Qərarlar

02.12.10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA

MƏHKƏMƏSİ PLENUMUNUN

QƏRARI

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci

maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına

uyğunluğunun yoxlanılmasına  dair

2 dekabr 2010-cu il                                                                                          Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi İsmayıl İsmayılovun,

sorğuverən orqanın nümayəndəsi Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Elmi-Analitik sektorunun müdiri Mahir Məmmədovun,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi İlqar Cəfərovun,

ekspert Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirovun,

mütəxəssislər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Əbülfət Məhərrəmov, Ceyran Kazımova və Xəyalə Abbasovanın iştirakı ilə 

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 30 iyul 2010-cu il tarixli sorğusu əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25, 71, 79, 147-ci maddələrinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

  İş üzrə hakim S.Həsənovanın məruzəsini, sorğuverən və cavabverən orqanların nümayəndələrinin, mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

MÜƏYYƏN  ETDİ:

 Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu verərək Azərbaycan Respublikasının 11 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 53.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 25, 71, 79, 147-ci maddələrinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

İXM-in 53.8-ci maddəsinə əsasən işəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə otuz min manatdan otuz beş min manatadək miqdarda cərimə edilməsi müəyyən edilmişdir.

Sorğuverənin qənaətinə görə mübahisələndirilən normada nəzərdə tutulan «işəgötürən» ifadəsi, hüquqi, fiziki və vəzifəli şəxsi əhatə etdiyindən və cərimənin miqdarının yuxarı həddi İXM-in ümumi hissəsinin müddəaları ilə müəyyən edildiyindən qeyd olunan inzibati xətaya görə «otuz min manatdan otuz beş min manatadək miqdarda» cərimənin onlara tətbiq olunması fiziki və vəzifəli şəxslərin hüquqlarını pozaraq normativ hüquqi akta qarşı irəli sürülən haqq-ədalət meyarlarına cavab vermir və Konstitusiyanın yuxarıda göstərilən maddələrinə uyğun gəlmir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

İnzibati xətalar qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır. Bu qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloci salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən, inzibati xətaların qarşısını almaqdan ibarətdir.

İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.

İXM-in 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

İnzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar (İXM-in 15.1, 15.6, 16 və 17-ci maddələri).

Konstitusiyanın 69-cu maddəsinin I hissəsinə müvafiq olaraq əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüquqlarının həyata keçirilməsinin əsasları Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 13-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə başqa hal nəzərdə tutulmayıbsa, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün əmək hüquqlarından istifadə edə bilər və bu hüquqlara müvafiq olan vəzifələr daşıyırlar.

İşəgötürənlər əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri, onlara qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazə verildikdən sonra işə cəlb edə bilərlər (Əmək Məcəlləsinin 13-cü maddəsinin 4-cü bəndi).

Eyni zamanda, əmək qanunvericiliyində işəgötürənin əsas vəzifələri və məsuliyyəti, habelə əmək sahəsində dövlət nəzarətini həyata keçirən orqanın səlahiyyətləri müəyyən edilmişdir. Əmək Məcəlləsinin 12-ci maddəsinin 2-ci bəndinə görə işçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 15-ci maddəsinin 2-ci bəndinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir.

Yuxarıda qeyd olunduğu kimi, əmək qanunvericiliyinin tələblərinə görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər işəgötürən tərəfindən yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanından icazə aldıqdan sonra işə cəlb oluna bilərlər. Qanunverici işəgötürənin üzərinə bu vəzifəni qoymaqla yanaşı həmin vəzifənin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət də müəyyən etmişdir.

Sözügedən inzibati məsuliyyət İXM-in 53.8-ci maddəsində müəyyən olunmuşdur. Həmin maddənin mətnində əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə inzibati tənbeh növü olan cəriməyə məruz qalan subyekt qismində işəgötürən göstərilmişdir.          

Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir.

Göründüyü kimi, əmək qanunvericiliyinin tələbləri pozulmaqla, o cümlədən fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə məsuliyyəti hüquqi, fiziki və vəzifəli şəxslər daşıyırlar.

Lakin, İXM-in 53.8-ci maddəsində hüquq pozuntusuna görə nəzərdə tutulan inzibati məsuliyyət işəgötürənə aid edilmiş və bu xətaya əsasən tətbiq olunacaq inzibati tənbeh növü olan cərimənin məbləğinin hüquqi, fiziki və vəzifəli şəxsə tətbiqi dəqiq göstərilməmişdir.

