AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA
MƏHKƏMƏSİ PLENUMUNUN
QƏRARI
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun
82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci
maddələrinin şərh edilməsinə dair
13 sentyabr 2011-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova, Fikrət Babayev (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Zaur Quliyevin,
maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun, Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin sədri Çingiz Bəşirov və hakim Zaur Pirverdiyevin,
ekspert Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Afət Mirzəyevanın iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Sumqayıt İnzibati-iqtisadi Məhkəməsi tərəfindən daxil olmuş müraciətlə əlaqədar konstitusiya işinə baxdı.
İş üzrə hakim F.Babayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
M Ü Ə Y Y Ə N E T D İ:
Müraciətdən aydın olur ki, Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin icraatında 2 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh “Ümid-92” kiçik müəssisəsinə qarşı 03 dekabr 2010-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1802.87 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 10000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə mülki iş vardır.
Müraciət edən hesab edir ki, adı çəkilən işlə əlaqədar olaraq qanunvericilikdə bu növ münasibətləri tənzimləyən hüquq institutları arasında qeyri-müəyyənlik, anlaşılmazlıq mövcuddur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 52.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyalarını bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır.
Vergi Məcəlləsinin 65.1 və 65.2-ci maddələrinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.
Hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər və ya tətbiq edilmiş maliyyə sanksiyaları vergi ödəyicisi tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına icra (ödəniş) sənədi olan sərəncam verir.
Vergi Məcəlləsinin 89.1-ci maddəsinə müvafiq olaraq vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.
Həmçinin Vergi Məcəlləsinin 90.1-ci maddəsində qeyd olunur ki, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər.
Lakin, 01 yanvar 2011-ci il tarixdə qüvvəyə minmiş “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – İnzibati icraat haqqında Qanun) 82.2-ci maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.
Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin qənaətinə görə vergi orqanının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən maliyyə sanksiyalarını məhkəmə qaydasında tələb etməsi və vergi orqanının vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddiaya məhkəmə qaydasında baxılması və yaxud həmin məsələ ilə bağlı vergi orqanının qəbul etdiyi qərarın inzibati akt hesab olunmaqla “İnzibati icraat haqqında” Qanunun 8-ci fəslinə müvafiq qaydada icra edilməsi məsələləri qanunvericilikdə aydın əksini tapmamışdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin (bundan sonra – Konstitusiya Məhkəməsi) Plenumu müraciətdə qaldırılan məsələyə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 16-cı maddəsinin I hissəsinə görə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Bu funksiyaların həyata keçirilməsinin təmin edilməsi qanunla müəyyən edilmiş vergiləri ödəməklə bağlı fiziki və hüquqi şəxslərin hüquqi vəzifələrini yaradır.
Konstitusiyanın 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmənin ünvanladığı müraciətlə əlaqədar olaraq ilk növbədə vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin müəyyən edilməsi əsaslarına aydınlıq gətirilməlidir.
Vergi qanunvericiliyinin pozulması dedikdə, Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olan, təqsirli olaraq törədilmiş qeyri-hüquqi əməl başa düşülür, bu əməl özünü həm hərəkətdə, həm də təqsirli şəxsin hərəkətsizliyində göstərir. Bununla belə qeyd olunmalıdır ki, şəxsin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsi qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməli və onun Konstitusiyada və digər qanunlarda təsbit olunmuş hüquq və azadlıqlarını pozmamalıdır.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 06 avqust 2002-cı il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir.
Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir.
Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləğı şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır.
Bununla belə, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə hüquqi məsuliyyətə cəlb edilməsi məqsədi ilə şəxsin hər hansı hüququnun məhdudlaşdırılması qanunvericikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir, bundan kənara çıxmamalıdır.
Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vergi məsuliyyətini hüquq məsuliyyətinin müstəqil növü kimi müəyyənləşdirərək onu inzibati məsuliyyətdən fərqləndirmişdir. Bu Qərarlarda formalaşmış hüquqi mövqeyə əsasən şəxsin vergi və digər növ məsuliyyətinin fərqləndirilməsi məsələsi həll edilərkən nəzərə alınmalıdır ki, bir hüquq münasibətinin eyni zamanda həm vergi, həm də qeyri-vergi münasibəti kimi tövsif olunması, həmçinin vergi ödəyicisi tərəfindən törətdiyi əmələ görə vergi məsuliyyətinə və digər məsuliyyətə cəlb olunması yolverilməzdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli Qərarı).
Vergi Məcəlləsinin 49.3-cü maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. Həmin Məcəllənin 49.6-cı maddəsinə əsasən isə vergi orqanı tərəfindən aşkar edilmiş vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisi inzibati məsuliyyətə cəlb edilməli olduqda, vergi yoxlamasını keçirən vergi orqanının səlahiyyətli vəzifəli şəxsi inzibati hüquq pozuntusu haqqında ayrıca protokol tərtib edir. Maddədə həmçinin qeyd olunur ki, bu hüquq pozuntuları haqqında işlərə baxılma və inzibati tənbeh tədbirlərinin həmin pozuntuların edilməsində günahkar olan vergi ödəyicisinin vəzifəli şəxslərinə və vergi ödəyicisi – fərdi sahibkara münasibətdə tətbiq edilməsi vergi orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) müvafiq olaraq həyata keçirilir.
