Qərarlar

14.11.11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN

Q Ə R A R I

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü

maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual

Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair


14 noyabr 2011-ci il                                                                                          Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi İsmayıl İsmayılovun,

maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi İlqar Cəfərovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,

 mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Şahin Yusifovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun,

ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Firudin Səməndərovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin, ekspertin və mütəxəssislərin çıxışlarını, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N    E T D İ:

 Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 46.2, 46.3-cü maddələrinin və  Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 346.1.14-cü maddəsinin şərh edilməsini xahiş etmişdir.

 Sorğuda göstərilmişdir ki, CM-in 46.2 və 46.3-cü maddələrinin tətbiqi zamanı məhkəmələr tərəfindən, bir qayda olaraq, qanunvericiliyin tələblərinə əməl olunsa da, təcrübədə bu məsələ ilə bağlı müəyyən çətinliklər yaranır.

 Belə ki, bəzən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının CM-in Xüsusi hissəsinin müvafiq maddələrinin sanksiyasında əsas cəza növü kimi nəzərdə tutulması əsas götürülərək həmin cəzanın növünün əlavə cəza kimi təyin edilməsi qeyri-mümkün hesab edilir. Bundan başqa sanksiyada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr bəzən onun təyin edilməməsinin motivlərini ittiham hökmündə əsaslandırmırlar. Bir sıra hallarda isə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının cərimə cəzasına əlavə cəza kimi təyin edilməsi CM-in 46.3-cü maddəsi baxımından qeyri-mümkün hesab edilir.  

Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələnin düzgün həll edilməsi üçün cəzanın mahiyyətinin və məqsədinin açıqlanmasını zəruri hesab edir.

Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərar).

CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: 

- sosial ədalətin bərpası;

- məhkumun islah edilməsi;

- yeni cinayətlər törədilməsinin qarşısının alınması.

Əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır.

Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun.

Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur:

-  dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir;

-  cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır.

Cinayət qanunvericiliyində cəzaya münasibətdə sosial ədalətin nədən ibarət olması ədalət prinsipini və cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 8 və 58-ci maddələrində açıqlanmışdır. CM-in 8-ci maddəsinin mahiyyətinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır.

Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.

Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir.

Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür.

CM-in 43-cü maddəsinin mənasına görə cinayət törətməkdə təqsirli bilinən şəxslərə əsas və əlavə cəza təyin edilə bilər və bu cəzalar cəzanın məqsədini vəhdətdə təmin edir.

Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir  ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları).

Qanunun tələbləri və Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyi həm əsas, həm də əlavə cəzaların təyin edilməsinə aiddir.

Əlavə cəzalar – müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir.  

Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir.

Cəzalar sırasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü xüsusi yer tutur. Bu cəza cərimə cəzası ilə birlikdə universal cəza olmaqla həm əsas, həm də əlavə cəza kimi tətbiq edilə bilər (CM-in 43-cü maddəsi).

Həmin cəza növünün təyin edilmə müddəti konkret halda onun əsas və ya əlavə cəza olmasına işarə edir. Belə ki, CM-in 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir.

Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə  əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun.

Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır.

Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər.  

CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər.

Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi cinayət qanununun Xüsusi hissəsində nəzərdə tutulduğu, həm də nəzərdə tutulmadığı hallarda da tətbiq edilə bilər. Lakin sonuncu halda bu cəzanın əlavə cəza kimi tətbiqi zamanı mütləq CM-in 46-cı maddəsinə istinad edilməlidir. 

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası CM-in Xüsusi hissəsinin maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulduğu halda, onun əlavə cəza qismində tətbiqinə yol verilib-verilməməsi məsələsi CM-in 8-ci maddəsi baxımından həll edilməlidir.

Belə ki, ədalət prinsipini nəzərdə tutan CM-in 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bu prinsip həmçinin eyni növlü cəzanın əsas və əlavə cəza kimi təyin edilməsinin yolverilməzliyini ehtiva edir. Buna görə də eyni növlü cəzanın əsas və əlavə cəza kimi təyin edilməsi məntiqsiz, ədalət prinsipinə və cəzanın məqsədlərinə cavab verməyən kimi qəbul olunmalıdır.

Məhz bu səbəbdən CM-in Xüsusi hissəsinin maddəsinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası əsas cəza kimi nəzərdə tutulduğu və bu qisimdə tətbiq edildiyi halda, onun əlavə cəza qismində tətbiqinə yol verilməməlidir. Əsas cəza qismində həmin cəza tətbiq edilmədiyi, digər alternativ cəza tətbiq edildiyi halda isə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza qismində tətbiq edilməsinə CM-də hər hansı bir qadağa və ya istisna mövcud deyildir.

Əksinə, CM-in 46.2 və 46.3-cü maddələrinin tələbləri baxımından müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası hətta CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmayan hallarda da ictimai işlərə, islah işlərinə, intizam xarakterli hərbi hissədə saxlama və azadlıqdan məhrum etmə cəzalarına əlavə cəza kimi təyin edilə bilər. Göstərilən maddələrdə bu qaydalara hər hansı bir istisna nəzərdə tutulmamışdır.

Cinayət qanununun tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə cəza CM-in Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur. Buna görə də  müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası əlavə cəza kimi təyin edildiyi zaman CM-in 46-cı maddəsinin tələblərinin nəzərə alınması qaçılmazdır. 

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan CM-in 46-cı maddəsinə istinad edilməlidir.

Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın cərimə cəzasına əlavə olaraq tətbiq edilməsinin CM-in 46.3-cü maddəsi baxımından mümkün olub-olmamasına dair məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu cəzanın sisteminin və onun əlamətlərinin açıqlanmasını zəruri hesab edir.

