AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA
MƏHKƏMƏSİ PLENUMUNUN
QƏRARI
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin
şərh edilməsinə dair
21 oktyabr 2011-ci il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad
Abdullayev (sədrlik edən), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova,
Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran
Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi İsmayıl İsmayılovun,
maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası
Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rəisi İlqar
Cəfərovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi
qanunvericilik şöbəsinin baş məsləhətçisi Fuad Məmmədovun,
ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya
kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Firudin Səməndərovun,
mütəxəssis Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının
sədri Şahin Yusifovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV
hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə
iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin
şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusu ilə
əlaqədar konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin
nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib və iş materiallarını
araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq)
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya
Məhkəməsi) ünvanladığı sorğuda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
(bundan sonra – Cinayət Məcəlləsi) 182.2.4-cü maddəsində nəzərdə tutulmuş
“zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə” müddəasının şərh
edilməsini xahiş etmişdir.
Prokurorluğun sorğusunda qeyd olunur ki, Cinayət Məcəlləsinin
182.1-ci maddəsi hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun
yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında
rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə
özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər
hərəkətlər etməsini tələb etməyə görə cinayət məsuliyyətini müəyyən edir.
Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi eyni əməllərin zərərçəkmiş
şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilməsi ilə əlaqədar, Məcəllənin
182.3.2-ci maddəsi isə eyni əməllərin külli miqdarda əmlak əldə etmək məqsədi
ilə törədilməsi ilə əlaqədar cinayət məsuliyyətini nəzərdə tutur.
Sorğuda qeyd olunur ki, bəzən Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi
ilə nəzərdə tutulmuş zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu
ilə tələb etmə cinayətinin tərkibinin yaranması qeyd olunan ziyanın yalnız real
mövcud olması ilə şərtləndirilir. Bu zaman isə Cinayət Məcəlləsinin 182.3.2-ci
maddəsinin “külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə” müddəası
Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin “xeyli miqdarda ziyan vurmaqla
törədildikdə” müddəası ilə müqayisə olunur.
Sorğuverənin mülahizəsinə görə Cinayət Məcəlləsinin 182.2.4-cü
maddəsi ilə nəzərdə tutulmuş zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla
hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranmasının ziyanın real
mövcud olması ilə şərtləndirilməsi həmin Məcəllənin 182-ci maddəsinin mənasına ziddir.
Prokurorluq sorğuda Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində
nəzərdə tutulan “zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə”
müddəasının təqsirkar tərəfindən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə
törədildiyi, lakin faktiki olaraq xeyli miqdarda ziyanın vurulmadığı halları
ehtiva edib-etməməsinin şərh olunmasını xahiş etmişdir.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanununun 90-cı maddəsinə görə normativ hüquqi aktın məzmununda
qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar
edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh
edir. Normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir
və dəqiqləşdirilir, onların qanunvericilikdə yeri, habelə ictimai
münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə
funksional və başqa əlaqələri müəyyən edilir.
Konstitusiya Məhkəməsinin Plenumu sorgu ilə əlaqədar ilk növbədə
cinayət hüququnun qanunçuluq prinsipinin mahiyyətinin, onun konstitusion
əsaslarının, habelə bu prinsipə əməl olunmasının vacibliyinin açıqlanmasını
zəruri hesab edir.
Qanunculuğun ümumi prinsiplərinə söykənən cinayət hüququnun
prinsipləri – hüquq normalarında təsbit olunan, cinayət hüququnun və onun
institutlarının təbiətini müəyyən edən, cinayət hüququ yaradıcılığının və bu
hüququn tətbiqi ilə bağlı fəaliyyətin əsas istiqamətləridir.
Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası
Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il
tarixli Qərarında qeyd etmişdir ki,Cinayət Məcəlləsində əks olunmuş prinsiplər,
demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət hüququnda
insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra
Konstitusiya prinsiplərindən irəli gəlir (Azərbaycan Respublikası
Konstitusiyasının 25, 28, 32, 33, 60, 61, 63, 64, 65, 66, 67, 68, 71, 125 və
127-ci maddələri).
Cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə
əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ
görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi
ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi).
Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı
hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun
əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə
əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın
tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir.
Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli əməli
törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət
sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi
qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır.
Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik
cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu
dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış
olur.
Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd
etməyi zəruri hesab edir ki, qanunverici orqan tərəfindən cinayət hüquq norması
qəbul edilərkən qanunculuğun prinsiplərindən olan qanunun aliliyi, vahidliyi,
məqsədəuyğunluğu və qanunçuluğun reallığı prinsiplərinə riayət olunmasına
xüsusi diqqət yetirilməlidir. Sadalanan prinsiplərə əməl olunması
Konstitusiyada təsbit olunmuş bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik,
tarazlıq prinsiplərindən irəli gəlir.
Cinayət hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının
ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi
prinsipindən irəli gəlir və bu meyarlar Cinayət Məcəlləsinin qanunçuluq
prinsipinin təmin edilməsinə xidmət edir. Belə ki, hamının qanun və məhkəmə
qarşısında bərabərlik və qanunçuluq prinsiplərinin təmin edilməsi yalnız
cinayət hüquq normalarının bütün hüquqtətbiqedən orqanlar tərəfindən vahid
anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, qanunçuluq prinsipi
baxımından hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə
prosesində hədsiz mülahizələrə və özbaşınalığa gətirib çıxarmaqla bərabərlik,
qanunun aliliyi prinsiplərini pozmuş olar.
Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20
may 2011-ci il tarixli Qərarındavurğulamışdır ki, hər bir cinayət, habelə onun
törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər
kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin
(hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına
malik olmalıdır. Hüquq normalarının dəqiq, aydın, birmənalı və müəyyən olması,
hüquqtənzimetmə sistemində onların bir-birinə uyğunluğu tələbi konstitusion
prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının,
qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli
hüquqtətbiqetmə təcrübəsi yaranar.
Qeyd olunanlara əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab
edir ki, sorğuda qaldırılan məsələlərin düzgün həll edilməsi və
qeyri-müəyyənliyin aradan qaldırılması və qanunçuluq prinsipinin təmin olunması
üçün hədə-qorxu ilə tələb etmə cinayət əməlinin (Cinayət Məcəlləsinin 182-ci
maddəsi) tövsifi, tərkibi, tövsifedici əlamətləri araşdırılmalıdır.
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin
şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il
tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən
onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət
əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,cinayət törətməkdə
təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin
cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə
yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da
cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına,
cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət
Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə
məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.
Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etməyə
görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Həmin maddəyə əsasən hədə-qorxu
ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının
şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma
və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan
hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etməyə
görə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə
tutulmuşdur.
İlk olaraq qeyd olunmalıdır ki, cinayət qanunvericiliyində
cinayətlərin xüsusiyyətindən və təhlükəlilik dərəcəsindən asılı olaraq
cinayətlərə görə məsuliyyət müəyyən edən normalar iki qrupa bölünür: formal və
maddi quruluşa malik tərkiblər. Formal quruluşa malik olan tərkiblərdə cinayət
tərkibinin obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən
(hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli cinayətlərdə qanunla qadağan
edilən hərəkət (hərəkətsizlik) törədilən andan başa çatmış hesab edilir.
Maddi quruluşa malik olan tərkiblərdə isə hərəkətlə (hərəkətsizliklə)
yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən ictimai təhlükəli
nəticə də cinayət tərkibinin obyektiv cəhətinə daxil edilir. Maddi tərkibli
cinayətlər üzrə məsuliyyətin həlli üçün ictimai təhlükəli nəticənin baş verməsi
tələb olunur.
Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu
ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədə-qorxu ilə tələblərin ifadə
edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka
olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin
edilib-edilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu
cinayət başa çatmış hesab olunur.
Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir
ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının
müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik,
vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd
qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına
hüquqazidd müdaxilədən ibarətdir.
Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab
edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə
insanın sağlamlığı, şərəf və ləyaqətidir.
Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan
digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin
üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının
şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat
yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb
etmə cinayətinin obyektiv cəhəti hesab olunur.
Nəzərdən qaçırılmamalıdır ki, hədə-qorxu ilə tələb etmənin predmetini
zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla
yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə
bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən
hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin,
vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.).
Eyni zamanda, bəzi hallarda hədə-qorxu ilə tələb etmə zamanı əmlak
tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar
zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə
əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu
təhlükə aradan qaldırıla bilər.
Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin
bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi
ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında
rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının
hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları
yayma ilə hədələmə nəzərdə tutulmuşdur.
Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş
şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu
ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün
vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın
qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici
məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna
bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi
ilə ifadə oluna bilər.Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az
ağır və ağır zərər vurulması hədəsi başa düşülür.
Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları
üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir.
Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş
şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən
istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi
tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır.
Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi
isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə
istifadə olunur.
Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi
olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu
yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv
cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün
təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət
kəsb etmir.
Konstitusiya Məhkəməsinin Plenumu hədə-qorxu ilə tələb etmə
cinayətinin tərkibini, predmetini, obyektini, obyektiv və subyektiv cəhətlərini
araşdıraraq qeyd edir ki, hədə-qorxu ilə tələb etmə cinayəti özgənin əmlakını
və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin
edilməsini tələb etmə anından bitmiş hesab edilir.
Bununla yanaşı, cinayət qanunvericiliyində hədə-qorxu ilə tələb etmə
cinayətinin bir neçə tövsifedici əlamətləri nəzərdə tutulmuşdur. Belə
tövsifedici əlamətlərdən biri də bu əməlin zərərçəkmiş şəxsə xeyli miqdarda
ziyan vurmaqla törədilməsidir (Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi).
Qeyd olunduğu kimi, Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin
dispozisiyasına görə bu cinayət əməlinin törədilməsi əmlakın ələ keçirilməsinə
deyil, əmlakın hədə-qorxu ilə tələb edilməsinə yönəlmişdir. Bununla belə,
əmlakın ələ keçirilməsi hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin
yaranması üçün əhəmiyyət kəsb etmir. Yəni bu cür cinayətlərdə nəticənin baş
verməsi zəruri əlamət kimi çıxış etmir, çünki hədə-qorxu ilə tələb etmə
cinayəti formal tərkibli cinayətdir.
Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi
bilavasitə həmin Məcəllənin 182.1-ci maddəsində göstərilən dispozisiya ilə
bağlıdır. Belə ki, hədə-qorxu ilə tələb etmənin ağırlaşdırıcı hallarının
hər birinin (Cinayət Məcəlləsinin 182.2.1- 182.2.5-ci maddələri) əsasını
həmin maddənin dispozisiyasında verilmiş hədə-qorxu ilə tələb etmənin tərkibi
təşkil edir. Hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranması üçün
Cinayət Məcəlləsinin 182.1-ci maddəsində qeyd olunan əsasların mövcud olması
mütləq şərtdir.
Belə olan halda Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində nəzərdə
tutulmuş zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu ilə tələb
etmə cinayətinin tərkibinin yaranmasının ziyanın real mövcud olması ilə
şərtləndirilməsi, həmin Məcəllənin 182.1-ci maddəsinin dispozisiyasına uyğun
gəlmir.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı
nəticələrə gəlir:
Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb
etmə cinayət əməli özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak
xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə anındanbaşa çatmış hesab
edilməlidir.