Digər tərəfdən Vergi Məcəlləsində vergi qanunvericiliyinin pozulmasının ayrı-ayrı hallarına görə vergi orqanı rəhbərinin qərarı ilə tənbeh tədbirlərinin növləri kimi çıxış edən maliyyə sanksiyaları və faizlər tətbiq olunur (Vergi Məcəlləsinin 57-60-cı maddələri). Vergi qanunvericiliyinin pozulması ilə bağlı inzibati xəta törədildiyi hallarda isə İnzibati Xətalar Məcəlləsinin müddəalarına müvafiq olaraq inzibati hüquq pozuntusu haqqında ayrıca protokol tərtibi ilə başlanmış işlər üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsi tərəfindən qəbul olunan qərarlara əsasən təqsirli bilinən şəxslərə qarşı inzibati cərimələr tətbiq olunur (İnzibati Xətalar Məcəlləsinin 246-247, 249-cu maddələri).
Konstitusiya Məhkəməsinin Plenumu vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyalarının mahiyyətini açıqlayaraq qeyd etmişdir ki, Vergi Məcəlləsində nəzərdə tutulmuş maliyyə sanksiyalarının tətbiq edilməsi vergi vəzifələrinin yerinə yetirilməməsi nəticəsində büdcənin məruz qaldığı əmlak itkilərinin bərpa edilməsi məqsədi daşıyır. Başqa sözlə, vergi orqanları tərəfindən tətbiq edilən belə sanksiyalar bərpaedici xarakter daşıyır (Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli Qərarı).
Vergi Məcəlləsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi və vergi öhdəliyinin yerinə yetirilməməsi fərqli hüquqi nəticələr yaratdığından onların tətbiq edilməsinin müxtəlif qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Belə ki, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir (Vergi Məcəlləsinin 77.1 və 77.2-ci maddələri).
Vergi öhdəliyini yerinə yetirmədiyinə görə vergi ödəyicisindən bərpaedici xarakter daşıyan maliyyə sanksiyaları, bununla yanaşı hesablanmış və yenidən hesablanmış vergilər, faizlər yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulur.
Vergi Məcəlləsinin 65.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.
Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən isə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.
Konstitusiyanın 13-cü maddəsinin I hissəsində qeyd olunur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə müvafiq olaraq hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin həmin maddənin IV hissəsində imperativ qaydada qeyd olunur ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Mülkiyyətin mühafizəsi bir sıra beynəlxalq aktlarda da öz əksini tapmışdır. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsində qeyd olunur ki, hər bir insanın həm təkbaşına, həm də əmlaka müştərək sahiblik hüququ vardır. Heç kəs özbaşına öz əmlakından məhrum edilə bilməz.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir: “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır”.
Bununla əlaqədar xüsusilə qeyd olunmalıdır ki, vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin mülkiyyətində olan əmlakın siyahıya alınaraq ixtisaslaşdırılmış təşkilatda satılması mülkiyyətçinin Konstitusiya ilə təsbit olunmuş mülkiyyətində olan əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarına toxunduğu üçün vergi qanunvericiliyində həmin əmlakın alınmasının xüsusi qaydası nəzərdə tutulmuşdur. İnzibati cərimələrin tətbiq edilməsi isə bu cür proseduru nəzərdə tutmadığından burada mülkiyyət hüququnun məhdudlaşdırılması baş vermir.
Məhz bu səbəbdən Konstitusiyanın tələblərindən çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vergi öhdəliyini yerinə yetirməyən vergi ödəyicisinin mülkiyyətində olan əmlakın hərracda satılması yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər.
Bununla belə vurğulanmalıdır ki, şəxsin vergi məsuliyyətinə cəlb edilməsi məsələsini öz səlahiyyətləri çərçivəsində məhkəmə və ya vergi orqanı həll etməlidir. Bu məqsədlə qanunverici adıçəkilən səlahiyyətlərin həcmini və həyata keçirilmə qaydalarını birbaşa Vergi Məcəlləsində müəyyən etmişdir.
Bu mənada xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan Vergi Məcəlləsi vergi hüquq münasibətlərini tənzimləyən xüsusi qanundur. Vergi Məcəlləsinin 1.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir.
“İnzibati icraat haqqında” Qanun isə ümumi icraat qaydalarını müəyyən edən ümumi qanundur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər.
“İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.
Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin müraciəti ilə əlaqədar aşağıdakı nəticəyə gəlir:
- vergi ödəyicisinin vergi öhdəliyinin yerinə yetirilməməsi ilə əlaqədar siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uygun olaraq məhkəmə qaydasında həll olunur.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI :
1. Vergi ödəyicisinin vergi öhdəliyinin yerinə yetirilməməsi ilə əlaqədar siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uygun olaraq məhkəmə qaydasında həll olunur.
2. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədrlik edən Fərhad Abdullayev