AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA
MƏHKƏMƏSİ PLENUMUNUN
QƏRARI
T. Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair
5 dekabr 2011-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Fikrət Babayev, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi İsmayıl İsmayılovun,
ərizəçi Temuraz Mənsurov və onun nümayəndəsi Əliabbas Rüstəmovun, cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Analitik və qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin məsləhətçisi Cəfər Mövsümovun iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
M Ü Ə Y Y Ə N E T D İ:
Şikayətdən və mülki işin materiallarından görünür ki, Sumqayıt şəhəri 36-cı məhəllə, ev 22/1 ünvanda yerləşən 17 saylı mənzili Temuraz Mənsurov alqı-satqı müqaviləsi əsasında almışdır.
Alqı-satqı müqaviləsini 26.01.2006-cı il tarixdə mənzilin mülkiyyətçisi Sara Cavadovanın adından etibarnamə əsasında onun oğlu Tofiq Ağabalayev bağlamışdır.
S.Cavadovanın digər oğlu Oktay Ağabalayev Sumqayıt şəhər məhkəməsinə müraciət edərək T.Ağabalayevə və T.Mənsurova qarşı vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi müddətinin bərpa olunması, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə iddia qaldırmışdır. T.Ağabalayev öz növbəsində qarşılıqlı iddia qaldıraraq qardaşı O.Ağabalayevin ləyaqətsiz vərəsə kimi tanınmasını məhkəmədən xahiş etmişdir.
İlkin iddia onunla əsaslandırılmışdır ki, O.Ağabalayevin anası 15.01.2006-cı il tarixdə vəfat etməsinə baxmayaraq, mübahisəli mənzilin alqı-satqı müqaviləsi 26.01.2006-cı il tarixdə S.Cavadovanın T.Ağabalayevə verdiyi etibarnamə əsasında bağlanmışdır.
Sumqayıt şəhər məhkəməsinin 18.03.2008-ci il tarixli qətnaməsi ilə O.Ağabalayevin ilkin iddiası və cavabdeh T.Ağabalayevin qarşılıqlı iddiası əsassız olduğundan rədd edilmişdir.
Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – Sumqayıt Apellyasiya Məhkəməsinin MK) 23.09.2008-ci il tarixli qətnaməsi ilə iddiaçı O.Ağabalayevin apellyasiya şikayəti qismən təmin olunmuş, iş üzrə Sumqayıt şəhər məhkəməsinin 18.03.2008-ci il tarixli qətnaməsinin mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi və vərəsəlik hüququnun tanınması hissəsində ləğv olunaraq bu hissədə O.Ağabalayevin iddiası təmin olunmuş və Sumqayıt şəhəri 36-cı məhəllə, 22/1 saylı evin 17 saylı mənzilinin hazırkı real dəyərinin yarısı cavabdeh T.Ağabalayevdən tutularaq iddiaçı O.Ağabalayevə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK) 08.04.2009-cu il tarixli qərarı ilə O.Ağabalayevin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 23.09.2008-ci il tarixli qətnaməsi qismən – “alqı-satqı müqaviləsinin etibarsız sayılıb mülkiyyət vəsiqəsinin ləğv olunması hissəsində rədd olunması, mübahisəli mənzilin hazırkı real dəyərinin yarısının cavabdeh T.Ağabalayevdən tutulub iddiaçı O.Ağabalayevə verilməsi” hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 31.08.2009-cu il tarixində işə yenidən baxaraq iddiaçı O.Ağabalayevin apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Sumqayıt şəhər məhkəməsinin 18.03.2008-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi və O.Ağabalayevin mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi, vərəsəlik hüququnun tanınması, mübahisəli mənzilin hazırkı real dəyərinin yarısı cavabdeh T.Ağabalayevdən tutulub O.Ağabalayevə verilməsi barədə qətnamə qəbul etmişdir.
