Qərarlar

15.04.11 Viktor Ozerovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2009-cu il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLIKASI

KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN

Q Ə R A R I

Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin

Mülki kollegiyasının  02 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının

Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

15 aprel 2011-ci il                                                                                                 Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov (məruzəçi-hakim), Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi İsmayıl İsmayılovun,

ərizəçi Viktor Ozerovun və onun nümayəndəsi Gülnar Qurbanovanın,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin əməkdaşı Günel Əliyevanın iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında V.Ozerovun şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.İsmayılovun məruzəsini, ərizəçi V.Ozerovun və onun nümayəndəsi G.Qurbanovanın, cavabverən tərəfin nümayəndəsi G.Əliyevanın çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N   E T D İ:

İşin materiallarından görünür ki, kirayəçisi L.Bobrova olmuş Bakı şəhəri, Ə.Cavad küçəsi 22 ünvanda yerləşən 94 saylı mənzildə Viktor Ozerov, İrina Ozerova və sonuncunun qızı Kamilla Ozerova qeydiyyatda olmuşlar. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının “Yaşayış sahəsinin kirayə müqaviləsinin dəyişdirilməsi və  mənzilin əvəzsiz olaraq İ.Ozerovaya verilməsinə dair” 12 dekabr 1994-cü il tarixli 4136 saylı Sərəncamına əsasən Bakı şəhəri, Əhməd Cavad küçəsi, 22 saylı evin həmin mənzilinin kirayə müqaviləsi üzrə kirayəçisi L.Bobrova vəfat etdiyindən onun nəvəsi İ.Ozerovanın adına dəyişdirilmiş, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” (bundan sonra – Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Qanun) Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa müvafiq əvəzsiz olaraq onun şəxsi mülkiyyətinə verilmiş və 11 yanvar 1995-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyət kimi İ.Ozerovanın adına qeydə alınmışdır.

İ.Ozerova V.Ozerova qarşı yaşayış sahəsinə hüququnun itirilməsi və qeydiyyatının ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İ.Ozerova iddiasını onunla əsaslandırmışdır ki, qardaşı V.Ozerov uzun müddət qeydiyyatda olduğu mübahisəli mənzildə yaşamadığı və faktiki olaraq başqa yerdə qaldığı üçün onun  qeydiyyatı ləğv olunmalıdır.

V.Ozerov İ.Ozerovaya və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər İdarəsinə (bundan sonra – Reyestr xidməti) qarşı “özəlləşdirmənin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi, yaşayış sahəsinə hüququn itirilməsi və qeydiyyatın ləğv edilməsi” barədə qarşılıqlı iddia irəli sürmüşdür. V.Ozerov qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, bacısı İ.Ozerova onun razılığı olmadan mübahisəli mənzili qanunsuz özəlləşdirmiş, nəticədə onu özəlləşdirmə zamanı ümumi istifadədə olan mənzildən pay almaq hüququndan məhrum etmişdir.

Bakı şəhəri Səbail rayon məhkəməsinin 25 sentyabr 2008-ci il tarixli qətnaməsi ilə iddiaçı İ.Ozerovanın iddiası təmin olunaraq, V.Ozerovun mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və həmin mənzildə qeydiyyatının ləğv edilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi isə rədd olunmuşdur.

Səbail rayon məhkəməsi belə nəticəyə gəlmişdir ki, V.Ozerov mübahisəli mənzildə daimi yaşamadığına görə onun həmin ünvandakı  qeydiyyatı formal xarakter daşımışdır. Buna görə də 01 oktyabr 2009-cu ilə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən onun həmin mənzildə qeydiyyatı ləğv olunmalıdır. Eyni zamanda, birinci instansiya məhkəməsi hesab etmişdir ki, V.Ozerov 2008-ci ilin iyul ayında özəlləşdirmənin etibarsız hesab edilməsi və sair qarşılıqlı iddia tələbini irəli sürdükdə mübahisəli mənzilin özəlləşdirildiyi 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - əvvəlki Mülki Məcəllə) 73-cü maddəsinə əsasən 3 illik iddia müddətini ötürmüşdür.

Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (əvvəllər Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyası adlandırılırdı) 29 yanvar 2009-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsinin İ.Ozerovanın tələbi ilə əlaqədar hissəsi ləğv edilmiş, sonuncunun tələblərinin rədd olunması haqqında yeni qətnamə çıxarılmış, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır.

