Qərarlar

20.05.11 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN

Q Ə R A R I

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci

maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair

20 may 2011-ci il                                                                                                      Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi İsmayıl İsmayılovun,

maraqlı subyektlərin nümayəndələri Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Namiq Cəfərovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,

mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Şahin Yusifovun, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun və Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini Qəzənfər Bayramlının iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 06 dekabr 2010-cu il tarixli, 19952 saylı müraciəti əsasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin “... məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun” müddəasının şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.İsmayılovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib iş materiallarını müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N     E T D İ:

Bakı şəhəri Suraxanı rayon məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 92.12-ci maddəsinin “... məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun” müddəasının şərh olunmasını Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindən (bundan sonra  – Konstitusiya Məhkəməsi) xahiş etmişdir.

Suraxanı rayon məhkəməsi vətəndaş R.Ağayevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxarkən, müdafiəçiyə malik olmaq hüququnun həyata keçirilməsi məsələləri ilə bağlı CPM-in 92.12-ci maddəsinin qeyd edilən müddəasının şərh edilməsi zərurətinin olduğu qənaətinə gəlmişdir.

Müraciətdə göstərilir ki, mövcud məhkəmə təcrübəsinə əsasən, əgər təqsirləndirilən şəxsin müdafiəçisi yoxdursa, məhkəmələr bütün hallarda ona müdafiəçi təyin olunması barədə qərar qəbul edir, müdafiəçinin orderi işə əlavə olunur və yalnız bundan sonra həmin müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsin müdafiəçidən imtina edib-etmədiyi araşdırılır, əgər təqsirləndirilən şəxs müdafiəçidən imtina edirsə, müdafiəçinin iştirakı ilə ondan bu barədə ərizə alınır.

Məhkəmənin qənaətinə görə, CPM-in 92.12-ci maddəsi yalnız iki halda tətbiq edilə bilər. Birincisi, təqsirləndirilən şəxsin müdafiəçisi var, lakin o, müdafiəçidən imtina etmək istəyir. İkincisi isə, təqsirləndirilən şəxsin müdafiəçisi yoxdur, lakin CPM-in 92.3-cü maddəsinə görə, cinayət prosesində müdafiəçinin iştirakı təmin edilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinin məzmununa əsasən, məhkəmələr yalnız insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər. Müraciətdə qaldırılan məsələ bilavasitə Konstitusiyanın 61-ci maddəsində təsbit olunmuş hüquqi yardım almaq hüququnun həyata keçirilməsi ilə bağlıdır. Konstitusiyanın həmin maddəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ, hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.

Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir.

Hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin edir. Bunun davamı olaraq ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir.

Müdafiə olunmaq hüququ və hüquqi yardım almaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda hər bir şəxsin səmərəli hüquqi yardım hüququnun təmin olunması müəyyən edilmişdir. Paktın 14-cü maddəsinə görə, hər bir şəxs ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılarkən öz iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən və ya seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək; əgər müdafiəçisi yoxdursa, bu hüququ barədə xəbərdar edilmək və ədalət mühakiməsinin maraqları bunu tələb etdiyi istənilən halda onun üçün təyin edilmiş müdafiəçiyə, bu müdafiəçinin haqqını ödəməyə kifayət qədər vəsaiti olmadığı istənilən halda isə pulsuz müdafiəçiyə malik olmaq hüququna malikdir.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 3 “c” yarımbəndində cinayət törətməkdə ittiham olunan hər kəsin şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək hüququ təsbit edilmişdir.

Konvensiyanın 6-cı maddəsinin 3 “c” yarımbəndində təsbit olunmuş hüququn məqsədi müdafiə tərəfini adekvat təqdim etməkdən ibarətdir (Avropa Məhkəməsinin Mayzit Rusiyaya qarşı iş üzrə 20 yanvar 2005-cı il tarixli Qərarı, § 65). Çəkişmə prinsipi baxımından bu müddəanın məqsədi təqsirləndirilən şəxsə qarşı tərəflə müqayisədə onu əlverişsiz vəziyyətdə qoymayan şərtlərlə öz müdafiəsini qura bilməsi üçün ağlabatan imkan verməkdir (Avropa Məhkəməsinin Bulut Avstriyaya qarşı iş üzrə 22 fevral 1996-cı il tarixli Qərarı, § 47; Avropa Məhkəməsinin Popov Rusiyaya qarşı iş üzrə 13 sentyabr 2006-cı il tarixli Qərarı, § 177).

