Qərarlar

13.07.09 Səyalı Möhüb qızı Teymurovanın məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLIKASI

KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN

QƏRARI

Səyalı Möhüb qızı Teymurovanın məhkəməyə müraciət hüququnun

pozulması barədə şikayətinə dair

13 iyul 2009-cu il                                                                                                     Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), S.Salmanova, F.Babayev, S.Həsənova, R.Qvaladze, İ.Nəcəfov və Ə.Sultanovdan (məruzəçi-hakim)  ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

ərizəçi S.Teymurovanın və onun nümayəndəsi A.Əliyevin,

cavabverən orqan Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının əməkdaşı R.Əkbərovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 34.4.2-ci maddəsinə müvafiq olaraq konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Səyalı Möhüb qızı Teymurovanın məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim Ə.Sultanovun məruzəsini, ərizəçinin və onun nümayəndəsinin, cavabverən orqanın nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq Konstitusiya Məhkəməsinin Plenumu  

M Ü Ə Y Y Ə N   E T D İ:

 Səyalı Möhüb qızı Teymurovanın şikayətindən və ona əlavə olunmuş materiallardan görünür ki, o, Qazax Dövlət Dram Teatrına aktrisa kimi işə qəbul olunmuş və Qazax rayon Xalq Deputatlar Sovetinin İcraiyyə Komitəsi 28 aprel 1989-cu il tarixli 458 saylı orderə (bundan sonra – “birinci order”)  əsasən Sabir küçəsi 179 saylı evin 7 saylı iki otaqlı xidməti mənzili onun istifadəsinə vermişdir.

S.Teymurova işə üzrlü səbəb olmadan çıxmadığına görə 01 oktyabr 1999-cu il tarixli 71 saylı əmrlə işdən azad edilmişdir.     

Bundan sonra Qazax rayon Mənzil-İstismar Sahəsi S.Teymurovanın adına verilmiş yuxarıda qeyd olunan xidməti orderin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmış və Qazax rayon məhkəməsinin 25 yanvar 2000-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur.

Qazax rayon İcra Hakimiyyəti 28 aprel 2000-ci ildə ərizəçinin adına həmin mənzilə dair başqa 144 saylı order (bundan sonra – “ikinci order”) vermiş və müəyyən müddətdən sonra Qazax rayon İcra Hakimiyyəti həmin orderin də ləğv edilməsinə dair iddia qaldırmışdır.

Qazax rayon məhkəməsinin 28 sentyabr 2004-cü il tarixli qətnaməsi ilə ikinci order də etibarsız hesab edilmişdir.

Rayon Mənzil-İstismar Sahəsi və rayon İcra Hakimiyyəti qeyd olunan məhkəmə qətnamələrinə əsaslanaraq S.Teymurovanın mənzildən və qeydiyyatdan çıxarılması barədə iddia qaldırmışlar.   

Qazax rayon məhkəməsinin 09 iyun 2006-cı il tarixli qətnaməsi ilə iddia təmin olunaraq, S.Teymurovanın mübahisəli mənzildən çıxarılması qət edilmişdir.   

Sonuncu qətnamə icra olunarkən S.Teymurova adına verilmiş hər iki orderin etibarsız hesab olunmasından və mənzildən çıxarılmasına dair qətnamələrin qəbul edilməsindən xəbərsiz olduğunu və heç bir məhkəmə iclasına dəvət olunmadığını bildirərək, Qazax rayon məhkəməsinin 09 iyun 2006-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir.

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyası (bundan sonra – «Apellyasiya Məhkəməsinin MİÜMK») orderlərin etibarsız hesab olunmasına dair Qazax rayon məhkəməsinin 25 yanvar 2000-ci il və 28 sentyabr 2004-cü il tarixli qətnamələrinə əsaslanaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – «MPM») 82-ci maddəsinə istinadən 28 noyabr 2006-cı il tarixli qətnaməsi ilə həmin qətnaməni dəyişdirmədən saxlamışdır.     

Belə olan halda, S.Teymurova Qazax rayon məhkəməsinin 25 yanvar 2000-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün müddətin bərpasına dair vəsatət qaldırmışdır.

