AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN
Q Ə R A R I
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair
05 avqust 2009-cu il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, R.Qvaladze, E.Məmmədov (məruzəçi-hakim), İ.Nəcəfov və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun iştirakı ilə,
maraqlı subyektlərin nümayəndələri Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi İ.Şirinovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi İ.Cəfərovun,
ekspert Bakı Dövlət Universiteti hüquq fakültəsinin «Cinayət prosesi» kafedrasının müdiri, hüquq elmləri namizədi, dosent F.Abbasovanın iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi kontitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinın şərh olunmasına dair Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 19 mart 2009-cu il tarixli müraciəti əsasında konstitusiya işinə baxdı.
İş üzrə hakim E.Məmmədovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertin rəyini, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Təqdim olunmuş sənədlərdən görünür ki, 23 fevral 2007-ci il tarixdə A.Kazımovun şikayəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən fakt üzrə cinayət işi başlanmışdır. Bakı şəhər Baş Polis İdarəsinin (bundan sonra - Bakı şəhər BPİ) müstəntiqinin 01 avqust 2007-ci il tarixli qərarı ilə A.Mədətovun əməllərində CM-in 186.2.2 və 306.1-ci maddələrinin tərkibinin olması istintaq materialları ilə sübuta yetirilmədiyindən onun barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin qərardan A.Kazımov məhkəmə nəzarəti qaydasında şikayət vermiş və Nəsimi rayon məhkəməsinin 15 sentyabr 2008-ci il tarixli qərarı ilə onun şikayəti təmin olunmuş, müstəntiqin 01 avqust 2007-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarı ləğv olunmuş və iş üzrə istintaqın aparılması başqa müstəntiqə həvalə edilmişdir.
Bundan narazı qalan «Abidə» MTK-nin sədri A.Mədətov məhkəmə nəzarəti qaydasında Nəsimi rayon məhkəməsinə şikayət vermişdir.
Şikayətdə qeyd olunmuşdur ki, 20 oktyabr 2008-ci il tarixdə A.Mədətov cinayət işi üzrə icraatın dayandırılmasına, habelə xitam verilməsinə dair yazılı vəsatətləri poçt vasitəsilə cinayət işinin istintaqını aparan müstəntiqə göndərmiş, lakin vəsatətlərin işin istintaqını aparan müstəntiqə 22 oktyabr 2008-ci il tarixdə çatdırılmasından xeyli vaxt keçməsinə baxmayaraq, həmin vəsatətlərə qanunla müəyyən edilmiş müddətdə cavab verilməmiş, əsassız olaraq başlanılmış cinayət işi üzrə icraata xitam verilməmişdir.
Məhkəmə nəzarəti qaydasında şikayətə baxılarkən cinayət işinin istintaqını aparan müstəntiq izahat verərək göstərmişdir ki, A.Mədətov cinayət işi üzrə yalnız şahid qismində dindirilmişdir. O şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilmədiyinə görə onun verdiyi vəsatətlərə cavab verilməməli idi. Həmçinin, A.Mədətov məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququnun subyekti olmadığı üçün onun şikayətinə məhkəmədə baxılması qanunsuzdur. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror müstəntiqin izahatı ilə razı olduğunu bildirmişdir.
Nəsimi rayon məhkəməsi iclas iştirakçılarının fikirlərini dinləyib, A.Mədətovun şikayətini, ona əlavə edilmiş sənədləri, cinayət işinin materiallarını tədqiq edərək və məhkəmə nəzarəti qaydasında icraatda tətbiq edilməli olan hüquq normasının şərh edilməsinə zərurət olduğu qənaətinə gələrək Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət etmək barədə qərar qəbul etmişdir.
Məhkəmənin müraciətində qeyd olunur ki, barəsində istintaq orqanı tərəfindən qəbul olunmuş qərarlar və həyata keçirilən istintaq hərəkətləri birbaşa A.Mədətovun qanuni maraqlarına toxunduğuna və faktiki olaraq təqsirsizliyini şübhə altına aldığına görə onun həmin qərarlardan qanunla müəyyən edilmiş qaydada məhkəməyə şikayət vermək hüququnun tanınmasına zəmin yarada bilər.