Puatrimol Fransaya qarşı iş üzrə 23 noyabr 1993-cü il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) qeyd etmişdir ki, hər bir təqsirləndirilən şəxsin müdafiəçi ilə səmərəli müdafiə olunmaq hüququ ədalət mühakiməsinin əsas cəhətlərindən biridir (§34). Təqsirləndirilən şəxsin müdafiəçisi həmçinin cinayət prosesinin qanuniliyinin təminatçısı kimi çıxış edə bilər (İnsan hüquqları üzrə Avropa Komissiyasının Enslin, Baader və Raspe Almaniyaya qarşı iş üzrə  08 iyul 1978-ci il tarixli Qərardadı, 14 DR 64, səh. 114).

Pakelli Almaniyaya qarşı iş üzrə 25 aprel 1983-cü il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3 “c” yarımbəndi cinayət törədilməsində təqsirləndirilən şəxsin üç hüququna zəmanət verir: şəxsən özünü müdafiə etmək, özü tərəfindən seçdiyi müdafiəçiyə malik olmaq və müəyyən şərtlərlə pulsuz müdafiəçiyə malik olmaq... Özünü şəxsən müdafiə etmək istəməyən hər bir təqsirləndirilən şəxs özü tərəfindən seçdiyi müdafiəçinin xidmətlərindən istifadə etmək imkanına malik olmalıdır; müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ona pulsuz təqdim olunmalıdır (§ 31).

Şəxsən özünü müdafiə etmək hüququ Konstitusiyanın 61-ci maddəsində bilavasitə nəzərdə tutulmasa da, bu hüquq adıçəkilən maddənin mahiyyətindən irəli gəlir. Belə ki, cinayət prosesində müdafiəçiyə malik olmaq hüququnun daşıyıcısı (subyekti) şübhəli və ya təqsirləndirilən şəxsdir. Bu səbəbdən də, əgər ədalət mühakiməsinin maraqlarına zidd deyilsə, şübhəli və ya təqsirləndirilən şəxsin bu hüquqdan istifadə edib-etməməsi, öz müdafiəsini şəxsən, ya da özünün seçdiyi, yaxud təyin olunmuş müdafiəçinin köməyindən istifadə etməklə həyata keçirmək kimi məsələlər məhz onun iradəsinin ifadə olunması ilə səciyyələnir. Bununla da şəxsiyyətin ləyaqəti və onun müstəqil və sərbəst olaraq qərar vermək hüququ təsdiq olunur.

Göstərilənlərlə əlaqədar qeyd olunmalıdır ki, müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir.

Bu mənada təqsirləndirilən şəxsin yüksək hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir. Belə ki, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ şəxsin hüquq və azadlıqlarının, həmçinin qanuni mənafelərinin müdafiəsinin təmin edilməsi ilə yanaşı, ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə prinsipləri əsasında həyata keçirilməsinin başlanğıc şərti kimi qiymətləndirilməlidir (Konstitusiyanın 127-ci maddəsinin IV və VII hissələri).

Eyni zamanda nəzərə almaq lazımdır ki, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinin maraqları naminə təqsirləndirilən şəxsin müdafiəçi ilə məcburi təmsil olunması Konvensiyaya zidd deyil (Avropa Məhkəməsinin Kroysan Almaniyaya qarşı iş üzrə 25 sentyabr 1992-ci il tarixli Qərarı, §27, 29). Başqa sözlə, özünü müdafiə etmək hüququ insan hüquqları sistemində vacib yer tutsa da, mütləq xarakter daşımır. Buna müvafiq olaraq ədalət mühakiməsinin maraqları tələb etmirsə, müdafiəçinin yardımından istifadə etmək hüququnun həyata keçirilməsinə hər hansı məcburiyyət yolverilməzdir.

Cinayət prosesində müdafiəçinin iştirakının məcburiliyi bir çox dövlətlərin qanunvericiliyində nəzərdə tutulur (Almaniya, Bolqarıstan, Fransa, Norveç, Rusiya Federasiyası, Serbiya).

