Qərarlar

17.06.10 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLIKASI

KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN

Q Ə R A R I

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin

39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair

17 iyun 2010-cu il                                                                                                           Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), S.Salmanova, F.Babayev, S.Həsənova, R.Qvaladze, İ.Nəcəfov və Ə.Sultanovdan (məruzəçi-hakim) ibarət tərkibdə, 

məhkəmə katibi İ.İsmayılovun,

maraqlı subyektlərin qanuni nümayəndələri Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi İ.Şirinovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatı İnzibati və hərbi qanunvericilik şöbəsinin əməkdaşı E.Əsgərovun,   

ekspert Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının dosenti M.Qəfərovun, 

iclasa dəvət olunmuş mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi M.Ağazadənin və Azərbaycan Respublikası Baş Prokurorluğunun Baş müstəntiqi M.Mirzəyevin iştirakı ilə,   

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon məhkəməsinin müraciəti üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh olunmasına dair konstitusiya işinə baxdı.      

İş üzrə hakim Ə.Sultanovun məruzəsini, maraqlı subyektlərin qanuni nümayəndələrinin çıxışlarını, ekspertin rəyini, iclasa dəvət olunmuş mütəxəssislərin mülahizələrini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

M Ü Ə Y Y Ə N   E T D İ :

Bakı şəhəri Nəsimi rayon məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - «CPM») 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair müraciətində göstərmişdir ki, 21 noyabr 2006-cı il tarixdə Bakı şəhəri, Yeni Yasamal 2-də 7 saylı binanın arxa tərəfində S.İbrahimovun meyiti, yanında darağında 7 ədəd 9 mm kalibrli patronlar olan tapanca, istifadə olunmamış enli skoç, həmin binanın damında beton çıxıntıya bağlanmış 7-ci mərtəbəyə qədər sallanmış qalın toxunma kəndir, kəndirin bağlandığı çıxıntı üzərində mismar çıxardan tapılmışdır.

Həmin gün daxili işlər orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – «CM») 29, 181.2.3, 29, 181.2.5 və 228.1-ci maddələri ilə başlanılmış cinayət işi üzrə icraata CPM-in 39.1.5-ci maddəsinə əsasən beş dəfə xitam verilməsi barədə qərarlar çıxarılmış, lakin ölmüş şəxsin yaxın qohumlarının və vəkilin şikayətləri əsasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən bu qərarlar ləğv olunaraq, iş əlavə araşdırmanın aparılması üçün istintaq orqanlarına qaytarılmışdır.        

Sonuncu dəfə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin 10 avqust 2009-cu il tarixli qərarı ilə S.İbrahimovun öldürülməsinin təsdiq edilmədiyi, ölümündə cinayət hadisəsinin olmadığı və onun əməlində CM-in 29, 181.2.3, 29, 181.2.5 və 228.1-ci maddələrinin tərkibinin əlamətlərinin mövcudluğu göstərilməklə CPM-in 39.1.5-ci maddəsi əsasında cinayət təqibi üzrə icraata bir daha xitam verilmişdir.                    

Bu qərardan S.İbrahimovun müdafiəçisi məhkəmə nəzarəti qaydasında şikayət verərək, digər məsələlərlə yanaşı cinayət işinin materialları ilə nə onun, nə də S.İbrahimovun yaxın qohumlarının tanış edilmədiyini və cinayət təqibi üzrə icraata xitam verilərkən CPM-in 41.2-ci maddəsinə müvafiq olaraq onların razılığının alınmadığını göstərmişdir.    

Şikayətə baxan Bakı şəhəri Nəsimi rayon məhkəməsi hesab etmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs öldüyü halda, başlanılmış cinayət təqibinə CPM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş razılıq alınmadan xitam verilməsinin mümkünlüyünə dair normalarda natamamlıq mövcuddur və CPM-in 39.1.5-ci maddəsində təsbit olunmuş bəraətin verilməsi zəruriliyi olduqda, bunun həyata keçirilməsinin mexanizmi qanunvericilikdə nəzərdə tutulmur. Bu isə təcrübədə anlaşılmazlıq və qeyri-müəyyənlik yaradır.  