Hədə-qorxu ilə tələb etmə cinayət əməlinin Cinayət Məcəlləsinin
182.2.4-cü maddəsində əks olunan “zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan
vurmaqla törədildikdə” tövsifedici əlamətinin həmin Məcəllənin 182.1-ci
maddəsinin dispozisiyasına uyğunlaşdırılması Azərbaycan Respublikasının Milli
Məclisinə tövsiyə olunmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV
hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun
60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI :
1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinə
əsasən hədə-qorxu ilə tələb etmə cinayət əməli özgənin əmlakını və ya əmlaka
olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb
etmə anından başa çatmış hesab edilir.
Hədə-qorxu ilə tələb etmə cinayət əməlinin Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində əks olunan “zərərçəkmiş şəxsə xeyli
miqdarda ziyan vurmaqla törədildikdə” tövsifedici əlamətinin həmin Məcəllənin
182.1-ci maddəsinin dispozisiyasına uyğunlaşdırılması Azərbaycan Respublikasının
Milli Məclisinə tövsiyə olunsun.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi»
qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda
dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə,
dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədr
Fərhad
Abdullayev
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair 21
oktyabr 2011-ci il tarixli qərarından hakim İ.Ə.Nəcəfovun
XÜSUSİ RƏYİ
Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə (bundan sonra Konstitusiya Məhkəməsi) ünvanladığı
sorğuda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət
Məcəlləsi) 182.2.4-cü maddəsində nəzərdə tutulmuş “zərərçəkmiş şəxsə xeyli
miqdarda ziyan vurmaqla törədildikdə” müddəasının şərh edilməsini xahiş
etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu sorğu əsasında qərara gəlmişdir ki,
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən
hədə-qorxu ilə tələb etmə cinayət əməli özgənin əmlakını və ya əmlaka olan
hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə
anından başa çatmış hesab edilir.
Hədə-qorxu ilə tələb etmə cinayət əməlinin Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində əks olunan “zərərçəkmiş şəxsə xeyli
miqdarda ziyan vurmaqla törədildikdə” tövsifedici əlamətinin həmin Məcəllənin
182.1-ci maddəsinin dispozisiyasına uyğunlaşdırılması Azərbaycan
Respublikasının Milli Məclisinə tövsiyə olunsun.
Plenum qərara gəldiyi nəticəni, qərarının təsviri hissəsində
göstərdiyi mövqeyləri ilə əsaslandırmışdır. Onlardan bəzisini sadalamaqla
xüsusi rəyimi bildirmək istəyirəm.
Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir:
…Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb
etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf
edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında
rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və ya onun qohumlarının
hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları
yayma ilə hədələmə nəzərdə tutulmuşdur...
...Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və
zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir.
Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər mənfəəti əldə etmək
üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın
qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici
məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna
bilər…
...Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi bilavasitə həmin
Məcəllənin 182.1-ci maddəsində göstərilən dispozisiya ilə bağlıdır. Belə ki.
Hədə-qorxu ilə tələb etmənin ağırlaşdırıcı hallarının hər birinin (CM-nin
182.2.1-182.2.5-ci maddələri) əsasını həmin maddənin dispozisiyasında verilmiş
hədə-qorxu ilə tələb etmənin tərkibi təşkil edir. Hədə-qorxu ilə tələb etmə
cinayətinin tərkibinin yaranması üçün Cinayət Məcəlləsinin 182.1-ci maddəsində
qeyd olunan əsasların mövcud olması mütləq şərtdir.
Belə olan halda Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində nəzərdə
tutulmuş zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu ilə tələb
etmə cinayətinin tərkibinin yaranmasının ziyanın real mövcud olması ilə
şərtləndirilməsi, həmin Məcəllənin 182.1-ci maddəsinin dispozisiyasına uyğun
gəlmir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin
təsnifatı cinayətlərin obyekti baxımından müəyyən olunmuşdur.
Hədə qorxu ilə tələb etməyə görə cinayət məsuliyyəti (CM-nin 182-ci
maddəsi) CM-nin İqtisadi cinayətlər bölməsinin (IX) Mülkiyyət əleyhinə olan
cinayətlər fəslinə daxil edilmişdir.
