AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN
Q Ə R A R I
Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki işlər üzrə məhkəmə kollegiyasının 14 may 2009-cu il tarixli qərarının
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair
21 iyun 2010-cu il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Bəhman Qəribov (məruzəçi-hakim), Rafael Qvaladze, Eldar Məmmədov, İsa Nəcəfov və Ələddin Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İsmayıl İsmayılovun,
ərizəçi M.Vəzirovanın və onun nümayəndəsi Mirismayıl Hadinin,
cavabverənin nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının əməkdaşı Ruhid Əkbərovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında M.Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim B.Qəribovun məruzəsini, ərizəçinin və onun nümayəndəsinin, cavabverənin nümayəndəsinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
M Ü Ə Y Y Ə N E T D İ :
Bakı şəhər Nəsimi rayon məhkəməsinin 24 may 2007-ci il tarixli qətnaməsi ilə Məsumə Əkbərovanın Ədalət Əkbərova və Dilarə Əkbərovaya qarşı yaşayış evinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilmiş, Məsumə Əkbərovanın Bakı şəhəri, S.Salayev küçəsindəki 52 saylı evə istifadə hüququnun tanınaraq, həmin evə köçürülməsi qət edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – ”Bakı Apellyasiya Məhkəməsinin MİÜMK”) 03 oktyabr 2007-ci il tarixli qətnaməsi ilə Nəsimi rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – “Ali Məhkəmənin MİÜMK”) 29 yanvar 2008-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-nın qətnaməsi ləğv edilərək, iş apellyasiya qaydasında yenidən baxılması üçün qaytarılmışdır.
Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın 06 iyun 2008-ci il tarixli qətnaməsi ilə Nəsimi rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Ali Məhkəmənin MİÜMK-nın 28 sentyabr 2008-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın 06 iyun 2008-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş apellyasiya qaydasında yenidən baxılması üçün qaytarılmışdır.
Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın 26 dekabr 2008-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Ali Məhkəmənin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarı ilə mülki iş üzrə cavabdehlərin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunaraq, Məsumə Əkbərovanın iddiası təmin edilməmişdir.
Ali Məhkəmə sədrinin 12 avqust 2009-cu il tarixli məktubu ilə M.Vəzirovanın (Əkbərova) əlavə kassasiya şikayəti təmin edilməmişdir.
Ərizəçi M.Vəzirova (Əkbərova) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra – “Konstitusiya Məhkəməsi”) müraciət edərək onun iddiası əsasında baxılmış mülki iş üzrə kassasiya instansiyası məhkəməsinin 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra –“Konstitusiya”) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd edir.
İşin materiallarından göründüyü kimi, M.Vəzirovanın iddiası üzrə iş dəfələrlə məhkəmə instansiyalarında baxılmış, apellyasiya instansiyası məhkəməsi bir neçə dəfə iddianın əsaslı olması nəticəsinə gəlmiş, lakin hər bir halda kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnamələri qanunsuz və əsassız hesab edilərək ləğv olunmuşdur.
Sonuncu dəfə işə kassasiya qaydasında baxan Ali Məhkəmənin MİÜMK 14 may 2009-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM“) 417.1.4-cü maddəsinə əsaslanaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etmiş və M.Əkbərovanın iddiasını rədd etmişdir.
Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur.
Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir.
MPM-in kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən 416-cı maddəsinə əsasən bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Prosessual qanunvericiliyə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Belə qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun (MPM-in 417.1.4 və 417.2-ci maddələri).
Qeyd olunan normaların məzmunundan göründüyü kimi kassasiya instansiyası məhkəməsi işin hallarını və sübutları müəyyən etmir, yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar üzrə maddi hüquq normasının pozulduğunu və ya düzgün tətbiq olunmadığını müəyyən etdikdə müvafiq qərar qəbul edə bilər.
Konstitusiya Məhkəməsinin Plenumu prosessual qanunvericiliyə yeni daxil edilmiş bu institutun mahiyyəti ilə bağlı xüsusilə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin yeni qərar qəbul etmək səlahiyyəti həmin məhkəmənin tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxmaq hüququ kimi təfsir oluna bilməz. MPM-in 417.1.4-cü maddəsinin tətbiqi müstəsna olaraq kassasiya instansiyası məhkəməsinin hüquqi təbiəti və səlahiyyət hədləri çərçivəsində qanuni hesab edilə bilər və heç bir halda həmin məhkəmənin aşağı instansiya məhkəmələrinin səlahiyyətlərini öz üzərinə götürməsi ilə nəticələnməməlidir. Bu maddə, həmçinin kassasiya instansiyası məhkəməsinin mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə və həmin hallara maddi hüquq normalarını tətbiq etməsinə hüquqi əsas vermir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Oxşar hüquqi mövqelər Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il, 21 may 2004-cü il, 03 avqust 2004-cü il, 28 oktyabr 2004-cü il tarixli qərarlarında da öz əksini tapmışdır.
Lakin hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsi MPM-in 417.1.4 və 417.2-ci maddələrini onların konstitusiya-hüquqi məzmununa uyğun olmayan qaydada tətbiq etməklə, son nəticədə həmin hüquq normalarının tələblərini pozmuşdur.
