Qərarlar

17.03.11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA

MƏHKƏMƏSİ PLENUMUNUN

QƏRARI

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair

17 mart 2011-ci il                                                                 Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova, Fikrət Babayev (məruzəçi-hakim), Südabə Həsənova, Ceyhun Qaracayev, Rövşən İsmayılov, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi İsmayıl İsmayılovun,

maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun və Bakı şəhəri Nərimanov rayon məhkəməsinin hakimi Sənan Hacıyevin,

ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Cabir Quliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 16 dekabr 2010-cu il tarixli müraciəti ilə əlaqədar konstitusiya işinə baxdı.

İş üzrə hakim F.Babayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

M Ü Ə Y Y Ə N   E T D İ:

Bakı şəhəri Nərimanov rayon məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 53.4-cü maddəsinin həmin Məcəllənin 58.1-ci maddəsinə münasibətdə, həmçinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra – CİM) 112.1-ci maddəsinin CM-in 56.1.1-ci maddəsinə münasibətdə şərh edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət etmişdir.

Müraciətdə göstərilir ki, Kürdəmir rayon məhkəməsinin 25 avqust 2010-cu il tarixli hökmünə əsasən R.Ağayev CM-in 131.2-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün qanuni qüvvəyə mindiyindən sonra R.Ağayev Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı xüsusi müəssisəsində qeydiyyata alınmışdır. 

27 noyabr 2010-cu il tarixdə məhkum R.Ağayev müəssisənin ərazisini icazəsiz tərk etdiyinə görə 11 saylı xüsusi müəssisənin müdiriyyətinin 28 noyabr 2010-cu il tarixli qərarı ilə barəsində töhmət tənbeh tədbiri tətbiq edilmişdir. Buna baxmayaraq R.Ağayev 06 dekabr 2010-cu il tarixdə müəssisənin ərazisini təkrarən icazəsiz tərk etdiyindən müəssisənin müdiriyyəti tərəfindən onun barəsində beş gün müddətində intizam təcridxanasına salmaq tənbeh tədbiri seçilmişdir.

07 dekabr 2010-cu il tarixdə 11 saylı xüsusi müəssisəsinin müdiriyyəti azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş R.Ağayevin cəzasının çəkilməmiş 10 ay 28 gün hissəsinin azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir.

Nərimanov rayon məhkəməsi müraciətdə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin azadlıqdan məhrum etmə cəzası ilə əvəz ediləcəyi təqdirdə təyin olunacaq cəzanın hədləri, eləcə də əvəz edilərkən cəzanın çəkilməli olduğu cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi ilə bağlı qanunvericilikdə qeyri-müəyyənliyin olmasını göstərmişdir.

Müraciət onunla əsaslandırılmışdır ki, CM-in 53.4-cü maddəsinin tələbinə uyğun olaraq məhkum R.Ağayevin cəzasının çəkilməmiş hissəsinin azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildiyi təqdirdə azadlığın məhdudlaşdırılması cəzasının müddəti azadlıqdan məhrum etmə cəzasının müddətinə günə gün hesablanmalı və məhkəmənin qərarı ilə ona 10 aydan artıq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin, R.Ağayevin təqsirli bilindiyi CM-in 131.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzasının son həddi altı ayadək müddətə müəyyən edilmişdir.

Təqdimata baxan Nərimanov rayon məhkəməsi hesab etmişdir ki, R.Ağayevə hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 aydan artıq hissəsinin CM-in 53.4 və 58.1-ci maddələrinə uyğun şəkildə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsinin qaydası və cəza əvəz edilərkən azadlıqdan məhrum etmə cəzasının CM-in 56.1.1-ci və ya CİM-in 112.1-ci maddələri baxımından hansı növ cəzaçəkmə müəssisəsində çəkilməli olmasına Konstitusiya Məhkəməsi tərəfindən aydınlıq gətirilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələlərin düzgün həll edilməsi üçün cəzanın anlayışının və məqsədinin, təyin olunmuş cəzanın daha ağır cəza növü ilə əvəz edilməsinin mahiyyətinin və hüquqi təbiətinin açıqlanmasını zəruri hesab edir.

Cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət hüququ ilə qorunan obyektlər dəyərlərin iyerarxiyası əsasında müəyyən edilən ardıcıllıqla qurulmuşdur. Müasir cinayət hüquq elmi sülhün və bəşəriyyətin təhlükəsizliyinin, insanların, şəxsiyyətin, onun hüquq və azadlığının, yəni insanın dünyaya gəlməsi ilə yaranan təbii hüquqların qorunmasını ön plana çəkir.

CM-in 2-ci maddəsində təsbit edilən vəzifələri həyata keçirmək üçün Məcəllədə hansı əməllərin cinayət olması elan edilmiş, cinayət törətməkdə təqsirli olan şəxslər barəsində tətbiq ediləcək cəzalar və digər cinayət-hüquqi xarakterli tədbirlər müəyyən edilmişdir.  

Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər.

CM-in 41.1-ci maddəsində cəzanın anlayışı verilmişdir. Bu anlayışa görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

Azərbaycan Respublikasının cinayət qanunvericiliyində cəzanın anlayışının verilməsi ilə yanaşı onun sistemi və növləri, cəzanın təyin edilməsinin ümumi əsasları müəyyən olunmuşdur.

Cəza təyin edilərkən CM-in qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır.

Bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri).

CM-də əks olunmuş prinsiplər, demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət hüququnda insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra Konstitusiya prinsiplərindən irəli gəlir (Azərbaycan Respublikası Konstitusiyasının 25, 28, 32, 33, 60, 61, 63, 64, 65, 66, 67, 68, 71, 125 və 127-ci maddələri).

Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir.

Cinayət qanunvericiliyində cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi halları ilə yanaşı cəzanın icrasından qərəzli boyun qaçırdıqda məhkəmə tərəfindən təyin edilmiş cəzanın daha ağır cəza növü ilə əvəz edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur.

CM-in 44.4, 47.3, 49.3 və 53.4-cü maddələrində şəxsin cəzanı icra etməkdən qərəzli olaraq boyun qaçırması nəticəsində ona təyin olunmuş cəzanın daha ağır cəza növü ilə əvəz edilməsi müəyyən olunmuşdur.

Azadlığın məhdudlaşdırılmasına məhkum edilmiş şəxs cəzanın icrasından qərəzli boyun qaçırdıqda, azadlığın məhdudlaşdırılması onun təyin edildiyi müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunur. Azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildikdə, azadlığın məhdudlaşdırılması cəzasının müddəti azadlıqdan məhrum etmə cəzasının müddətinə günə gün hesabı ilə hesablanır (CM-in 53.4-cü maddəsi).

Göründüyü kimi qanunverici cəzaların icrasını təmin etmək məqsədilə CM-də onlardan bəzilərinin daha ağır cəzalarla əvəz edilməsi qaydasını müəyyən etmişdir. Cəzanın belə əvəz edilməsi üçün əsas şərt kimi, məhkum edilmiş şəxsin cəzanın icrasından və ya çəkilməsindən qərəzli boyun qaçırması çıxış edir və təyin edilmiş cəzanın bu qaydada əvəz edilməsi cəzanın islahedici təsirinin gücləndirilməsi ilə müşayiət olunur.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici insan və vətəndaş hüquqlarının qorunması və müdafiəsi sahəsində, habelə cinayət qanunvericiliyi sahəsində müəyyən olunmuş səlahiyyətlərini həyata keçirərək Konstitusiya ilə nəzərdə tutulan hədlərdə cinayət qanununun müddəalarının məzmununu, o cümlədən ictimai təhlükəli əməllərin törədilməsinə görə cəzaları və şəxsin cinayət törətməsinin digər cinayət-hüquqi nəticələrini müəyyən etməkdə haqlıdır. Bu baxımdan qanunverici, cinayət qanununda cinayət törətməkdə təqsirli bilinən şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, habelə təyin edilmiş cəzanın çəkilməsinə dair qanunla nəzərdə tutulmuş tələblərə riayət olunmadıqda onun başqa cəza ilə əvəz edilməsinin mümkünlüyünü müəyyən etmək səlahiyyətinə malikdir.