Belə ki, V.Ozerovun apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası onun mübahisəli mənzildə müvəqqəti yaşamadığını, işinin mövsümi xarakter daşıdığını, eyni zamanda qaynanasının mənzilində yaşadığını nəzərə alıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına əsaslanaraq, həmin mənzildən istifadə hüququnun itirilməsi üçün əsasın olmaması nəticəsinə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası V.Ozerovun iddia müddətini buraxmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb, onun 16 iyul 1993-cü il tarixindən 04 sentyabr 1995-ci il tarixinədək müddətli hərbi xidmətdə olmasını müəyyən etsə də, kommunal və xidmətlərə görə bildirişlərə və ödəmə qəbzlərinə əsaslanaraq  hesab etmişdir ki, o, mənzilin İ.Ozerova tərəfindən özəlləşdirilməsini bilməli idi.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (əvvəllər Ali Məhkəmənin Mülki işlər üzrə məhkəmə kollegiyası adlandırılırdı; bundan sonra - Ali Məhkəmənin Mülki kollegiyası) 02 iyul 2009-cu il tarixli qərarı ilə İ.Ozerovanın və V.Ozerovun kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

V.Ozerov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) ünvanladığı şikayətində kassasiya instansiyası məhkəməsinin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş edir.

Ərizəçinin əsas dəlili ondan ibarətdir ki, işə baxmış məhkəmələr İ.Ozerova tərəfindən mübahisəli mənzilin onun razılığı olmadan qanunsuz özəlləşdirilməsinə dair tələbinə iddia müddətini tətbiq etməklə İ.Ozerovanın adına olan bildiriş və qəbzlərdən onun öz hüquqlarının pozulmasının bilməli olduğunu göstərərkən V.Ozerov tərəfindən bu bildiriş və qəbzlərin alınmasını heç bir sübutla təsdiqləməmiş, iddia müddətinin axımının hansı vaxtdan başlanmasını müəyyən etmədən əvvəlki Mülki Məcəllənin müvafiq müddəalarını tətbiq etmişlər. Halbuki, onun özəlləşdirmədən xəbərdar olması barədə işdə hər hansı bir sübut yoxdur. Ərizəçi hesab edir ki, onun Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş mülkiyyət, o cümlədən hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat hüququ pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmə hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir.

Pozulmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi onların konstitusiya təminatının reallaşdırılmasına xidmət edən hüquqi tədbirlərdən biri kimi çıxış edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki,  “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ).

Konstitusiya Məhkəməsi Plenumunun “Eyvaz Sadıx oğlu Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 noyabr 2008-ci il tarixli qərarında və başqa qərarlarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur.

Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında qeyd olunmuşdur ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı, mübahisəyə aid digər hallar da nəzərə alınmalıdır.

Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu bilib-bilməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı olmamışdır. Bu səbəbdən iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır. İddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir (Konstitusiya Məhkəməsi Plenumunun L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarları).

Nəzərə alınmalıdır ki, işə baxmış məhkəmələr tərəfindən Səbail rayon İcra Hakimiyyəti Başçısının yuxarıda qeyd olunan sərəncamında mübahisəli mənzildə digər şəxslərin qeydiyyatda olub-olmamasının və olduğu halda onların özəlləşdirməyə razılıq verib-verməməsinin göstərilməməsinə münasibət bildirilməmişdir. Eyni zamanda məhkəmələr V.Ozerovun məhkəmə araşdırılmasının bütün mərhələlərində mübahisəli mənzilin özəlləşdirilməsi haqqında yalnız ona qarşı məhkəmədə iddia qaldırılarkən bilməsi barədə dəlilinə, mənzil özəlləşdirilərkən V.Ozerovun razılığının olub-olmamasını bilmədiyi barədə İ.Ozerovanın nümayəndəsinin etirafına və V.Ozerovun razılığının verilməsinə dair arxivdə hər hansı bir sənədin olmaması barədə Reyestr xidmətinin nümayəndəsinin məlumatına hüquqi qiymət verməmişlər.

Halbuki, mülki prosessual qanunvericiliyə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri).

Məhkəmələr kommunal və istismar  xərclərinin ödənilməsi barədə bildiriş və qəbzlərə istinad etsələr də, bu sənədlərin mənzilin özəlləşdirilməsini təsdiq etmədiyini nəzərə almamış və hər bir halda, işin qanuni və ədalətli baxılması üçün mühüm əhəmiyyətinə baxmayaraq, ərizəçi tərəfindən bu sənədlərin alınıb-alınmaması məsələsinə toxunmamışlar. Bundan başqa, özəlləşdirmə dövründə, yəni 17 avqust 1993-cü il tarixindən 04 sentyabr 1995-ci il tarixinədək V.Ozerovun müddətli hərbi xidmətdə olduğu birmənalı müəyyən edildiyi halda, məhkəmələr iddia müddətinin axımının başlanılması anını məhkəmə aktlarında göstərməyərək, onun öz hüquqlarının pozulmasını bilməli olması barədə yanlış nəticəyə gəlmişlər.