Vəsatət Qazax rayon məhkəməsinin 20 sentyabr 2006-cı il tarixli qərardadı ilə təmin edilməmişdir. Bu qərardad Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın 21 noyabr 2006-cı il tarixli qərardadı ilə ləğv olunaraq, vəsatət yenidən baxılması üçün rayon məhkəməsinə qaytarılmışdır. Rayon məhkəməsi 06 fevral 2007-ci il tarixli qərardadı ilə vəsatəti təmin edərək işi aidiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.        

Gəncə Apellyasiya Məhkəməsi işə baxaraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 105-ci maddəsinin 3 və 5-ci bəndlərinin müddəalarını tətbiq etməməklə səhvə yol vermişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə S.Teymurovanın teatrda azı 10 il işləməsini və yalqız qadın olmasını müəyyən etdiyi halda, Mənzil Məcəlləsinin qeyd olunan müddəaları ilə onun başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılmasının yolverilməz olmasını nəzərə almamışdır. Buna görə də Gəncə Apellyasiya Məhkəməsi 11 sentyabr 2007-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı rədd etmişdir.        

Bu qərara əsaslanaraq S.Teymurova mənzildən çıxarılmasına dair qəbul olunmuş Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın 28 noyabr 2006-cı il tarixli qətnaməsinin ləğv olunması üçün MPM-in 432-ci maddəsinə əsasən yeni açılmış hallar üzrə ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna (bundan sonra – «Ali Məhkəmənin Plenumu») müraciət etmişdir.   

Ali Məhkəmənin Plenumunun məsul katibinin 17 mart 2008-ci il tarixli məktubu ilə S.Teymurovaya bildirilmişdir ki, onun ərizəsi Plenumun baxışına çıxarılmış və ərizəsinə mahiyyəti üzrə baxılmasına dair Plenumun iclası 31 mart 2008-ci il tarixinə təyin edilmişdir. Lakin həmin ərizəyə Plenumun qeyd olunan iclasında baxılmamış və bunun səbəbləri barədə ərizəçiyə heç bir rəsmi məlumat verilməmişdir.  

Bundan sonra, Ali Məhkəmənin sədrinin 04 aprel 2008-ci il tarixli məktubu ilə MPM-in 432-ci maddəsində göstərilən əsasların olmadığına görə ərizənin Plenumun baxışına çıxarılmaması barədə S.Teymurovaya məlumat verilmişdir.        

Ərizəçi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – «Konstitusiya Məhkəməsi») şikayət verərək mənzildən çıxarılmasına dair mülki iş üzrə məhkəmə aktlarını qanunsuz hesab etdiyini, onlardan yeni açılmış hallar üzrə ərizəsinə baxılmamasını isə onun məhkəməyə müraciət hüququnu pozduğunu bildirmişdir. Konstitusiya Məhkəməsi yeni açılmış hallarla bağlı S.Teymurovanın ərizəsinin yenidən nəzərdən keçirilib tədbir görülməsi üçün Ali Məhkəməyə 10 sentyabr 2008-ci il tarixdə məktub göndərmişdir.        

Həmin məktuba cavab olaraq Ali Məhkəmənin Aparat rəhbəri vəzifəsini icra edən 18 sentyabr 2008-ci il tarixli məktubla bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 11 sentyabr 2007-ci il tarixli qətnaməsi ilə birinci orderin etibarsız hesab edilməsinə dair Qazax Mənzil-İstismar Sahəsinin iddiasının rədd olunmasına baxmayaraq, həmin mənzillə bağlı ikinci orderin etibarsız hesab edilməsi haqqında Qazax rayon məhkəməsinin 28 sentyabr 2004-cü il tarixli qətnaməsi qüvvədə olduğu üçün, S.Teymurovanın istinad etdiyi Gəncə Apellyasiya Məhkəməsinin 11 sentyabr 2007-ci il tarixli qətnaməsi yeni açılmış hal hesab oluna bilməz.

Bu məktubda göstərilənləri nəzərə alaraq S.Teymurova Qazax rayon məhkəməsinin 28 sentyabr 2004-cü il tarixli qətnaməsindən də apellyasiya şikayəti vermişdir.  

Gəncə Apellyasiya Məhkəməsinin 04 fevral 2009-ci il tarixli qətnaməsi ilə mübahisələndirilən qətnamə S.Teymurovaya aid hissədə ləğv edilmişdir.

