqi-Tikinti” MTK ilə bağladığı müqaviləyə əsasən mübahisəli mənzilin dəyəri tam şəkildə torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Sonradan N.Babayev həmin mənzili satmaq qərarına gəlmiş və bu məqsədlə alqı-satqı ilə məşğul olan Ramil Qaraşovdan mənzilin satılmasında ona köməklik göstərməsini xahiş etmişdir.

2008-ci ilin avqust ayında R.Qaraşov N.Babayevə Vüsal Rəhimov adlı  şəxsin mənzili almaq istədiyini bildirmişdir.  Lakin V.Rəhimov mənzilin pulunun yarısını avtomobillə, digər yarısını isə nəğd pulla  45 gün müddətində ödəyəcəyini bildirmişdir. V.Rəhimov tərəfindən irəli sürülən şərtlərdən biri də mənzilin M.Babayevin adına rəsmiləşdirilməsi olmuşdur. N.Babayev bu şərtlə razılaşmış və mənzilin M.Babayevin adına keçirilməsini “Tərəqqi-Tikinti” MTK-dan xahiş  etmişdir.  Razılaşdırılmış müddət keçdikdən sonra avtomobil ona verilmədiyindən və nəğd pul ödənilmədiyindən, N.Babayev “Tərəqqi-Tikinti” MTK-dan mənzilin M.Babayevin adına keçirilməsinin dayandırılmasını xahiş etmişdir. Lakin “Tərəqqi-Tikinti” MTK-nın rəhbərliyi mənzilin artıq M.Babayevin adına  rəsmiləşdirildiyini, bundan sonra isə sonuncunun həmin mənzili S.Əhmədovun adına keçirdiyini bildirmişdir.

N.Babayev göstərilən şəxslər tərəfindən mənzilinin aldatma yolu ilə ələ keçirildiyini bildikdən sonra müvafiq orqanlara şikayətlərlə, məhkəməyə isə iddia ərizəsi ilə müraciət etmişdir.

Birinci instansiya məhkəməsi N.Babayevin “Tərəqqi-Tikinti” MTK-da üzvlüyünə xitam verilməsi və mübahisəli mənzilin M.Babayevə verilməsi, öz növbəsində M.Babayevin kooperativ üzvlüyünə xitam verilməsi və mübahisəli mənzilin S.Əhmədova verilməsi barədə kooperativ tərəfindən qəbul edilmiş 13 iyul və 09 sentyabr 2008-ci il tarixli qərarların mülki qanunvericiliyin tələblərinə uyğun olması qənaətinə gələrək, N.Babayevin iddia tələbini rədd etmişdir.

Apellyasiya instansiyası məhkəməsində N.Babayevin və “Tərəqqi-Tikinti” MTK-nın  apellyasiya şikayətlərinə baxılarkən müəyyən edilmişdir ki, mübahisəli mənzilin M.Babayevə, sonradan isə S.Əhmədova verilməsinə dair kooperativ üzvlərinin ümumi yığıncağı keçirilməmişdir.

Bu hal “Tərəqqi-Tikinti” MTK-nın apellyasiya şikayətində və məhkəməyə təqdim olunmuş arayışında, həmçinin onun nümayəndəsinin apellyasiya instansiyası məhkəməsindəki çıxışında təsdiq edilmişdir.

Məhz bu halları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və N.Babayevin iddiasını təmin etmişdir.

Mülki mübahisə üzrə tətbiq edilməli olan mülki qanunvericiliyə gəldikdə  Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 112-ci maddəsində kooperativin üzvlüyünə xitam verilməsinin könüllü və məcburi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. 

MM-in 112.1-ci maddəsində kooperativ üzvünün kooperativdən könüllü çıxmaq hüququ, Məcəllənin 112.2-ci maddəsində göstərilən hallar olduqda isə kooperativin kooperativ üzvünü üzvlükdən məcburi çıxarması hüququ və belə hüquqların realizə olunmasının hüquqi nəticələri müəyyən edilmişdir.

Kooperativdə üzvlüyə konüllü qaydada xitam verilməsinin digər əsası MM-in 112.3-cü maddəsi ilə müəyyən edilmişdir.        

Belə ki, MM-in göstərilən maddəsinə müvafiq olaraq əgər kooperativin nizamnaməsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativin üzvü öz payını və ya onun bir hissəsini kooperativin digər üzvünə verə bilər. Payın (onun bir hissəsinin) kooperativ üzvü olmayan fiziki şəxsə verilməsinə yalnız kooperativin razılığı ilə yol verilir. Belə halda kooperativin digər üzvləri həmin payı (onun bir hissəsini) almaqda üstünlük hüququna malikdirlər. Əgər kooperativin üzvləri kooperativin nizamnaməsində nəzərdə tutulan müddət ərzində öz üstünlük hüququndan istifadə etməzlərsə, pay üçüncü şəxsə özgəninkiləşdirilə bilər.

Burada xüsusilə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə kooperativin fəaliyyətinə aid bütün mühüm məsələlərin onun üzvlərinin ümumi yığıncağı tərəfindən həll edilməsi barədə imperativ müddəa müəyyənləşdirilmişdir.

MM-in 111.3.3-cü maddəsində kooperativin ali idarəetmə orqanı olan onun üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətləri sırasında kooperativ üzvlərini qəbul etmək və çıxarmaq səlahiyyəti göstərilmişdir.

Beləliklə, yuxarıda istinad edilən mülki qanunvericiliyin müddəaları ilə kooperativin üzvlüyünə xitam verilməsinin səbəblərindən asılı olmayaraq, belə xitamın verilməsi kooperativin idarəetmə orqanlarının (idarə heyəti və s.) deyil, kooperativ üzvlərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmişdir.