Qeyd olunan maddədə «işəgötürən» ifadəsi yalnız hüquqi şəxs anlamında qəbul edildiyi təqdirdə fiziki və vəzifəli şəxslər törətdikləri eyni inzibati xətaya görə məsuliyyətdən kənarda qalmış olurlar, bu isə öz növbəsində inzibati xətalar qanunvericiliyinin vəzifələrinə, inzibati tənbehin isə məqsədlərinə nail olunmasına xidmət etmir.

Belə ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır (İXM-in 22-ci maddəsi).

Bundan başqa, İXM-də inzibati tənbeh növlərindən biri kimi inzibati cərimənin anlayışının verilməsi ilə yanaşı, onun meyarları, inzibati xətalara görə təyin edilən inzibati cərimənin aşağı və yuxarı hədləri də dəqiq müəyyən edilmişdir.

İXM-in 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İXM-in 25.5-ci maddəsinə görə manatla hesablanan və inzibati xətalara görə fiziki şəxslərdən alınan inzibati cərimənin miqdarı üç min manatdan, vəzifəli şəxslərdən alınan cərimənin miqdarı on min manatdan, hüquqi şəxslərdən alınan cərimənin miqdarı əlli min manatdan artıq ola bilməz.

Qeyd olunmalıdır ki, bu cür fərqləndirmə törədilən xətanın xarakteri, xəta törədənin şəxsiyyəti, onun təqsirlilik dərəcəsi, əmlak vəziyyəti, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla inzibati tənbeh növü olan cərimənin təyin edilməsinin və onun həcminin müəyyənləşdirilməsinin fərdiləşdirilməsinə yönəlmişdir.   

Lakin İXM-in 53.8-ci maddəsi ilə nəzərdə tutulan cərimənin məbləği Məcəllənin 25.5-ci maddəsində müəyyən edilən və fiziki şəxsdən tutula bilən  cərimənin miqdarından on dəfə, vəzifəli şəxsə münasibətdə isə üç dəfə artıqdır.

Eyni zamanda İXM-in 53.8-ci maddəsində «işəgötürən» ifadəsi özündə hüquqi, fiziki və vəzifəli şəxs anlayışlarını ehtiva etdiyindən, qeyd olunan inzibati xətaya görə Məcəllənin 25.5-ci maddəsinə əsasən fiziki şəxslərə üç min manat məbləğində, vəzifəli şəxslərə isə on min manat məbləğində inzibati tənbeh növü olan cərimənin tətbiq edilməsi istisna olunmur.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məsələnin bu cür həlli fiziki və vəzifəli şəxslərə münasibətdə normativ hüquqi aktların haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanması prinsipinə uyğun gəlmir. Belə ki, İXM-in 53.8-ci maddəsinin sanksiyası ilə nəzərdə tutulan cərimənin yuxarı həddi (otuz beş min manat) həmin Məcəllənin ümumi hissəsi ilə hüquqi şəxslərə təyin olunan cərimənin maksimum həddini (əlli min manat) deyil, onun yalnız 70 faizini təşkil edir. Lakin, həmin inzibati xətaya görə mübahisələndirilən maddənin sanksiyasında fiziki və vəzifəli şəxslər barəsində inzibati cərimənin miqdarı müəyyən olunmadığı üçün onlara İXM-in 25.5-ci maddəsində bu şəxslər üçün nəzərdə tutulan cərimənin yuxarı həddi təyin edilə bilər. Bu isə öz növbəsində Konstitusiyada təsbit olunmuş hamının qanun qarşısında bərabərliyi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasının qadağan edilməsi prinsiplərinin pozulmasına gətirib çıxara bilər.

Göstərilənlərlə yanaşı vurğulanmalıdır ki, İXM-in xüsusi hissəsində müxtəlif subyektlər tərəfindən törədilən inzibati xətalara görə məsuliyyət nəzərdə tutan əksər maddələrin sanksiyalarında hüquqi, fiziki və vəzifəli şəxslərin məsuliyyəti differensiasiya olunmuşdur. Təsadüfi deyil ki, əmək qanunvericiliyinin pozulmasına görə ayrı-ayrı inzibati xətaları nəzərdə tutan Məcəllənin 53.1, 53.9 və 53.10-cu maddələrində «işəgötürən» qismində çıxış edən hüquqi və vəzifəli şəxslərin məsuliyyəti ayrı-ayrılıqda müəyyən olunmuşdur. 

