Qərarlar

12.03.99 Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında

AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI 

KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında

12 mart 1999-cu il                                                                                          Bakı şəhəri

  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov, S.Salmanova (məruzəçi-ha­kim), Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

sorğu verən orqanın nümayəndələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədr müavini Ç.Bəşirovun və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi B.Əsədovun iştirakı ilə;

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin I bəndinə müvafiq olaraq açıq məhkəmə iclasında Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli 5-1/98 saylı sorğusu ilə bağlı Konstitusiya işinə baxdı.

  Hakim S.Salmanovanın məruzəsini, sorğu verən orqanın nümayəndələri Ç.Bə­şirov və B.Əsədovun çıxışlarını dinləyib, təqdim edilmiş materialları nəzərdən keçirərək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 

M Ü Ə Y Y Ə N   E T D İ:

  Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusunda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin I hissəsi və “İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında” Beynalxalq Paktın 11-ci maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılması xahiş olunur.

 Sorğu ilə bağlı iş materiallarına Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin və «İqtisadi Sosial və Mədəni hüquqlar» haqqında Beynalxalq Paktın 11-ci maddəsinin rəsmi mətnlərinin surətləri əlavə edilmişdir.

  Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sorğu ilə bağlı aşağıdakıları qeyd edir:

  Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin II hissəsinin 8-ci bəndinə əsasən şəxs altı aydan artıq müddətə azadlıqdan məhrum olunmağa məhkum edildikdə onun yaşayış sahəsinə olan hüququ hökm icra olunanadək saxlanır.

  Həmin maddənin II hissəsinin 9-cu bəndinə görə isə 18 yaşınadək şəxslər, yaşı 50-dən çox olan kişilər, yaşı 45-dən çox olan qadınlar azadlıqdan məhrum olunmağa məhkum edildikdə, məcburi əməyə cəlb edilməklə azadlıqdan məhrum olunmağa şərti məhkum etmə, habelə ehtiyatsızlıq üzündən cinayətlər törədilməsinə görə azadlıqdan məhrum olunmağa məhkum etmə zamanı onların yaşayış sahəsi cəza müddəti qurtaranadək saxlanır.

  Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin II hissəsinin 8-ci bəndində şəxsin altı aydan artıq müddətə məhkum olunması onu yaşayış sahəsinə olan hüququndan məhrum etməyə əsas yaratdığı halda, cinayət qanunvericiliyində cinayətin xarakterindən asılı olmayaraq, şəxsin yaşayış sahəsindən məhrum olunmasını əks etdirən əsas, yaxud əlavə cəza nəzərdə tutulmamışdır.

  Belə olan halda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin II hissəsinin 8-ci bəndi insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönələn normativ akt kimi özünü büruzə verir.

 Belə ki, altı aydan çox müddətə azadlıqdan məhrum olunmuş şəxsin yaşayış sahəsindən birmənalı məhrum olması, bu qəbildən olan şəxslərin gələcək taleyinə maddi, mənəvi və psixoloji zərbə kimi qiymətləndirilməlidir.

  Qanunverici bəzi kateqoriyalı məhkumların vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin II hissəsinin 9-cu bəndində güzəştlər edərək, onların yaşayış sahəsinə olan hüquqlarını cəza müddəti qurtaranadək saxlamışdır. Bununla belə qanunverici ardıcıl olmayıb Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilən insan və vətəndaş hüquqları və azadlıqları bərəbərliyi prinsipinə zidd olaraq, vətəndaşları törətdikləri cinayətlərin xarakterinə və yaş həddinə görə fərqləndirmişdir.

  Bu isə vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində təsbit edilmiş mənzil hüquqlarını məhdudlaşdırır, Konstitusiyanın 25-ci maddəsinin I və II hissəsində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqları bərabərliyi prinsipi ilə ziddiyyət təşkil edir. Hüquq tətbiq etmə  təcrübəsi göstərir ki, azadlıqdan məhrum olunma cəzasına məhkum edilmiş tənha şəxslər qeyd olunan prinsipin  pozulması nəticəsində mənzil orqanları tərəfindən avtomatik olaraq yaşayış sahəsindən məhrum olunurlar.

  Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hesab edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin II hissəsinin 8-ci və 9-cu bəndləri Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin I hissəsi və 25-ci maddəsinin I və II hissələrinə uyğun deyil və məhkum olunmuş şəxslərin yaşayış sahəsinə olan hüquqları onların bütün cəza  çəkdiyi müddət ərzində  saxlanmalıdır.

  Bununla yanaşı Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş müddəaların hüquq tətbiq etmə təcrübəsinə dair bir sıra məsələlərin şərh edilməsini vacib hesab edir.  

  Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin I hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır.

  Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər.

  Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

  Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin I hissəsində nəzərdə tutulan  norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin.

  Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

  «İcarə haqqında» Azərbaycan Respublikasının  Qanununda və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələrində icarə müqaviləsinin pozulmasının digər əsasları da nəzərdə tutulmuşdur.

 Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin I hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi  həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz.         

  İcarədar və ya onun ailə üzvlərindən hər hansı birinin məhkum olunması həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Bu müddəa ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərə tətbiq edilmir.

 Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndini və IV hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 80-83, 85-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 

Q Ə R A R A   A L D I: 

1.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin II hissəsinin 8-ci və 9-cu bəndləri Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I və II hissələrinə, 43-cü maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

2.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin I hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən  nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

İzah edilsin ki, icarədar və ya onun ailə üzvlərindən hər hansı birinin məhkum olunması həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Bu müddəa ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərə tətbiq edilmir.

3.Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4.Qərar hazırda I instansiya məhkəmələrinin icraatına Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə bağlı olan mübahisələrə və bu qərar qüvvəyə mindikdən sonra yaranan hüquq münasibətlərinə şamil olunur.

5.Qərar «Azərbaycan» qəzetində dərc edilsin.

6.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və təfsir edilə bilməz.

Sədrlik edən                                                                  Xanlar Hacıyev