Göstərilənlərə əsasən məhkəmə həmin şikayətə baxılması ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – «Konstitusiya») 60 və 71-ci maddələri, eləcə də «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın (bundan sonra – «Konvensiya») 6-cı maddəsi baxımından CPM-in 39.1.5 və 41.2-ci maddələrinin şərh olunmasını xahiş etmişdir.   

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.   

Konstitusiyanın 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər (Konstitusiyanın 26-cı maddəsinin II hissəsi və 71-ci maddəsinin I və X hissələri). 

Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir.

Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.

Belə ki, cinayət icraatına cəlb olunmuş şəxslərin hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsinin vacibliyi cinayət-prosessual qanunvericiliyinə bəraət qazanma (reabilitasiya) institutunun daxil edilməsini şərtləndirmişdir (CPM-in 55.1-ci maddəsi). Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair məhkəmə qərarını əks etdirir.  

Bəraətin mahiyyəti və onun geniş xarakteri ölmüş təqsirləndirilən və ya şübhəli şəxsə bəraətin verilməsi məsələsində xüsusi əhəmiyyət kəsb edir. Belə ki, CPM-in 39-ci maddəsi cinayət təqibini istisna edən halları müəyyən edir. Həmin Məcəllənin 39.1.5-ci maddəsi cinayət təqibinə xitam verilməsinin (və ya cinayət təqibinin başlanılmasının rədd olunmasının) əsaslarından biri kimi şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyü halı müəyyən edir. Həmin maddəyə görə şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibinə başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir.

Maddənin məzmunundan göründüyü kimi, ilk növbədə, ölmüş şəxs barəsində cinayət təqibi (və ya cinayət işi) başlanıla bilməz. Cinayət təqibi (və ya cinayət işi) fakt üzrə başlanılıbsa və ya şəxs onun barəsində cinayət təqibi başlandıqdan sonra ölübsə, başlanılmış cinayət təqibinə (və ya cinayət işinə) xitam verilməlidir. Hər bir halda, şəxsin ölümü ilə əlaqədar cinayət təqibinə (və ya cinayət işinə) xitam verilməsi onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş hesab olunması ilə şərtləndirilir. 

Bu isə, öz növbəsində, hadisənin baş vermə səbəblərinin aşkarlanmasını, ona düzgün hüquqi qiymətin verilməsini, cəmiyyətə və ya ayrı-ayrı şəxslərə vurulmuş zərərin və şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsinə aidiyyətinin müəyyən olunmasını, ona bəraətin verilməsini zəruri edə bilən, yəni cinayət hadisəsinin, əməldə cinayət tərkibinin, şəxsin cinayətin törədilməsinə aidiyyətinin olmamasına və onun təqsirliliyinin sübuta yetirilməməsinə dəlalət edən halların, eləcə də əməlin törədilməsində digər şəxslərin iştirakının olub-olmamasının araşdırılmasını tələb edir. Həmin məqsədlərə isə yalnız istintaq hərəkətlərinin həyata keçirilməsi ilə nail olmaq olar. Buna görə, CPM-in 39.1.5-ci maddəsində göstərilmiş hal, bir qayda olaraq, cinayət təqibinə (və ya cinayət işinə) xitam verilməsini nəzərdə tutur.      

İbtidai araşdırma mərhələsində bu maddənin tətbiqi təhqiqatçının, müstəntiqin və ya prokurorun mülahizəsində olsa belə, qanunverici həmin əsasla cinayət təqibinə xitam verilməsini işin müəyyən hallarının, yəni ölən şəxsə bəraət verilməsini zəruri edən halların mövcud olub-olmamasından asılı etmişdir. Belə hallar mövcud olduqda, onlar hərtərəfli, tam və obyektiv araşdırılmalıdır. Ölmüş şəxsin tam və ya qismən bəraətinə yönəlmiş icraat nəticəsində ölmüş şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi müəyyən edilmədikdə, cinayət təqibi üzrə icraata bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələri üzrə, yəni bəraətverici əsaslarla xitam verilməlidir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin ölmüş şəxs tərəfindən törədilməsini sübut edən kifayət qədər hallar müəyyən edildikdə isə, onun barəsində cinayət təqibinə CPM-in 39.1.5-ci maddəsi ilə xitam verilə bilər.   