Adıçəkilən ölkələrin qanunvericilik təcrübəsi onu göstərir ki, bu məsələ həll olunarkən iki yanaşmadan istifadə olunur. Birinci yanaşmaya əsasən, cinayət prosesində müdafiəçinin iştirakı təmin edilməli olduğu konkret hallar bilavasitə qanunvericilikdə öz əksini tapmışdır. İkinci yanaşmaya görə isə müdafiəçinin cinayət prosesində iştirakı məsələsinin həlli bir sıra hallarda (Almaniya və Norveçdə olduğu kimi) məhkəmələrin mülahizəsinə buraxılmışdır.

Azərbaycan Respublikasında da ədalət mühakiməsinin maraqlarının təmin edilməsi məqsədilə vəkilin cinayət prosesində məcburi iştirakı halları nəzərdə tutulub. Belə ki, CPM-in 92.3-cü maddəsində cinayət prosesində müdafiəçinin iştirakının təmin olunduğu hallar göstərilmişdir. Bu halların hər hansı biri mövcud olduqda cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməlidir.

Göründüyü kimi, müdafiəçiyə malik olmaq konstitusion hüququnun həyata keçirilməsinin qaydaları və şərtlərini tənzimləyərkən qanunverici CPM-in 92.3-cü maddəsi ilə bu hüququn reallaşdırılmasını şübhəli (təqsirləndirilən) şəxsin iradəsi və ya ədalət mühakiməsinin maraqlarının tələb etdiyi konkret halların mövcudluğu ilə əlaqələndirərək onun realizə edilməsinin cinayət prosesini həyata keçirən orqanın mülahizəsindən asılı olmadığını müəyyən etmişdir.

Belə ki, CPM-in 92.3.1-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçinin iştirakını tələb edə bilər. Bu halda həmin şəxsə özünə müdafiəçi seçmək üçün şərait yaradılmalı, hüquqi yardımı ödəməyə vəsaiti olmadıqda isə ödənişsiz, dövlət hesabına müdafiəçi ilə təmin olunmalıdır. CPM-in 92.3.2- 92.3.13-cü maddələrində göstərilən hallarda isə şübhəli və ya təqsirləndirilən şəxsin tələb edib-etməməsindən asılı olmayaraq müdafiəçinin iştirakı təmin edilməlidir.

Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericilik cəmiyyətdə gedən dəyişiklikləri və ümumiyyətlə, ictimai münasibətlərin müxtəlifliyini tam axıra kimi nəzərə ala bilməz. Qanunverici bütün halları əhatə edən və daim inkişafda olan hüquq münasibətlərini tənzimləyən hüquq normalarının qəbul olunmasına çalışsa da, bəzən bu obyektiv olaraq mümkün olmur... Nəticədə müvafiq norma olmadığına görə nizamlanmalı olan müəyyən hallar hüquqi tənzimlənmədən kənarda qalır.

Bu hüquqi mövqeyə müvafiq olaraq və Konstitusiyanın 61-ci maddəsinin III hissəsinin, habelə Konvensiyanın 6-cı maddəsinin 3 “c” yarımbəndinin məzmunlarını nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət prosesini həyata keçirən orqanlar CPM-in 92.3-cü maddəsində nəzərdə tutulmayan hallarda da şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin edə bilər. Şübhəli və ya təqsirləndirilən şəxsin CPM-in 92.3-cü maddəsində nəzərdə tutulan hallarda müdafiəçi ilə təmin edilməsi və cinayət prosesini həyata keçirən orqanların mülahizəsi əsasında müdafiəçinin təmin edilməsi arasında hüquqi nəticə etibarilə fərq yoxdur. Hər iki halda müdafiəçi şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsini həyata keçirərkən cinayət-prosessual qanunvericilikdə müəyyən olunmuş tələblərə və qaydalara əməl etməlidir.

Cinayət prosesini həyata keçirən orqanların bu qərarı obyektiv və əsaslı olmalı, habelə ədalət mühakiməsinin maraqlarına cavab verməlidir. Laqerblom İsveçə qarşı iş üzrə 14 yanvar 2003-cü il tarixli Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərilməsini ədalət mühakiməsinin maraqlarının tələb edib-etməməsi məsələsi həll edilərkən cinayətin ağırlıq dərəcəsi, təyin edilə bilən cəzanın sərtliyi və işin mürəkkəbliyi nəzərə alınmalıdır (§51). Beləliklə, cinayət prosesini həyata keçirən orqanlar öz mülahizələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə müdafiəçi təyin edərkən işin konkret hallarını nəzərə almalıdırlar.

