Qərarlar

24.12.08 Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında təkliflərinə rəy verilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA

MƏHKƏMƏSİ PLENUMUNUN

QƏRARI

Azərbaycan Respublikası Milli Məclisinin

Azərbaycan Respublikasının Konstitusiyasında

dəyişikliklər edilməsi haqqında təkliflərinə rəy verilməsi barədə

24 dekabr 2008-ci il                                                                           Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), S.Salmanova, F.Babayev (məruzəçi-hakim), S.Həsənova, B.Qəribov, R.Qvaladze, E.Məmmədov (məruzəçi-hakim), İ.Nəcəfov və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibləri İ.İsmayılov və Z.Quliyevin,

xüsusi konstitusiya icraatında maraqlı subyektin nümayəndələri Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Ə.Hüseynov, Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları daimi komissiyasının sədri R.Aslanova və Azərbaycan Respublikası Milli Məclisinin Aparatının rəhbəri S.Mirzəyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VIII hissəsinə müvafiq olaraq, açıq məhkəmə iclasında xüsusi konstitusiya icraatı qaydasında Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinə uyğun olaraq "Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə rəy verilməsinə dair 2008-ci il 19 dekabr tarixli 745-IIIQR saylı qərarı ilə bağlı konstitusiya işinə baxdı.

İş üzrə hakimlər F.Babayev və E.Məmmədovun məruzələrini, maraqlı subyektin nümayəndəsi Ə.Hüseynovun çıxışını dinləyib müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

"Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2008-ci il tarixli 745-IIIQR saylı qərarı ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün Referendum Aktının layihəsi təqdim olunmuşdur.

Referendum Aktının layihəsindən göründüyü kimi, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasında aşağıdakı dəyişiklikləri etməyi məqsədə müvafiq hesab edir:

1. 12-ci maddənin I hissəsinə "azadlıqlarının" sözündən sonra ", Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin" sözləri əlavə edilsin;

2. 15-ci maddənin II hissəsinə "əsasında" sözündən sonra "sosial yönümlü" sözləri əlavə edilsin;

3. 17-ci maddə "Ailə, uşaqlar və dövlət" adlandırılsın, maddəyə aşağıdakı məzmunda III, IV, V və VI hissələr əlavə edilsin:

"III. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsi altındadırlar.

IV. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.

V. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər.

VI. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.";

4. 18-ci maddənin II hissəsində "dinlərin" sözündən sonra "(dini cərəyanların)" sözləri əlavə edilsin;

5. 19-cu maddənin II hissəsində "Milli" sözü "Mərkəzi" sözü ilə əvəz edilsin;

6. 25-ci maddəyə aşağıdakı məzmunda IV və V hissələr əlavə edilsin:

"IV. Heç kəsə yuxarıda göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.

V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.";

7. 29-cu maddənin IV hissəsindən "və ya ictimai ehtiyaclar sözləri" çıxarılsın;

8. 32-ci maddədə:

II hissənin ikinci cümləsində "şəxsi həyata" sözləri "şəxsi və ailə həyatına" sözləri ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:

"Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.";

III hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:

"Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.";

aşağıdakı məzmunda V hissə əlavə edilsin:

"V. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, həmçinin qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır.";

9. 39-cu maddəyə aşağıdakı məzmunda III və IV hissələr əlavə edilsin:

"III. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz.

IV. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.";

10. 48-ci maddəyə aşağıdakı məzmunda V hissə əlavə edilsin:

"V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.";

11. 50-ci maddəyə aşağıdakı məzmunda III hissə əlavə edilsin:

"III. Hər kəsin hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən, kütləvi informasiya vasitələrində dərc edilən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.";

12. 67-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 67. Tutulanların, həbsə alınanların və cinayət törədilməsində təqsirləndirilənlərin hüquqları

I. Səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində təqsirləndirdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir.