Təqsirsizlik prezumpsiyasını təmin edən Konstitusiyanın 63-cü maddəsinə əsasən haqqında cinayət təqibinə xitam verilmiş istənilən şəxs, o cümlədən barəsində cinayət təqibinə hətta bəraətverici əsaslar olmadan xitam verilmiş şəxs təqsirsiz sayılır və bu barədə qərarda onun təqsirli hesab olunması yolverilməzdir. Belə ki, cinayət işi üzrə icraata xitam verilməsi barədə təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı məhkəmənin hökmünü əvəz etmir və müvafiq olaraq, təqsirsizlik prezumpsiyasını təsbit edən konstitusiya norması ilə nəzərdə tutulduğu kimi ölmüş şəxsin təqsirliliyini müəyyən edən akt hesab oluna bilməz.             

Digər tərəfdən, CPM-in 280.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata bu Məcəllənin yalnız 39.1.1, 39.1.2, 39.1.11 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqədar xitam verildikdə barəsində cinayət işi üzrə icraata xitam verilmiş şəxsin təqsirsizliyini şübhə altına alan müddəaların qərara daxil edilməsinə yol verilmir. Həmin normanın mənasına görə barəsində cinayət işi üzrə icraata digər hallar, o cümlədən CPM-in 39.1.5-ci maddəsi əsasında xitam verilmiş şəxsin təqsirsizliyini şübhə altına alan müddəalar qərara daxil edilə bilər.

Bu mənada, qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş (böyük ictimai təhlükə törətməyən) əməli törətdiyinə görə ona qarşı ittiham irəli sürülmüş (CPM-in 223.2, 297.0.2 və 300.1.2-ci maddələri) şəxsin barəsində yeni başlanılmış cinayət təqibi üzrə cinayəti (təkrar) törətmiş kimi qiymətləndirilməsi mümkündür (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72, 73 və 74-cü maddələrində nəzərdə tutulmuş «ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs» anlayışının şərh edilməsinə dair» 25 dekabr 2009-cu il tarixli qərarı). Bundan irəli gəlir ki, şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş hesab olunmasına dair istintaq orqanının qənaətinin əsaslandığı güclü əsaslı şübhələr cinayət icraatı üzrə qərarlarda, o cümlədən cinayət təqibinə xitam verilməsi haqqında qərarda təsvir edilə bilər. 

Analoji məsələlər üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirinin hələ qanuna uyğun müəyyən edilməməsinə baxmayaraq, bu cinayətlərin törədilməsi barədə ona qarşı güclü əsaslı şübhələrin mövcudluğunun cinayət icraatı üzrə qərarlarda əks olunması və bunun əsasında həmin şəxsin cinayət əməli törətmiş hesab ediməsi Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi ilə təmin olunmuş təqsirsizlik prezumpsiyası ilə ziddiyyət təşkil etmir (R. Almaniyaya qarşı iş üzrə 11 oktyabr 1988-ci il tarixli qərardad və Qaritski Polşaya qarşı iş üzrə 06 fevral 2007-ci il tarixli qərar, §§ 66-67).           

Bununla belə, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş (və ya başlanılması rədd edilmiş) şəxsə aid hətta bu cür qərarın mövcudluğu onun nüfuzuna təsir edə bilər və bundan irəli gələn digər ictimai nəticələrin yaranmasına səbəb ola bilər. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan prosessual qərarda şəxsin cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş hesab olunması qaçılmaz olaraq onun şəxsiyyətinə və nüfuzuna təsir edə bilər. Bu da, öz növbəsində, onun hüquqlarının, o cümlədən Konstitusiyanın 46-cı maddəsində təsbit olunmuş öz şərəf və ləyaqətinin müdafiəsini tələb edə bilər.  

Bu baxımdan, CPM-in ibtidai araşdırma mərhələsində cinayət təqibinə xitam verilməsi qaydasını tənzimləyən 41.2-ci maddəsi mühüm əhəmiyyət kəsb edir. Həmin normaya əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli) şəxsin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır.

