AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN
Q Ə R A R I
Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 157.5-ci maddəsinin şərh olunmasına dair
09 iyul 2010-cu il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), S.Salmanova, F.Babayev, S.Həsənova, R.Qvaladze (məruzəçi-hakim) və İ.Nəcəfovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin hakimi S. Mirzəyevin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi İ.Cəfərovun, ekspert Bakı Dövlət Universiteti Cinayət prosesi kafedrasının müdiri F. Abbasovanın, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi T. Mahmudovun, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ədliyyə və Vergilər Nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini A. Bəylərov və böyük prokuror-metodisti X. Şixəliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında xüsusi konstitusiya icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə əsasən Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin həmin Məcəllənin 154.4, 156.2 və 163.2-ci maddələri baxımından şərh olunmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim R. Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin, ekspertin və mütəxəssislərin çıxışlarını dinləyib, işin materiallarını araşdıraraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
M Ü Ə Y Y Ə N E T D İ :
Bakı şəhəri Yasamal rayon məhkəməsinin 28 yanvar 2010-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 206.1-ci maddəsi ilə təqsirləndirilən R. Allahverdiyevin barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və məhkəmə öz təşəbbüsü ilə həmin qərarla bu qətimkan tədbirini ev düstaqlığı qətimkan tədbiri ilə əvəz etmişdir.
Məhkəmə həmin qərarı qəbul edərkən Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin (bundan sonra – CPM) 157.5, 448-ci maddələrinə istinad etmişdir.
Məhkəmənin qərarından təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti vermişdir.
Bakı Apellyasiya Məhkəməsinin Cinayət və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyası məhkəmənin öz təşəbbüsü və ya müdafiə tərəfinin vəsatəti əsasında həbsin ev dustaqlığı ilə əvəz edilməsi məsələsinə məhkəmə təcrübəsində fərqli yanaşmanın mövcud olduğunu nəzərə alaraq, CPM-in 154.4, 156.2 və 163.2-ci maddələrinin tələbləri baxımından həmin Məcəllənin 157.5-ci maddəsinin şərh olunması barədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin düzgün həll edilməsi üçün qətimkan tədbirinin mahiyyətinin, həbs, ev dustaqlığı və girov qətimkan tədbirlərinə dair CPM-in 154, 156, 157, 163 və 164-cü maddələrinin bəzi müddəalarının, həmin qətimkan tədbirlərinə məhkəmə tərəfindən baxılması qaydalarının açıqlanmasını zəruri hesab edir.
Azərbaycan Respublikasının Konstitusiyasında (bundan sonra- Konstitusiya) nəzərdə tutulmuşdur ki, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər (Konstitusiyanın 28-ci maddəsinin I və II hissələri).
Hər kəsin azadlıq hüququ və şəxsi toxunulmazlıq hüququ insan hüquq və azadlıqlarına həsr olunmuş beynəlxalq aktlarda, o cümlədən, İnsan hüquqları üzrə Ümumi Bəyannamənin 3-cü maddəsində, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 9-cu maddəsində, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (bundan sonra - Konvensiya) 5-ci maddəsində də təsbit olunmuşdur.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Medvedev və digərləri Fransaya qarşı (№ 3394/03) iş üzrə 29 mart 2010-cu il tarixli qərarında bildirmişdir ki, Konvensiyanın 5-ci maddəsi azadlıq və toxunulmazlıq hüququnu müdafiə edir. Konvensiyanın tələbinə görə bu hüquq demokratik cəmiyyətdə ən mühüm əhəmiyyət kəsb edir.
Hər kəsin bu hüququnun müdafiəsi təmin edilməlidir. Bu onu nəzərdə tutur ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində göstərilmiş şərtlər istisna olunmaqla, heç kəsin azadlığı məhdudlaşdırılmamalı və ya məhdudlaşdırılması davam etdirilməməlidir. Azadlıq hüququndan Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi ilə təmin olunmuş istisna siyahısı məhdud xarakterlidir və bu istisnaların yalnız dar təfsiri sözügedən müddəanın məqsədinə uyğundur.
