AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Konstitusiyasının 28
və 60-cı maddələri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 157.1-ci maddəsinin həmin Məcəllənin 156.1, 346.1 və 447.5-ci
maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair
20 oktyabr 2026-cı
il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad
Abdullayev (sədr), Humay Əfəndiyeva (məruzəçi-hakim), Rauf Quliyev, Otari
Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov, Rəşid Rzayev, Fərhad Tutayuk və Xanlar
Vəliyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında
Azərbaycan Respublikası Konstitusiyasının 28 və 60-cı maddələri baxımından Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 157.1-ci maddəsinin həmin Məcəllənin
156.1, 346.1 və 447.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair
konstitusiya işinə baxdı.
İş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı
subyektlər Azərbaycan Respublikası
Prokurorluğunun sorğusunu və Azərbaycan Respublikası Milli Məclisi Aparatının
mülahizəsini, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili
(ombudsman), Azərbaycan Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının
Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Bakı Apellyasiya
Məhkəməsi və Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi
kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F.Abbasovanın rəyini
və iş materiallarını
araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
M Ü Ə Y Y Ə N E T D İ:
Azərbaycan
Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual
Məcəllə) 157.1-ci maddəsinin həmin Məcəllənin 156.1, 346.1 və 447.5-ci
maddələri ilə əlaqəli şəkildə şərh olunmasını xahiş etmişdir.
Sorğuda göstərilmişdir ki, Cinayət-Prosessual
Məcəllənin 156.1-ci maddəsində qətimkan tədbirinin seçilməsi üçün şəxsin
cinayəti törətməsinə əsaslı şübhələrin və müvafiq qətimkan tədbirinin tətbiqi
əsaslarının mövcudluğuna dəlalət edən ilkin sübutların olması, habelə 157.1-ci
maddəsində barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün təqsirləndirilən
şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə aidiyyətinin
sübut olunması tələb edilir. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən isə
cinayət hadisəsinin olmasının, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət
tərkibinin olmasının, təqsirləndirilən şəxsin cinayətin törədilməsində
aidiyyətinin və təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi işə mahiyyəti
üzrə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilən
məsələlərə aid edilmişdir.
Prokurorluq bir sıra işlərə istinad edərək qeyd etmişdir ki,
təcrübədə məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsi və ya həbsdə
saxlanılma müddətinin uzadılması məsələlərinə baxılarkən, həmçinin qəbul
edilmiş qərarların qanuniliyi və əsaslılığı yoxlanılarkən bəzən
təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmaması, cinayət
hadisəsinin olmaması kimi qənaətə gəlinməsi halları mövcuddur ki, bu da məhkəmə
nəzarəti institutunun predmet, məqsəd və vəzifələri ilə uyğunsuzluq təşkil
edir.
Sorğuverən hesab edir ki, cinayət-prosessual qanunvericiliyin
təyinatı nəzərə alınmaqla məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin
seçilməsi və ya həbsdə saxlanılma müddətinin uzadılması məsələlərinə
baxılarkən, həmçinin qəbul edilmiş qərarların qanuniliyi və əsaslılığı apellyasiya
instansiyası məhkəməsi tərəfindən yoxlanılarkən şəxsin ittiham olunduğu
cinayəti törətməsinə əsaslı şübhələrin mövcudluğuna dəlalət edən ilkin
sübutların mövcudluğunun və onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin
törədilməsinə aidiyyətinin sübut olunmasının qiymətləndirilməsi zamanı məhkəmə
nəzarətinin hədlərinin müəyyən edilməsi vacib əhəmiyyət kəsb edir.
Göstərilənlərlə əlaqədar Prokurorluq belə qənaətə gəlmişdir ki, hüquq
tətbiqetmə təcrübəsindəki ziddiyyətlərin aradan qaldırılması,
cinayət-prosessual qanunvericiliyi normalarının eyni qaydada tətbiqinin və
hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədi ilə sorğuda qeyd olunan
normaların Konstitusiya Məhkəməsi tərəfindən şərh olunması zəruridir.
Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıları
qeyd etməyi vacib hesab edir.
Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə
müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz
yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan
müddətdə baxılsın (Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra –
Konstitusiya) 60-cı maddəsinin I və II hissələri).
Bu hüquq yalnız məhkəməyə müraciət etmək imkanını deyil, pozulmuş
hüquq və azadlıqların qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində
səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət
mühakiməsi isə mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş
hüquqların bərpa olunmasını təmin etməlidir.
Ədalət mühakiməsinin həyata keçirilməsinin Konstitusiyada öz əksini
tapmış təməl prinsipləri sahəvi qanunvericilik aktlarında, o cümlədən Cinayət-Prosessual
Məcəllədə daha da inkişaf etdirilmişdir.
Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona
yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini
həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına
hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün
olmasın, heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət
tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə
məruz qalmasın (Cinayət-Prosessual Məcəllənin 1.2-ci maddəsi).
Bununla yanaşı, həmin Məcəllənin 10–36-cı maddələrində göstərilmiş
cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri cinayət təqibinin
həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən edir, insan və
vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun
müdafiəsini təmin edir, hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını
müəyyən edir (Cinayət-Prosessual Məcəllənin 9.1-ci maddəsi).
Qeyd edilməlidir ki, cinayət təqibini həyata keçirən orqanların
(əməliyyat-axtarış, təhqiqat, istintaq, prokurorluq) vəzifəli şəxslərinin
hərəkət və qərarlarının qanuniliyi üzərində məhkəmə nəzarətinin həyata
keçirilməsi Cinayət-Prosessual Məcəllənin 442–454-cü maddələri ilə tənzimlənir.
Məhkəmə nəzarəti cinayət-prosessual qanunvericiliyi sahəsində əsasən
məhkəməyədək icraat mərhələsində öz funksional yükünü daşıyır. Məhkəmə nəzarəti
cinayət prosesi çərçivəsində təhqiqatçının, müstəntiqin və ya ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun fəaliyyəti
nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilələrin
qarşısını almağa, pozulmuş hüquqların bərpasına xidmət edən məhkəmə
fəaliyyətinin müstəqil növüdür (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının
şərh edilməsinə dair” 2015-ci il 12 fevral
tarixli Qərarı).
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair”
2009-cu il 5 avqust tarixli Qərarında
qeyd edilmişdir ki, məhkəmə nəzarəti icraatında məhkəmə əsasən iki vəzifəni icra
edir: cinayət təqibi üzrə müvəkkil edilmiş orqanlar və vəzifəli şəxslər
tərəfindən edilən ayrı-ayrı hərəkətlərin və qəbul olunan qərarların
qanuniliyinin təmin olunması; cinayət prosesi iştirakçılarının hüquq və
azadlıqlarının qorunması (əsassız və qanunsuz məhdudlaşdırılmasının istisna
edilməsi, hüquqların pozulmasına son qoyulması və pozulmuş hüquqların bərpası).
Cinayət-Prosessual Məcəllənin 442.2-ci maddəsi ilə prosessual
məcburiyyət tədbirlərinin tətbiq edilməsi məhkəmə nəzarətinin predmeti kimi
müəyyən edilmişdir.
Prosessual məcburiyyət tədbirlərinin bir növü kimi həbs öz
sərtliyinə, səbəb olduğu məhrumiyyətlərin həcminə və ciddiliyinə görə digərlərindən
fərqlənməklə, təqsirləndirilən şəxsin Konstitusiyanın 28 və 32-ci maddələrində
təsbit edilmiş azadlıq və şəxsi toxunulmazlıq hüquqlarının məhdudlaşdırılmasına
səbəb olur.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında”
Konvensiyanın 5-ci maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin azadlıq və şəxsi
toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və
qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Həmin hallardan biri kimi “c”
bəndində hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin
səlahiyyətli məhkəmə orqanı qarşısına gətirilməsi məqsədi ilə və ya onun
tərəfindən törədilən hüquq pozuntusunun yaxud törətdikdən sonra onun
gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab
edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınmasının mümkünlüyü
göstərilmişdir.