Qanunverici həmçinin şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etmək hüququnu təsbit etmişdir. Belə ki, CPM-in 92.12-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda əks etdirilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. Hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən, habelə bu Məcəllənin 92.3.2-92.3.5, 92.3.8, 92.3.12, 92.3.13-cü maddələrində nəzərdə tutulmuş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır.

Sistemli əlaqədə olan və normativ vahidliyi ilə xarakterizə olunan CPM-in 92.3 və 92.12-ci maddələrinə görə, bu Məcəllənin 92.12-ci maddəsində nəzərdə tutulan qaydalar əsasında həyata keçirilən müdafiəçidən imtina yalnız 92.3-cü maddədə göstərilən bəzi hallarda mümkündür. Adıçəkilən maddələr arasında müvafiq əlaqəni CPM-in 92.12-ci maddəsinin sonuncu cümləsi göstərir. Bu normada qanunverici müdafiəçidən imtinanın qəbul olunmaması hallarını sadalayarkən CPM-in 92.3-cü maddəsinə istinad edir. Bu hallar 92.3.2-92.3.5, 92.3.8, 92.3.12, 92.3.13-cü maddələrində nəzərdə tutularaq şübhəli və ya təqsirləndirilən şəxsin fərdi keyfiyyətləri ilə bağlıdır. CPM-in 92.3-cü maddəsində göstərilən bütün digər hallarda (92.3.1, 92.3.6, 92.3.7, 92.3.9-92.3.11-ci maddələr) isə müdafiəçidən imtina qəbul oluna bilər, lakin onun realizə olunması CPM-in 92.12-ci maddəsinin ikinci cümləsinin tələblərinə cavab verməlidir. Cinayət prosesini həyata keçirən orqanların mülahizələrinə əsasən təyin edilmiş müdafiəçidən imtina da eyni tələblərə uyğun həyata keçirilməlidir. Yuxarıda qeyd edildiyi kimi cinayət prosesini həyata keçirən orqanlar öz mülahizələrinə əsasən müdafiəçi təyin edərkən şəxsin fərdi keyfiyyətlərini deyil, işin konkret xüsusatlarını nəzərə almalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hüquqi yardım almaq hüququndan imtinanı müdafiəçidən imtinadan fərqləndirmək lazımdır. Birinci halda şübhəli və ya təqsirləndirilən şəxs bu və ya digər formada müdafiəçiyə malik olmaq hüququnun həyata keçirilməsindən imtina edib, özünün başqa hüququnu – şəxsən müdafiə olunmaq hüququnu realizə etmək istəyini biruzə verir. İkinci halda isə, şübhəli və ya təqsirləndirilən şəxs artıq təyin olunmuş, yaxud CPM-in 92.3-cü maddəsinə görə təmin olunmalı müdafiəçidən imtina edir.

CPM-in 92.3 və 92.12-ci maddələri vəhdət təşkil etdiyindən, CPM-in 92.12-ci maddəsində nəzərdə tutulan müdafiəçidən imtina qaydası ikinci hala şamil olunur.

CPM-in 92.12-ci maddəsinin müddəalarından görünür ki, müdafiəçidən imtina bir neçə şərtə əməl edildiyi təqdirdə həqiqi və real hesab olunaraq müvafiq orqan tərəfindən qəbul edilir. Bu şərtlər müdafiəçidən imtina haqqında ərizənin şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən öz təşəbbüsü ilə könüllü verilməsi və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin imtina prosedurunda iştirakıdır. Eyni zamanda CPM-in 92.12-ci maddəsinin axırıncı cümləsinin məzmununa görə, yalnız şüurlu imtinaya yol verilir. Digər tərəfdən CPM-in 19.4.2-ci maddəsinin müddəalarına əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxslərə onların hüquqlarını izah etməlidir. Belə ki, yalnız bilikli imtinaya yol verilir, yəni şəxs öz hüququndan imtina edərkən onun məzmununu aydın şəkildə dərk etməlidir.

Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, Konvensiyanın 6-cı maddəsinin məzmunu şəxsə ədalətli məhkəmə araşdırılmasının təminatlarından qəti sürətdə və yaxud sükutla imtina etməyi qadağan etmir (Avropa Məhkəməsinin Böyük Palatasının Hermi İtaliyaya qarşı iş üzrə 18 oktyabr 2006-cı il tarixli Qərarı, §73). Lakin, belə imtinanın Konvensiyanın məqsədləri baxımından həqiqi olması üçün imtina müəyyən olunmalı və onun vacibliyi müvafiq minimal təminatlarla müşayiət olunmalıdır (Avropa Məhkəməsinin Puatrimol Fransaya qarşı iş üzrə 23 noyabr 1993-cü il tarixli Qərarı, §31). Bundan başqa, imtina hər hansı vacib ictimai maraqlara zidd olmamalıdır (Avropa Məhkəməsinin Hakansson və Sturesson İsveçə qarşı iş üzrə 21 fevral 1990-ci il tarixli Qərarı, §66; Avropa Məhkəməsinin Böyük Palatasının Seyidoviç İtaliyaya qarşı iş üzrə 01 mart 2006-cı il tarixli Qərarı, §86). Tələb olunan hüquqdan imtina təkcə könüllü deyil, eyni zamanda bilikli və şüurlu olmalıdır. Ədalətli məhkəmə araşdırılmasının anlayışını təşkil edən fundamental hüquqlardan biri olaraq və Konvensiyanın 6-cı maddəsinin təminatlarının səmərəliliyini təmin edən müdafiəçiyə malik olmaq hüququ bilikli və şüurlu imtina standartının xüsusi mühafizəsini tələb edən hüquqların vacib nümunəsidir (Avropa Məhkəməsinin Pişalnikov Rusiyaya qarşı iş üzrə 24 sentyabr 2009-cu il tarixli Qərarı, §77, 78).

Müdafiəçidən imtina olunmasının şərtləri ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.

Cinayət-prosessual qanunvericiliyə əsasən, müdafiəçidən imtina şübhəli və ya təqsirləndirilən şəxsin “öz təşəbbüsü ilə könüllü” həyata keçirilməlidir. Bu ifadəni təşkil edən sözlər bir-biri ilə qarşılıqlı vəhdətdədir. Yəni imtina təşəbbüsü istənilən halda şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən irəli gəlməlidir (iradəsindən asılıdır). Başqa sözlə, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsə müdafiəçidən imtina barəsində hər hansı təklif yolverilməzdir. Bundan başqa, şübhəli və ya təqsirləndirilən şəxsin qərarının könüllülüyünə hər hansı təsir (psixi və ya fiziki) qeyri-qanunidir.

Könüllülük eyni zamanda məcburi imtinanın yolverilməzliyi deməkdir. Cinayət prosesini həyata keçirən orqan müdafiəçidən imtina məsələsinə baxarkən müəyyən etməlidir ki, müdafiəçidən və ya hüquqi yardım almaq hüququndan imtina məcburi olmamışdır.

Şübhəli və ya təqsirləndirilən şəxsin iradəsi CPM-in 92.12-ci maddəsinin tələblərinə görə, ərizə ilə ifadə olunmalıdır. Ərizə dedikdə, şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən şəxsən yazılmış və imzalanmış sənəd başa düşülür. Bununla qanunverici belə hallarda sükutla ifadə olunan imtinanın yolverilməzliyini göstərmişdir. Həmin ərizənin mövcudluğu eyni zamanda müdafiəçidən imtinanın məcburliliyinin qarşısını alan təminat kimi hesab olunmalıdır. Könüllülüyün digər bir təminatı isə müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin imtina prosedurunda iştirakıdır.

Konstitusiyanın 61-ci maddəsinin III hissəsində təsbit olunmuş hüququn ədalət mühakiməsinin səmərəliliyi üçün əhəmiyyətini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda hesab edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçiyə malik olmaq hüququnun həyata keçirilməməsi faktı cinayət prosesini həyata keçirən orqanlardan bir sıra prosessual hərəkətləri etməyi tələb edir. Belə ki, CPM-in 19.4.2-ci maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxslərə onların hüquqlarını izah etməlidirlər.

Bu mənada izah şübhəli və ya təqsirləndirilən şəxsi onun hüquqları haqqında təkcə məlumatlandırmaqdan ibarət deyil, habelə konkret prosessual hüquqların məzmununun açıqlanması, şübhəli və ya təqsirləndirilən şəxsin qəbul edəcəyi qərarın mümkün nəticələri haqqında xəbərdar olunmasıdır. Adıçəkilən orqanların bu hərəkətləri protokolda öz əksini tapmalıdır. Avropa Məhkəməsinin artıq formalaşmış hüquqi mövqeyinə görə, şəxs Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan hüquqlardan sükutla öz əməlləri (hərəkətləri və ya hərəkətsizliyi) vasitəsilə imtina edərkən şüurlu şəkildə öz imtinasının nəticələrini qabaqcadan görməlidir (Avropa Məhkəməsinin Talat Tunç Türkiyəyə qarşı iş üzrə 27 mart 2007-ci il tarixli Qərarı, §59; Avropa Məhkəməsinin Panovits Kiprə qarşı iş üzrə 11 dekabr 2008-ci il tarixli Qərarı, §68; Avropa Məhkəməsinin Pişalnikov Rusiyaya qarşı iş üzrə 24 sentyabr 2009-cu il tarixli Qərarı, §77).

