AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA
MƏHKƏMƏSİ PLENUMUNUN
QƏRARI
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü
maddəsinin şərh edilməsinə dair
09 iyun 2011-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova, Fikrət Babayev (məruzəçi-hakim), Südabə Həsənova, Ceyhun Qaracayev, Rövşən İsmayılov, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi İsmayıl İsmayılovun,
maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rəisi İlqar Cəfərovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,
ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Rafiq Quliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusu ilə əlaqədar konstitusiya işinə baxdı.
İş üzrə hakim F.Babayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
M Ü Ə Y Y Ə N E T D İ:
Azərbaycan Respublikası Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) ünvanladığı sorğuda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsinin “başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla” müddəasının, habelə bankomata özgənin kart və identifikasiya nömrəsi daxil edilməklə oradan pul vəsaitlərinin talanmasının “başqa saxlanc yerlərinə qanunsuz daxil olma” hesab olunub-olunmamasının şərh edilməsini xahiş etmişdir.
Sorğuda göstərilir ki, digər şəxsə məxsus hesab kartını və identifikasiya nömrəsini (pin-kodu) ələ keçirməklə, kartı sahibinin iradəsinə zidd bankomata qanunsuz daxil edib oradan özgəyə məxsus pul vəsaitini talayan şəxsin hərəkətinin saxlanc yerinə qanunsuz daxil olma kimi qəbul edilib-edilməməsi istintaq və məhkəmə təcrübəsində qeyri-müəyyənlik yaradır. Bu isə əməlin düzgün tövsif edilməsinə və vahid istintaq-məhkəmə təcrübəsinin yaranmasına maneçilik törədir. Prokurorluğun qənaətinə görə, CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan “başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla” müddəasının, habelə bankomatın “başqa saxlanc yerlərinə” aid olub-olmamasının şərh edilməsi zərurəti yaranmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıları qeyd edir.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 90-cı maddəsinə görə normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. Normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən edilir.
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin I və II hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin I və II hissələri).
Mülkiyyət – vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddi-iqtisadi münasibətdir. Mülkiyyət iqtisadi və hüquqi kateqoriya olub, özündə mülkiyyətçinin əldə etdiyi və ona məxsus maddi sərvətlərə malik olmaq, istifadə etmək və ona dair sərəncam vermək kimi faktiki ictimai münasibətlərin məcmusunu təşkil edir. Hüquq normaları ilə tənzimlənərkən bu münasibətlər hüquqi forma alır və hüquqi qaydada mülkiyyətçinin, ona məxsus daşınar və daşınmaz əmlaka malik olmaq, istifadə etmək və sərəncam vermək kimi hüquqlarla ifadə olunur.
Konstitusiya və digər sahəvi qanunlar mülkiyyətin bütün formalarının bərabərliyini və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyini təsbit etmişdir. Məhz bu səbəbdən də cinayət qanunvericiliyində mülkiyyətin bütün formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur.
Mülkiyyət cinayət qanunvericiliyi ilə qorunan obyektlər sırasına daxil edilmiş və onun qorunması CM-in əsas vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Belə ki, CM-in 2.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.
CM-in 23-cü fəsli mülkiyyət əleyhinə olan cinayətlərə həsr olunmuşdur. Bu kateqoriyadan olan cinayətlərə dələduzluq, mənimsəmə və ya israf etmə, soyğunçuluq, quldurluq və s. cinayət əməlləri aid edilmişdir. Həmin cinayətlər arasında talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir.
CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Bu cinayət əməli də mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasının talama cinayətləri növünə aid edilmişdir.
Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir.
Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür.
Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir.
CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir.
Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır.
CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir.
Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələlərin düzgün həll edilməsi məqsədi ilə CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirilməsini zəruri hesab edir.
Qeyd olunmalıdır ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər.
Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır.
Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.
Bununla bağlı, Konstitusiya Məhkəməsinin Plenumu bankomata özgənin kart və identifikasiya nömrəsini daxil etməklə oradan pul vəsaitlərinin talanmasının “başqa saxlanc yerlərinə qanunsuz daxil olma” kimi tövsif edilməsi məsələsinə dair aşağıdakıları qeyd edir.
Konstitusiya Məhkəməsi Plenumunun iclasında çıxış etmiş ekspertin rəyindən məlum olur ki, artıq formalaşmış məhkəmə-istintaq təcrübəsinə görə bankomata qanunsuz müdaxilə, adətən, üç qaydada həyata keçirilir:
1. talanmış hesab kartını və onun identifikasiya nömrəsini (pin kodu) daxil etməklə pulların çıxarılması;
2. bankomatın sındırılması və ya digər üsullarla zirehin aradan qaldırılması vasitəsilə seyfdəki pulların götürülməsi;
3. xüsusi proqram mexanizmlərindən və qurğulardan istifadə etməklə bankomatın seyfinə zərər vurmadan, orada olan pulların çıxarılması və yaxud digər əməliyyatların həyata keçirilməsi.
Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin 10 aprel 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 29 aprel 2002-ci il tarixdə qeydiyyata alınmış, “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili” Qaydalarının 2.16-cı bəndinə görə, bankomat – kassirin iştirakı olmadan nağd pulun verilməsi və qəbul edilməsi üçün istifadə olunan avtomat qurğudur. Göstərilən Qaydaların 8-ci bəndində bankomatlarla işin təşkili müəyyən edilmişdir. Həmin bəndə əsasən əməliyyatların yerinə yetirilməsi üçün bankomatlardan istifadə kredit təşkilatlarının müştərilərinin ödəniş kartlarını və fərdi identifikasiya nömrələrini tətbiq etməklə həyata keçirilir. Nağd pulun verilməsi (qəbul edilməsi) əməliyyatları yerinə yetirildikdən sonra müştəriyə (onun tələbi ilə) nömrələnmiş qəbz verilməlidir. Bankomatın seyfində yerləşdirilmiş modulların təmiri və bununla əlaqədar texniki xidmət bankomat tam boşaldıldıqdan sonra həyata keçirilməlidir.
Eyni zamanda, nağd və ya nağdsız əməliyyatların keçirilməsinin mümkünlüyü baxımından bankomatı oxşar əməliyyatların (nağd və ya nağdsız) keçirilməsinə xidmət edən digər qurğulardan (post terminal və s.) texniki xüsusiyyətləri nəzərə alınmaqla fərqləndirmək zəruridir.
Bankomat kassirin iştirakı olmadan nağd pulun verilməsi və qəbul edilməsi ilə yanaşı, digər müxtəlif növ ödənişlərin, pul köçürülməsi əməliyyatlarının aparılması üçün istifadə olunan avtomat qurğudur. İki hissədən – kompyuter sistemi və seyf hissəsindən ibarət olmaqla yuxarıda adı çəkilən əməliyyatların aparılmasına xidmət edir. Kompyuter hissəsində əməliyyatlar aparılır, şəxsin hesab kartı, identifikasiya nömrəsi yoxlanılır və şəxsin hesabında pul olub-olmaması araşdırılır. Bankomatın seyfində isə xüsusi kasetlərdə yerləşdirilmiş nağd pul saxlanılır. Saxlanılan pul texniki və digər vasitələrlə mühafizə olunur. Bankomatın seyfində saxlanılan pul bankomatın mənsub olduğu banka məxsusdur.
Hesab kartı bankomatın kart riderinə daxil olan kimi kompyuter sistemi həmin kartın identifikasiya nömrəsini (pin kodunu) tələb edir, identifikasiya nömrəsi daxil edildikdən sonra bankomat onun menyusunda olan xidmətlərdən birinin seçilməsini təklif edir. Xidmətlərdən biri seçildikdən sonra bankomatın kompyuter sistemi şəxs tərəfindən daxil edilən məlumatların düzgünlüyünü yoxlamaq və hesabda olan pul məbləğinin qədərini müəyyən etmək məqsədi ilə şəxsin hesabının yerləşdiyi, həmçinin hesab kartını verən bankın məlumatlarının emalı mərkəzinə sorğu göndərir. Bankın məlumatlarının emalı mərkəzindən müsbət cavab gəldikdə, bankomat bank hesabında nəzərdə tutulmuş məbləğ civarında şəxsə pul verir və yaxud bankomatın menyusunda nəzərdə tutulmuş xidmətlərin hər hansı birindən yararlanmağa imkan yaradır.
Göstərilən xüsusiyyətləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, talanmış hesab kartını və onun identifikasiya nömrəsini (pin kodu) bankomata daxil etməklə pulların çıxarılması müvafiq olaraq CM-in 177.2.3, 180.2.3, 181.2.3-cü maddələrində öz əksini tapan cinayət tərkibini yaratmır. Belə ki, şəxs talanmış hesab kartı ilə bankomatın seyfinə deyil, bankomatın kompyuter sistemi vasitəsi ilə hesab kartının sahibinin hesabına qanunsuz daxil olur və müvafiq əməliyyatları yerinə yetirdikdən sonra, bankomat seyfdə olan və hesabda nəzərdə tutulmuş məbləğ civarında şəxsə pul verir. Bankomatın tərkibində olan kompyuter sistemi bankomatda olan seyflə, şəxsin hesabı və şəxs arasında vasitəçi rolunu oynayır.
Bu baxımdan, talanmış hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin hesab kartının sahibinin hesabından oğurluq edir.
Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi zamanı təqsirkar maneələri dəf etmək və göstərilən obyektlərdə yerləşən əmlakı ələ keçirmək məqsədi ilə əlavə güc və vasitələr tətbiq edir. Bu zaman təqsirkar qıfılları, qapıları, pəncərələri və s. zədələyərək mülkiyyət obyektlərinə ciddi ziyan vurur.
Göstərilənlərdən belə nəticəyə gəlinir ki, bankomata daxil olmaqla törədilən oğurluğun CM-in 177.2.3-cü maddəsi ilə tövsif olunması üçün qanunsuz daxil olma yalnız fiziki təsir, fiziki güc tətbiq etməklə, bankomatın seyfinin kilidinin sındırılması, seyfin divarlarının qaynaq və ya digər texniki vasitələrlə kəsilməsi, cırılması və ya əridilməsi kimi hərəkətlərlə müşayiət olunmalıdır.