Xüsusilə vurğulanmalıdır ki, CM-in 53.4-cü maddəsində nəzərdə tutulan qaydanı təsbit etməklə qanunverici öz səlahiyyət dairəsindən kənara çıxmamışdır. Belə ki, sözügedən norma CM-in qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri ilə birgə götürüldükdə, şəxsə daha əvvəl məhkum olunduğu cinayətə görə yeni cəzanın təyin edilməsinə, nə də cinayət sayılmayan əmələ (yəni azadlığın məhdudlaşdırılması cəzasının icrasından boyun qaçırmaya) görə müstəqil cəza təyin edilməsinə yol vermir. Həmin norma məhkəmənin hökmü ilə təyin olunmuş və məhkum tərəfindən icra olunmayan cəzanın ekvivalenti ilə əvəz edilməsini nəzərdə tutur. Bu isə öz növbəsində hökmün icrasına şərait yaradır, bununla da şəxsin məhkum olunduğu cinayət əməlinə görə məsuliyyətin labüdlüyünü (qaçılmazlığını) və ədalətliliyini təmin edir.

Beləliklə, cəzanın icrasından qərəzli boyun qaçırdıqda təyin olunmuş cəzanın daha ağır cəza növü ilə əvəz edilməsi məhkum olunmuş şəxsə yeni cəzanın təyin olunması kimi qiymətləndirilə bilməz. Bu halda təyin olunmuş cəza daha ağır cəza növü ilə əvəz edilir.

Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, CM-in 44.4, 47.3, 49.3 və 53.4-cü maddələrində nəzərdə tutulmuş hallarda təyin olunmuş cəzanın daha ağır cəza növü ilə əvəz edilməsi barədə müvafiq təqdimat daxil olduqda, məhkəmə ilk növbədə təqdimatın qanuniliyini, qərəzli boyun qaçırmanın səbəblərini və s. müəyyən etməlidir. Eyni zamanda təyin olunmuş cəzanı təqdimat əsasında daha ağır cəza növü ilə əvəz edərkən məhkəmə, məhkumun  şəxsiyyətini, habelə əvəz edilən cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini bir daha nəzərdən keçirməlidir.

Beləliklə, cəzanın əvəz edilməsi institutunun konseptual təhlili nəticəsində aydın olur ki, pozuntunun xarakteri, habelə məhkumun şəxsiyyəti nəzərə alınmaqla, cəzanı daha ağır cəza növü ilə əvəz etmək məhkəmənin vəzifəsi deyil, onun hüququdur.

Bundan əlavə, CM-in 47.3 və 49.3-cü maddələrində nəzərdə tutulan cəzaların, daha ağır cəza növü ilə əvəz edilməsi cəzanın yalnız çəkilməmiş hissəsinə aid edilmişdir və qanunvericinin bu yanaşması ədalət prinsipinə cavab verir. Konstitusiya Məhkəməsinin Plenumu ədalət və hüquqi müəyyənlik prinsiplərinə əsaslanaraq hesab edir ki, CM-in 53.4-cü maddəsinin “azadlığın məhdudlaşdırılması onun təyin edildiyi müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunur” müddəası bu cəzanın azadlıqdan məhrum etmə cəzası ilə yalnız cəzanın çəkilməmiş hissəsi həddində əvəz edilməsini nəzərdə tutur.

Cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsində yaranmış qeyri-müəyyənliklə əlaqədar isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.

Məhkəmə tərəfindən təyin edilən cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini müəyyən edən cəzaların icrası qanunvericiliyi CİM-dən, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir (CİM-in 1-ci maddəsi).

CİM-in məqsədi məhkumları islah etmək, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaqdır. Bu Məcəllənin vəzifəsi cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini tənzimləməkdən, məhkumların islah edilmə vasitələrini müəyyən etməkdən, məhkumların hüquq və azadlıqlarını, qanuni mənafelərini qorumaqdan ibarətdir (CİM-in 2.1 və 2.2-ci maddələri).

Cəzaların icrası qanunvericiliyinin qarşısına qoyulmuş vəzifələrə uyğun olaraq CM-də nəzərdə tutulmuş cəzaların icrasının ümumi müddəaları və prinsiplərini, digər cinayət-hüquqi xarakterli tədbirləri, məhkumlara islah edilmə vasitələrinin tətbiqini, cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini, məhkumların hüquqi vəziyyətini, cəzanı icra edən müəssisə və orqanların fəaliyyət qaydasını, məhkumların islah edilməsində müvafiq icra hakimiyyəti orqanlarının, digər müəssisə, idarə və ya təşkilatların, ictimai birliklərin və vətəndaşların iştirakını, məhkumların cəza çəkməkdən azad edilməsi və cəza çəkməkdən azad edilmiş şəxslərə yardım edilməsi qaydalarını müəyyənləşdirir.