Bu normanın məzmunundan göründüyü kimi, qanunverici təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bəraətverici olmayan əsaslarla cinayət təqibinə xitam verilməsi barədə qərarın öz mülahizəsi ilə deyil, yalnız təqsirləndirilən (şübhəli) şəxsin razılığı ilə çıxarılmasının mümkünlüyünü müəyyən etmişdir. Belə yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin  Fillips Birləşmiş Krallığa qarşı iş üzrə 05 iyul 2001-ci il tarixli qərarında öz əksini tapmış hüquqi mövqeyi ilə üst-üstə düşür. Həmin qərarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi göstərmişdir ki, şəxsin cinayət icraatı üzrə təqsirsiz güman olunması və ona qarşı ittihamların sübut etmə yükünün həyata keçirilməsini cinayət təqibi orqanından tələb etmək hüququ Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən ədalətli məhkəmə araşdırması anlayışının tərkib hissəsini təşkil edir (§ 40).  

Həmçinin qeyd edilməlidir ki, CPM-in sözügedən müddəası cinayət prosesi üzrə təqsirləndirilən (şübhəli) şəxs statusu verilmiş şəxsə aid olsa da, CPM-in 39.1.5-ci maddəsi ölüm halını yalnız təqsirləndirilən (şübhəli) şəxs statusuna malik olan şəxslərə bağlamamaqla, cinayət təqibi üzrə hər hansı bir statusu olmayan, lakin ibtidai araşdırma orqanı tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş hesab olunan şəxsi də əhatə edir. CPM-in 7.0.18-ci maddəsində belə şəxs cinayət prosesinin iştirakçıları sırasında təsbit olunmadığına görə barəsində CPM-in 39.1.5-ci maddəsinin tətbiq olunması ilə həmin şəxs prosessual statusa malik olmadan cinayət prosesinə cəlb edilmiş olur.

Belə ki, CPM-in 39.1.5-ci maddəsinin mahiyyətinə görə cinayət təqibinə xitam verilməsi onunla şərtləndirilir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs müəyyən olunsun, həmin əməlin məhz onun tərəfindən törədilməsi toplanmış materiallarla təsdiq edilsin, lakin bu şəxsin ölməsi səbəbindən onun təqsirləndirilən şəxs qismində cəlb olunması, ona ittihamın elan olunması və ittiham aktının tərtib edilməsi mümkün olmadığı üçün cinayət təqibinə (və ya cinayət işinə) xitam verilsin. Belə olan halda, ölmüş şəxs cinayət işi üzrə formal olaraq təqsirləndirilən şəxs qismində tanınmasa da, onun tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi haqqında qərar çıxarılmış olur.     

Həmin şəxsin hüquqi vəziyyətinin xüsusiyyətini nəzərə alaraq, cinayət prosessual qanunvericiliyi onu «təqsirləndirilə bilən şəxs» adlandırmışdır (CPM-in 46.5-46.5.2-ci maddələri). Qeyd olunan normalara görə cinayət işinin dərhal başlanması üçün bu Məcəllənin 209.2-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu da kifayətdir. Bu halda hərtərəfli, tam və obyektiv ibtidai araşdırma cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində yeganə təqsirləndirilə bilən şəxsə qarşı bu Məcəllənin 39.1.4-39.1.7 və 39.1.10-cu maddələrində göstərilən cinayət təqibini istisna edən hallar müəyyən olunanadək aparılır.

Bununla bağlı, xüsusilə vurğulanmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Hini və MakQinness İrlandiyaya qarşı iş üzrə 21 dekabr 2000-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin mənasında fərdi vəziyyətinə «əhəmiyyətli təsir edilmiş» hər hansı şəxs «təqsirləndirilən şəxs» hesab oluna bilər (§ 41). Prosessual statusa aid anlayışların, o cümlədən «təqsirləndirilən şəxs» anlayışının konstitusiya-hüquqi mənasında təfsir edilməli olmasına və konstitusiya hüquqlarının həyata keçirilməsi məqsədləri üçün barəsində cinayət təqibi həyata keçirilən şəxsin yalnız formal prosessual vəziyyətinin deyil, həm də onun faktiki vəziyyətinin nəzərə alınmasının zəruriliyinə digər ölkələrin konstitusiya mühakiməsi orqanlarının təcrübəsində də rast gəlinir (Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin 04 dekabr 2003-cü tarixli 440-O saylı qərardadı).  