Lakin, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququ olan subyektlərin dairəsini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 449.2.1 - 449.2.3-cü maddələri aşkar şəkildə şahid üçün belə bir imkanı nəzərdə tutmamışdır. Həmin Məcəllənin 449.2.3-cü maddəsində nəzərdə tutulmuş «digər şəxslər» ifadəsindən istifadə olunması ilə bağlı isə tamamilə fərqli yanaşmalar mövcuddur. Məsələyə dair hüquq tətbiqedənlər arasında müxtəlif baxışlar olduğuna görə bu maddədə istifadə olunmuş «digər şəxslər» ifadəsinin rəsmi şərh edilməsi zərurəti yaranmışdır.
Nəsimi rayon məhkəməsinin müraciəti ilə əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin I hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin II hissəsində göstərilir ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.
Konstitusiyanın bu müddəalarına insan hüquq və azadlıqlarına riayət olunmasına görə həm dövlətin zəmanəti, həm də dövlət orqanlarının və ictimai birliklərin xüsusi məsuliyyəti kimi baxıla bilər. Məhkəmə müdafiəsi təminatı bir tərəfdən hər hansı şəxsin müvafiq məhkəməyə şikayət vermək hüququnu, digər tərəfdən məhkəmənin həmin şikayətə baxıb qanuni, ədalətli və əsaslı qərar qəbul etmək vəzifəsini nəzərdə tutur.
Məhkəmə müdafiəsi hüququ beynəlxalq hüquqi aktlarda əks olunmuş ədalətli məhkəmə araşdırılması hüququnun ayrılmaz tərkib hissəsidir. Bu hüquq bir sıra elementləri əhatə edir və geniş hüquqi məzmuna malikdir. Məsələn, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına (bundan sonra – Avropa Konvensiyası) görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir (6-cı maddəsinin 1-ci bəndi).
Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin II hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
Şikayət vermək hüququ şəxsiyyətin hüquqi statusunu təşkil edən hüquq və vəzifələrin ayrılmaz hissəsi olmaqla dövlət fəaliyyətinin heç bir sahəsində qanunvericilikdə birbaşa nəzərdə tutulan hallar istisna olmaqla məhdudlaşdırılmamalı və dövlət hakimiyyəti orqanları və ya onların vəzifəli şəxsləri ilə münasibətlərə girən hər bir insan üçün təmin olunmalıdır.
Cinayət prosesində, o cümlədən məhkəməyədək icraatda şikayət vermək hüququ xüsusi əhəmiyyət kəsb edir. Belə ki, ədalət mühakiməsi həyata keçirilərkən və cinayətkarlıqla mübarizə aparılarkən cinayət işlərinin araşdırılması zamanı bəzi hallarda təhqiqatçı, müstəntiq, prokuror və ya hakimlər tərəfindən əsassız qərarların qəbulu və yaxud qanunsuz hərəkətlərin (hərəkətsizliklərin) edilməsi cinayət prosesində iştirak edən şəxslərin hüquq və azadlıqlarının qanunla yol verilən məhdudlaşdırılması zərurətinin hüdudlarından kənara çıxa bilər.
Cinayət prosesi iştirakçılarının hüquqlarını və qanuni maraqlarını təmin etmək təhqiqat, istintaq orqanlarının, prokurorluğun və məhkəmələrin ən mühüm vəzifələrindən birini təşkil edir. Şəxsiyyətin, xüsusilə cinayət prosesi iştirakçılarının hüquqlarına zəruri diqqət yetirmədən həqiqi ədalət mühakiməsini həyata keçirmək və cinayətkarlıqla səmərəli mübarizə aparmaq mümkün deyil.
Cinayət prosesində iştirak edən hər bir şəxsin hüquqlarının və qanuni maraqlarının müdafiəsi və təmin edilməsi hüquqi dövlətin ayrılmaz məzmunudur. Belə şəxslərin hüquqlarının və qanuni maraqlarının təminatlarının artırılması nəinki şəxsiyyətin, həm də ümumiyyətlə cəmiyyətin mənafelərinə uyğundur.
Odur ki, cinayət-prosessual qanunvericiliyi cinayət prosesinin həyata keçirilməsinə görə məsuliyyət daşıyan vəzifəli şəxslərin və orqanların prosessual hərəkətlərindən və qərarlarından şikayətlər verilməsinin və onların araşdırılmasının xüsusi qaydalarını nəzərdə tutur.