Azadlıq hüququ hüquqi dövlətin fundamental prinsiplərindən birini və
insan ləyaqətinin təmin edilməsinin əsas elementini təşkil edir. Bu hüququn
müdafiəsi və effektiv təmini məqsədilə Konstitusiyada onun məhdudlaşdırıla
biləcəyi halların dairəsi imperativ qaydada müəyyən edilmişdir.
Qanunverici azadlıq hüququnun məhdudlaşdırılmasının hüquqi qaydasını
və əsaslarını müəyyən etməklə, dövlətin ədalət mühakiməsi yolu ilə cəmiyyət
üçün əhəmiyyət kəsb edən dəyərlərin mühafizə edilməsi və hər bir şəxsin azadlıq
hüququnun təmin edilməsi arasında yarana biləcək kolliziyaları həll etmiş olur
(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 158.3-cü maddəsinin bəzi müddəalarının, 158.4 və 290.3-cü
maddələrinin şərh edilməsinə dair” 2011-ci il 10 oktyabr tarixli Qərarı).
Bu baxımdan həbs qətimkan tədbiri qismində prosessual məcburiyyət
tədbirlərinin tətbiq edilməsi ilə bağlı məhkəmə nəzarətinin həddi də məhz
həbsin seçilməsi ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş maddi və
prosessual əsasların mövcudluğunun yoxlanılması ilə şərtləndirilir.
Belə ki, Cinayət-Prosessual Məcəllənin 156.1-ci maddəsinin ikinci
cümləsində göstərildiyi kimi, qətimkan tədbirinin seçilməsi barədə qərarda
şəxsin şübhəli bilindiyi və ya ittiham olunduğu cinayəti törətməsinə əsaslı
şübhələrin və müvafiq qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğuna
dəlalət edən ilkin sübutlar göstərilməlidir.
Həmin Məcəllənin 157.1 və 157.2-ci maddələrinə əsasən təqsirsizlik
prezumpsiyasına müvafiq olaraq şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş
əməlin törədilməsinə aidiyyəti sübut olunmadıqda, o, həbs oluna və ya zərurət
olmadıqda həbsdə saxlanıla bilməz. Həbs qətimkan tədbiri qismində bu Məcəllənin
155.1–155.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla seçilə bilər.
Sadalanan maddələrə uyğun olaraq həbs qətimkan tədbirinin tətbiqi ilə
bağlı təqdimata (vəsatətə) baxan məhkəmə tərəfindən qanuni və əsaslı qərarın
qəbul edilməsi aşağıdakıları əhatə edən araşdırmanın və qiymətləndirmənin
aparılmasını tələb edir:
- şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə
aidiyyətini müəyyən edən və şübhəli bilindiyi və ya ittiham olunduğu cinayəti
törətməsinə əsaslı şübhələrin mövcudluğuna dəlalət edən ilkin sübutların
mövcudluğu;
- şəxs tərəfindən Cinayət-Prosessual Məcəllənin 155.1-ci maddəsində
göstərilən hərəkətlərin (cinayət prosesini həyata keçirən orqandan gizlənmək;
cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət
təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla
ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq və s.)
edilməsi ehtimalına kifayət qədər əsas verən cinayət təqibi üzrə toplanmış
materialların mövcudluğu;
- Cinayət-Prosessual Məcəllənin 155.2-ci maddəsi ilə göstərilən
halların qiymətləndirilməsi (əməlin ağırlığı, xarakteri və törədilmə şəraiti,
şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyəti, yaşı, səhhəti və s.) və daha
yüngül qətimkan tədbirinin seçilməsinin mümkünlüyünün müəyyənləşdirilməsi
(157.5-ci maddə);
- şəxsin Cinayət-Prosessual Məcəllənin 155.3-cü maddəsində göstərilən
həbs qətimkan tədbirinin tətbiq oluna biləcəyi şəxslər dairəsinə daxil olmasına
dəlalət edən ilkin sübutların mövcudluğu.