Konstitusiya Məhkəməsinin Plenumu, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini nəzərə alaraq, hesab edir ki, CPM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş «təqsirləndirilən şəxs» anlayışı geniş təfsir olunmalıdır. Təqsirləndirilən şəxsə aid hüquqlar hətta bu statusa malik olmasa belə, ona qarşı faktiki olaraq təqsirləndirici xarakterli prosessual addımların atıldığı üçün fərdi vəziyyətinə əhəmiyyətli təsir edilmiş hər hansı şəxsə, o cümlədən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölmüş və cinayət təqibinə xitam verilməsi haqqında ittiham xarakterli qərar çıxarılmaqla barəsində CPM-in 39.1.5-ci maddəsinin tətbiqi nəzərdə tutulmuş şəxsə də şamil olunmalıdır. 

Sonuncu müddəaya əsasən barəsində cinayət təqibinə xitam verilmiş şəxsin hüquqlarının müdafiəsinə gəldikdə, Konvensiyanın 2-ci maddəsi istintaq orqanları üçün istintaqın gedişində yaxın qohumlar tərəfindən konkret istintaq hərəkəti ilə bağlı edilmiş bütün tələbləri təmin etmək öhdəliyi yaratmasa belə (Ramsahai və digərləri Niderlanda qarşı iş üzrə 15 may 2007-ci il tarixli qərar, § 348), Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə ölmüş şəxsin yaxın qohumları, hər bir halda, qanuni maraqlarının təmin olunmasının tələb etdiyi dərəcədə bütün işlər üzrə prosesə cəlb olunmalıdırlar (Rantsev Rusiyaya və Kiprə qarşı iş üzrə 07 yanvar 2010-cu il tarixli qərar, § 233; Slimani Fransaya qarşı iş üzrə 27 iyul 2004-cü il tarixli qərar, § 32 və Hyu Jordan Birləşmiş Krallığa qarşı iş üzrə 04 may 2001-ci il tarixli qərar, § 109). Avropa Məhkəməsi bir sıra işlər üzrə qərarlarında vurğulamışdır ki, ölmüş şəxsin yaxın qohumlarının prosesə cəlb edilməsi, onlara cinayət işinin materialları ilə tanış olmaq imkanının verilməsi və müvafiq məlumatlarla təmin edilməsi vacibdir (Güleç Türkiyəyə qarşı iş üzrə 27 iyul 1998-ci il tarixli qərar, § 82; Oğur Türkiyəyə qarşı iş üzrə 20 may 1999-cu il tarixli qərar, § 92; Kelli və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə 04 may 2001-ci il tarixli qərar, § 127 və Danqayeva və Taramova Rusiyaya qarşı iş üzrə 08 yanvar 2009-cu il tarixli qərar, § 96). 

Bu məsələnin həllində Avropa Şurasına digər üzv ölkələrin yanaşması da maraq doğurur. Məsələn, Estoniya Respublikasının Cinayət Prosessual Məcəlləsinin 199-cu maddəsinin 2-ci hissəsinin 2-ci bəndində ölmüş şübhəli və ya təqsirləndirilən şəxsin nümayəndəsi tərəfindən bəraətin verilməsi tələb olunduqda, cinayət təqibinin davam etdirilməsi nəzərdə tutulmuşdur. Həmçinin, Müstəqil Dövlətlər Birliyi məkanında Özbəkistan Respublikasının prosessual qanunvericiliyində də məsələnin bu cür həllinə rast gəlmək olar. Həmin ölkənin Cinayət-Prosessual Məcəlləsinin 84-cü maddəsinin II hissəsi təsbit edir ki, təqsirləndirilən şəxs və ya müttəhim öldüyü halda, ölmüş şəxsin yaxın qohumları təkid etdikdə, cinayət işi üzrə icraat ümumi qaydada davam etdirilə bilər.

