Qərarlar

15.07.11 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLIKASI

KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN

Q Ə R A R I

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin

26 və 96-cı maddələrinin şərh edilməsinə dair

15 iyul 2011-ci il                                                                                                        Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, 

məhkəmə katibi İsmayıl İsmayılovun,

maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin hakimləri Sahibxan Mirzəyev və Camal Ramazanovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Fuad Məmmədovun,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Firuzə Abbasovanın,

mütəxəssis Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Şahin Yusifovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin  nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

M Ü Ə Y Y Ə N   E T D İ:

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 26 və 96-cı maddələrinin şərh edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət etmişdir.

Müraciətdə göstərilir ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2010-cu il 14 iyul tarixli hökmü ilə Ə.Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə 2009-cu il 22 aprel tarixli qərarı CM-in 76.6.3-cü maddəsinə əsasən ləğv edilmiş, Əli Bayramlı şəhər məhkəməsinin 2007-ci il 21 avqust tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi CM-in 67.1-ci maddəsinə əsasən hazırkı cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.

Ə.Həsənova hökmün özünə aid hissəsindən apellyasiya şikayəti verərək işə yenidən baxılmasını xahiş etmiş, lakin cinayət əməlinin sübuta yetirilməsi və tövsifi məsələlərini mübahisələndirməmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (bundan sonra – Bakı Apellyasiya Məhkəməsinin CK)  2010-cu il 8 sentyabr tarixli qərarı ilə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin Ə.Həsənova haqqında 2010-cu il 14 iyul tarixli hökmü dəyişdirilmədən saxlanılmış və apellyasiya şikayəti təmin edilməmişdir.

Bundan sonra, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət  kollegiyası (bundan sonra – Ali Məhkəmənin CK) Ə.Həsənovanın barəsində aparılan istintaq gedişində ciddi cinayət-prosessual pozuntulara yol verilməsi qənaətinə gələrək, 2011-ci il 26 yanvar tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin CK-nın 2010-cu il 30 avqust tarixli ilkin baxış və 2010-cu il 8 sentyabr tarixli yekun məhkəmə baxış qərarlarını ləğv emiş, işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə ilkin baxış mərhələsinə qaytarmışdır.

Ali Məhkəmənin CK-nın yuxarıda qeyd olunan qərarında göstərilmişdir ki, Azərbaycan dilinin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxsə təqdim edilməli olan sənədlər onun oxuya bildiyi kiril qrafikalı əlifbada təqdim edilməlidir. Belə ki, təqsirləndirilən şəxsin dindirilməsi protokolunda Ə.Həsənova Azərbaycan dilinin latın qrafikalı əlifbasında sərbəst oxuduğunu, lakin yazmaqda çətinlik çəkdiyini bildirərək onun ifadəsinin kompyuterdə kiril qrafikalı əlifbada yazılmasını xahiş etmişdir. Həmin qərarda habelə bildirilmişdir ki, icraatın aparıldığı dövlət dilini bilməyən əcnəbi ilə icraat materiallarının tərtib olunduğu Azərbaycan dilinin latın qrafikalı əlifbasını bilməyən azərbaycanlı müəyyən məqamlarda mahiyyətcə eyni vəziyyətdə olur. Çünki icraatın aparıldığı dili bilməyən əcnəbi kimi, latın əlifbasını bilməyən azərbaycanlı da icraat materiallarını oxumaq, başa düşmək və beləliklə, irəli sürülmüş ittihamdan səmərəli şəkildə müdafiə olunmaq imkanından məhrumdur. Məhz bu səbəbdən Ali Məhkəmənin CK-nın qərarında göstərilmişdir ki, CPM-in 26.2.2-ci maddəsinə əsasən dili bilməyən proses iştirakçısının tərcüməçiyə malik olmaq hüququ təmin edildiyi qaydada Azərbaycan dilinin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxsin də həmin əlifbada tərtib olunmuş sənədləri oxuyan mütəxəssisin köməyindən istifadə etmək hüququ təmin edilməlidir, bunun olmaması isə CPM-in 26-cı maddəsinin tələbinin pozulması hesab edilir.

Öz növbəsində Bakı Apellyasiya Məhkəməsi müraciətində göstərmişdir ki, CPM-in icraatın aparıldığı dilə dair tələblərini tənzimləyən normaların tətbiqi ilə bağlı qeyri-müəyyənlik yaranır.

