Qərarlar

25.12.09 Ü. Rəhimovanın şikayəti üzrə AR Ali Məhkəməsinin MİÜMK-nın 17 fevral 2009-cu il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN

Q Ə R A R I

Ü. Rəhimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 17  fevral  2009-cu  il  tarixli

qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

25 dekabr 2009-cu il                                                                                                 Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), S.Salmanova, F.Babayev, S.Həsənova, B.Qəribov, R.Qvaladze (məruzəçi hakim), E.Məmmədov, İ.Nəcəfov və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,  

ərizəçi Ü. Rəhimovanın nümayəndəsi A.Əlizadənin, 

cavabverənin nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının əməkdaşı R. Əkbərovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Ülkər Rəhimovanın şikayəti üzrə Azərbaycan Respublikası  Ali Məhkəməsi  Mülki  işlər üzrə məhkəmə kollegiyasının 17 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.     

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin və  cavabverənin nümayəndələrinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

M Ü Ə Y Y Ə N   E T D İ :

Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 12 may 2008-ci il tarixli qətnaməsi ilə Ülkər Rəhimovanın  Vüqar və Nailə Rəhimovlara qarşı kompensasiya verilməklə yaşayış binasından istifadə hüququna xitam  verilməsi,  qeydiyyatdan çıxarılmasına dair iddiası təmin edilməmiş, Nailə Rəhimovanın Ülkər Rəhimovaya qarşı mənzildən istifadə hüququna yaradılmış maneənin aradan qaldırılması və mənzilə köçürülməsinə dair qarşılıqlı iddiası təmin edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra - Apellyasiya Məhkəməsinin MİÜMK) 17 oktyabr 2008-ci il tarixli qətnaməsi ilə  Nərimanov rayon məhkəməsinin qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra - Ali Məhkəmənin MİÜMK) 17 fevral 2009-cu il tarixli qərarı ilə isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin Sədri tərəfindən Ü. Rəhimovanın əlavə kassasiya şikayəti təmin edilməmişdir.

Konstitusiya Məhkəməsinə ünvanladığı şikayətdə Ü. Rəhimova qeyd etmişdir ki, Ali Məhkəmənin MİÜMK-sı onun kassasiya şikayətinə baxarkən bu işə aidiyyəti olmayan əvvəlki Mənzil Məcəlləsinin normalarına istinad etmiş, hazırda qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsini düzgün şərh etməyərək, bu maddəyə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarını nəzərə almamışdır.

Ü. Rəhimova şikayətində kassasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktının Azərbaycan Respublikası Konstitusiyasının 29 və 71-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 228.1, 228.2 və 228.5-ci maddələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Ü. Rəhimovanın şikayəti ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.

İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi Bakı şəhəri, akademik  H. Əliyev küçəsi,  119 saylı evin 12-ci mənzili Ülkər Rəhimovanın mülkiyyətindədir.

Ü.Rəhimovanın oğlu Vüqar 30 sentyabr 2003-cü ildə Nailə Rəhimova  ilə   ailə  quraraq, mübahisəli mənzildə   yaşamışlar. 2005-ci ildə mülkiyyətçinin razılığı  əsasında Nailə Rəhimova həmin mənzilə qeydiyyata düşmüşdür.

Ülkər və Vüqar Rəhimovların Nailə Rəhimova ilə münasibətləri pozulduğundan, N.Rəhimova azyaşlı uşağı ilə  birlikdə mübahisəli mənzili tərk edərək müvəqqəti olaraq valideynlərinin evinə  getmiş və orada yaşamışdır.

İşin göstərilən hallarını müəyyən edən birinci və apellyasiya instansiyası məhkəmələri, bu məhkəmələrin qətnamələrini qanuni hesab etmiş kassasiya instansiyası məhkəməsi də mübahisəyə  heç bir aidiyyəti olmayan normalara istinad edərək N.Rəhimovanın qarşılıqlı iddiasının əsaslı olması nəticəsinə gəlmişlər.

Belə ki, məhkəmələr əvvəlki Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə əsaslanaraq hesab etmişlər ki, N. Rəhimova mübahisəli mənzilə mülkiyyətçinin razılığı əsasında köçmüş, oraya qeydiyyata düşmüş və mülkiyyətçinin ailə üzvü  kimi həmin  mənzildə yaşayıb birgə təsərrüfat  apardığından həmin mənzildən istifadə hüququnu əldə etmişdir.