Ali Məhkəmənin MK-nın 08.01.2010-cu il tarixli qərarı ilə O.Ağabalayevin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 31.08.2009-cu il tarixli qətnaməsinin alqı-satqı müqaviləsinin etibarsız sayılıb qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbinin rədd olunmasının dəyişdirilmədən saxlanılması və mənzilin real dəyərinin yarısının T.Ağabalayevdən tutulub O.Ağabalayevə verilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir.
Sumqayıt Apellyasiya Məhkəməsinin MK-sı 24.05.2010-cu il tarixində işə baxaraq O.Ağabalayevin apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Sumqayıt şəhər məhkəməsinin 18.03.2008-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, O.Ağabalayevin iddiasının təmin edilməsi və T.Ağabalayevlə və T.Mənsurov arasında 26.01.2006-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab ləğv edilməsi, Sumqayıt şəhəri 36-cı məhəllə, 22/1 saylı evin 17 saylı mənzilinə dair T.Mənsurovun adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə qətnamə qəbul etmişdir.
Ali Məhkəmənin MK-nın 04.10.2010-cu il tarixli qərarı ilə T.Mənsurovun kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 24.05.2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin 30.11.2011-ci il tarixli qərardadına əsasən T.Mansurovun əlavə kassasiya şikayəti Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmamışdır.
T.Mənsurov Konstitusiya Məhkəməsinə ünvanladığı şikayətində Ali Məhkəmənin MK-nın 04.10.2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Ərizəçinin fikrincə, işə baxmış apellyasiya və kassasiya instansiyası məhkəmələri Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 365.1.7-ci və 366.2-ci maddələrini tətbiq edərək, onun Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatı hüquqlarını pozmuşlar.
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Konstitusiyanın 13-cü maddəsinin I və II hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları arasında göstərilmişdir.
Digər hüquq və azadlıqlarla yanaşı, mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin I hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir.
Göstərilən Konstitusiya normalarından irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir.
Mülki Məcəllənin 6-cı maddəsinin mənasına görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Mülki Məcəllənin 152.1-ci maddəsi).
Mülki Məcəllənin 135-ci maddəsində əşya hüququnun obyektləri göstərilmişdir. Həmin maddəyə görə əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, binalar, o cümlədən pullar və qiymətli kağızlar əşyalardır.
Mülki hüquqi əqdlər, o cümlədən alqı-satqı müqavilələri əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir.
Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ, həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazi üzrə qeydiyyat tarixindən əmələ gəlir (Mülki Məcəllənin 146.1 və 146.2-ci maddələri).
Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir.
Ali Məhkəmənin MK-nın 08.01.2010-cu il tarixli qərarı ilə iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 31.08.2009-cu il tarixli qətnaməsi ləğv edilərək, iş alqı-satqı müqaviləsinin etibarsız sayılıb mülkiyyət vəsiqəsinin ləğv edilməsi göstərişi ilə yeni apellyasiya baxışına göndərilmişdir. Həmin göstərişi nəzərə alan Sumqayıt Apellyasiya Məhkəməsinin MK-sı 24.05.2010-cu il tarixli qətnaməsi ilə T.Ağabalayevlə və T.Mənsurov arasında mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqaviləsini etibarsız hesab edilməsi və mənzilə dair T.Mənsurovun adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi qərara alınmışdır.
Lakin işə təkrar baxan apellyasiya instansiya məhkəməsi alqı-satqı müqaviləsini etibarsız hesab etdikdən sonra ondan irəli gələn məsələləri həll etməmiş və Mülki Məcəllənin 337.5-ci maddəsinin müddəalarının tələblərinə zidd olaraq alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamışdır.
Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-sı tərəfindən mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi etibarsız hesab edərkən, ondan irəli gələn məsələləri həll etməmiş, alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamış və T.Mənsurovun həmin mənzilə dair ödədiyi pulun ona qaytarılmasını həll etməmişdır. Bununla belə məhkəmə tətbiq edilməli olan Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməmişdir.
