AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN
Q Ə R A R I
13.2.15-ci maddəsininşərh edilməsinə dair
7 dekabr 2011-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi İsmayıl İsmayılovun,
maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Vüsalə Baxışovanın, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin Maliyyə və büdcə qanunvericiliyi sektorunun müdiri Rövşən Muradovun,
ekspertlər Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Afət Mirzəyevanın, “Dəmirbank” ASC-nin hüquqşünası Əfqan İsazadənin,
mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Dadaşovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Hilal Xəlilovun, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Cəmil Əlizadənin, həmin Nazirliyin Hüquq şöbəsinin baş məsləhətçisi Anar Əsədovun, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq idarəsinin rəis müavini İlqar Süleymanovun, həmin Nazirliyin yanında Xüsusi rejimli vergi departamentinin Hüquq şöbəsinin rəisi Vüqar Qurbanovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq хцсуси конститусийа icraatı цзря açıq məhkəmə iclasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinin şərh edilməsinə dair müraciəti əsasında konstitusiya işinə baxdı.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin, ekspertlərin rəylərini və mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
M Ü Ə Y Y Ə N E T D İ:
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – VM) 13.2.15-ci maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət etmişdir.
Müraciət onunla əsaslandırılmışdır ki, VM-in 13.2.15-ci maddəsində dividendə verilmiş anlayışda mənfəətin və ya gəlirin səhmdarlar arasında digər ödəmələr şəklində bölüşdürülməsinin müxtəlif mənalarda şərh edilməsi mübahisələrin həlli zamanı çətinliklər yaradaraq, vergi ödəyicilərinin hüquqlarının pozulması ilə nəticələnən məhkəmə qərarlarının qəbul edilməsinə səbəb olur.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı ilk növbədə səhmdar cəmiyyətinin təşkilati-hüquqi formasına, onun iştirakçılarının hüquq və vəzifələrinə, bu cəmiyyətin səhmlərinin ayrı-ayrı növlərinə aid olan anlayışların açıqlanmasını zəruri hesab edir. Bu anlayışlar Azərbaycan Respublikasının mülki və vergi qanunvericiliyində müəyyən edilmişdir:
Fiziki şəxs – Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs (Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 24.2-ci maddəsi, VM-in 13.2.3-cü maddəsi);
Hüquqi şəxs – qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır (MM-in 43.1-ci maddəsi, VM-in 13.2.2-ci maddəsi);
Kommersiya hüquqi şəxsləri – fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan qurumlardır (MM-in 43.5-ci maddəsi);
Səhmdar cəmiyyəti – kommersiya təşkilatının xüsusi təşkilati-hüquqi forması olaraq səhmdar cəmiyyəti nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət sayılır (MM-in 98.1-ci maddəsi);
Səhmdar cəmiyyətinin iştirakçısı olan səhmdar öz vəsaitləri hesabına səhmlərin ilkin yerləşdirilməsi və ya onların sonrakı dövriyyəsi zamanı əldə edilməsindən asılı olmayaraq, həmin cəmiyyətlə yaranmış münasibətlərdə investor qismində çıxış edir.
Qeyd olunmalıdır ki, investorların maliyyə vəsaitlərinin cəlb edilməsi məqsədi ilə onların qiymətli kağızlar bazarında hüquqlarının və qanuni mənafelərinin səmərəli qorunması dövlətin iqtisadi siyasətinin əsas vəzifələrindən biridir. Təsadüfi deyil ki, investisiya fəaliyyətinin (sərmayədarlığın) ümumi sosial, iqtisadi və hüquqi şərtlərinin, investisiya fondlarının fəaliyyətinin prinsiplərinin və qaydalarının tənzimlənməsi sahəsində bir sıra mühüm qanunlar qəbul edilmişdir (“İnvestisiya fəaliyyəti haqqında” 13 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikasının Qanunu, “İnvestisiya fondları haqqında” 22 oktyabr 2010-cu il tarixli Azərbaycan Respublikasının Qanunu və s.).