Cinayət məhkəmə icraatının vəzifələrinin yerinə yetirilməsi yalnız cinayət prosesində iştirak edən şəxslərin hüquqlarının və qanuni maraqlarının təminat altında olduğu şəraitdə mümkündür. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının cinayət məhkəmə icraatını tənzimləyən qanunvericilik aktlarında hər bir şəxsin hüquq və azadlıqlarının təmin edilməsi, müdafiəsi və bunun təminatları müfəssəl və konkret müəyyənləşdirilmişdir.
Şikayət vermək hüququ cinayət məhkəmə icraatının bütün mərhələlərində həyata keçirilir. Bununla belə hər bir mərhələdə cinayət prosesinin iştirakçılarının şikayət vermək hüququnun həyata keçirilməsinin öz xüsusiyyətləri vardır. Bu xüsusiyyətlərə şikayət vermək hüququnun obyekti, predmeti, subyektlərin dairəsi, şikayətin verilmə qaydası (hallar, müddətlər və s.), ona baxılması qaydası, şikayətə baxmaq səlahiyyəti olan şəxslərin dairəsi, şikayət vermək hüququnun təmin edilməsinin əsasları və s. aiddir. Şikayət vermək hüququnun həyata keçirilməsi cinayət məhkəmə icraatının məhkəməyədək mərhələsində xüsusi məna daşıyır, çünki bu mərhələnin gedişində (xüsusilə ibtidai istintaq mərhələsində) dairəsi geniş olan şəxslərin hüquqları və qanuni maraqlarına əsassız toxunula və ya qanunsuz məhdudlaşdırıla bilər.
Nəzərə alınmalıdır ki, cinayət prosesi iştirakçılarının hər hansı şikayəti öz-özlüyündə rəsmi xarakter daşıyan, dövlət orqanlarına və onun vəzifəli şəxslərinə ünvanlanmış müraciətin bir növüdür. Hüquqi nöqteyi-nəzərdən belə şikayət şəxsin hüquqlarının pozulması və ya qanuni maraqlarının təmin olunmaması ilə əlaqədar verilir. Dövlət orqanları və ya onların vəzifəli şəxsləri tərəfindən cinayət prosesi iştirakçılarının hüquqlarının və qanuni maraqlarının pozulmasına və yaxud məhdudlaşdırılmasına yol verilmədiyi bir halda, həmin iştirakçıların dövlət orqanlarına digər səbəblərdən müraciəti başqa hüquqi təbiətə malikdir. Məsələn, ərizə vətəndaşların qanunla verilmiş subyektiv hüquq və maraqlarının həyata keçirilməsinə yönəldilmiş müraciətin digər növüdür. Eyni zamanda hüququn və qanuni maraqların təmin olunmasından imtina, ərizənin mahiyyətcə həll edilməsi üçün lazımi tədbirləri görməli olan, lakin bunu etməyən orqan və ya vəzifəli şəxslərin hərəkətlərindən şikayət verilməsinə əsas yaradır.
Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə qeyd edir ki, şikayət hər bir şəxs, o cümlədən cinayət prosesinin iştirakçısı üçün qanunla təminat altına alınmış, bir tərəfdən hüquqların pozulmasına dövlətin müvafiq orqanlarının diqqətini cəlb etmək, digər tərəfdən isə bu hüquqları müdafiə və bərpa etmək imkanıdır. Məhz buna görə də digər müraciət növlərindən fərqli olaraq şikayətin əsasında pozulmuş hüququn bərpası barədə müraciət dayanır. Bununla yanaşı qeyd olunmalıdır ki, obyektivlik nöqteyi-nəzərindən şikayət hətta qanuna uyğun hərəkətlərdən və kifayət qədər əsaslı olan qərarlardan verilə bilər, çünki onların qanunsuzluğu və ya əsassızlığı nəticəsinə gəlmək yalnız müvafiq araşdırma aparıldıqdan sonra mümkündür. İlkin mərhələdə isə kifayətdir ki, şikayəti verən hər hansı bir şəxs, o cümlədən cinayət prosesinin iştirakçısı hesab etsin ki, mübahisələndirilən hərəkət və ya qərarlar onun hüquqlarını pozur və yaxud onlar hüquqa uyğun deyildir.