Ali Məhkəmənin məktubuna uyğun olaraq S.Teymurova Qazax rayon məhkəməsinin 28 sentyabr 2004-cü il tarixli qətnaməsinin Gəncə Apellyasiya Məhkəməsi tərəfindən ona aid hissədə ləğv edilməsi barədə 04 fevral 2009-cu il tarixli qətnaməni də Ali Məhkəməyə göndərərək yeni açılmış hallar üzrə verdiyi ərizəsinə baxılmasını bir daha xahiş etmişdir.

Lakin Ali Məhkəmənin Aparat rəhbərliyinin 31 mart 2009-cu il tarixli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, onun bu ərizəsindən əvvəl verilmiş ərizəsinə Ali Məhkəmənin sədri tərəfindən artıq cavab verilmişdir.

S.Teymurova 23 aprel 2009-cu ildə yenə də Ali Məhkəməyə müraciət edərək qaldırdığı məsələyə Ali Məhkəmənin sədri tərəfindən münasibət bildirilməsini xahiş etmişdir.  

Bu dəfə Ali Məhkəmənin sədrinin vəzifəsini müvəqqəti icra edən tərəfindən 08 iyun 2009-cu il tarixli məktubla S.Teymurovaya bildirilmişdir ki, mübahisəli mənzilə üçüncü şəxsə artıq 07 yanvar 2009-cu il tarixdə 14 saylı yeni orderin verildiyinə görə onun yeni açılmış hallar üzrə ərizəsinə Ali Məhkəmənin Plenumunda baxılması üçün əsas yoxdur və o, ümumi iddia icraatı qaydasında qeyd olunan orderi mübahisələndirə bilər.    

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar (bundan sonra – “məhkəmə aktları”).

Məhkəmə aktları məhkəmə hakimiyyətinin bütövlüyünün təmin olunmasında xüsusi yer tutur. Məhkəmə hakimiyyəti orqanının bu və ya digər aktının məhkəmə aktına aid edilməsinin meyarı məhkəmə hakimiyyətinin cəmiyyətdə əsas təyinatını əks etdirməlidir. Buna görə də baxılan işlərlə bağlı məhkəmə aktlarına məhkəmə hakimiyyəti orqanının yalnız o aktları daxil ola bilər ki, onlarda məhkəmə hakimiyyətinin əsas funksiyası olan ədalət mühakiməsinin həyata keçirilməsi əks olunsun.

Məhkəmə aktlarının hüquqi mahiyyəti ilə əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, onlar hüquqi aktların bir növü olmaqla, digərləri ilə yanaşı aşağıdakı xüsusiyyətlərlə səciyyələnirlər:       

- səlahiyyətli dövlət orqanları tərəfindən çıxarılırlar;

- həmin dövlət orqanının iradəsini ifadə edirlər;

- fərdi xarakterli olurlar;

- hüquqi nəticələr törədirlər;

- sənədli aktları təşkil edirlər.    

Eyni zamanda, öz təbiətlərinə görə məhkəmənin hərəkətləri məhkəmə aktları ilə yanaşı digər formada edilə bilər. Məhkəmələr qanuni qüvvəyə minməsi və müvafiq qaydada icrası nəzərdə tutulmayan qanuni tələblər, tapşırıqlar, çağırışlar, bildirişlər və məhkəmə aktlarına daxil olmayan başqa müraciətlər qəbul edir. Həmin sənədlər ədalət mühakiməsinin həyata keçirilməsini təmin edən aktlar olmaqla, yalnız yardımçı xarakter daşıyrlar. Məhkəmə təcrübəsində iddia və ya şikayətlərə baxılmasından imtina edilməsi barədə məktubla (və ya dərkənarla) cavab verilməsi hallarına da rast gəlinir.    

Yuxarıda göstərilənlərdən aydın olur ki, məktublarla cavab verilməsi təcrübəsi yeni açılmış hallar üzrə icraatda ədalət mühakiməsinin həyata keçirilməsinin ayrılmaz tərkib hissəsini təşkil edir. S.Teymurovanın yeni açılmış hallar üzrə ərizəsi də mahiyyəti üzrə baxılmamış, onunla bağlı  Ali Məhkəmənin Plenumunun əsaslandırılmış məhkəmə aktı qəbul olunmamış və bu barədə müvafiq cavablar ona məktubla göndərilmişdir.        