Lakin, məhkəmələr həmin normaları tətbiq edərkən, nəzərdən qaçırmışlar ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci  maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il  tarixli qərarına əsasən 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən)  istifadə ilə əlaqədar yaranan hüquq  münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

Mülkiyyətçi Ü. Rəhimova ilə N. Rəhimova arasında hüquq münasibətləri 2003-cü ildə yarandığından Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarı baxımından tərəflər arasında olan  mübahisəyə  əvvəlki Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinin  qaydaları tətbiq oluna bilməzdi.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki,  məhkəmələr tərəflər arasında olan mübahisəni  həll edərkən tətbiq edilməli olmayan əvvəlki Mənzil Məcəlləsinin adı çəkilən normalarını tətbiq etmişlər.

Onu da qeyd etmək lazımdır ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra -  MM) 228-ci maddəsinə də istinad etmiş, lakin həmin normanı düzgün şərh etməyərək, bu halda da «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun  27 may 2008-ci il tarixli qərarını nəzərə almamışlar.

Belə ki, MM-in 228.5-ci  maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Maddədə həmin şəxslərin dairəsi konkret müəyyənləşdirilmişdir - mülkiyyətçinin əri, arvadı,  valideynləri, uşaqları.

Bu maddədə həmçinin nəzərdə tutulmuşdur ki, yaşayış  binasının  tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək hüququna malikdir.

Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Konstitusiya Məhkəməsinin Plenumu MM-in 228.5-ci maddəsi ilə bağlı yuxarıda adı çəkilən  27 may  2008-ci il tarixli qərarında qeyd  etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur.

MM-in 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəasına gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu izah etmişdir ki, bu müddəa MM-in 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.

Konstitusiya Məhkəməsi Plenumunun göstərilən qərarına zidd olaraq birinci və apellyasiya instansiyası məhkəmələri N.Rəhimovanın mübahisəli mənzilə mülkiyyətçinin şifahi  razılığı əsasında köçməsinə, həmin mənzilə qeydiyyata düşməsinə əsaslanaraq belə nəticəyə gəlmişlər ki, MM-in 228.5-ci maddəsinin tələblərinə görə o, həmin mənzildən istifadə hüququ əldə etmişdir.

Mübahisəni bu qaydada həll etmiş məhkəmələr Ü.Rəhimovanın Konstitusiyanın 13 və 29-cu maddələrində, MM-in 152.1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüququnu pozaraq, ona mənsub olan bir otaqlı mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu məhdudlaşdırmışlar .

Ali Məhkəmənin MİÜMK-sı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 416 və 418-ci maddələrinin tələblərinə baxmayaraq 17 fevral 2007-ci il tarixli qərarı ilə qanunvericiliyin tələblərinə cavab verməyən apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qüvvədə  saxlamaqla,  Ü. Rəhimovanın Konstitusiyanın 13, 29 maddələri və 60-cı maddəsinin I hissəsi ilə təminat verilmiş mülkiyyət və məhkəmə müdafiəsi hüquqlarını pozmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib bilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.

Eyni müddəa «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsində də öz əksini tapmışdır.

Həmin Qanunun 66.2 və 63.4-cü maddələrinə əsasən Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən  sonra şərtsiz icra olunmalıdır, bu qərarlar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

«Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688-II QD saylı Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu bəndinin və IV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək  hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur.  Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir».

Məhkəmələr bu iş üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarlarını nəinki şərtsiz icra etməmiş, əksinə onları təhrif  edərək Azərbaycan Respublikası Konstitusiyasının və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun yuxarıda göstərilən normalarının tələblərini əhəmiyyətli dərəcədə pozmuşlar.

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ü. Rəhimovanın N.Rəhimovaya qarşı kompensasiya ödənilməklə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması iddiasına dair mülki iş üzrə Ali Məhkəmənin MİÜMK-nın 17 fevral 2009 -cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, 60-cı maddəsinin I hissəsinə, MPM-in 416, 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, ""Konstitusiya Məhkəməsi haqqında"" Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A   A L D I :

1. Ü. Rəhimovanın V. Rəhimova və N. Rəhimovaya qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılması iddiasına dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 17 fevral  2009-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə və 60-cı maddəsinin I hissəsinə, Mülki-Prosessual Məcəlləsinin 416 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

3. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədrlik edən                                                               Fərhad Abdullayev