CPM-də xüsusi icraatlar sırasında məhkəmə nəzarətinin həyata keçirilməsinə dair icraat (442-454-cü maddələr) mövcuddur. Bu icraat cinayət-prosessual qanunvericiliyi üçün tamamilə yeni olan məhkəməyə şikayət vermək institutudur. Bu institut hüquq və azadlıqların pozulmasına dair məlumatlar olduğu halda cinayət təqibini həyata keçirən (əməliyyat-axtarış, təhqiqat, istintaq, prokurorluq) orqanların vəzifəli şəxslərinin hərəkət və qərarlarının qanuniliyi üzərində məhkəmə nəzarətini işə salır.
Məhkəmə nəzarəti icraatında məhkəmə əsasən iki vəzifə icra edir: cinayət təqibi üzrə müvəkkil edilmiş orqanlar və vəzifəli şəxslər tərəfindən edilən ayrı-ayrı hərəkətlərin və qəbul olunan qərarların qanuniliyinin təmin olunması; cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının qorunması (əsassız və qanunsuz məhdudlaşdırılmasının istisna edilməsi, hüquqların pozulmasına son qoyulması və pozulmuş hüquqların bərpası).
CPM-in 449.2-ci maddəsinin tam mətnindən göründüyü kimi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi (maddə 449.2.1); zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi (maddə 449.2.2); qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər (maddə 449.2.3).
CPM-in 449.2.1 və 449.2.2-ci maddələrində şikayət vermək hüququna malik olan subyektlərin sırasında müdafiə və ittiham tərəfini təmsil edən şəxslərin bir qismi dəqiq göstərilmişdir və buna görə hüquq tətbiqetmədə bu məsələ ilə bağlı heç bir problem yaranmamışdır.
Nəsimi rayon məhkəməsinin müraciətinə səbəb olan məsələ isə CPM-in 449.2.3-cü maddəsinin «qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər» müddəası ilə əlaqədardır. Məhkəmə nəzarəti qaydasında A.Mədətovun şikayətinə baxılması zamanı icraatın iştirakçılarını maraqlandıran və məhkəmənin rəsmi şərhə ehtiyacını şərtləndirən məqam «digər şəxslər» sırasında şahidin tanınmasının mümkünlüyüdür.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şərh olunmalı olan məsələnin araşdırılması üçün Konstitusiyanın və beynəlxalq hüquqi aktların yuxarıda göstərilən müddəaları ilə yanaşı, həmçinin CPM-də insan və vətəndaş hüquq və azadlıqlarını təmin edən, cinayət prosesi iştirakçılarının statusuna aid olan maddələrə və beynəlxalq məhkəmə təcrübəsinə də diqqət yetirilməlidir.
İlk əvvəl nəzərə alınmalıdır ki, CPM-in 9-cu maddəsinə uyğun olaraq cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edir. Bu Məcəllənin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər.
Həmçinin qeyd olunmalıdır ki, CPM-in 122.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər.
CPM-nin 449.2.3-cü maddəsinin müddəasına görə qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin də müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən məhkəmə nəzarəti qaydasında şikayət vermək hüquqları vardır.
Göründüyü kimi CPM-in 122.1 və 449.2-ci maddələri ilə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququ olan şəxslərin ümumi dairəsi müəyyən edilmiş, habelə məhkəməyə şikayət vermək hüququnun subyektləri dairəsinə cinayət prosesinin iştirakçıları və cinayət prosesində iştirak edən digər şəxslər aid olunmuşdur.
«Cinayət prosesinin iştirakçıları»na aid olan şəxslərin dairəsi CPM-in ikinci bölməsində açıqlanır. Həmin bölməyə uyğun olaraq cinayət prosesində iştirak edən şəxslər 5 qrupa bölünür: məhkəmə (66-83-cü maddələr); ittiham tərəfi (84-89-cu maddələr); müdafiə tərəfi (90-93-cü maddələr); cinayət prosesində iştirak edən digər şəxslər (94-99-cu maddələr); nümayəndələr və hüquq varisləri (100-106-cı maddələr).