Belə ki, CPM-in müvafiq normalarının mənasına görə yazılı icraatın aparıldığı əlifbanı bilməyən şəxs deyil, dili bilməyən şəxs tərcüməçinin köməyindən istifadə etmək hüququ olan proses iştirakçısıdır. Bu səbəbdən CPM-in 26-cı maddəsinin tələbləri baxımından bu iki şəxsin prosessual vəziyyətini eyniləşdirmək düzgün olmazdı. Eyni zamanda, Azərbaycan dilinin latın qrafikalı əlifbasında yaza bilməyən şəxsi savadsız hesab etmək də doğru olmazdı. Dili bilməyən əcnəbidən fərqli olaraq, latın qrafikalı əlifbanı bilməyən azərbaycanlı icraat zamanı öz ana dilində danışaraq fikrini ifadə edir, müvafiq prosessual hərəkətlərlə bağlı ana dilində vəsatətlər verə bilir.

Bununla yanaşı müraciətdə göstərilmişdir ki, sənədlərin Azərbaycan dilinin latın qrafikasından kiril qrafikasına keçirilməsi funksiyası cinayət prosesində mütəxəssisin prosessual statusunu müəyyən edən CPM-in 96-cı maddəsində nəzərdə tutulmamışdır.

Müraciətedənin qənaətinə görə, CPM-in 26 və 96-cı maddələrinin rəsmi şərh edilməsi qeyd olunan məsələlərlə əlaqədar vahid məhkəmə təcrübəsinin formalaşmasına zəmin yaradacaqdır.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələyə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin təyinatı cinayət törətmiş şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən etməkdir. CPM bu prosedurları  müəyyən edərək, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb etmə prosesində tarazlı (balanslı) imkanların olmasını təmin edir. Belə ki, qanunvericilikdə ittiham tərəfi ilə müdafiə tərəfi arasında nisbi tarazlaşmış imkanların hüquqi əsasları müəyyən edilmişdir.

Cinayət prosesinin həyata keçirilməsində dil xüsusi vasitələrdən biridir.  Cinayət mühakimə icraatının aparıldığı dili bilmək şübhəli və ya təqsirləndirilən şəxs üçün öz mövqeyini və hüquqlarını müdafiə etmək imkanı yaradır. İcraatın aparıldığı rəsmi dili kifayət qədər yaxşı bilməmək isə müdafiə tərəfi üçün müəyyən qədər çətin şərait yaradır. Bu baxımdan CPM-in 26-cı maddəsində göstərilən cinayət mühakimə icraatının aparıldığı dil prinsipi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi (CPM-in 11-ci maddəsi), hüquqi yardım almaq, müdafiə hüququnun təmin edilməsi (CPM-in 19-cu maddəsi) və s. prinsiplərinə uyğun həyata keçirilməlidir.

İnsan hüquqları sahəsində beynəlxalq hüquqi aktlar cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxsin icraat dilini bilməsini onun öz müdafiəsini faydalı həyata keçirmək üçün əhəmiyyətli və vacib vasitələrdən biri kimi göstərir. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinin 3-cü bəndinin “a” və “f” yarımbəndlərində qeyd edilir ki, hər bir kəs ona irəli sürülmüş ittihama baxılmasında tam bərabərlik əsasında ən azı aşağıdakı təminatlara malikdir: elan olunmuş ittihamın xarakteri və əsası barədə öz bildiyi dildə təcili və ətraflı məlumatlandırılmaq; məhkəmədə istifadə olunan dili başa düşmədikdə və yaxud həmin dildə danışa bilmədikdə tərcüməçinin köməyindən pulsuz istifadə etmək.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 5-ci maddəsinin 2-ci bəndinə əsasən tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilməlidir. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmalıdır.

Beynəlxalq normaların dillə bağlı cinayət-prosessual tələbləri cinayətdə ittiham olunan hər bir şəxsin müdafiə vasitələrindən tam və faydalı şəkildə istifadə etməsi üçün nəzərdə tutulmuşdur.