CİM-in 6-cı maddəsi ilə cəzaların icrasının əsasları müəyyən olunmuşdur. Belə ki, cəzaların icrasının və məhkumlara cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqinin əsaslarını məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, yaxud məhkəmənin bu hökmü dəyişən qərarları, habelə amnistiya və ya əfvetmə aktları təşkil edir.

Eyni zamanda, CİM ilə cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş şəxslərin cəzalarının icrasının qaydaları və şərtləri, icrasının təşkili, cəzanın icrası müddətinin hesablanması qaydaları, məhkum olunmuş şəxslərin hüquq və vəzifələri, onlar barəsində tətbiq edilən həvəsləndirmə və tənbeh tədbirləri, habelə cəza çəkən şəxslərin məsuliyyəti və s. müəyyən olunmuşdur.

Qeyd olunmalıdır ki, təyin olunmuş cəzanın daha ağır cəza növü ilə əvəz edilməsinin əsasları CM-in 44.4, 47.3, 49.3 və 53.4-cü maddələrində müəyyən edilsə də, CİM-in 26, 38.2, 51.4, 53.2 və 53.3-cü maddələrində cəzanın çəkilməsindən qərəzli boyun qaçırma hallarının ümumi qaydaları nəzərdə tutulmuşdur.

Məhkumun üzürsüz səbəbdən xüsusi müəssisəyə vaxtında gəlməməsi və ya qayıtmaması və məhkumun xüsusi müəssisənin ərazisini icazəsiz tərk etməsi azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasından qərəzli boyun qaçırma hesab olunur (CİM-in 63-cü maddəsi).

Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, məhkum olunmuş şəxs barəsində səlahiyyətli orqan tərəfindən tənbeh tədbirləri tətbiq olunarkən, xətanın törədilmə şəraiti, məhkumun şəxsiyyəti və onun xəta törədənədək davranışı, eləcə də tənbehin məhkumun törətdiyi xətanın ağırlığına və xüsusiyyətinə uyğun olması nəzərə alınmalıdır. Xüsusilə də, təyin olunmuş cəzanın müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi haqqında məhkəməyə təqdimat verilməsinə səbəb olmuş xətalar məhkəmələr tərəfindən araşdırılaraq yuxarıda qeyd olunan şərtlərə diqqət yetirilməlidir.

Göründüyü kimi məhkumun cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzaların icrasından qərəzli boyun qaçırma hallarının qarşısının alınması CİM-in vəzifələrindəndir. Qanunverici bu cəzaların məqsədinə çatılması üçün həm CM-də, həm də CİM-də yuxarıda qeyd olunan tədbirlərin həyata kecirilməsini müəyyən etmişdir. Eyni zamanda, belə tədbirlərdən biri də CİM-in 112.1-ci maddəsində göstərilmişdir. Həmin maddəyə görə, ümumi rejimli cəzaçəkmə müəssisələrində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə müəyyən müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, həmçinin cəzaları müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmiş şəxslər cəza çəkirlər.

Lakin, CM-in azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsindən bəhs edən 56.1-ci maddəsinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə, beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir.

Buna baxmayaraq, qanunverici hətta ilk dəfə ehtiyatsızlıqdan törədilən cinayətə görə cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş şəxslərin bu cəzaların icrasından boyun qaçırmalarını qəsdlə edilmiş hərəkət kimi qiymətləndirərək, həmin cəzaların müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunarkən, onların cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkmələrini müəyyən etmişdir.

Belə olan halda isə məhkəmələr tərəfindən cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş şəxslərin cəzaları müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunduqda cəzaçəkmə müəssisəsinin növü CİM-in 112.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilməlidir.

Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu dəfələrlə öz qərarlarında qanunverici tərəfindən hər hansı bir ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktları qəbul edərkən hüquqi dövlətin ali prinsiplərindən olan mütənasiblik, hüquqi müəyyənlik, tarazlıq prinsiplərinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Sözügedən prinsiplərə əməl olunması “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanunu ilə təsdiq edilmişdir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir.

Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın müddəalarını, Avropa Məhkəməsinin hüquqi mövqeyini və beynəlxalq təcrübəni nəzərə alaraq, qeyd etmişdir ki, cinayət məsuliyyətini yaradan əməlin qanunda dəqiq, birmənalı və açıq-aşkar şəkildə göstərilməsi tələb edilir. Bundan irəli gəlir ki, təqsirsiz şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına və təqsirli şəxslərin cinayət məsuliyyətindən kənarda qalmasına şərait yaratmamaq məqsədilə məsuliyyəti müəyyən edən cinayət qanununun müddəası qeyri-müəyyən və ikimənalı olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 22 sentyabr 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarları).

 Lakin, cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş şəxslərin cəzalarının daha ağır cəza növü ilə əvəz edilməsi qaydaları CM-də fərqli müəyyən olunmuşdur.

 Belə ki, CM-in 44.4-cü maddəsi ilə cəriməni ödəməkdən boyun qaçıran şəxslərə bu cəza növünün ictimai işlər, islah işləri və ya müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz olunması nəzərdə tutulsa da, belə əvəz olunmanın qaydası və şərtləri cinayət qanunvericiliyində müəyyən olunmamışdır. Bundan başqa, islah işləri cəzası əvəz edildikdə cəzanın müddəti müəyyən olunarkən bir gün islah işlərinə bir gün azadlığın məhdudlaşdırılması, yaxud üç gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablandığı halda, azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildikdə, azadlığın məhdudlaşdırılması cəzasının müddəti azadlıqdan məhrum etmə cəzasının müddətinə günə gün hesabı ilə hesablanır. Göründüyü kimi bu qaydada cəza əvəz edilərkən bir halda azadlığın məhdudlaşdırılması cəzası islah işləri cəzası ilə, digər halda isə azadlıqdan məhrum etmə cəzası ilə bərabər tutulmuşdur (CM-in 49.3 və 53.4-cü maddələri).

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, cinayət qanunvericiliyinin cəzaların əvəz olunmasına dair müddəaları təkmilləşdirilməli, CM-in 44.4, 47.3, 49.3 və 53.4-cü maddələrində nəzərdə tutulmuş hallarda təyin olunmuş cəzanın daha ağır cəza növü ilə əvəz edilməsini müəyyən edən müddəalar arasında mövcud qeyri-mütənasiblik və qeyri-müəyyənlik qanunverici orqan tərəfindən aradan qaldırılmalıdır.

Qeyd olunanlara əsasən, Konstitusiya Məhkəməsinin Plenumu Bakı şəhəri Nərimanov rayon məhkəməsinin müraciətində qaldırılan məsələlərlə əlaqədar aşağıda göstərilən nəticələrə gəlir:

- təyin olunmuş cəza daha ağır cəza növü ilə əvəz edilərkən məhkəmələr şəxsin məhkum olunduğu cinayətin xarakterini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin edilmiş cəzanın icra olunmamasının və qərəzli boyun qaçırmanın səbəblərini nəzərə almaqla qərar qəbul etməlidirlər;

- təyin olunmuş cəza daha ağır cəza növü ilə əvəz edilərkən, məhkəmələr tərəfindən CM-in 53.4-cü maddəsinə müvafiq olaraq qəbul olunan qərar əsaslı olmalıdır;

- CM-in 53.4-cü maddəsində nəzərdə tutulmuş qaydada azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs cəzanın icrasından qərəzli boyun qaçırdıqda, azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi azadlıqdan məhrum etmə cəzası ilə əvəz oluna bilər və bu halda azadlığın məhdudlaşdırılması cəzasının müddəti azadlıqdan məhrum etmə cəzasının müddətinə günə gün hesabı ilə hesablanmalıdır;

- azadlığın məhdudlaşdırılması cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunduqda cəzaçəkmə müəssisəsinin növü CİM-in 112.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilməlidir;

- CM-in cəzaların əvəz olunmasına dair müddəalarının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI :

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsində nəzərdə tutulmuş qaydada azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər cəzanın icrasından qərəzli boyun qaçırdıqda, azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi azadlıqdan məhrum etmə cəzası ilə əvəz oluna bilər və bu halda azadlığın məhdudlaşdırılması cəzasının müddəti azadlıqdan məhrum etmə cəzasının müddətinə günə gün hesabı ilə hesablanmalıdır.

2. Azadlığın məhdudlaşdırılması cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunduqda cəzaçəkmə müəssisəsinin növü Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilməlidir.

3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzaların əvəz olunmasına dair müddəalarının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

4. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

5. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədrlik edən                                                        Fərhad Abdullayev