Həmin Məhkəmə daha sonra bildirmişdir ki, «qanunla müəyyən olunmuş prosesə» riayət olunub-olunmamasını da əhatə edən həbsin «qanuniliyi» məsələsində Konvensiya əsasən milli qanunvericiliyə, müvafiq olduqda tətbiq olunan digər hüquqi standartlara, o cümlədən, beynəlxalq hüquqda olan mənbələrə istinad edir. Konvensiya bütün işlər üzrə sözügedən qanunvericilik normalarının maddi və prosessual qaydalarına riayət etmək öhdəliyi yaratmaqla yanaşı, həmçinin, tələb edir ki, azadlığın hər hansı şəkildə məhdudlaşdırılması Konvensiyanın 5-ci maddəsinin məqsədinə, yəni fərdi şəxsin özbaşınalıqdan müdafiə olunmasına uyğun olmalıdır.
Avropa Məhkəməsi vurğulamışdır ki, azadlığın məhdudlaşdırılması ilə bağlı məsələlərdə hüquqi müəyyənlik prinsipinin təmin olunması xüsusilə vacibdir. Bu səbəbdən Konvensiya ilə müəyyən olunmuş «qanunilik» standartına cavab vermək üçün milli və/və ya beynəlxalq hüquqda azadlığın məhdudlaşdırılmasının şərtləri açıq-aydın müəyyən edilməli və qanunvericilik normasının tətbiqi qabaqcadan gözlənilən olmalıdır.
Konstitusiyanın və beynəlxalq-hüquqi aktların tələblərinə əsaslanaraq cinayət-prosessual qanunvericiliyi cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən etmişdir (CPM-in 1.1-ci maddəsi).
Cinayət-prossesual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, hər kəsin azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada və hallarda onun tutulması, həbsə alınması və ya azadlıqdan məhrum edilməsi ilə məhdudlaşdırıla bilər (CPM-in 14.1-ci maddəsi).
Qətimkan tədbirlərinin anlayışı, tətbiqi əsasları, qaydası və müddətləri CPM-in XVII fəslinin 154-175-ci maddələrində öz əksini tapmışdır.
CPM-in 154.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət işi üzrə icraatda şübhəli və ya təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədilə onların barəsində seçilən prossesual məcburiyyət tədbiridir.
Qətimkan tədbirlərinin növləri isə CPM-in 154.2-ci maddəsində göstərilmişdir. Bu maddənin, habelə Məcəllənin 154.3 və 154.4-cü maddələrinin məzmunlarından göründüyü kimi həbs, ev dustaqlığı və girov qətimkan tədbirləri yalnız təqsirləndirilən şəxsə, qalan qətimkan tədbirləri isə həm təqsirləndirilən, həm də şübhəli şəxsə tətbiq edilə bilər.
Cinayət-prosessual qanunvericiliyi müəyyən etmişdir ki, ev dustaqlığı və girov həbsə alternativ qətimkan tədbirləridir və onun əvəzinə seçilə bilər (CPM-in 154.4-cü maddəsi). Bu müddəadan belə nəticəyə gəlinir ki, qətimkan tədbiri kimi ev dustaqlığının tətbiq edilməsinin əsasları həbs qətimkan tədbirinin tətbiq edilmə əsasları ilə eynidir və buna görə də həmin qətimkan tədbirləri seçilərkən CPM-in 155.1-155.3-cü maddələrinin tələblərinə ciddi riayət edilməlidir.
CPM-in 155.3-cü maddəsində həbs və ona alternativ qətimkan tədbirlərinin tətbiq olunmasının iki halı müəyyən edilmişdir.
Həmin hallardan birincisi ondan ibarətdir ki, təqsirləndirilən şəxsin ittiham edildiyi əmələ görə 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsun (CPM-in 155.3.1-ci maddəsi). İkinci halda isə məqsəd 2 (iki) ilədək müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsin qanuna zidd davranışının qarşısını almaqdır.
