Qərarlar

20.04.99 Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdətutulan "mütəşəkkil dəstə" anlayışının şərh edilməsi haqqında

AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI 

KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan

"mütəşəkkil dəstə" anlayışının şərh edilməsi haqqında

20 aprel 1999-cu il                                                                         Bakı şəhəri

  Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Haciyevin (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov (məruzəçi-hakim), S.Salmanova, Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi I. Ismayılovun,

xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni numayəndələri Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin muavini O.Maqsudov və Azər­baycan Respublikası Ali Məhkəməsinin hakimi V.Nəzərovun,

mütəxəssislər: Azərbaycan Respublikası Prokurorluğu istintaqa nəzarət ida­rəsinin rəisi H.Əlixanov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi istintaq ida­rə­sinin rəis əvəzi Ə.Məmmədov, Azərbaycan Respublikası Milli Təhlukəsizlik Na­zir­liyi istintaq şöbəsinin rəisi R.Mansurovun,

ekspert Bakı Dövlət Universiteti hüquq fakultəsi cinayət hüququ kafedrasının dosenti, hüquq elmləri namizədi R.Şəmsizadənin iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında, xüsusi konstitusiya icraatı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 37, 93.3-93.8-ci maddələrində mövcud olan "mü­tə­şəkkil dəstə" anlayışının şərh edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 mart 1999-cu il tarixli 5-1/99 saylı sorğusu ilə bağlı konstitusiya işi­nə baxdı.

 İş üzrə məruzəçi-hakim E.Məmmədovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni numayəndələri O.Maqsudov və V.Nə­zə­ro­vun, mütəxəssislər H.Əlixanov, Ə.Məmmədov və R.Mansurovun çıxışlarını, ekspert R.Şəmsizadənin rəyini dinləyib müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi

M Ü Ə Y Y Ə N   E T D İ:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 37-ci maddəsinin 2-ci bəndində cinayətin mütəşəkkil dəstə tərəfindən edilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. "Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və digər Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında" 7 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə "Mulkiyyət əleyhinə olan cinayətlər" haqqinda ikinci-A fəsli daxil edilmişdir. Həmin fəslin 93.3, 93.4, 93.5, 93.6, 93.7 və 93.8-ci maddələrinin IV hissələrində cinayətin mutəşəkkil dəstə tərəfindən törədilməsi tövsifedici əlamət kimi verilmişdir. Məhkəmə təcrübəsində "mütəşəkkil dəstənin" anlayişına dair vahid mövqe olmadığından, Azərbaycan Respublikasının Ali Məhkəməsi öz sorğusunda onun şərh edilməsini xahiş edir.

Sorğu ilə bağlı konstitusiya işində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıda göstərilmiş maddələrini, habelə "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bəzi normalarının tətbiqi qaydası haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 11 aprel tarixli Qərarını əks etdirən Azərbaycan Res­pub­likası Milli Məclisi Aparatında düzgünlüyü təsdiq edilmiş rəsmi mətnlər vardır.

Işdə olan sənədlərdən görünür ki:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 37-ci maddəsində cəza təyin edi­lərkən məsuliyyəti ağırlaşdıran 11 hal arasında cinayətin mutəşəkkil dəstə tə­rə­fin­dən edilməsi də göstərilir;

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir sıra maddələrində, o cüm­lədən 93.3 (oğurluq), 93.4 (soyğunçuluq), 93.5 (quldurluq), 93.6 (əmlakı zorla tələb etmə), 93.7 (dələduzluq) və 93.8-ci (mənimsəmə və ya israfetmə yolu ilə özgəsinin əmlakını talama) maddələrində müvafiq cinayətin mütəşəkkil dəstə tərəfindən törə­dil­məsi cinayətin tövsifedici əlaməti kimi nəzərdə tutulur.

 Lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsində "mütəşəkkil dəstə" ifa­dəsi bir neçə maddədə işlədilməsinə baxmayaraq, onun anlayışı Azərbaycan Res­pub­likasının heç bir qanununda, o cumlədən Cinayət Məcəlləsində də açıqlanma­mışdır.

 Belə olan halda, "mütəşəkkil dəstə" anlayışının şərh edilməsi və hüquq tətbiq­etmənin istiqamətləndirilməsi üçün Azərbaycan Respublikası qanunvericiliyi­nin bəzi müddəalarının və bir sıra məsələlərə mümkün yanaşmaların təhlil edilməsindən istifadə oluna bilər.

  Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cinayətkar qrupların bir neçə növü nəzərdə tutulur: "bir qrup şəxs", "əvvəlcədən əlbir olan bir qrup şəxs" və "mütəşəkkil dəstə". Cinayətin iki və ya daha çox şəxs tərəfindən törədilməsi cina­yət­kar qrupların bütün növlərinə məxsus olan ümumi əlamətdir.

  Bununla belə həmin qruplar özünə xas olan əlamətlərinə görə biri digərindən fərqlənir. Həmin əlamətlər cinayətin törədilməsində iştirakçılığın bu formalarını cinayət məsuliyyətini ağırlaşdiran hal kimi və ya bir neçə cinayətlərin tövsifedici əlaməti kimi istifadə etmək uçün imkan yaradır.

  İctimai təhlükəlilik baximından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. O, cinayətin törədilməsində iştirakçılığın sadə forması kimi qəbul edilir. Vaxtından və yerindən asılı olmayaraq, cinayətin birlikdə törə­dil­məsi gedişində iki və ya daha çox şəxsin arasında hər hansı bir sadə razılığın mövcudlugu bir qrup şəxsin yeganə əlamətidir. Belə qrup tərkibində cinayət törədil­məsin­dəki iştirakçılıq təsadüfi birləşmə, birdən-birə ortaya çıxan hər hansı bir vəziyyət, habelə yanlış anlaşılan həmrəylik hissi kimi hallarda da mümkündür.

  Əvvəlcədən əlbir olan bir qrup şəxs cinayətkar qrupun növü kimi bir qrup şəxs və mütəşəkkil dəstə arasında yer tutmaqla yanaşı, sadə və daha mürəkkəb qruplara xas olan bəzi əlamətləri də özündə əks etdirir.

  Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə ci­nayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur.

  Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstənin digər mütləq əlaməti hər birinin möhkəmliyidir. Lakin onların möhkəmliyi bir-birindən fərqlənir. Belə ki, əvvəlcədən əlbir olan bir qrup şəxsin tərkibi nisbətən daha az sabit olur: qrupun üzvləri sərbəst olaraq onu tərk edə bilər və buraya eyni asanlıqla yeni üzvlər də daxil edilə bilər. Mütəşəkkil dəstəyə onun tərkibində və təşkilati qurumlarında daha çox sabitlik, üzvlərin birliyi (sıxlığı), cinayətkar fəaliyyətin forma və üsullarının daimiliyi kimi əlamətlər xas olmaqla, belə cinayətkar qrupa daxil olunmanı çətinləşdirir, başqa üzvlər tərəfindən qəti mənfi münasibət bəsləndiyinə görə onun tərk edilməsini ciddi şəkildə problemləşdirir, birlikdə cinayətlərin törədilməsi üçün uzun muddətli və çoxepizodlu cinayətkar fəaliyyətin seçilməsi ehtimalını artırır.

  Əvvəlcədən əlbir olan bir qrup şəxs və mutəşəkkil dəstəyə, həmçinin özünəməxsus xüsusi psixoloji durum mənsubdur. Belə ki, adi bir qrup şəxsdən fərqli olaraq, əvvəlcəden əlbir olan bir qrup şəxsdə daha çox təşkilatlanma, habelə fəal və nüfuzlu iştirakcıların asanlıqla ayrılmasi mümkündür. Belə cinayətkar qrupda ic­ti­mai mənafelərə zidd qurumlaşma və şəxsi münasibətlərlə yanaşı, cinayətlərin birlikdə törədilməsi üçün iştirakçılar arasında işgüzar münasibətlərin yaradılması aydın görünür.

  Cinayətkar qrupun daha mürəkkəb növü kimi mütəşəkkil dəstəyə isə digər cəhətlərlə yanaşı aşagıdakı xüsusiyyətlər aiddir: cinayət törədilməsində rolların bölüşdürülməsi; təşkilatçı və ya başçının irəli sürülməsi; qrupda ciddi intizamın gözlə­nil­məsi; cinayət niyyətlərinin ümumiliyi; eyni dəyərlərə söykənən oxşar davranış istiqamətlərinin müəyyənləşdirilməsi; şəxsi münasibətlərin cinayətin birlikdə törə­dil­məsinə əsaslanan işgüzar münasibətlərlə əvəz edilməsi; cinayətin törədilmə planının işlənib hazırlanması; cinayətin törədilməsi üçün mükəmməl hazırlıq görülməsi; cinayətin törədilmə üsulunun qabaqcadan müəyyənləşdirilməsi; cinayətin törədilməsi üçün mürəkkəb üsullardan istifadə olunmasının mümkünlüyü; hazırlanmış plana uygün olaraq cinayətin törədilməsi üçün hərəkətlərin razılaşdırılması; cinayət qa­zanclarının qrupun strukturlarında tutulan mövqelərə uyğun bölüşdü­rül­məsi və bir sıra hallarda xüsusi pul fondunun da yaradılması.