II. Cinayət törədilməsində təqsirləndirilən hər kəs məhkum edilməzdən əvvəl dinlənilməlidir.";

13. 71-ci maddədə:

II hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:

"Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.";

aşağıdakı məzmunda IX və X hissələr əlavə edilsin:

"IX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz.";

X. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər.";

14. 72-ci maddənin I hissəsinə aşağıdakı məzmunda cümlə əlavə edilsin:

"Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər";

15. 75-ci maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:

"II. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.";

16. 84-cü maddənin I hissəsinə aşağıdakı məzmunda cümlə əlavə edilsin:

"Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.";

17. 88-ci maddəyə aşağıdakı məzmunda IV hissə əlavə edilsin:

"IV. Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının iclasları açıq keçirilir. Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası Prezidentinin təklifi ilə Azərbaycan Respublikası Milli Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər.";

18. 92-ci maddədə "daimi və başqa" sözləri "komitələr və" sözləri ilə əvəz edilsin;

19. 95-ci maddədə:

I hissənin 4-cü bəndinə "dövlətlərarası" sözündən sonra "və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası" sözləri əlavə edilsin;

aşağıdakı məzmunda 20-ci bənd əlavə edilsin:

"20) bələdiyyələrin hesabatlarının dinlənilməsi.";

20. 96-cı maddədə:

I hissəyə "Ali Məhkəməsinə" sözlərindən sonra "Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına" sözləri, II və IV hissələrinə "Ali Məhkəməsinin" sözlərindən sonra "Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının" sözləri əlavə edilsin;

III hissədə "orqanın" sözü "subyektin" sözü ilə əvəz edilsin;

aşağıdakı məzmunda VI və VII hissələr əlavə edilsin:

"VI. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir.

VII. Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir.";

21. 101-ci maddənin V hissəsi aşağıdakı redaksiyada ifadə edilsin:

"V. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.";

22. 108-ci maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:

"II. Əvvələr Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı qaydaları Konstitusiya qanunu ilə müəyyən edilir.";

23. 109-cu maddənin I hissəsində:

10-cu bənddə "Milli" sözü "Mərkəzi" sözü ilə əvəz edilsin, bəndə aşağıdakı sözlər əlavə edilsin:

", Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini təyin edir;";

13-cü bənddə "İcra Aparatını" sözləri "Administrasiyasını" sözü ilə əvəz edilsin;

17-ci bənddə "dövlətlərarası beynəlxalq" sözləri "dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası" sözləri ilə əvəz edilsin;

24. 125-ci maddəyə aşağıdakı məzmunda VII hissə əlavə edilsin:

"VII. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.";

25. 129-cu maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II və III hissələr əlavə edilsin:

"II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

III. Məhkəmə qərarı əsaslandırılmalı və sübuta yetirilmiş olmalıdır.";

26. 130-cu maddənin IX hissəsinə aşağıdakı məzmunda cümlə əlavə edilsin:

"Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir.";

27. 131-ci maddəyə aşağıdakı məzmunda III hissə əlavə edilsin:

"III. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları dərc edilməlidir.";

28. 146-cı maddənin mövcud mətni V hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda I, II, III və IV hissələr əlavə edilsin:

"I. Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər, bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin vaxtından əvvəl buraxılması halları və qaydası qanunla müəyyən edilir.

II. Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz.

III. Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir.

IV. Qanunla müəyyən edilmiş hallarda və qaydada bələdiyyələr öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər.";

29. 149-cu maddəyə aşağıdakı məzmunda VIII hissə əlavə edilsin:

"VIII. Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir.".

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2008-ci il tarixli 745-IIIQR saylı qərarı ilə təqdim olunmuş Referendum Aktının layihəsinə dair aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Referendum xalq hakimiyyətinin və xalqın iradəsinin ali və bilavasitə təzahürü olmaqla, dövlətin həyatı üçün ən vacib məsələlərin ümumxalq səsverməsi yolu ilə həllinin forması kimi demokratiyanın mühüm institutudur. Referendum açıq və ictimai qaydada məhz bütün xalq üçün böyük əhəmiyyət kəsb edən məsələlərin həlli məqsədi ilə keçirilir.