Qanuna zidd davranış dedikdə, CPM-in 155.1.1-155.1.3-cü maddələrində göstərilmiş aşağıdakı hallar nəzərdə tutulur: cinayət prosesini həyata keçirən orqandan gizlənmək; cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq; cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq.
Göstərilən hallardan başqa hər hansı digər bir halda həbs və ona alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi yolverilməzdir.
Həbs qətimkan tədbiri ən son prosessual məcburiyyət tədbiri olduğu və digər qətimkan tədbirlərinə nisbətən şəxsin konstitusiya hüquq və azadlıqlarını daha artıq məhdudlaşdırdığı üçün həmin qətimkan tədbiri tətbiq edilərkən qanunvericiliyin tələblərinə dönmədən riayət edilməsi mühüm rol oynayır. Bu, ilk növbədə, təqsirsizlik prezumpsiyası prinsipinin tələblərinə ciddi riayət edilməsinə aiddir.
CPM-in 157.1-ci maddəsinin tələblərinə görə həbs qətimkan tədbiri yalnız o halda tətbiq edilə bilər ki, şəxsin ona qarşı irəli sürülmüş ittihamda istinad edilən əməlin törədilməsinə aidiyyətini sübut edən kifayət qədər ciddi əsaslar olsun.
Cinayət-prosessual qanunvericiliyi, həmçinin müəyyən etmişdir ki, məhkəmədə həbslə bağlı məsələyə baxılarkən çəkişmə prinsipinin tələblərinə riayət edilməklə vəsatət vermiş şəxsə öz müraciətini əsaslandırmaq, müdafiə tərəfinə isə müraciətə dair öz mövqeyini bildirmək və ittiham tərəfinin dəlillərini təkzib etmək üçün imkan verilir (CPM-in 447.7.2, 447.7.3-cü maddələri)
Adı çəkilən normaların mənasından görünür ki, həbs qətimkan tədbirinin tətbiq edilməsinə dair vəsatətlərə məhkəmədə baxılarkən məhkəmə iclasının iştirakçıları məhkəmə iclasında birinci növbədə vəsatətə dair öz münasibətini bildirmək hüququna malikdirlər. Məhkəmə isə qanunvericiliyin tələblərinə müvafiq olaraq vəsatətin təmin və ya rədd edilməsi barədə qərar çıxarır və onu iştirak edən şəxslərə dərhal elan edir (CPM-in 447.7.5-ci, 448.1.3-cü maddələri).
Beləliklə, cinayət-prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə həbs qətimkan tədbirinin tətbiq edilməsi məsələsinə baxarkən hər bir halda buna dair verilmiş vəsatətin müqəddəratını həll etməli, həmin vəsatətin təmin və ya rədd edilməsi barədə qərar çıxarmalıdır. Məhz belə qərar qəbul olunduqdan sonra qanunda nəzərdə tutulmuş qaydalara uyğun olaraq həbsə alternativ olan ev dustaqlığı və girov qətimkan tədbirləri onun əvəzinə seçilə bilər (CPM-in 154.4-cü maddəsi).
Məhkəmənin öz təşəbbüsü ilə həbs qətimkan tədbiri əvəzinə ev dustaqlığı qətimkan tədbirini seçmək, yaxud həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə əvəz etmək hüququna dair müraciətdə qaldırılmış məsələnin həlli üçün cinayət-prosessual qanunvericiliyin bəzi normalarının təhlili zəruridir.