Beləliklə, şəxsin cinayət qanunu ilə qadağan edilmiş əmələ
aidiyyətinin olması və əməlin onun tərəfindən törədilməsi barədə şübhələr,
habelə onun azadlıqda qalacağı təqdirdə müəyyən risklərin mövcudluğu, yəni
cinayət təqibi orqanından gizlənmək, sübutları saxtalaşdırmaq və ya məhv etmək,
proses iştirakçılarına qanunsuz təsir göstərməklə istintaqın gedişatına mane
olmaq, habelə yeni cinayət törətmək ehtimalı mücərrəd fərziyyələrə deyil, iş
materiallarında əks olunmuş konkret faktiki məlumatlara əsaslanmalıdır.
Şəxsin saxlanılması və ya həbs edilməsinə dair məhkəmə nəzarəti
prosedurunun ədalətliliyin tələblərinə cavab verməsi öz növbəsində məhkəmə
tərəfindən qətimkan tədbirinin seçilməsi və ya həbsdə saxlama müddətinin
uzadılması üçün faktiki və hüquqi əsasların tədqiq edilməsini nəzərdə tutur.
Həbs qətimkan tədbirinin özbaşına və ya hər hansı formal şərtlərdən çıxış
edərək həll edilməməsi üçün şəxsə öz mövqeyini məhkəməyə çatdırmaq imkanı təmin
edilməlidir. Məhkəmə isə belə qərarın qəbul olunması üçün həm ittiham
tərəfinin, həm də müdafiə tərəfinin təqdim etdiyi əsasların qiymətləndirilməsi
nəticəsində öz müstəqil qərarını qəbul etməlidir (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 448.5-ci
maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun
yoxlanılmasına dair” 2014-cü il 16 sentyabr tarixli Qərarı).
Şəxsin əməlin törədilməsinə aidiyyətinə və əsaslı şübhənin olmasına
dəlalət edən ilkin sübutların mövcudluğu ilə bağlı qanunvericiliyin tələbi
barədə qeyd olunmalıdır ki, belə tələb qətimkan tədbirinin, xüsusilə həbsin
tətbiqi üçün vacib bir göstərici olmaqla, azadlıq hüququnun əsassız
məhdudlaşdırılmasının qarşısının alınmasına yönəlmişdir. Belə ki,
təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə dair şübhələrin
kifayət qədər əsaslı olmaması şəraitində onun həbsi zərurilik və mütənasiblik
meyarlarına cavab verməməklə, fərdin fundamental azadlıq hüququnun sübutla
dəstəklənməyən ehtimallar əsasında məhdudlaşdırılması ilə nəticələnə bilər.
Odur ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin tətbiqinin
mümkünlüyünü həll etmək üçün müraciətə baxan məhkəmə hər bir konkret halda
həmin şəxsin ona qarşı irəli sürülən (şübhəli bilindiyi) cinayətə aidiyyətini
və həmin cinayəti törətməsi barədə şübhənin əsaslılığını qiymətləndirməlidir.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası
Konstitusiyasının 28 və 60-cı maddələri baxımından Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 148.6 və 447.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə
dair” 2026-cı il 17 aprel tarixli
Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən məhkəmələr həbs qətimkan
tədbirinin seçilməsi ilə bağlı müraciətlərə baxarkən qanunda göstərilən
prosessual əsasların sadalanması ilə kifayətlənməməli, həmin tədbirin tətbiqini
şərtləndirən halların mövcudluğunu və cinayət işi materiallarında olan
sübutların bunu təsdiq edib-etmədiyini lazımi qaydada yoxlamalı və
qiymətləndirməlidirlər.