  Mütəşəkkil dəstənin ümumi əlamət və xüsusiyyətlərini göstərməklə yanaşı qeyd etmək lazımdır ki, bu cinayətkar qrupun müxtəlif formaları özünü əlavə xü­su­siyyətlərlə biruzə verir. Belə ki, banda mütəşəkkil dəstənin ən təhlükəli təzahürüdür. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bəzi normalarının tətbiqi qaydası haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 11 aprel tarixli Qərarının 3-cü bəndinin "a" yarımbəndində nəzərdə tutulur ki: "Bandanın zəruri əlamətləri bunlardır: iki və ya daha çox şəxslərdən ibarət olması; iştirakçılar arasında möhkəm təşkilati birlik olması; iştirakçılardan birində odlu və ya soyuq silah olması və digər iştirakçıların bunu bilməsi; iştirakçıların basqınlar (basqın) etmək məqsədi ilə əvvəlcədən birləşməsi". Göründüyü kimi, bu izahat mütəşəkkil dəstənin yuxarıda göstərilmiş bütün əlamətlərinin bandaya da məxsus olduğunu nümayiş etdirir. Ban­danı başqa mütəşəkkil dəstədən ayırmaq üçun isə, iştirakçıların hər hansı cinayət törətmələri yox, bir və ya bir neçə basqınlar etmək məqsədi güdmələri, habelə ban­danın silahlanması kimi xüsusiyyətlərin mövcud olması zəruridir. Beləliklə, mütə­şək­kil dəstənin təhlil olunmuş bütün əlamət və xüsusiyyətləri bu cinayətkar qrupun nö­vünü kifayət qədər səciyyələndirir və buna əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq muddəalarına lazımi şərh vermək imkanı yaradır.

 Yuxarıdakılara əsasən və Azərbaycan Respublilkası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinin, "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Res­pub­lilkası Qanununun 75, 76, 78, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

Q Ə R A R A   A L D I:

1. İzah edilsin ki:

Azərbaycan Pespublikası Cinayət Məcəlləsində nəzərdə tutulan "mütəşəkkil dəstə" dedikdə bir və ya bir neçə cinayətin törədilməsi üçün əvvəlcədən birləşmiş iki və yaxud daha çox şəxslərdən ibarət olan möhkəm cinayətkar qrup başa düşül­mə­li­dir;

Mütəsəkkil dəstənin möhkəmliyini onun tərkibinin və təşkilati qurumlarının sabitliyi, üzvlərinin birliyi (sıxlığı), cinayətkar fəaliyyətin forma və üsullarının daimi­liyi xarakterizə edir.

2. Mütəşəkkil dəstənin başqa cinayətkar qruplardan fərqləndirilməsi ucün is­ti­fadə edilə biləcək digər xüsusiyyətlərlə yanaşı, ilk növbədə aşagıdakı əsas xüsusi­yyət­lər nəzərə alınmalıdır:

dəstədə təşkilatçı və ya başçının irəli sürülməsi və ciddi intizamın gözlənilməsi; cinayət niyyətlərinin ümumiliyi; cinayətin törədilmə planının işlənib hazırlanması və bunun üçün mükəmməl hazırlıq görülməsi; cinayət törədilməsində rolların böluş­dü­rül­məsi; cinayətin törədilmə üsulunun qabaqcadan müəyyəşdirilməsi; cinayətin törə­dilməsi üçün mürəkkəb üsullardan istifadə olunmasının mümkünlüyü; hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üçün hərəkətlərin razılaşdırılması; cinayət yolu ilə əldə edilmiş mənfəətlərin qrupun strukturlarında olan mövqelərə uyğun bö­lüşdürülməsi.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar "Azərbaycan" qəzetində dərc olunsun.

5. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı qətidir, heç bir orqan və ya səxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bil­məz.

Sədrlik edən                                                                  Xanlar Hacıyev