Bununla bağlı, qeyd olunmalıdır ki, ölkəmizin qanunvericiliyi də ölmüş şəxsin yaxın qohumlarının cinayət prosesində iştirakının bəzi imkanlarını nəzərdə tutmuşdur. Məsələn, CPM-in 464.5-ci maddəsinə əsasən yeni açılmış hallarla əlaqədar məhkəmənin hökm və ya qərarına yenidən baxılması haqqında məsələ məhkumun bəraət alması məqsədi ilə qoyulduqda həmin məhkumun vəfat etməsi məhkəmənin hökm və ya qərarına yeni açılmış hallar üzrə baxılmasına mane olmur. Bu halda yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizənin vəfat etmiş şəxsin həyat yoldaşı və ya digər yaxın qohumu tərəfindən verilməsinə yol verilir. Ölmüş şəxsin yaxın qohumlarının cinayət prosesində təmsil olunmasının imkanlarından biri kimi qəbul edilə bilən CPM-in 43.3-cü maddəsi isə məhkəmənin yalnız müdafiə tərəfinin razılığı ilə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, o cümlədən 39.1.5-ci maddəsində nəzərdə tutulmuş əsasla xitam verməsinin haqlı olduğunu müəyyən etmişdir.    

Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq və CPM-in 43.3-cü maddəsində nəzərdə tutulmuş müdafiə tərəfinin məhkəmə baxışına aid hüququnu analogiya üzrə ibtidai araşdırma mərhələsinə tətbiq edərək, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs öldükdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan, o cümlədən həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilərkən onun CPM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş hüququnun həyata keçirilməsi üçün ölmüş şəxsin CPM-in 7.0.32-ci maddəsində göstərilmiş yaxın qohumları və həmin Məcəllənin 7.0.28-ci maddəsində nəzərdə tutulmuş müdafiəçisi etiraz etmək hüququna malik olmalıdırlar. Belə etiraz mötəbər faktlar və əhəmiyyətli sübutlarla əsaslandırılmalıdır.

Bu baxımdan, nəzərdən qaçırılmamalıdır ki, 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Cinayət Prosessual Məcəlləsinin 219-cu maddəsində ölmüş müqəssiri təmizə çıxartmaq məqsədi ilə onun yaxın qohumlarının (eləcə də onun üzv olduğu ictimai təşkilatların) ibtidai istintaqın sona çatdırılmasını xahiş etmək hüquqları təsbit olunmuşdur. Lakin, hazırda qüvvədə olan cinayət prosessual qanunvericiyində həmin şəxslərin qeyd olunan hüququ tənzimlənməmişdir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qənaətə gəlir ki, CPM-in 39.1.5-ci maddəsi tətbiq olunarkən ölmüş şəxsin yaxın qohumlarının cinayət işi üzrə icraatda iştirak etmək hüquqlarının həyata keçirilməsi CPM-də tənzimlənmədiyindən və bu məsələnin həlli Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 6-cı bəndinə əsasən qanunvericilik hakimiyyəti orqanının səlahiyyətinə aid edildiyindən, ölmüş şəxsin yaxın qohumlarının cinayət prosesində iştirak etmək hüquqlarının mümkün qədər qısa müddətdə tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır.   

Belə nəticə ondan irəli gəlir ki, hər kəsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsizliyini sübut etmək hüququ Konstitusiyanın məhkəmə müdafiəsini və təqsirsizlik prezumpsiyasını təmin edən 60 və 63-ci maddələrinin, eləcə də Konvensiyanın səmərəli istintaq hüququnu və ədalətli məhkəmə araşdırılması hüququnu təmin edən 2 və 6-cı maddələrinin müddəalarına zidd olaraq məhdudlaşdırılmasın. Digər tərəfdən, ölmüş şəxsin yaxın qohumlarının qanuni maraqlarını nəzərə almadan cinayət təqibinə CPM-in 39.1.5-ci maddəsinə əsasən xitam verilməsi cinayət-prosessual qanunvericiliyinin vəzifələrinə də xələl gətirmiş olar. Bu vəzifələrə nail olmaq baxımından məhkum etmə ilə bəraət qazanma cinayət prosessual fəaliyyətinin iki bir-birilə əlaqəli cəhətləri kimi qəbul olunur.     