Şahidin cinayət prosesində hüquqi vəziyyətini müəyyənləşdirən CPM-in 95-ci maddəsi bu Məcəllənin X fəsli daxilində olduğu üçün şahid də cinayət prosesində iştirak edən digər şəxslər sırasındadır.
CPM-in 95-ci maddəsində şahidin cinayət prosesini həyata keçirən vəzifəli şəxslərin qərarlarından və ya hərəkətlərindən şikayət vermək hüququ birbaşa göstərilməsə də, 95.6.12-ci maddəsinə görə onun bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək hüququ vardır.
Odur ki, CPM-in 449.2.3-cü maddəsində məhkəmə nəzarəti qaydasında cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququnun subyektləri sırasına aid olunan «qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər»in müəyyənləşdirilməsi məsələsində həm bu Məcəllənin 122.1-ci maddəsinin, həm «Cinayət prosesinin iştirakçıları»na aid olan şəxslərin kimdən ibarət olmasından bəhs edən (CPM-in ikinci bölməsinin) müddəaları, həm də 95.6.12-ci maddəsinin müddəaları nəzərə alınmalıdır.
Lakin, bununla yanaşı göstərilməlidir ki, CPM-in 449.2-ci maddəsinin mənasına görə təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən (hərəkətsizliyindən) və qərarlarından cinayət prosesinin iştirakçıları, habelə onların müvafiq olaraq müdafiəçisi və ya qanuni nümayəndəsi o hissədə şikayət verə bilərlər ki, prosessual hərəkətlər və qəbul olunmuş prosessual qərarlar həmin cinayət prosesi iştirakçılarının hüquqlarına və qanuni maraqlarına toxunsun. Əgər bu və ya digər şəxs cinayət prosesinin iştirakçısı deyildirsə, onun müvafiq cinayət məhkəmə icraatında məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ tanına bilməz.
Təsadüfi deyildir ki, məhkəmə iclasının hazırlıq mərhələsində şikayətin məhkəmə aidiyyətini aydınlaşdırmaq, bu şikayətin lazımi şəxs tərəfindən verilməsinin, CPM-in 449-cu maddəsinə uyğun olaraq şikayətin predmetinin, həmin şikayətin tərkibində onun araşdırılması üçün lazımi məlumatın mövcudluğunun müəyyənləşdirilməsi zəruridir.
Ümumiyyətlə isə qeyd olunmalıdır ki, CPM-in 449.2-ci maddəsində göstərilən şəxslər hər bir halda bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş məsələlərlə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər.
Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə qeyd edir ki, qanunla müəyyən olunmuş qaydada cinayət prosesi iştirakçısının hüquqlarına və qanuni maraqlarına toxunan hərəkətlərdən və qərarlardan məhkəməyə şikayət vermək hüququnun tanınmasında məhkəmələr müvafiq şəxsin formal hüquqi vəziyyətindən başqa, həmçinin onun faktiki vəziyyətini və belə vəziyyətdə onun hansı hüquqlara malik olması məsələsini də nəzərə almalıdırlar.
Belə ki, Nəsimi rayon məhkəməsində məhkəmə nəzarəti qaydasında baxılan şikayətlə bağlı olan materiallardan görünür ki, 01 avqust 2007-ci il tarixdə müstəntiq tərəfindən A.Mədətovun əməllərində CM-in 186.2.2 və 306.1-ci maddələrinin tərkibinin olması istintaq materialları ilə sübuta yetirilmədiyindən onun barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Halbuki həmin cinayət işi fakt üzrə başlanılmış, A.Mədətov isə ibtidai araşdırma zamanı nə şübhəli şəxs, nə də təqsirləndirilən şəxs qismində tanınmamış və yalnız şahid qismində dəfələrlə dindirilmişdir. Belə olan halda həmin iş üzrə cinayət prosessual tələblərə riayət olunmasına, A.Mədətovun cinayət işi üzrə prosessual sənədlərdə adlandırılmasından asılı olmayaraq onun faktiki hüquqi vəziyyətinə, habelə bununla bağlı onun hansı hüquqların daşıyıcısı olmasına dair suallar məhkəmə araşdırılmasında müəyyənləşdirməli olan əsas halları təşkil edir.