Bununla bağlı qeyd olunmalıdır ki, əlavə kassasiya qaydasında məhkəmə qərarlarına baxılmasından fərqli olaraq yeni açılmış hallar üzrə icraata başlanılması ya mülki işə baxılmasından sonra yaranmış və ya işə baxılması zamanı mövcud olmuş, lakin məhkəməyə bəlli olmayan halların aşkarlanması ilə bağlıdır. Belə hallardan birini MPM-in 432.2.4-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi təşkil edir.    

Məhkəmə tərəfindən buraxılmış hər hansı nöqsanla əlaqəli olmamasına baxmayaraq, yuxarıda göstərilən və qanunda nəzərdə tutulmuş digər hallar, nəticə etibarı ilə iş üzrə çıxarılmış məhkəmə qərarlarının qanuni, əsaslı və ədalətli kimi qəbul olunmasına imkan vermir. Yeni açılmış hallar üzrə icraatı təzələməklə məhkəmə mühakimənin nöqsanlarını deyil, iş üzrə obyektiv səbəblərdən araşdırmadan kənarda qalmış mühüm əhəmiyyət kəsb edən halların yoxlanılmasını təmin edir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Oferta Plus S.R.L. Moldovaya qarşı 19 dekabr 2006-cı il tarixli qərarında bildirmişdir ki, yenidən baxılma özlüyündə Konvensiyaya zidd deyildir. Lakin məhkəmə qərarlarına yenidən baxılması barədə qərar qanunla müəyyən edilmiş müvafiq meyara uyğun olmalıdır; və belə prosesə riayət olunmaması Konvensiyaya zidd ola bilər, nəzərə alaraq ki, bunun nəticəsi, yəni qərarın «itkisi» ləğv etmə tələbi ilə eynidir. Hüquqi müəyyənlik və qanunun aliliyi prinsipləri bu sahədə diqqətli olmağı tələb edir (§ 100).       

Bu mənada, konkret mülki məsələlərə, o cümlədən, yeni açılmış hallar üzrə ərizəyə baxarkən və onları həll edərkən məhkəmələr mülki prosessual formaya bağlıdırlar və beləliklə, onların ədalət mühakiməsinin həyata keçirilməsinə yönələn bütün hərəkətləri məhz məhkəmə aktlarında ifadə olunmalıdır. Mülki prosessual hüquq münasibətlərinin yaranması, dəyişdirilməsi və ya xitamının əsasını yalnız qanunla müəyyən olunmuş prosedura, formaya və məzmuna uyğun çıxarılmış məhkəmə aktları təşkil edə bilər. Prosessual formaya riayət olunma proses iştirakçılarının hüquqlarının təmin olunmasının təminatı olmaqla, yalnız milli deyil, həm də beynəlxalq hüquqla tanınır.

«Hamılıqla qəbul olunmuş insan hüquq və əsas azadlıqlarının təşviqi və müdafiəsi üzrə cəmiyyətin üzvlərin, qrupların və orqanlarının hüquq və vəzifələri haqqında» Birləşmiş Millətlər Təşkilatının 09 dekabr 1998-ci il tarixli Bəyannaməsinin 9-cu maddəsinin 2-ci bəndinə görə hüquq və azadlıqlarının pozulduğu ehtimal olunan hər kəs şikayətinə baxılması barədə məhkəmə orqanından qərarı əldə etmək hüququna malikdir.  

Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə Konvensiya nəzəri və xəyali deyil, praktiki və səmərəli hüquqların təmin olunmasına yönəlib. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi mülki mübahisələrin həlli üçün məhkəməyə müraciət hüququnu təmin edir. Bu hüquq yalnız tələb irəli sürmək hüququnu deyil, eyni zamanda, mübahisə ilə bağlı məhkəmənin «qərarını» əldə etmək hüququnu ehtiva edir (Kutiç Xorvatiyaya qarşı iş üzrə 01 mart 2002-ci il tarixli qərar, § 25).  

Avropanın digər konstitusiya mühakiməsi orqanlarının da bu məsələyə münasibəti maraq doğurur. Belə ki, Polşa Konstitusiya Tribunalının 16 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hüququ: (1) müstəqil və qərəzsiz məhkəmə qarşısında tələb irəli sürmək hüququnu nəzərdə tutan məhkəməyə müraciət hüququnu, (2) ədalətliyin və açıqlığın tələblərinə müvafiq olaraq məhkəmə prosesinin düzgün keçirilməsi hüququnu və (3) məcburi qərarı məhkəmədən əldə etmək hüququnu təşkil edən məhkəmə qərarı hüququnu əhatə edir.    

Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi də məhkəmə aktının formasına, məzmununa və çıxarılması proseduruna aid tələbləri təsbit etməklə MPM-in 433-cü maddəsində qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda baxılmasını müəyyən edir. Bu Məcəllənin 437.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, Ali Məhkəmənin Plenumu yeni açılmış hallar üzrə məhkəmə aktına yenidən baxılması haqqında ərizəyə məhkəmə iclasında baxır. Məcəllənin 438.1-ci maddəsinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu yeni açılmış hallar üzrə qətnaməyə, qərardada və ya qərara baxdıqda ya ərizəni təmin edib məhkəmə aktlarını ləğv edir, ya da yenidən baxmağı rədd edir.

Prosessual qanununun qeyd olunan tələblərinə riayət edilməməsi isə hüquqi müəyyənlik prinsipi ilə ziddiyyət təşkil edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 may 2008-ci il tarixli qərarı). 

Bu baxımdan, hər kəs ərizə və şikayətlərinə prosessual qanunla müəyyən olunmuş qaydada baxılaraq müvafiq əsaslandırılmış məhkəmə aktının qəbul edilməsinə əmin olmalıdır. Heç kəs əsaslandırılmış müvafiq məhkəmə aktının çıxarılmaması ilə ərizə və ya şikayətinə baxılmadan, prosessual qaydadan kənar yolla müraciətinin araşdırılması üçün müxtəlif maneələrin olduğunu ona bildirən məlumatları daimi olaraq gözləməməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi çərçivəsində fundamental hüquqlardan biri olan ədalətli məhkəmə araşdırılması hüququ üçün mühüm əhəmiyyət kəsb edən yeni açılmış hallar üzrə ərizəyə baxılması ilə bağlı hərəkətlər məktublarla deyil, mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada Ali Məhkəmənin Plenumunun əsaslandırılmış məhkəmə aktları ilə rəsmiləşdirilməlidir.     

Qanunun tələblərinə cavab verməyən təcrübənin davam etdirilməsi isə, MPM ilə nöqsanlı məhkəmə aktlarının düzəldilməsi üçün müəyyən olunmuş vasitəni öz mahiyyətindən məhrum edər və nəticə etibarı ilə hər kəsin Konstitusiyanın 26 və 60-cı maddələri və Avropa Konvensiyasının 6 və 13-cü maddələri ilə təmin olunmuş hüquqlarının pozulmasına gətirib çıxarar. Bu mənada, vurğulanmalıdır ki, İoçev Bolqarıstana qarşı iş üzrə 02 fevral 2006-cı il tarixli qərarında Avropa Məhkəməsi Konvensiyanın 13-cü maddəsinin tələbləri ilə bağlı hüquqi mövqeyini ifadə etmişdir ki, hüquqi müdafiə vasitəsi qanunvericilikdə olduğu kimi təcrübədə də səmərəli olmalıdır (§ 142).     

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, yeni açılmış hallar üzrə S.Teymurovanın ərizəsinə Ali Məhkəmənin Plenumunda MPM-in 433, 437 və 438-ci maddələrinə uyğun olaraq baxılıb müvafiq qərarın qəbul ediməməsi onun Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi təminatının elementlərindən biri olan məhkəməyə müraciət hüququnun pozulması kimi qiymətləndirilməlidir.   

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A   A L D I:

1. Səyalı Teymurovanın mənzildən çıxarılmasına dair mülki iş üzrə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 noyabr 2006-cı il tarixli qətnaməsindən yeni açılmış hallar üzrə verilmiş ərizəsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 433, 437 və 438-ci maddələrinə uyğun olaraq baxılıb müvafiq qərarın qəbul edilməməsi onun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş məhkəməyə müraciət hüququnun pozulması kimi qiymətləndirilsin. Səyalı Teymurovanın yuxarıda göstərilən qətnamədən yeni açılmış hallarla bağlı ərizəsinə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə baxılsın.         

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3.Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski Raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin  Məlumatı»nda dərc edilsin.

 4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

  

Sədrlik edən                                                       Fərhad Abdullayev