Qanunverici, cinayət qanununun bu institutunu müəyyən etməklə ilk
növbədə Konstitusiya ilə hər kəsə verilən mülkiyyət hüququnun dövlət
tərəfindən qorunduğunu bir daha təsbit etmişdir (Konstitusiya 29 maddə I,
II bəndləri).
İlk növbədə qeyd etmək lazımdır ki, 182.2.4-cü maddədə nəzərdə
tutulan cinayət öz ağırlığına görə 182.1-ci maddədə nəzərdə tutulan cinayətdən
fərqlənir. Ona görə ki, təqsirləndirilən şəxs arzu, məqsəd və niyyətinə çatması
üçün, başqa sözlə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak
xarakteri daşıyan digər hərəkətlər etməsi tələbinin reallaşması üçün,
zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuş olur. Bu halda ziyan həm
maddi, həm də mənəvi xarakterdə ola bilər.
Baş vermiş ictimai təhlükəli nəticə, zərərçəkmiş şəxsə xeyli ziyan
vurulması Cinayət Məcəllənin 182.1-ci maddəsinin dispozisiyasında təsbit edilən
ictimai təhlükəli nəticə ola bilməz. Çünki, o istədiyi əmlak xarakteri daşıyan
hüququ əldə edə bilməmişdir.
182.2.4-cü maddədə göstərilən nəticə, cinayəti edənin hədə-qorxusunun
reallaşmasının nəticəsidir. Yəni zərərçəkmiş şəxs və ya onun yaxın qohumlarının
haqqında rüsvayedici məlumatların yayılmasıdır və ya da əmlakının tələf
edilməsidir.
Digər tərəfdən Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsində
ağırlaşdırıcı hal kimi, hədə-qorxunun artıq aktiv hərəkətlər, yəni
cinayətkar tərəfindən zor tətbiq edilməsini nəzərdə tutmuşdur.
182.1-ci maddədə nəzərdə tutulan cinayət hədə-qorxu edildiyi andan
başa çatır.
182.2.3-cü və 182.2.4-cü maddələrdə nəzərdə tutulan cinayətlərdə isə,
zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor tətbiq
edildiyi, onların haqqında rüsvayedici məlumatlar yayıldığı və ya onların
əmlakları tələf edilərək xeyli miqdarda ziyan vurulduğu andan bitmiş hesab
olunur. Bu halda da törədilmiş bu cinayətlər, mənəvi və maddi ziyanın mövcud
olmasına baxmayaraq formal xarakterli cinayət sayılmalıdır. Ona görə ki,
cinayəti törətmiş şəxs cinayəti törədərkən, arzuladığı məqsəd və niyyətinə
özgənin, yəni zərərçəkənlərin əmlakına və ya əmlaka olan hüquqlarına və ya
onlar tərəfindən əmlak xarakteri daşıyan hərəkətlər etməsinə nail ola bilmir.
Plenum Normativ hüquqi aktların rəsmi şərh edilməsi qaydasını müəyyən
edən Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya
Qanununun 90-cı maddəsinin tələblərini gözləmədiyindən Cinayət Məcəlləsinin
182.2.4-cü maddəsinə verdiyi şərh səthi, nəticəvi hissəsi isə yanlış olmuşdur.
O, Cinayət Məcəlləsinin 127, 128, 147-ci və 186-cı maddələrində
nəzərdə tutulan cinayətlərlə hədə-qorxu ilə tələb etmə cinayətinin (182-ci
maddə) oxşar və fərqləndirici tərkib və əlamətlərinin funksional əlaqələrini
müəyyən etsəydi yəqin ki, qeyd edilən qüsurlardan xali olan düzgün qərar qəbul
edərdi.
Beləliklə, qəti sürətdə deyə bilərik ki, Cinayət Məcəlləsinin
182.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin Cinayət Məcəlləsinin 182.1-ci
maddənin dispozisiyasına heç bir uyğunsuzluğu yoxdur. Yalnız cinayət tərkibinin
obyektiv cəhətləri fərqlidir.
Hakim İsa Nəcəfov