Buna əsasən Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, etibarsız hesab edilən alqı-satqı müqaviləsinə müvafiq ödənilən pulun qaytarılmaması T.Mənsurovun Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab edir ki, alqı-satqı müqaviləsinin etibarsız hesab etməklə tərəflərin hüquqi statusunu ilkin vəziyyətə qaytarılması təkcə onun əqd üzrə xərclərin ödənilməsi ilə məhdudlaşmamalıdır. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsi tətbiq edildiyi halda mübahisəli əmlakın yaxşılaşdırılmasına çəkilən xərclərin əvəzinin ödənilməsinin tələb edilməsinin mümkünlüyü Mülki Məcəllənin 21-ci maddəsinin müddəasından irəli gəlir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli qərarında öz əksini tapmışdir.
Konstitusiya Məhkəməsinin Plenumu digər məsələ ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, mirasın qəbul edilməsi müddəti vərəsəlik institutun vacib aspektlərindən biridir. Belə ki, mirasın qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsini və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.
Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248 maddəsi).
Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 23.09.2008-ci il tarixli qətnaməsində iddiaçı O.Ağabalayevin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirməsinin səbəbini üzürlü olması nəticəsinə gələrək, həmin müddət bərpa edilmişdir.
Bununla bağlı qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı O.Ağabalayevin bu hissədə apellyasiya şikayətini təmin edərək, mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsinə dair irəli sürülmüş dəlillərin əsaslılığının və bu halların mülki prosessual qanunvericiliyinə görə məhz onun üzərinə sübüt etmə vəzifəsi kimi qoyulması məsələsinə diqqət yetirməmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77 və 88-ci maddələrinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, məhkəmə isə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 217.4, 218.1 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir.
Məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır (Konstitusiyanın 125 və 127-ci maddələri).
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarına irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsinin ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir.
Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsi sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə belə dəlillərin rədd edilməsinə dair nəticəsinin əsaslandırmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərarı; Hiro Bilani işi üzrə 9 dekabr 1994-cü il tarixli qərarı).
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirməsi səbəbinin üzürlü olmasını əsaslandırmalı olduğu halda bunu etməmiş və nəticədə Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.1, 88, 217.1 və 218.1-ci maddələrinin müddəalarına riayət etməmişdir.
Mülki prosessual qanunvericiliyə müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Кassasiya instansiyası məhkəməsi işə baxarkən, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (Mülki Prosesual Məcəllənin 416, 417.1.3 və 418.1-ci maddələri).
Lakin Ali Məhkəmənin MK-sı, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-sı tərəfindən yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının pozulmasını yetərincə araşdırmamış 04 oktyabr 2010-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 24 may 2010-cu il tarixli qətnaməsini dəyişdirilmədən saxlamış, bununla da Mülki Məcəllənin 337.5-ci maddəsinin və Mülki Prosessual Məcəllənin 416, 417 və 418-ci maddələrinin tələblərinə əməl etməmiş, nəticədə T.Mənsurovun Konstitusiyanın 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun və 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatının mühüm elementlərindən biri olan müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırılması əsasında hüquqların səmərəli bərpa edilməsi hüququ pozulmuşdur.
Göründüyü kimi mülki işə baxmış kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına lazımi diqqət yetirməmiş, nəticədə T.Mə nsurovun yuxarıda qeyd olunan hüquqlarının pozulmasına səbəb olmuşdur.
Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin MK-nın 04 oktyabr 2010-cu il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinə, 60-cı maddəsinin I hissəsinə,127-ci maddəsinin II, VII hissələrinə,129-cu maddəsinin III hissəsinə və Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. O.Ağabalayevin T.Ağabalayevə və T.Mənsurova qarşı vərəsəlik hüququnun tanınması, mirasın qəbul (müddətin bərpa) olunması, alqı-satqı müqaviləsinin etibarsız sayılaraq mülkiyyət vəsiqəsinin ləğv edilməsi tələbinə dair iddiası, həmçinin T.Ağabalayevin O.Ağabalayevə qarşı ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 04 oktyabr 2010-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədr Fərhad Abdullayev