Hesab kartını oğurlayan şəxs həmin kartda olan pul məbləğini ələ keçirməyə və ya həmin məbləği öz maddi maraqları naminə istifadə etməyə yönəlmiş hərəkətlərini başa çatdıra bilmədiyi halda, şəxsin əməli onun niyyətindən asılı olaraq cinayət törətməyə cəhd kimi qiymətləndirilə bilər. Hesab kartını oğurlayan, lakin iradəsindən asılı olmayan səbəblərə görə qəsdən edilən əməli başa çatdıra bilməyən şəxsin məqsədi araşdırılarkən, onun hesab kartında olan pul məbləği barədə məlumatının və yaxud hesab kartında olan pul məbləğinə dair ehtimalının real olması müəyyən edilməlidir. Hesab kartını oğurlayan şəxsin talanmış kartın sahibinin bank hesabında olan pul məbləği barədə dəqiq məlumatı və yaxud real ehtimalı olduğu, lakin iradəsindən asılı olmayan səbəblərə görə qəsdən edilən əməli başa çatdıra bilmədiyi halda, bu əməl cinayət etməyə cəhd kimi, əgər bank hesabında olan pul məbləği barədə məlumatı və yaxud hesabda olan pul məbləğinə dair ehtimalının real əsasları olmadığı halda isə, şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulmuş xırda talama kimi tövsif olunmalıdır.
Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, bu Qərarda “başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla” müddəasına hazırda qüvvədə olan CM-in 177.2.3-cü maddəsinin tələbləri baxımından şərh verilmişdir.
· Bununla belə vurğulanmalıdır ki, ictimai həyatın iqtisadi və sosial sahələrində baş verən dəyişikliklər cinayətkarlığın strukturunda və dinamikasında yeni tendensiyaları şərtləndirmişdir. Cinayətlərin yeni növlərinin, cinayətkar fəaliyyətin yeni forma və vasitələrinin meydana gəlməsi belə əməllərə görə cinayət məsuliyyətinin müəyyənləşdirilməsini zəruri edir. Belə əməllərə son illərin təcrübəsində yer alan, yeni texnologiyalardan istifadə etməklə özgənin əmlakını saxlanc yerlərindən, yaxud neft və ya qaz boru kəmərlərindən talamanı və s. aid etmək olar. Məsələn, “neft və qaz boru kəmərləri” anlayışları oğurluq zamanı CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan “saxlanc yeri”nin bütün əlamətlərini özündə ehtiva etsə də, talamanın bu formasına görə cinayət məsuliyyəti qanunvericilikdə öz əksini tapmamışdır. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, CM-in 177-ci maddəsinin dispozisiyasının müasir dövrün tələbləri nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədə müvafiqdir.
Qeyd olunanlara əsasən sorğuda qaldırılan məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:
- CM-in 177.2.3-cü maddəsinin “başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla” müddəası özgəyə məxsus oğurlanmış hesab kartı və identifikasiya nömrəsi ilə bankomatın informasiya sisteminə daxil olmaqla oradan hesab kartının sahibinin hesabında olan pul vəsaitinin çıxarılmasını ehtiva etmir;
- bankomata qanunsuz daxil olma fiziki təsir, fiziki güc tətbiq etməklə, bankomatın seyfinin kilidinin sındırılması, seyfin divarlarının qaynaq və ya digər texniki vasitələrlə kəsilməsi, cırılması və ya əridilməsi kimi hərəkətlərlə müşayiət edilərsə, bu halda törədilən əməl CM-in 177.2.3-cü maddəsi ilə tövsif olunmalıdır;
- Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarda CM-in 177-ci maddəsinin dispozisiyası ilə bağlı əks olunmuş mövqeyi cinayət qanunvericiliyinin təkmilləşdirilməsi zamanı Azərbaycan Respublikası Milli Məclisi tərəfindən nəzərə alınsın.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin “başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla” müddəası özgəyə məxsus oğurlanmış hesab kartı və identifikasiya nömrəsi ilə bankomatın informasiya sisteminə daxil olmaqla oradan hesab kartının sahibinin hesabında olan pul vəsaitinin çıxarılmasını ehtiva etmir.
2. Bankomata qanunsuz daxil olma fiziki təsir, fiziki güc tətbiq etməklə, bankomatın seyfinin kilidinin sındırılması, seyfin divarlarının qaynaq və ya digər texniki vasitələrlə kəsilməsi, cırılması və ya əridilməsi kimi hərəkətlərlə müşayiət edilərsə, bu halda törədilən əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmalıdır.
3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin dispozisiyası ilə bağlı əks olunmuş mövqeyi cinayət qanunvericiliyinin təkmilləşdirilməsi zamanı Azərbaycan Respublikası Milli Məclisi tərəfindən nəzərə alınsın.
4. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
5. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədrlik edən Fərhad Abdullayev