Cəzanın sistemi dedikdə, bir-biri ilə qarşılıqlı əlaqədə olan, müəyyən funksiyaya malik, qanunda ağırlığına görə müəyyən edilən qaydada düzülmüş cəza növlərinin qəti siyahısı başa düşülür.        

Cəza sisteminin əlamətlərinə aşağıdakılar aiddir:

1)    Azərbaycan Respublikasında başqa növ cəzanın tətbiqinin yolverilməzliyini nəzərdə tutan cəzaların qəti siyahısı;

2)    Cəzaların ağırlığına görə az ağırdan daha ağır cəzaya doğru sıralanması;

3)    Cinayət qanunu ilə nəzərdə tutulan cəzaların tətbiqinin məhkəmələr üçün məcburiliyi.  

Cəzanın sistemi özünün strukturuna və elementlərinə malikdir. Bu sistemin elementləri qismində ayrı-ayrı növ cəzalar çıxış edir.  

CM-in 42-ci maddəsinin quruluşuna əsasən cəzaların növləri ağırlığına görə az ağırdan daha ağır cəzaya doğru sıralanır.

CM-in 43-cü maddəsinə görə cəzalar 3 növə bölünür:

    1) əsas cəzalar (CM-in 43.1-ci maddəsi); 

    2) həm əsas, həm də əlavə cəza qismində təyin oluna bilən (qarışıq) cəzalar (CM-in 43.2-ci maddəsi);

    3) əlavə cəzalar (CM-in 43.3-cü maddəsi).

Əsas cəzalar digər cəza növlərinə qoşula bilməyən cəza növləridir. Onlar daha sərt cəzalardır. Əsas cəza qismində cinayət qanununda nəzərdə tutulmuş əsas cəzalardan yalnız biri tətbiq oluna bilər. 

Qarışıq cəzalara həm əsas, həm də əlavə cəza qismində tətbiq oluna bilən cəzalar aiddir. Bunlara cərimə və müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə  məşğul olmaq hüququndan məhrum etmə cəzaları daxildir.

CM-in 43.3-cü maddəsinə müvafiq olaraq əlavə cəzalara xüsusi və ya hərbi rütbədən, fəxri addan, yaxud dövlət təltifindən məhrum etmə, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə, əmlak müsadirəsi və Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma aiddir.

Qeyd edildiyi kimi əlavə cəza müstəqil olaraq tətbiq oluna bilməz, o, əsas cəzaya birləşdirilir və onun fərdiləşdirilməsi vasitəsi kimi çıxış edir.  Buna görə də bu cəza əsas cəzadan mahiyyətcə fərqlənir. Əlavə cəza əsas cəzadan ağır ola bilməz. Məhz bu səbəbdən də qanunverici CM-in 46.3-cü maddəsində cəza növlərindən ən yüngülü olan cərimə cəzasına ondan daha ağır olan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə olaraq  təyin edilməsini nəzərdə tutmamışdır. CM-in 58.1-ci maddəsinin mənasına görə isə CM-in 46.3-cü maddəsinin müddəaları cəza təyin edilərkən mütləq nəzərə alınmalıdır.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, CM-in 42 və 46.3-cü  maddələrinin tələbləri baxımından müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası əlavə cəza kimi cərimə cəzasına təyin edilə bilməz.

Cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, onun təyin edilməməsinin motivlərinin ittiham hökmündə əsaslandırılması məsələsinə gəldikdə  Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, CPM-in 346.1.14-cü maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzaların təyin edilməsinin zəruri olub-olmaması məsələsi məhkəmə tərəfindən müzakirə edilməlidir.

Eyni zamanda, məhkəmə hökmündə əlavə cəza növünün təyin edilməsi haqqında qərarın motivləri göstərilməlidir (CPM-in 353.2.8-ci maddəsi).

Beləliklə, əlavə cəza növünün təyin edilməməsinin motivlərinin ittiham hökmündə göstərilməsi cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmamışdır.

Cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə CM-in müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər.

Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələlərlə bağlı aşağıdakı nəticəyə gəlir:

●  müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan CM-in 46-cı maddəsinə istinad edilməlidir;

●  CM-in 42 və 46.3-cü  maddələrinin tələbləri baxımından müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası cərimə cəzasına əlavə cəza kimi təyin edilə bilməz;

●  CPM-in 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər.

Məhkəmə araşdırılması zamanı Konstitusiya Məhkəməsinin Plenumu cinayət qanunvericiliyinin bir sıra maddələrinin sanksiyalarında qeyri-müəyyənliyin mövcud olmasını müəyyən etmişdir.

Belə ki, CM-in 162.2-ci maddəsinin sanksiyası əmək mühafizəsi qaydalarının pozulmasına görə üç ildən beş ilədək müddətə  müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmasını nəzərdə tutmuşdur. CM-in 43.2 və 46.1-ci maddələrinə əsasən CM-in 162.2-ci maddəsinin sanksiyasında göstərilmiş hər iki cəza əsas cəzalara aiddir. CM-in 8.2-ci maddəsinin tələblərinə görə isə bir əmələ görə iki əsas cəzanın təyin edilməsi yolverilməzdir. Eyni qüsur CM-in 284.2-ci maddəsinin sanksiyasında da mövcuddur. Bu qüsurların aradan qaldırılması yalnız qanunvericilik qaydasında mümkündür.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini,  “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir.

2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42 və 46.3-cü  maddələrinin tələbləri baxımından müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası cərimə cəzasına əlavə cəza kimi təyin edilə bilməz.

3. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz. 

Sədr                                                                    Fərhad Abdullayev