Həbs qətimkan tədbirinin tətbiqi ilə bağlı müraciətlərə baxarkən
hakim məhkəmə iclasına vəsatəti təsdiq və ya təkzib edən şəxsləri çağırıb
dindirmək, müraciətin əsaslılığının yoxlanılması üçün zəruri olan sənəd və
maddi sübutları tələb etmək hüququna malikdir (Cinayət-Prosessual Məcəllənin
447.5-ci maddəsi). Bu baxımdan müraciətə baxılarkən hakim şəxsin ittiham
edildiyi cinayətə aidiyyətinə və ya cinayəti törətməsinə əsaslı şübhə yaradacaq
ilkin sübutların kifayət olmadığı qənaətinə gələrsə, onun istintaq orqanından əlavə zəruri sənəd
və sübutları tələb etmək səlahiyyəti mövcuddur. Bu səlahiyyət məhkəmənin
ittiham tərəfinin prosessual funksiyasını öz üzərinə götürməsi kimi deyil,
məhkəmə nəzarətinin effektiv həyata keçirilməsi üçün zəruri materialların əldə
edilməsinə yönəlmiş prosessual imkan kimi qiymətləndirilməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, həbs qətimkan
tədbirinin seçilməsi zamanı Cinayət-Prosessual Məcəllənin 157.1-ci maddəsində
qeyd olunan “aidiyyəti sübut olunmadıqda” müddəası həmin Məcəllənin 156.1-ci
maddəsində nəzərdə tutulan “əsaslı şübhələrin mövcudluğuna dəlalət edən ilkin
sübutlar” kontekstində nəzərdən keçirilməlidir.
Belə ki, Cinayət-Prosessual Məcəllənin 39.1, 46.3, 223.1, 223.2 və
290.2.1-ci maddələrinin tələblərindən irəli gələrək cinayət işinin
başlanmasının, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsinin, cinayət
təqibinin davam etdirilib ittiham aktının tərtib və təsdiq edilməsi ilə ibtidai
araşdırmanın yekunlaşdırılmasının əsasını, ilk növbədə cinayət hadisəsinin,
əməldə cinayət tərkibinin, şəxsin bu cinayətə aidiyyətinin olması təşkil etdiyi
kimi, şəxsin azadlıq hüququnun məhkəmə nəzarəti qaydasında seçilən həbs qətimkan
tədbiri vasitəsilə məhdudlaşdırılması da eyni hallara dəlalət edən ilkin
sübutların mövcudluğu halında mümkündür.
İlkin sübutlara söykənən şübhələr isə yalnız şəxsin törədilmiş
cinayətə aidiyyəti barədə məlumatların (məsələn, şəxsin cinayət qanunu ilə
nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət
başında yaxalanması; şəxsin bədənində, üstündə, paltarında və ya istifadə
etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu
ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlərin müəyyən edilməsi
və s.) təsdiq olunduğu halda əsaslı sayıla bilər. Cinayət hadisəsinin baş
verməsini təsdiq edən, lakin şəxsin həmin cinayətə aidiyyətini göstərməyən məlumatlar
özlüyündə əsaslı şübhənin mövcudluğu kimi qiymətləndirilə bilməz.
Belə ki, şəxsin şübhəli bilindiyi və ya ittiham olunduğu cinayəti
törətməsinə əsaslı şübhələrin olmasına və cinayət qanunu ilə nəzərdə tutulmuş
əməlin törədilməsinə aidiyyətinə dair elə ilkin sübutların mövcudluğu və təqdim
edilməsi tələb olunur ki, bunlar həbs
qətimkan tədbirinin seçilməsinin (həbsdə saxlama müddətinin uzadılmasının)
zəruriliyini əsaslandırmaq üçün kifayət etsin və ilk baxışdan (prima facie)
inandırıcı olsun. Müraciətə baxan məhkəmənin üzərinə isə təqdimatda (vəsatətdə)
öz əksini tapan məlumatların konkret materiallarla təsdiq edilib-edilmədiyini
yoxlayaraq qərar qəbul etmək vəzifəsi qoyulur.