Bununla yanaşı, VM-in 3.10-cu maddəsində vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməsi barədə müddəa nəzərdə tutulmuşdur;
Səhm – qiymətli kağız olub, səhmdar cəmiyyətində üzvlüyü və sahibinin (səhmdarın) səhmdar cəmiyyəti mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, səhmdar cəmiyyəti işlərinin idarə olunmasında iştirak etmək hüququnu və cəmiyyətin ləğvindən sonra qalan əmlakın bir hissəsinə hüququnu təsdiqləyir. Səhmin emitenti, yalnız səhmdar cəmiyyəti ola bilər (MM-in 1077.1-ci maddəsi).
Səhmlərlə təsdiq olunan hüquqların məcmusuna görə səhmlər adi və imtiyazlı kimi təsnif olunurlar.
Adi səhm sahibinə emitentin mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, emitentin fəaliyyətinin idarə olunmasında iştirak etmək və emitentin ləğvindən sonra qalan əmlakının bir hissəsini əldə etmək hüququnu verən səhm növüdür (MM-in 106-1.3, 1077.5-ci maddələri);
İmtiyazlı səhm, emitentin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, sahibinə, bir qayda olaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində dividend almasına təminat verən, emitentin ləğvindən sonra qalan əmlakının bir hissəsini almaqda digər səhmdarlara nisbətən üstünlük hüququnu, habelə səhmlərin buraxılış şərtlərində və emitentin nizamnaməsində nəzərdə tutulan digər hüquqlar verən səhm növüdür (MM-in 1077.6-cı maddəsi);
Dividend – hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.
Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir, həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır (VM-in 13.2.15-ci maddəsi);
Vergi ödəyicisi – Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir (VM-in 13.2.4-cü maddəsi).
Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələ ilə bağlı vergi və mülki qanunvericiliyinin müvafiq müddəalarının nəzərdən keçirilməsini vacib hesab edir.
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 94-cü maddəsinin I hissəsinin 15-ci bəndinə müvafiq olaraq qanunverici maliyyə fəaliyyətinin əsaslarına, vergilərə, rüsumlara və ödənişlərə dair ümumi qaydalar müəyyən edir. O, müstəqil olaraq vergitutmanın əsas elementlərini və vergilərin miqdarını, vergi ödəyicilərinin və vergitutma obyektlərinin tərkibini, vergi dərəcələrinin növlərini, vergi dövrünün davamlılığını, vergi bazasının müəyyənləşdirilməsi üçün gərəkli olan dəyər və kəmiyyət göstəricilərini, vergilərin hesablanma qaydasını və s. müəyyən edir.
Konstitusiyada təsbit olunmuş səlahiyyətlərə uyğun olaraq qanunverici maliyyə sektorunun inkişafının sürətləndirilməsi, bank və sığorta xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması, habelə banklar, sığorta və təkrar sığorta şirkətlərinin ödəmə qabiliyyətinin möhkəmləndirilməsi və həmin şirkətlərin kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılması məqsədilə 28 oktyabr 2008-ci il tarixdə “Banklar, sığorta və təkrarsığorta şirkətlərinin kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etmişdir.
Həmin Qanunun 1-ci maddəsində bankların, sığorta və təkrarsığorta şirkətlərinin mənfəətinin bir hissəsinin, yəni nizamnamə kapitalının artırılmasına yönəldilmiş hissəsinin mənfəət vergisindən azad edilməsi nəzərdə tutulmuşdur.
Bununla əlaqədar, mənfəət və xalis mənfəət anlayışlarına aydınlıq gətirilməsinə zərurət yaranır.
VM mənfəət və xalis mənfəət anlayışlarını fərqləndirir.
Həmin Məcəllənin 104.1 və 105.1-ci maddələrinə əsasən, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir, mənfəət isə müəssisənin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərqdir.
Xalis mənfəət isə VM-in 13.2.19-cu maddəsinə görə, mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəətdir.
Dividendlərə gəldikdə qeyd edilməlidir ki, onların digər ödənişlərdən fərqləndirən əsas xüsusiyyətləri, habelə yaranma və ödənilmə əsasları MM-in 106-3 və VM-in 13.2.15-ci maddələrində müəyyən edilmişdir.
MM-in 106-3.1-ci maddəsinə görə, səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi (o cümlədən, dividend şəklində səhmdarlara paylanması) səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir.
MM-in 106-1.3.7-ci maddəsində qeyd edilir ki, səhmdar cəmiyyətinin xalis mənfəətindən dividend almaq səhmdarın hüququdur. Həmin Məcəllənin 106-3.3-cü maddəsinə əsasən isə adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir.