Belə ki, mülki işin materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi şahid ifadələrinə, cavabdehlərin işdə olan yazılı ərizələrinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, M.Əkbərova 1974-cü ildə Ə.Əkbərovla ailə quraraq, həmin ildə mubahisəli evə gəlin köçmüş, cehiz əşyalarını həmin evə gətirmiş, əri ilə birlikdə mübahisəli evdə yaşayaraq təsərrufat aparmış, ailə vəziyyəti ilə bağlı evin otaqlarından birini mağazaya çevirərək, müvəqqəti olaraq əri ilə iddiaçının valideynlərinin mənzilinə getmiş, bir müddət sonra mübahisəli evə qayıtmış, 1978 və 1979-cu illərdə onların iki uşağı olmuş, 2002-ci ildə M.Əkbərova əri Ə.Əkbərovun razılığı ilə Niderland Krallığına ali təhsilini davam etdirən oğlunun yanına getmiş, 2006-cı ildə Bakıya qayıdanda əri yeni arvadı ilə onu evə buraxmamışdır.
Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, 2009-cu il oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – “qüvvədən düşmüş Mənzil Məcəlləsi”) 60 və 123-cü maddələrinə əsaslanaraq hesab etmişdir ki, iddiaçı M.Əkbərova mübahisəli mənzilə yaşamaq hüququnu əldə etmiş, onun hər hansı bir səbəbdən mübahisəli evi müəyyən müddətə tərk etməsi daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmə kimi qiymətləndirilə bilməz, Niderland Krallığına getməsi onu evə olan hüququndan məhrum etmir. Bu zaman apellyasiya instansiyası məhkəməsi, həmçinin «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsaslanmışdır. Həmin Qərarın nəticə hissəsinin 2-ci bəndinə görə Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.
Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının istifadə hüququnun itirilmiş hesab edilməsi üçün Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən olunmalıdır. Həmin əsas isə ondan ibarətdir ki, iddiaçı daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. M.Əkbərovanın Azərbaycan Respublikasının vətəndaşı olduğunu, Niderland Krallığının vətəndaşlığını əldə etmədiyini, onun həmin Krallıqda yaşayış sahəsinə malik olması və Krallığın ərazisində daimi yaşamaq hüququ əldə etməsi barədə mülki işin materiallarında heç bir sənədin olmadığını müəyyən edən məhkəmə, həmçinin hesab etmişdir ki, iddiaçının Niderland Krallığında həbs olunub-olunmaması, deportasiya olunub-olunmaması və sair bu kimi halların mübahisəyə aidiyyəti yoxdur.
Sonuncu dəfə işə kassasiya qaydasında baxan Ali Məhkəmənin MİÜMK işdə olan sübutlara qiymət verərək belə nəticəyə gəlmişdir ki, M.Əkbərova ümumiyyətlə mübahisəli mənzilə istifadə hüququnu əldə etməmişdir. Kassasiya instansiyası məhkəməsi ərizəçinin Niderland Krallığına daimi yaşamaq üçün getdiyi qənaətinə gəlmiş və bunu apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarla deyil, öz mülahizəsi ilə əsaslandırmışdır. Bununla bağlı kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmişdir ki, «… iddiaçının Niderland Krallığında məskunlaşması leqal əsaslar əsasında olacağı halda onun orada, övladlarının yanında məskunlaşaraq yaşamasının daimi olacağı heç bir şübhə yaratmır».
Bundan başqa, kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən Ali Məhkəmənin MİÜMK-nın 29 yanvar 2008-ci il tarixli qərarındakı göstərişləri yerinə yetirməyərək mübahisə predmeti olan evdə iddiaçıya məxsus əşyaların adlarını protokolda göstərməmiş, mübahisəli mənzildə qeydiyyatda olan digər şəxsləri işdə iştirak etməyə cəlb etməmiş, bununla da MPM-in 420-ci maddəsinin tələblərini pozmuşdur.
Mülki prosessual qanunvericiliyin tələblərinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qənaətinə gəldikdə, bir qayda olaraq, MPM-in 417.1.3-cü maddəsinə əsasən işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərməlidir. İş üzrə düzgün qətnamənin qəbul edilməsinə təsir göstərən hər hansı boşluğun aşkar edilməsi apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərarın qəbul edilməsini istisna edir.
Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, M.Əkbərovanın Ə.Əkbərova və D.Əkbərovaya qarşı yaşayış evinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iş üzrə Ali Məhkəmənin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarı MPM-in 416, 417.1.4 və 417.2-ci maddələrinin tələbləri ilə ziddiyyət təşkil edir. İшя baxılmasının qeyd olunan просессуал гайдаларın tələblərinə zidd qərarın qəbul edilməsi isə ərizəçi M.Vəzirovanın (Əkbərovanın) Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatının pozulmasına səbəb olmuşdur.
Konstitusiyanın 130-cu maddəsinin V və IX hissələrini, ""Konstitusiya Məhkəməsi haqqında"" Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
Q Ə R A R A A L D I :
1. M.Əkbərovanın Ə.Əkbərova və D.Əkbərovaya qarşı yaşayış evinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 14 may 2009-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Mülki-Prosessual Məcəlləsinin 416-cı, 417.1.4-cü və 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2. Qərar elan olunduğu andan qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədrlik edən Fərhad Abdullayev