Törədilmiş cinayətlə bağlı həqiqətin müəyyən olunması cinayətkarlığın qarşısının alınmasına xidmət edir. Bu baxımdan vurğulanmalıdır ki, ölmüş şəxsi cinayəti törətmiş hesab etməklə ölümü ilə əlaqədar ona aid cinayət təqibinə (və ya cinayət işinə) xitam verildikdə, təqsiri mahiyyəti üzrə məhkəmə baxışında sübuta yetirilməsə də, bu şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş hesab olunur. Məsələnin belə həlli əsl cinayətkarın məsuliyyətdən kənarda qalması və öz cinayətkar fəaliyyətini davam etdirməsinin mümkünlüyünü istisna etmir, əksinə bu ehtimalın gücləndirilməsinə səbəb olur. Bu isə Konstitusiyanın yuxarıda qeyd olunan müddəaları baxımından yolverilməzdir.   

Şəxsin təqsiri məsələsinin məhkəmə tərəfindən mahiyyəti üzrə həll edilməsi isə bu cür vəziyyətin yaranmasını istisna edir. Buna, həmçinin CPM-in 350.4-cü maddəsi də dəlalət edir. Həmin maddəyə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir.              

Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət prosessual qanunvericiliyinə müvafiq əlavə və dəyişikliklər edilənədək, barəsində CPM-in 39.1.5-ci maddəsi tətbiq olunmuş şəxsin yaxın qohumlarının şərəf və ləyaqətini müdafiə edə bilən təminatlar, o cümlədən cinayət təqibinə xitam verilməsi haqqında qərardan şikayət etmə imkanı məhkəmə nəzarəti qaydasında təmin edilməlidir. Bu vasitə bütün konstitusiya hüquq və azadlıqlarının təminatı kimi Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi təminatının CPM-in 450-ci maddəsinə müvafiq olaraq həyata keçirilməsinə, bununla da, ədalətli məhkəmə araşdırılması hüququna cavab verən məhkəmə prosesi vasitəsilə hüquqların bərpasına müəyyən dərəcədə şərait yaratmış olar.       

Məhz belə yanaşma cinayət təqibini keçirən vəzifəli şəxslərin hərəkətlərindən və ya qərarlarından yalnız cinayət prosesinin iştirakçılarının deyil, həm də sözügedən qərarların qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin də şikayət etmək hüququnu təsbit edən CPM-in 449.2.3-cü maddəsində öz əksini tapmışdır.  Bundan irəli gələrək məhkəmə müdafiəsi təminatının səmərəli həyata keçirilməsi üçün ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin cinayət işinin materialları ilə tanış olmaq, prosessual tədbirlərin həyata keçirməsi barədə vəsatətlər vermək və istintaqın gedişi barədə məlumatlar, o cümlədən qəbul olunan qərarları almaq hüquqları vardır. 

Həmçinin nəzərə alınmalıdır ki, şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş hesab olunmaqla, barəsində CPM-in 39.1.5-ci maddəsinin tətbiq edilməsinə aid qərar məhkəmə nəzarəti qaydasında ləğv edildiyi halda, CPM-in 451.3.1-ci maddəsinin tələbinə görə cinayət təqibinə (və ya cinayət işinə) eyni faktlar və dəlillərlə xitam verilməsi yolverilməzdir.     

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki:

CPM-in 39.1.5-ci maddəsi tətbiq olunarkən ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin həmin Məcəllənin 41.2-ci maddəsinə uyğun qaydada cinayət prosesində iştirak etmək hüquqlarının mümkün qədər qısa müddətdə müəyyən olunması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir;

cinayət prosessual qanunvericiliyinə müvafiq əlavə və dəyişikliklər edilənədək, CPM-in 39.1.5-ci maddəsinə əsasən cinayət təqibinə (və ya cinayət işinə) xitam verilməsi haqqında qərardan ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin şikayət vermək hüququ məhkəmə nəzarəti qaydasında həyata keçirilə bilər.   

 Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A   A L D I :

1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsi tətbiq olunarkən ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə uyğun qaydada cinayət prosesində iştirak etmək hüquqlarının müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.   

2. Cinayət-prosessual qanunvericiliyinə müvafiq əlavə və dəyişikliklər edilənədək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən cinayət təqibinə (və ya cinayət işinə) xitam verilməsi haqqında qərardan ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin şikayət vermək hüququ məhkəmə nəzarəti qaydasında həyata keçirilə bilər.    

3. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

4. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.       

Sədrlik edən                                                                        Fərhad Abdullayev