Göstərilənlərə uyğun olaraq, “Tərəqqi-Tikinti” MTK-nın 13 iyul və 09 sentyabr 2008-ci il tarixli qərarları mülki qanunvericiliklə kooperativin üzvlüyünə xitam verilməsinə dair müəyyənləşdirilmiş tələblərə uyğun qəbul edilmədiyindən, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 fevral 2010-cu il tarixli qətnaməsi ilə N.Babayevin və “Tərəqqi-Tikinti” MTK-nın apellyasiya şikayətləri təmin edilmişdir.  

Azərbaycan Respublikasının qanunvericiliyi müxtəlif məhkəmə instansiyalarının səlahiyyətlərini, hüquq və vəzifələrini müəyyən etmişdir.

Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 416-cı maddəsinə əsasən bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

MPM-in 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. MPM-in 418.1-ci maddəsinə görə isə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

Qeyd olunan normaların məzmunundan göründüyü kimi, kassasiya instansiyası məhkəməsi işin hallarını və sübutları müəyyən etmir, yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 

M.Babayevin kassasiya şikayəti əsasında Ali Məhkəmənin MK-nın 15 iyul 2010-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 fevral 2010-cu il tarixli qətnaməsi ləğv edilərək, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə bir sıra maddi və prosessual pozuntulara yol verildiyi göstərilmişdir.     

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 416, 417.1.3, 418.1-ci maddələrinin tələblərinə əməl olunmamışdır.

Belə ki, kassasiya instansiyası məhkəməsi N.Babayev və “Tərəqqi-Tikinti” MTK tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş və sübut növü kimi qəbul edilmiş N.Babayevin və M.Babayevin kooperativə verilmiş ərizələrinin və kooperativin həmin ərizələr əsasında qəbul etdiyi qərarların MPM-in 89.1 və 89.3-cü maddələrinə uyğun olaraq lazımı qaydada təsdiq edilmədiyini prosessual pozuntu kimi göstərmişdir.

Lakin kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv olunmuş apellyasiya instansiyası məhkəməsinin 22 fevral 2010-cu il tarixli qətnaməsindən göründüyü kimi, bu məhkəmə N.Babayevin iddiasını göstərilən ərizə və qərarların düzgün olub-olmaması əsası ilə deyil, mübahisəli mənzilin M.Babayevə, daha sonra isə S.Əhmədova verilməsinə dair kooperativin üzvlərinin ümumi yığıncağının keçirilməməsinə görə təmin etmişdir.

MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi, yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.    

Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun MPM-in 372-ci maddəsi ilə bağlı 20 may 2011-ci il tarixli Qərarında da öz əksini tapmışdır.        

Bununla yanaşı, Ali Məhkəmənin MK-nın 15 iyul 2010-cu il tarixli qərarında apellyasiya instansiyası məhkəməsində tərəflərin irəli sürmədiyi və buna müvafiq olaraq araşdırma predmeti olmayan, həmçinin M.Babayevin kassasiya şikayətində mübahisələndirilməyən hal müəyyən edilmişdir. Belə ki, kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, N.Babayevin kooperativə verilmiş əmlak payının dövlət qeydiyyatından keçirilib-keçirilməməsi məsələsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmaması maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnmişdir.      

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, MPM-in 416, 417 və 418-ci maddələrinin məzmununa uyğun olaraq kassasiya baxışının predmetini qanuni qüvvəyə minməmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işə mahiyyəti üzrə baxılmır, işin halları araşdırılmır, yeni sübutlar qəbul olunmur və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən aktların  qanuniliyi, yəni maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsi yoxlanılır.

Kassasiya instansiyası məhkəməsi isə göstərilən prosessual normaların tələbləri ilə uzlaşmayan qərar qəbul edərək, apellyasiya instansiyası məhkəməsinə tərəflərin mübahisələndirmədiyi faktların müəyyən edilməsinə dair göstəriş vermişdir.

Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə təkrar baxılarkən heç bir yeni sübut araşdırılmamış, N.Babayevin və “Tərəqqi-Tikinti” MTK-nın mübahisəli mənzilin M.Babayevə, sonra isə S.Əhmədova verilməsinə dair kooperativ üzvlərinin ümumi yığıncağının keçirilməməsi, buna dair protokolların olmaması barədə apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verilməmişdir.

MPM-in 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir.

Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı hüquqi mövgeyi ondan ibarətdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli  həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli Qərarı).

Göstərilən mövqeyə zidd olaraq apellyasiya instansiyası məhkəməsi MPM-in 392.2-ci maddəsinin tələblərini pozaraq, qətnamədə N.Babayevin və “Tərəqqi-Tikinti” MTK-nın apellyasiya şikayətlərini hansı dəlillərə əsasən təmin etmədiyini əsaslandırmamışdır.   

Ali Məhkəmənin MK apellyasiya instansiyası məhkəməsi tərəfindən işə kooperativ üzvlüyünə xitam verilməsini tənzimləyən maddi, habelə prosessual hüquq normalarının tələblərinə əməl edilmədən baxıldığını nəzərə almayaraq, öz qərarında da gəldiyi nəticəni əsaslandırmadan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, nəticədə ərizəçinin Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi hüququnu pozmuşdur. 

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin MK-nın 25 fevral 2011-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, MPM-in 416, 417.1.3, 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır. 

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu    

QƏRARA ALDI:  

1. Nizam Babayevin Məhsun Babayevə və digərlərinə qarşı kooperativin ümumi yığıncağının qərarlarının ləğv olunması, mənzilin ona qaytarılması iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2011-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz. 

Sədr                                                                                        Fərhad Abdullayev