Bununla bağlı, Konstitusiya Məhkəməsinin Plenumu insan hüquq və azadlıqlarının müdafiəsində xüsusi əhəmiyyətə malik olan hüquqi müəyyənlik prinsipinə diqqət yetirməyi vacib hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli qərarı). Bu baxımdan, hər kəs qanunvericilikdə təsbit olunmuş hüquqlarının toxunulmazlığından, eləcə də qanunla müəyyən olunmuş qaydalara, o cümlədən özəlləşdirmə zamanı mənzildə qeydiyyatda olan bütün şəxslərin razılıqlarının alınması tələbinə riayət olunmasından əmin olmalıdır. Heç kəs hüquqlarının, o cümlədən mülkiyyət hüququnun pozulmasını daimi olaraq gözləməyə və ya istənilən anda onların pozula biləcəyini güman etməyə məcbur edilə bilməz.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələrin iddia müddətinin axımının başlanğıc anını müəyyən etmədən əvvəlki Mülki Məcəllənin 73 və 78-ci maddələrini tətbiq etməklə bu müddətin onun tərəfindən ötürülməsinə dair hüquqi nəticəsi hüquqi müəyyənlik prinsipinə uyğun gəlmir və Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi təminatı hüququnu pozur.

Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin ərizəçinin mülkiyyət hüququ ilə bağlı bəzi məsələləri qeyd etməyi zəruri hesab edir. Belə ki, işə baxan məhkəmələr tərəfindən ərizəçi V.Ozerovun mənzilin kirayəçisinin ailə üzvü olmaqla mübahisəli mənzilin İ.Ozerova tərəfindən özəlləşdirilməsindən əvvəl onunla birlikdə yaşayış yeri olan mənzildə qeydiyyatda olduğu müəyyən olunduğundan ərizəçi də “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən özəlləşdirmə nəticəsində yaranan ümumi mülkiyyətdən pay əldə etmək hüququna malik olmuşdur.

Həmin payın mülkiyyət kimi qiymətləndirilməsi məsələsinə gəldikdə isə, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər.

  Avropa Məhkəməsinin qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə müvafiq olaraq ərizəçi mənzilin özəlləşdirilməsindən ümumi mülkiyyət payı almaq barədə əsaslı və “qanuni gözləntiyə” malik olduğu üçün onun bu marağı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir.

Müvafiq olaraq, işə baxmış məhkəmələr V.Ozerovun tələblərinə iddia müddətini əsassız olaraq tətbiq etməklə onun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsi əsasında özəlləşdirmədə iştirak etmək hüququndan məhrum etmişlər və bununla da, onun Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnu pozmuşlar.

Buna baxmayaraq, Ali Məhkəmənin Mülki kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarına əməl olunmadan baxıldığını nəzərə almayaraq, 02 iyul 2009-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsini dəyişdirilmədən saxlamaqla Mülki Prosessual Məcəllənin 416 və 418.1-ci maddələrinin tələblərinə riayət etməmiş və bununla da ərizəçinin Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş mülkiyyət və məhkəmə müdafiəsi təminatı hüququ pozulmuşdur.

Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi üçün əsasdır.

  Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hazırkı işə baxmış məhkəmələr əvvəlki Mülki Məcəllənin 73 və 78-ci maddələrini tətbiq etməklə, eləcə də tətbiq edilməli olan “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsini tətbiq etməməklə Mülki Prosessual Məcəllənin 416 və 418.1-ci maddələrini və ərizəçinin Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş mülkiyyət və məhkəmə müdafiəsi təminatı hüququnu pozmuşlar.  

Yuxarıda göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin Mülki kollegiyasının 02 iyul 2009-cu il tarixli qərarı Konstitusiyanın 29 və 60-cı maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 416 və 418.1-ci maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilməlidir. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

  Azərbaycan Respublikası Konstitusiyasının 130-cu  maddəsinin V, IX və X hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A   A L D I:

1.İ.Ozerovanın V.Ozerova qarşı yaşayış sahəsindən istifadə  hüququnun itirilməsi və qeydiyyatın ləğv olunmasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2009-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 və 418.1-ci maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2.Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3.Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski Raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4.Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz. 

Sədrlik edən                                                                       Fərhad Abdullayev