Vurğulanmalıdır ki, CPM-in 90.1-ci maddəsinə görə şübhəli şəxs qismində ittiham elan olunması üçün barəsində tutulma haqqında qərar çıxarılmış, cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş və ya haqqında həbs, girov və ev dustaqlığı istisna olunmaqla, qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılmış fiziki şəxs tanınır. CPM-in 91.1-ci maddəsinə müvafiq olaraq müstəntiqin, prokurorun və ya məhkəmənin təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxardığı fiziki şəxs təqsirləndirilən şəxs kimi tanınır. A.Mədətov bu maddələrə uyğun şübhəli və ya təqsirləndirilən şəxs kimi tanınmadığı bir halda, onun əməllərində CM-in 186.2.2 və 306.1-ci maddələrinin tərkibinin olması istintaq materialları ilə sübuta yetirilmədiyindən onun barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Belə qərar isə yalnız şübhəli və təqsirləndirilən şəxs barəsində çıxarıla bilər. Bu hal özü-özlüyündə A.Mədətovun faktiki olaraq həmin şəxslərin birinin vəziyyətində olmasına dəlalət edə bilər. Nəzərə alınmalıdır ki, həm şübhəli şəxsin, həm də təqsirləndirilən şəxsin CPM-in 90.7.20, 91.5.30 və 449.2.1-ci maddələrinə əsasən cinayət prosesini həyata keçirən vəzifəli şəxslərin qərarlarından, yaxud hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququ vardır.
İnsan hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) presedent hüququnda CPM-dən fərqli qayda müəyyən edilmişdir. Bununla əlaqədar qeyd olunmalıdır ki, Avropa Konvensiyasının maddələrinin şərh edilməsi sahəsində Avropa Məhkəməsi tərəfindən konkret işlər üzrə qəbul olunmuş qərarlar mühüm əhəmiyyət daşıyır və presedent hüququ kimi Avropa Məhkəməsi tərəfindən və Avropa Şurasına üzv qəbul olunmuş ölkələrin milli məhkəmələri tərəfindən tətbiq olunur.
Avropa Məhkəməsi Deweer Belçikaya qarşı 27 fevral 1980-ci il tarixli qərarında bildirmişdir ki, ittiham – fərdin cinayət hüquq pozuntusu törətdiyinə dəlalət edən və ya şübhəli şəxs qismində onun vəziyyətinə mühüm təsir göstərən ehtimalların olduğu barədə səlahiyyətli dövlət hakimiyyəti orqanı tərəfindən ona rəsmi məlumatın verilməsidir.
Neumeister Avstriyaya qarşı 27 iyun 1968-cı il tarixli qərarında isə Avropa Məhkəməsi göstərmişdir ki, şəxsə qarşı cinayət təqibinə başlandığı barədə ona rəsmi məlumat verildikdə, bu ittiham anlayışına daxildir.
Avropa Məhkəməsinin mövqeyindən çıxış edilərsə, müstəntiq tərəfindən qəbul edilmiş 01 avqust 2007-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, A.Mədətovun əməllərində CM-in 186.2. və 306.1-ci maddələrinin tərkibinin olması istintaq materialları ilə sübuta yetirilmədiyindən onun barəsində cinayət təqibinə xitam verilməsi A.Mədətovun şübhə altında olmasını təsdiq etmişdir.
Avropa Konvensiyanın 13-cü maddəsində deyilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.
Göründüyü kimi, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin digər iştirakçılarının, o cümlədən şahidin şikayət vermək hüququna malik olmasının mümkünlüyü həm Konstitusiyanın, həm Avropa Konvensiyasının, həm də qüvvədə olan cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun hesab oluna bilər.