Xüsusilə qeyd olunmalıdır ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməməsi, müdafiəçidən imtina edildiyi halda isə CPM-in 92.12-ci maddəsinin tələblərinə və Konstitusiya Məhkəməsinin bu qərarında belə imtinanın şərtlərinə dair müəyyən etdiyi hüquqi mövqeyinə uyğun həyata keçirilməməsi, məhkəmə tərəfindən CPM-in 303.3.1-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilərək, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması barədə qərar qəbul edilməlidir.

Yuxarıda göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir:

- CPM-in 92.3-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçi ilə məcburi təmin olunması cinayət prosesini həyata keçirən orqanların mülahizəsindən asılı deyildir. Müdafiəçinin məcburi iştirakı həmin Məcəllənin 92.3.1-ci maddəsinə müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxsin tələb etdiyi halda, Məcəllənin 92.3.2-92.3.13-cü maddələrində göstərilən hallarda isə şübhəli və ya təqsirləndirilən şəxsin tələb edib-etməməsindən asılı olmayaraq cinayət prosesini həyata keçirən orqanlar tərəfindən təmin edilməlidir.

- Ədalət mühakiməsinin maraqları tələb etdiyi hallarda cinayət prosesini həyata keçirən orqanlar cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının konkret hallarını nəzərə alaraq (cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin edilə biləcək cəzanın ağırlığını, işin mürəkkəbliyini və s.) CPM-in 92.3-cü maddəsində nəzərdə tutulmayan hallarda da şübhəli və ya təqsirləndirilən şəxsə müdafiəçi təyin edə bilərlər.

- CPM-in 92.12-ci maddəsində nəzərdə tutulan müdafiəçidən imtina edilməsi qaydası həmin Məcəllənin 92.3.1, 92.3.6, 92.3.7, 92.3.9-92.3.11-ci maddələrinə müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxsə təyin edilmiş müdafiəçidən, habelə ədalət mühakiməsinin maraqları tələb etdiyinə görə cinayət prosesini həyata keçirən orqanın mülahizəsi əsasında təyin edilmiş müdafiəçidən imtina etməsi hallarına şamil edilir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A     A L D I:

1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.3-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçi ilə məcburi təmin olunması cinayət prosesini həyata keçirən orqanların mülahizəsindən asılı deyildir. Müdafiəçinin məcburi iştirakı həmin Məcəllənin 92.3.1-ci maddəsinə müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxsin tələb etdiyi halda, Məcəllənin 92.3.2-92.3.13-cü maddələrində göstərilən hallarda isə şübhəli və ya təqsirləndirilən şəxsin tələb edib-etməməsindən asılı olmayaraq cinayət prosesini həyata keçirən orqanlar tərəfindən təmin edilməlidir.

2. Ədalət mühakiməsinin maraqları tələb etdiyi hallarda cinayət prosesini həyata keçirən orqanlar cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının konkret hallarını nəzərə alaraq (cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin edilə biləcək cəzanın ağırlığını, işin mürəkkəbliyini və s.) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.3-cü maddəsində nəzərdə tutulmayan hallarda da şübhəli və ya təqsirləndirilən şəxsə müdafiəçi təyin edə bilərlər.

3. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsində nəzərdə tutulan müdafiəçidən imtina edilməsi qaydası həmin Məcəllənin 92.3.1, 92.3.6, 92.3.7, 92.3.9-92.3.11-ci maddələrinə müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxsə təyin edilmiş müdafiəçidən, habelə ədalət mühakiməsinin maraqları tələb etdiyinə görə cinayət prosesini həyata keçirən orqanın mülahizəsi əsasında təyin edilmiş müdafiəçidən imtina etməsi hallarına şamil edilir.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.                             

5. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.                                              

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.

Sədrlik edən                                                                  Fərhad Abdullayev