VM-in 13.2.15-ci maddəsinin birinci hissəsində dividendin ümumi anlayışı, ikinci hissəsində isə ümumi anlayışdan istisnalar müəyyən edilmişdir. Maddənin ikinci hissəsinə əsasən hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir, həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır.
Göstərilən normada dividend anlayışından istisna edilən hallardan biri də səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsidir.
Səhmdar cəmiyyətinin nizamnamə kapitalı cəmiyyətin səhmdarlar tərəfindən əldə edilmiş səhmlərinin nominal dəyərindən təşkil olunur (MM-in 103.1-ci maddəsi).
MM-in 104.1-ci maddəsinə əsasən cəmiyyətin nizamnamə kapitalı səhmlərin nominal dəyərinin artırılması və ya əlavə səhmlərin yerləşdirilməsi yolu ilə artırıla bilər.
Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 08 iyul 2004-cü il tarixli “Səhmlərin birləşdirilməsi, xırdalanması, onların nominal dəyərinin artırılması və azaldılması zamanı emissiyanın Qaydaları”nın 3.4-cü bəndinə müvafiq olaraq səhmlərin nominal dəyərinin artırılması yolu ilə emitentin nizamnamə kapitalının artırılması, yalnız emitentin bölüşdürülməmiş mənfəəti və ya səhmdarları tərəfindən edilən ödənişlər hesabına həyata keçirilir.
MM-in 104.1-ci maddəsinin mahiyyətindən və adı çəkilən Qaydalardan göründüyü kimi, səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi:
1) əlavə səhmlərin buraxılması və onların əvəzsiz olaraq mövcud səhmdarlar arasında, onların paylarına proporsional qaydada bölüşdürülməsi;
2) mövcud səhmlərin nominal dəyərinin artırılması yolu ilə həyata keçirilə bilər.
MM-in 1077.1-ci maddəsinə uyğun olaraq səhm qiymətli kağız olub, səhmdar cəmiyyətində üzvlüyü və sahibinin (səhmdarın) səhmdar cəmiyyəti mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, səhmdar cəmiyyəti işlərinin idarə olunmasında iştirak etmək hüququnu və cəmiyyətin ləğvindən sonra qalan əmlakın bir hissəsinə hüququnu təsdiqləyir. Səhmin emitenti yalnız səhmdar cəmiyyəti ola bilər.
Bu anlayışdan göründüyü kimi, səhm səhmdara aşağıdakı hüquqları verir:
1) cəmiyyətin xalis mənfəətindən dividend almaq;
2) cəmiyyətin idarə edilməsində malik olduğu səhmlərə nisbətdə səs hüququ ilə iştirak etmək;
3) cəmiyyət ləğv edilərkən səhmdar cəmiyyətinin yerdə qalan əmlakının bir hissəsini almaq.
Səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi halında nə dividend ödənilmir, nə səslərinin bütün səslərə münasibətdə nisbəti dəyişmir, nə də belə bölüşdürülmə cəmiyyət ləğv ediləcəyi halda onun yerdə qalan əmlakının müəyyən hissəsini almaq hüququna təsir göstərmir.
Məhz bunu nəzərə alaraq qanunvericilik səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsini dividend hesab etmir, onu dividend anlayışından istisna edir.
Cəmiyyətin əmlakı hesabına səhmlərin nominal dəyərinin artırılması və ya əlavə səhmlərin yerləşdirilməsi yolu ilə nizamnamə kapitalının artırılması zamanı səhmlər bütün səhmdarlar arasında bölüşdürülür. Bu zaman hər bir səhmdara ona məxsus olan səhmlərə eyni kateqoriyadan olan, onlara proporsional həcmdə səhmlər verilir.
MM-in 98.4 və 106-1.1-ci maddələrinin müddəalarının təhlilindən məlum olur ki, səhmdarın səhmdar cəmiyyətinin əmlakına yalnız ona məxsus olan səhmlərin həcmində mülkiyyət hüququ yaranır və onun bu əmlaka münasibətdə səhmlərlə təsdiqlənən öhdəlik hüququ vardır.