Müdafiə hüququnun həyata keçirilməsi üçün CPM-də təqsirləndirilən şəxsin cinayət işinin materiallarında olan sənədlərlə bilavasitə tanışlığını nəzərdə tutan bir sıra hüquqları müəyyən edilmişdir (CPM-in 91.5.2, 91.5.3, 91.5.18, 91.5.20-91.5.23-cü və s. maddələri). Bu hüquqların bilavasitə (şəxsən) həyata keçirilməsi yalnız şübhəli və ya təqsirləndirilən şəxsin cinayət mühakimə icraatının aparıldığı dili bilməsindən, habelə həmin dildə icra olunmuş sənədləri oxuyaraq tanış olmaq bacarığından asılıdır. Öz növbəsində, CPM-in 92.3.4-cü maddəsi cinayət prosesini həyata keçirən orqanın üzərinə cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şübhəli və təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etmək vəzifəsini qoymuş, lakin icraatın aparıldığı Azərbaycan dilinin latın qrafikalı əlifbasını bilməyən və ya tam savadsız olan şəxslərə münasibətdə CPM-də belə bir müddəa nəzərdə tutulmamışdır.

Nəzərə almaq lazımdır ki, Azərbaycan dilini bilən, lakin latın qrafikalı əlifbada icra olunmuş sənədləri oxuya bilməyən, kiril qrafikalı əlifbada icra olunmuş sənədləri oxuya bilən şəxslərin CPM-in 26.2-ci maddəsində nəzərdə tutulmuş şəxslərlə prosessual statusunun eyniliyi qəbul edilməzdir. CPM-in 26-cı maddəsi Azərbaycan dilini ümumiyyətlə bilməyən və ya bu dili qismən bilən və tam başa düşməyən şəxslərə aid edilir. 

Azərbaycan dili Azərbaycan Respublikasının rəmzi olaraq, onun müstəqilliyinin əsas əlamətlərindən biridir. Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.

Konstitusiyanın 21-ci maddəsinə əsasən  Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli, 506 saylı Fərmanının 9-cu bəndində ölkədə Azərbaycan dilində çap olunan qəzet, jurnal, bülleten, kitab və digər çap məhsullarının istehsalının 2001-ci il avqust ayının 1-ə qədər bütövlükdə latın qrafikalı əlifbaya keçməsinin təmin edilməsi göstərilmişdir. Həmin Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərmək, onun hüquqlarının məhdudlaşdırılmasına cəhd etmək kimi hallara, latın qrafikasının tətbiq olunmasına maneələr törədilməsinə görə məsuliyyət növləri müəyyən edilməlidir.

Məhz bu Fərmana uyğun olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. Məcəllənin 315-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət dilinə qarşı təbliğat aparılması, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərilməsi, onun istifadə sahəsinin məhdudlaşdırılmasına cəhd edilməsi, habelə Azərbaycan dilinin latın əlifbasının tətbiq olunmasına maneələr törədilməsinə görə inzibati tənbeh müəyyən olunmuşdur.    

“Azərbaycan Respublikasında dövlət dili haqqında” 2002-ci il 30 sentyabr tarixli Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır. Həmin Qanunun 11.4-cü maddəsində bildirilir ki, Azərbaycan Respublikası məhkəmələrində cinayət mühakimə icraatı dövlət dilində aparılır. Azərbaycanın tarixi inkişafını nəzərə alaraq, bu Qanunun 15.3-cü maddəsində göstərilir ki, Azərbaycan yazı mədəniyyətinin tarixində mühüm rol oynamış ərəb və kiril əlifbalarından xüsusi hallarda (lüğətlərdə, elmi nəşrlərdə ədəbiyyat göstəricisi və s.) istifadə edilə bilər. Qeyd edilən istisna hallar latın qrafikalı müasir Azərbaycan dilinin rəsmi dövriyyəsinə aid edilmir.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət mühakimə icraatında Konstitusiyanın 21-ci maddəsinin, CPM-in 26-cı maddəsinin, eləcə də “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun və “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanın müvafiq normalarının tələblərinə dönmədən riayət edilməsi təmin edilməlidir. 