Bu məsələ ilə bağlı Rusiyanın məhkəmə təcrübəsini formalaşdıran «Rusiya Federasiyasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin qaydasında şikayətlərin baxılması təcrübəsinə dair» Rusiya Federasiyası Ali Məhkəməsi Plenumunun 10 fevral 2009-cu il tarixli qərarı maraq doğurur. Həmin Qərarda məhkəmələrə izah olunur ki:
«… cinayət işinin başlanmasından imtina olunması haqqında və cinayət işinə xitam verilməsi barədə təhqiqatçı, müstəntiq və istintaq orqanı rəhbərinin qərarlarından başqa Rusiya Federasiyasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə müvafiq olaraq cinayət məhkəmə icraatının məhkəməyədək mərhələlərində vəzifəli şəxslərin digər qərarları və hərəkətləri (hərəkətsizliyi) məhkəməyə şikayət verməyə o şərtlə aid olunmalıdır ki, onlar hüquqları və qanuni maraqları pozulmuş cinayət məhkəmə icraatının iştirakçılarının və ya digər şəxslərin Konstitusiya ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirə bilər və yaxud vətəndaşların ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirə bilər.
Konstitusiya ilə təsbit olunmuş hüquqlara və azadlıqlara zərər vurula biləcək digər qərarlara və hərəkətlərə (hərəkətsizliyə), məsələn təhqiqatçının, müstəntiqin və istintaq orqanının rəhbərliyinin cinayət işinin başlanması, ödənişlərin həyata keçirilməsi və ya bəraət almış şəxsə mülkiyyətinin qaytarılması, müdafiəçinin təyin olunmasından və yaxud qanuni nümayəndəsinə icazə verməkdən imtina edilməsi, məhkəmə qərarı ilə tətbiq olunan girov, ev dustağlığı və həbsə alınması istisna olmaqla şübhəli və ya təqsirləndirilən şəxsə qarşı prosessual məcburiyyət tədbirlərin seçilməsi və tətbiq edilməsi haqqında qərarlarını aid etmək olar.
Vətəndaşların ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirən vəzifəli şəxslərin elə hərəkətləri (hərəkətsizliyi) və ya qərarları aid olunmalıdır ki, onlar vətəndaşların cinayət işi üzrə məhkəməyədək mərhələlərində iştirak etmək hüquqlarını məhdudlaşdıraraq pozulmuş hüquqların gələcəkdə məhkəmə müdafiəsinə görə müraciəti üçün maneə yaradır. Bunlara, məsələn, şəxsin zərər çəkmiş şəxs kimi tanınmasından imtina, cinayət barədə məlumatının qəbul edilməsindən imtina və yaxud bu məlumatların yoxlanılması zamanı hərəkətsizlik, ibtidai istintaqın dayandırılması barədə qərar və sairə aiddir».
Göründüyü kimi Azərbaycan Respublikası kimi keçmiş SSRİ-nin tərkibində olmuş və yeni hüquqi dəyərlərə oxşar keçid dövrü yaşayan Rusiya Federasiyasında da vətəndaşlara cinayət prosesinin məhkəməyədək mərhələlərində vəzifəli şəxslərin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət vermək hüququndan fəal istifadə olunması tövsiyə olunur. Bununla bağlı şərtlər ondan ibarətdir ki, həmin vətəndaşlar bir qayda olaraq hüquqları və qanuni maraqları pozulmuş cinayət məhkəmə icraatının iştirakçıları olsun və onların Konstitusiya ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirə bilən və yaxud ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirə bilən məqamlar mövcud olsun.
Beləliklə, bütün yuxarıdakıları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, CPM-in 449.2.3-cü maddəsinin «qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər» müddəası cinayət prosesinin digər iştirakçılarına aid olduğuna görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şahidin də şikayət vermək hüququnu istisna etmir. Lakin cinayət prosesinin digər iştirakçıları, o cümlədən şahidlər cinayət təqibini həyata keçirən orqanın vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna o halda malikdirlər ki, həyata keçirilmiş hərəkətlər və qəbul olunmuş qərarlar onların hüquq və qanuni maraqlarına toxunmuş olsun, Konstitusiya ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirə və yaxud ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirə bilsin.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60,62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin «qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər» müddəası cinayət prosesinin digər iştirakçılarına aid olduğuna görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şahidin də şikayət vermək hüququnu istisna etmir. Lakin cinayət prosesinin digər iştirakçıları, o cümlədən şahidlər cinayət təqibini həyata keçirən orqanın vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna o halda malikdirlər ki, həyata keçirilmiş hərəkətlər və qəbul olunmuş qərarlar onların hüquq və qanuni maraqlarına toxunmuş olsun, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirə və yaxud ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirə bilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti» və «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.
Sədrlik edən Fərhad Abdullayev