MM-in 106-1.3.7 və 106-1.3.8-ci maddələrindən göründüyü kimi, səhmdarların aşağıdakı hüquqları vardır: cəmiyyətin xalis mənfəətindən dividend almaq, cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğv etmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq. Bundan başqa MM-in 106-1.3-cü maddəsi səhmdarın cəmiyyətin idarə olunmasında iştirak etmək, onun fəaliyyəti haqqında məlumat almaq hüquqlarını və digər hüquqlarını müəyyən edir.
Göstərilənlərdən müəyyən edilir ki, ilk iki hüquq qrupu əmlak hüquqlarına aid olmaqla, bu hüquqlardan hər hansı birinin həyata keçirildiyi zaman səhm sahibi gəlir əldə edir. Qanunverici cəmiyyətin əmlakına olan hüquqların cəmiyyətin üzvlərinə keçməsinin hər hansı başqa halını müəyyən etməmişdir.
Nəzərə alınmalıdır ki, MM-in 106-1.3-cü maddəsinə əsasən cəmiyyətin adi səhmlərinin sahibləri olan səhmdarların, səhmdarların ümumi yığıncağında onun səlahiyyət məsələsi, alınan dividendlərin həcmi, cəmiyyətin ləğvi halında isə səhmdarlar arasında bölüşdürülməli olan cəmiyyətin əmlakındakı payı ilə bağlı qərar qəbul edilməsinə təsir göstərmək sahəsindəki hüquqlarının həcmi səhmlərin nominal dəyəri ilə deyil, səhmdarın malik olduğu səhmlərinin sayı ilə müəyyənləşir. Cəmiyyətin hər bir adi səhminin nominal dəyərinin artırılması onun sayını və səhmdarların bir-biri ilə qarşılıqlı əmlak hüquq münasibətlərini dəyişmədiyindən baxılan halda ayrıca səhmdara məxsus hüquqların həcmi də artmır.
Səhmdar cəmiyyəti nizamnamə kapitalını öz əmlakı hesabına, lakin səhmdarların hesabı vasitəsi ilə artırarsa, vəziyyət prinsipial şəkildə dəyişər. Sonradan nizamnamə kapitalının artırılması məqsədi ilə səhmdar olan fiziki şəxsin hesabına hər hansı vəsaitin keçirilməsi zamanı cəmiyyət ödəmə mənbəyində vergini tutmağa borcludur.
VM-in 96.1 və 97-ci maddələrinin tələblərindən görünür ki, fiziki şəxslərin gəlir vergisinin obyekti vergi ödəyicisi tərəfindən əldə olunmuş gəlir, yəni qiymətləndirilməsi mümkün olan həcmdə pul və ya natura formasında iqtisadi fayda qəbul olunur.
İqtisadi faydanın olmaması vergitutma obyektinin olmamasına dəlalət edir. Bu baxımdan ilk növbədə səhmdarların cəmiyyətin nizamnamə kapitalındakı səhmlərinin nominal dəyərinin artırılması nəticəsində iqtisadi fayda əldə edib-etməməsi məsələsi aydınlaşdırılmalıdır.
Qanunvericiliyin təhlili göstərir ki, səhmlərin nominal dəyərinin artırılması heç də səhmdara birbaşa və real maddi fayda gətirmir.
VM gəlirə vahid anlayış müəyyən etməsə də, onun ümumi mətnindən belə nəticəyə gəlmək olar ki, gəlir fiziki şəxslərin aktivlərini artıran hər hansı ödəmə və ya fayda kimi nəzərdə tutulmuşdur (VM-in 98 və 99-cu maddələri).
Mənfəətin nizamnamə kapitalının artırılmasına yönəldilməsi nəticəsində təsisçilərin (payçıların) və ya səhmdarların nizamnamə kapitalındakı paylarının artımı şəklində fayda əldə etmələri məsələsi ilə bağlı o da qeyd edilməlidir ki, iş yerindən alınan hər hansı ödəmə və ya fayda VM-in 98.1-ci maddəsinə əsasən muzdlu işdən əldə edilən gəlirə aiddir və həmin Məcəllənin 122-ci maddəsində nəzərdə tutulmuş ödəmə mənbəyində tutulan vergiyə deyil, gəlir vergisinə cəlb olunmalıdır. VM-in 98.2.2 və 98.2.4-cü maddələrində fayda anlayışına aid olan ödənişlərin tipik növləri müəyyən edilmişdir. Bunlara işəgötürən tərəfindən öz işçilərinə malın, xidmətin və ya hədiyyələrin verilməsi, işçinin işəgötürənə olan borcunun silinməsi hallarını aid etmək olar.