Müraciətdən göründüyü kimi, Azərbaycan Respublikası ərazisində cinayət mühakimə icraatı dövlət dilində aparıldığı zaman Azərbaycan dilini bilən, lakin latın qrafikalı əlifbada oxumaq bacarığı olmayan şəxsin prosessual statusu CPM-in 26.2-ci maddəsində nəzərdə tutulan “cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçıları” ifadəsi ilə ehtiva olunmur və həmin şəxsə göstərilən prosessual kömək tərcümə prosesi olmadığından praktikada ona tərcüməçi deyil, mütəxəssis təyin edilir. Bununla latın qrafikalı əlifbada icra olunmuş sənədləri oxuya bilməyən şəxslərin cinayət təqibi üzrə materiallarla tanış ola bilməsi üçün cinayət prosesində mütəxəssisin iştirakının təmin edilməsi təcrübəsi formalaşmışdır.

Buna münasibətdə qeyd edilməlidir ki, şifahi Azərbaycan dilini bilən, lakin latın qrafikalı əlifbanı bilməyən şübhəli və ya təqsirləndirilən şəxsin tərcüməçi və ya mütəxəssislə təmin olunmasının imperativliyi CPM ilə nəzərdə tutulmamışdır. Bunun isə obyektiv səbəbləri vardır. CPM-in 7.0.29-cu maddəsində mütəxəssis və tərcüməçi cinayət prosesində iştirak edən digər şəxslər sırasında göstərilmiş və cinayət prosesində onların fərqli funksiya və təyinatı müəyyən edilmişdir. Belə ki, CPM-in 96.1-ci maddəsinə əsasən, mütəxəssis cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında elm, texnika, incəsənət və digər peşə sahəsindəki xüsusi bilik və bacarığından istifadə edərək kömək göstərmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir. Məsələn, yetkinlik yaşına çatmamış zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə şahidin dindirilməsində iştirak etmiş müəllim mütəxəssis hesab olunur. Mütəxəssis cinayət prosesi iştirakçılarının təklif etdikləri şəxslər sırasından təyin edilə bilər. CPM-in 99.1-ci maddəsinə əsasən isə tərcüməçi cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında icraatın materiallarını, habelə məhkəmə iclasının gedişi, istintaq və ya digər prosessual hərəkətlərin aparılması zamanı səslənən bütün danışıqları tərcümə etmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir. Tərcüməçi cinayət prosesi iştirakçılarının təklif etdikləri şəxslər sırasından təyin edilə bilər.

Göründüyü kimi, CPM-in qeyd olunan normalarının mənasına görə tərcüməçinin vəzifəsi bir dildən digər dilə tərcümə etmək, mütəxəssisin isə vəzifəsi xüsusi bilik və bacarığından istifadə edərək cinayət prosesinin həyata keçirilməsinə kömək göstərməkdən ibarətdir. CPM-in 26.2, 90.7.11, 90.7.12, 91.5.11, 91.5.12, 99.1 və 99.2-ci maddələrində yalnız cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsə münasibətdə tərcüməçinin təyin edilməsi müəyyən olunmuşdur. Həmin Məcəllənin 99.2-ci maddəsinin tələbinə əsasən, tərcüməçi cinayət mühakimə icraatının aparıldığı dili sərbəst bilməklə yanaşı, tərcümə olunan dili də sərbəst bilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, cinayət prosesində şifahi Azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şəxsə dövlət dilində tərtib olunan sənədlərin məzmununun çatdırılması zəruridir. İlk baxışdan bu prosesin transliterasiya əsasında aparılması labüdlüyü nəzərə çarpır. Transliterasiya – bir əlifbanın hərflərinin başqa əlifbanın hərfləri ilə verilməsidir. Dilçilik elmində transliterasiyanın növləri, prinsipləri və qaydaları mövcuddur. Transliterasiya sözün və ya mətnin tərcüməsi deyil, onların bir qrafik sistemdən digərinə texniki olaraq keçirilməsidir. Mətnlərin daha mötəbər transliterasiyasını dilçilik elmində xüsusi bilikləri olan filoloqlar edə bilər.

Azərbaycan dilinin keçmiş kiril qrafikasından müasir latın qrafikasına keçirilməsi üçün xüsusi biliklərə ehtiyac duyulmur. Belə ki, Azərbaycan dilinin kiril əlifbasından latın əlifbasına keçildiyi zaman transliterasiya sahəsi üzrə mütəxəssislərin biliyindən artıq istifadə olunmuşdur. Azərbaycan dilinin kiril qrafikasından latın qrafikasına keçid prosesi bitib və kiril qrafikası ilə yazılan Azərbaycan sözlərinin latın qrafikası ilə yazılma qaydaları artıq mövcuddur. 

Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, cinayət prosesində şifahi Azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxsə rəsmi dövlət dilində tərtib olunan sənədlərin məzmununun çatdırılması məsələsinə müdafiənin həyata keçirilməsi üçün faydalı vasitələr baxımından yanaşılmalıdır. Cinayət ədalət mühakiməsində şübhəli və ya təqsirləndirilən şəxsə öz müdafiəsini lazımı səviyyədə qurması üçün kifayət qədər vasitələr ayrılmalıdır. Bu vasitələrə aşağıdakıları aid etmək olar: işin materialları ilə tanış olmaq; şəxsin ona qarşı irəli sürülən ittihamı aydın başa düşmək; hər hansı prosessual tələbi irəli sürmək və s.

Kamazinski Avstriyaya qarşı iş üzrə 1989-cu il 19 dekabr tarixli qərarda  İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinin pozulması ilə əlaqədar bildirmişdir ki, tərcümə yardımı elə olmalıdır ki, təqsirləndirilən şəxsin ona qarşı qaldırılmış işi başa düşməsinə və onun özünü müdafiə etməsinə, xüsusən də öz mövqeyini məhkəmə qarşısında irəli sürməsinə imkan versin. Bununla belə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bildirmişdir ki, şikayətçiyə müdafiə olunması məqsədi ilə ədalət mühakiməsinin aparıldığı dildə danışmaq üçün vəkilin təqdim olunması ilə dövlət 6-cı maddənin 3-cü bəndinin “a” yarımbəndinin tələblərini yerinə yetirmiş olur.

Şifahi Azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxsə sənədlərlə tanış olması üçün daha səmərəli yardımı onun vəkili (müdafiəçisi) göstərə bilər. Cinayət prosesində iştirak edən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü dövlət dilini mükəmməl bilərək müdafiə tərəfinin marağından çıxış edir.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət prosesini həyata keçirən orqan şifahi Azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxsi ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ilə təmin etməlidir.

 “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. Bu mənada təqsirləndirilən şəxsin yüksək hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir.

Lagerblom İsveçə qarşı iş üzrə 2003-cü il 14 yanvar tarixli qərarda  İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar öz mülahizələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə müdafiəçi təyin edərkən işin konkret hallarını nəzərə almalıdırlar.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin cinayət mühakimə icraatının aparıldığı dili bilməsinə baxmayaraq, prosessual sənədlərin yazıldığı Azərbaycan dilinin latın qrafikalı əlifbasını bilməməsi səbəbindən həmin sənədlərlə bilavasitə onları oxumaqla tanış olmaq imkanından məhrum olması onun prosessual hüquqlarını məhdudlaşdırır. Müvafiq yazı qrafikasını bilməyən şəxslərin prosessual vəziyyəti dili bilməyən şəxslərin prosessual vəziyyəti ilə eyni qiymətləndirilməməlidir. Lakin qrafikanı bilməyən şəxslərin hüquqlarının təminatı cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxslərin hüquqlarının təminatından az olmamalıdır. Bu vəziyyətdə olan şübhəli və ya təqsirləndirilən şəxslər cinayət prosesini həyata keçirən orqanlar tərəfindən müdafiəçi ilə təmin edilməlidirlər.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir:

- cinayət mühakimə icraatında Konstitusiyanın 21-ci maddəsinin, CPM-in 26-cı maddəsinin, eləcə də “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun və “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanın yuxarıda qeyd olunan normalarının tələblərinə dönmədən riayət edilməsi təmin edilməlidir;

- cinayət mühakimə icraatında Azərbaycan Respublikasının dövlət dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxs ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ilə təmin edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 63, 65–67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A   A L D I:

1. Cinayət mühakimə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26-cı maddəsinin, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanının müvafiq normalarının tələblərinə dönmədən riayət edilməsi təmin edilməlidir.

2. Cinayət mühakimə icraatında Azərbaycan Respublikasının dövlət dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxs ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ilə təmin edilməlidir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədrlik edən                                                                    Fərhad Abdullayev