Lakin bu qaydadan fərqli olaraq, İXM-in 53.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın subyekti kimi «işəgötürən» qismində hüquqi şəxslərlə yanaşı fiziki və vəzifəli şəxslərin də çıxış etməsinə baxmayaraq həmin maddənin sanksiyasında onların məsuliyyəti fərqləndirilməmiş, hər üç subyektə münasibətdə inzibati cərimənin məbləği eyniləşdirilmişdir.

Belə hal İXM-in ümumi hissəsinin müddəaları ilə xüsusi hissəsinin müddəaları arasında qeyri-müəyyənlik və ziddiyyət yaratmaqla bu Məcəllənin müəyyən etdiyi -  insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınmasına yönəlmiş prinsipləri pozmuş olur.

İnzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri insan və vətəndaş hüquqlarına və azadlıqlarına ali dəyərin verilməsidir. İXM insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınması və onlara hörmət olunmasını təmin edir (İXM-in 5.1 və 5.2-ci maddələri). İXM-in 7.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxslər qanun qarşısında bərabərdirlər.

 İXM-in ədalətlilik prinsipini özündə əks etdirən 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.

Nəzərə alınmalıdır ki, hüququn müxtəlif sahələrinin hüquqi tənzimlənməsi Konstitusiyada demokratik, hüquqi dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplərə əsaslanmalıdır. Konstitusiya prinsipləri isə öz aralarında ayrılmaz əlaqədədir və hüquq subyektlərinin öz qanuni mənafelərini həyata keçirməsi, qoruması və müdafiəsi üçün eyni əhəmiyyət kəsb edən hüquqi başlanğıcların vahid məcmusunu formalaşdırırlar.

İXM-də əks olunmuş prinsiplərin əsasını Konstitusiyanın müddəaları, o cümlədən Konstitusiyanın 25-ci maddəsinin I və V hissələri, 71-ci maddəsinin I və II hissələri təşkil edir. Qeyd olunan normalara əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

Bu prinsiplər insan hüquqları ilə bağlı olan beynəlxalq aktlarda, o cümlədən «İnsan hüquqları haqqında» Ümumi Bəyannamədə, «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» və «Vətəndaş və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktlarda, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasında öz əksini tapmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici inzibati xətanın və başqa hüquq pozuntularının müəyyən edilməsində, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsində müvafiq səlahiyyətlərə malikdir. Lakin, bütün hallarda belə tənzimləmə hüquq bərabərliyi prinsipinə, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanması və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir (Konstitusiyanın 149-cu maddəsinin I və III hissələri). Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir.

Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla hər bir normativ-hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxarır (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair» 22 sentyabr  2008-ci il tarixli Qərarı).

Bununla yanaşı Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, İXM-in 53.8-ci maddəsi Konstitusiyanın 25-ci maddəsinin I və V hissələrinə, 71-ci maddəsinin I və II hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir.

Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə əsasən cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsinə dair ümumi qaydaları Azərbaycan Respublikasının Milli Məclisi müəyyən edir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İXM-in 53.8-ci maddəsi Konstitusiyanın 25-ci maddəsinin I və V hissələrinə, 71-ci maddəsinin I və II hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunlaşdırılaraq həmin maddədə nəzərdə tutulan inzibati xətaya görə inzibati tənbehin fiziki, hüquqi və vəzifəli şəxslər üçün ayrı-ayrılıqda müəyyən olunması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır.

Bu tövsiyənin həyata keçirilməsi müəyyən müddət tələb etdiyindən Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 130-cu maddəsinin X hissəsinə uyğun olaraq İXM-in 53.8-ci maddəsini 2011-ci il iyunun 1-dən qüvvədən düşməsini məqsədəmüvafiq hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII  hissəsini və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65, 67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu                                              

QƏRARA ALDI :

1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I və V hissələrinə, 71-ci maddəsinin I və II hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğun olmadığından 2011-ci il iyunun 1-dən qüvvədən düşmüş hesab edilsin.

2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin I və V hissələrinə, 71-ci maddəsinin I və II hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunlaşdırılaraq həmin maddədə nəzərdə tutulan inzibati xətaya görə inzibati tənbehin fiziki, hüquqi və vəzifəli şəxslər üçün ayrı-ayrılıqda müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

3.  Qərar dərc olunduğu gündən qüvvəyə minir.

4. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədrlik edən                                                       Fərhad Abdullayev