VM-in 99.3.8-ci maddəsinə görə qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə dividendlə yanaşı, həmçinin vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu və ya vergitutma məqsədləri üçün amortizasiya hesablandığı təqdirdə) də daxil edilir.
Beləliklə, yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, fayda gələcəkdə deyil, real, yəni təqdim olunduğu təqdirdə olmalı və yalnız belə fayda fiziki şəxsin gəliri kimi qiymətləndirilməlidir. Bu fayda VM-in 122-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan vergiyə deyil, gəlir vergisinə cəlb oluna bilər.
MM-in 106-3.5-ci maddəsinə əsasən dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir.
Bu maddənin mahiyyətinə görə dividendlər tutulan hallarda cəmiyyətin müvafiq orqanları tərəfindən buna dair qərar qəbul edilir və həmin qərara uyğun qaydada dividend səhmdarlar arasında bölüşdürülür. Xalis mənfəətin dividend şəklində nizamnamə kapitalının artırılmasına yönəldilməsi zamanı dividend səhmdarlar arasında bölüşdürülmür, mənfəətin bölüşdürülməsi ilə bağlı pul və ya digər şəkildə ödəmələr həyata keçirilmir.
VM-in 99.3.8-ci maddəsinin məzmunundan göründüyü kimi, nominal dəyəri artırılmış səhm sahiblərinin həqiqi iqtisadi faydası onlar tərəfindən əmlak hüquqlarından hər hansı birinin həyata keçirilməsi zamanı yaranır və cəmiyyətin səhmdarları olan fiziki və ya hüquqi şəxslərin bu formada əldə etdiyi gəlir və ya mənfəət VM-də nəzərdə tutulmuş vergitutma obyekti kimi qəbul edilərək, fiziki şəxslərin gəlirlərindən və hüquqi şəxslərin mənfəətindən verginin hesablanmasına və tutulmasına səbəb ola bilər.
Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki:
- hüquqi şəxsin xalis mənfəəti dividend şəklində səhmdarlar arasında bölüşdürülmədiyinə, səhmdarlara ödənilmədiyinə və səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirmədiyinə görə, onun nizamnamə kapitalının artırılmasına yönəldilməsi VM-in 13.2.15-ci maddəsində nəzərdə tutulmuş dividend anlayışı ilə əhatə olunmur və dividendlərin vergiyə cəlb edilməsi üzrə vergi qanunvericiliyinin müddəaları bu əməliyyatlara şamil edilmir;
- bölüşdürülməmiş mənfəətin nizamnamə kapitalının artırılmasına yönəldilməsi nəticəsində səhmdarların səhmlərinin nominal dəyərinin artırılması yalnız səhmlərin təqdim olunduğu halda fiziki şəxs olan səhmdarın gəlir vergisinin, hüquqi şəxs olan səhmdarın isə mənfəət vergisinin hesablanmasına səbəb ola bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI щиссяsини, “Konstitusiya Məhkəməsi haqqında” Азярбайжан Республикасы Qanununun 60, 63, 65-67 вя 69-жу maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1.Hüquqi şəxsin xalis mənfəəti dividend şəklində səhmdarlar arasında bölüşdürülmədiyinə, səhmdarlara ödənilmədiyinə və səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirmədiyinə görə, onun nizamnamə kapitalının artırılmasına yönəldilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.15-ci maddəsində nəzərdə tutulmuş dividend anlayışı ilə əhatə olunmur və dividendlərin vergiyə cəlb edilməsi üzrə vergi qanunvericiliyinin müddəaları bu əməliyyatlara şamil edilmir.
2.Bölüşdürülməmiş mənfəətin nizamnamə kapitalının artırılmasına yönəldilməsi nəticəsində səhmdarların səhmlərinin nominal dəyərinin artırılması yalnız səhmlərin təqdim olunduğu halda fiziki şəxs olan səhmdarın gəlir vergisinin, hüquqi şəxs olan səhmdarın isə mənfəət vergisinin hesablanmasına səbəb ola bilər.
3.Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4.Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5.Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədr Fərhad Abdullayev