Azərbaycan Respublikasında referendumun keçirilməsinin hüquqi əsasları Azərbaycan Respublikası Konstitusiyasının xalq hakimiyyətinə dair müddəalarında öz əksini tapmışdır. Bu müddəalara müvafiq olaraq, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi yalnız referendumla həll oluna bilər (Azərbaycan Respublikası Konstitusiyasının 2-ci maddəsinin I hissəsi, 3-cü maddəsinin I hissəsi və II hissəsinin 1-ci bəndi).

Azərbaycan Respublikası Konstitusiyasının 152-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər yalnız referendumla qəbul edilə bilər.

Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərin edilməsi qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsi Azərbaycan Respublikasının Milli Məclisinə hüquq verir ki, belə dəyişiklikləri təklif etsin və bununla əlaqədar əvvəlcədən rəy alınması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etsin.

Konstitusiya hüququndan istifadə edərək, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin edilməsi təklifi ilə çıxış etmiş, "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə" 19 dekabr 2008-ci il tarixli 745-IIIQR saylı qərarı qəbul edərək, Referendum Aktının layihəsini əvvəlcədən rəy alınması üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim etmişdir.

Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təqdim olunmuş Referendum Aktının layihəsində 29 maddədə 41 dəyişiklik təklif olunur. Bu dəyişikliklərdən on yeddisi maddələrə yeni hissələrin və ya bəndlərin əlavə edilməsi, yeddisi maddələrdə sözlərin əvəz edilməsi, yeddisi maddələrə yeni sözün və ya sözlərin əlavə olunması, altısı maddələrə yeni cümlələrin əlavə olunması, ikisi maddənin yeni redaksiyada verilməsi, biri maddənin adının dəyişdirilməsi, daha biri isə maddədən sözün çıxarılması ilə bağlıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişiklikləri Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi alınır.

Həmin rəyin çıxarılması ilə əlaqədar məsələyə baxılmasının qaydası "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Belə ki, bu Qanunun 61.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsi təklif olunan dəyişikliklərin Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsinin tələblərinə uyğunluğu haqqında əsaslandırılmış rəy qəbul edir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təqdim olunmuş "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsində göstərilən təkliflər hüquqi nöqteyi-nəzərdən Konstitusiyanın bir çox normalarını təkmilləşdirmək məqsədi daşımaqla, əsasən dövlətin sosial yönümlüyünün artırılmasına, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiə və təmin olunmasına, ali dövlət hakimiyyəti orqanlarının, habelə məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə istiqamətlənmişdir.

Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təqdim olunmuş Referendum Aktının layihəsində göstərilən təkliflər sırasında Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması halları mövcud deyildir.

Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2008-ci il tarixli 745-IIIQR saylı qərarı ilə təqdim olunmuş Referendum Aktının layihəsində göstərilən təkliflər xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Respublikası Konstitusiyasının ümumi müddəaları ilə ziddiyyət yaratmadığından və 155-ci maddəsinin tələblərinə uyğun olduğundan ümumxalq səsverməsinə - Referenduma çıxarıla bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VIII hissəsini və 153-cü maddəsini, "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 61-63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında təkliflərinə aşağıdakı rəy verilsin:

"Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2008-ci il tarixli 745-IIIQR saylı qərarı ilə təqdim olunmuş Referendum Aktının layihəsində göstərilən təkliflər xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Respublikası Konstitusiyasının ümumi müddəaları ilə ziddiyyət yaratmadığından və 155-ci maddəsinin tələblərinə uyğun olduğundan ümumxalq səsverməsinə - Referenduma çıxarıla bilər.

2. Qərar elan olunduğu andan qüvvəyə minir.

3. Qərar "Azərbaycan", "Respublika", "Xalq qəzeti", "Bakinski raboçi" qəzetlərində və "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı"nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.

Sədrlik edən                                                               Fərhad Abdullayev