CPM-in 156-cı maddəsində qətimkan tədbirlərinin seçilməsinin ümumi qaydası müəyyən edilmişdir. Bu qaydaya görə ev dustaqlığı və girov həbsin əvəzinə müdafiə tərəfinin vəsatəti üzrə məhkəmə tərəfindən seçilə bilər (CPM-in 156.2-ci maddəsi). Maddənin məzmunundan göründüyü kimi qanunverici ev dustaqlığı və girov qətimkan tədbirinin seçilməsinin xüsusi qaydasını müəyyən etmişdir. Bu qaydaya görə ev dustaqlığı və girov həbsin əvəzinə yalnız müdafiə tərəfinin vəsatəti üzrə seçilə bilər.
Qətimkan tədbirlərinin seçilməsinin ümumi qaydalarında olduğu kimi «ev dustaqlığı» adlanan CPM-in 163-cü maddəsində də nəzərdə tutulmuşdur ki, ev dustaqlığının qətimkan tədbiri qismində seçilməsi məsələsinə məhkəmə tərəfindən yalnız müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin seçilməsi haqqında qəbul olunmuş qərarın əvəz edilməsi kimi baxıla bilər (CPM-in 163.2-ci maddəsi).
Göstərilən maddələr ev dustaqlığının həbs qətimkan tədbirinin əvəzinə tətbiq edilməsinin yalnız bir qaydasını müəyyən etmiş – müdafiə tərəfinin buna dair vəsatətinin olması.
CPM-in 92.9.6, 156.2 və 163.2-ci maddələrinin tələblərindən irəli gələrək həbs qətimkan tədbirinin əvəzinə ev dustaqlığının tətbiq edilməsinə dair müdafiə tərəfinin vəsatəti həbs qətimkan tədbirinin seçilməsi məsələsinə məhkəmədə baxılarkən, habelə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar çıxarıldıqdan sonra verilə bilər.
Müdafiə tərəfinin vəsatətində təqsirləndirilən şəxsin həbs edilərək cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığı, habelə onun barəsində ev dustaqlığının tətbiq edilməsi üçün imkanların olduğu və ev dustaqlığının tətbiqi ilə qətimkan tədbirlərinin CPM-in 154.1-ci maddəsində göstərilmiş məqsədlərinə nail olunacağı əsaslandırıldığı halda məhkəmə CPM-in 157.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla cəmiyyətdən təcrid edilməsinə zərurət olmadığı qərarına gəldikdə, həbsi ev dustaqlığı ilə əvəz etməyə haqlıdır. Belə qərarı qəbul edərkən məhkəmə ev dustaqlığı qətimkan tədbirinə məruz qalacaq şəxsin ev dustaqlığı şəraitində CPM-in 155.1.1-155.1.3-cü maddələrində nəzərdə tutulmuş hərəkətləri etməyəcəyinə əmin olmalı və həmin şəxsə CPM-in 163.3-cü maddəsində sadalanmış məhdudiyyət tədbirlərindən məhz hansının və hansı məzmunda tətbiq edilməli olduğu məsələsini həll etməlidir.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə qəlir ki, CPM-in 157.5-ci maddəsi həmin Məcəllənin 154.4, 156.2 və 163.2-ci maddələrinin tələblərinə riayət olunmaqla tətbiq edilməli, məhkəmə həbsin qətimkan tədbiri qismində seçilməsi məsələsinə baxarkən müdafiə tərəfinin vəsatəti olduqda və təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla cəmiyyətdən təcrid edilməsinə zərurət olmadığı qənaətinə gəldikdə həbsi ev dustaqlığı ilə əvəz etməyə haqlıdır.
Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, CPM-in 156.2-ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
Q Ə R A R A A L D I :
1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsi həmin Məcəllənin 154.4, 156.2 və 163.2-ci maddələrinin tələblərinə riayət olunmaqla tətbiq edilməlidir.
Məhkəmə həbsin qətimkan tədbiri qismində seçilməsi məsələsinə baxarkən müdafiə tərəfinin vəsatəti olduqda və təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla cəmiyyətdən təcrid edilməsinə zərurət olmadığı qənaətinə gəldikdə həbsi ev dustaqlığı ilə əvəz etməyə haqlıdır.
2.Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3.Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədrlik edən Fərhad Abdullayev