Bununla yanaşı, məhkəmə müvafiq müraciətlərə baxarkən gələcəkdə mahiyyəti
üzrə məhkəmə baxışının predmeti ola biləcək məsələləri qabaqcadan həll etməyə,
xüsusən də şəxsin təqsirliliyinin müəyyən edilməsi barədə nəticələr çıxarmağa
səlahiyyətli deyil. “Şəxsin şübhəli bilindiyi və ya ittiham olunduğu cinayəti
törətməsinə əsaslı şübhələrin mövcudluğuna dəlalət edən ilkin sübutlar” ifadəsi
ittiham hökmü çıxarmaq üçün tələb olunan dərəcədə və həcmdə tam sübutetmə standartını
deyil, şəxsin cinayət əməlində iştirakını ehtimal etməyə imkan verən kifayət
qədər ilkin sübutların mövcudluğunu nəzərdə tutur. Əks yanaşma həbs qətimkan
tədbirinin tətbiqi ilə bağlı məsələyə baxılması üzrə icraatı faktiki olaraq
cinayət işinin mahiyyəti üzrə baxılmasına çevirərdi ki, bu da təqsirsizlik
prezumpsiyası və ədalətli məhkəmə araşdırması prinsiplərinə zidd olardı.
Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir
ki, məhkəmənin müraciətə əlavə edilmiş materiallarda mövcud olan sübut və
məlumatları qiymətləndirməsi nəticəsində həmin materialların cinayət
hadisəsinin olmasının, şəxsin cinayətə aidiyyətinin müəyyənləşdirilməsi və həbs
qətimkan tədbirinin tətbiqi üçün kifayət etməməsi barəsində qənaətə gəlməsi
istintaq davam etdiyi müddətdə aparılacaq istintaq hərəkətləri və toplanacaq
sübutlar əsasında vəziyyətin dəyişməsinin mümkünlüyünü istisna etmir və bu
qərar gələcəkdə əlavə sübutlar əsasında həbs qətimkan tədbirinin tətbiqi üçün
edilmiş yeni müraciətə baxılması zamanı preyudisial əhəmiyyət daşımır.
Belə ki, Cinayət-Prosessual Məcəllənin 65.2.2-ci maddəsinə əsasən
qətimkan tədbirinin seçilməsi və ya digər prosessual məcburiyyət tədbirlərinin
tətbiqi haqqında qərarlar cinayət prosesini həyata keçirən orqan üçün məcburi
qüvvəyə malik deyildir və yeni hallar aşkar edilərsə və ya əvvəlki hallar
aradan qalxarsa, onlara ləğv edilmədən yenidən baxıla bilər.
Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
“Həbs və ev dustaqlığı qətimkan tədbirlərinə dair müraciətlərə baxılması üzrə
məhkəmə təcrübəsi haqqında” 2009-cu il 3 noyabr tarixli 2 nömrəli Qərarının
15-ci bəndinə müvafiq olaraq
təqsirləndirilən şəxsin barəsində həbsin qətimkan tədbiri qismində
seçilməsindən və ya həbsdə saxlama müddətinin uzadılmasından imtina edilməsi
haqqında qərar qəbul edildikdən sonra ibtidai istintaqın gedişində onun yenidən
həbsə alınmasını, yaxud haqqında həbs qətimkan tədbiri seçilməsini zəruri edən
yeni hallar aşkar edildikdə, bu barədə məhkəməyə yenidən vəsatət (təqdimat)
verilə bilər. Yeni hallar dedikdə məhkəmənin qərarından sonra şəxsin
istintaqdan gizlənməsi, cinayətkar fəaliyyətini davam etdirməsi, barəsində olan
qətimkan tədbirinin şərtlərini pozması, cinayət işi üzrə həqiqətin aşkar
edilməsinə mane olan hərəkətlər etməsi, ona daha ağır yeni ittiham elan
edilməsi və bu kimi hallar başa düşülür.
Göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- Konstitusiyanın 28
və 60-cı maddələrinin təyinatı, Cinayət-Prosessual Məcəllənin 155, 156.1,
157.1, 157.2, 157.5, 444.1.2 və 447.5-ci maddələrinin tələbləri və bu Qərarın təsviri-əsaslandırıcı
hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla həbs qətimkan tədbirinin
seçilməsi barədə müraciətə baxan məhkəmə şəxsin şübhəli bilindiyi və ya ittiham
olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin olub-olmamasını, həmin şübhələrə
dəlalət edən ilkin sübutların kifayət edib-etməməsini, həbs qətimkan tədbirinin
tətbiqi üçün qanunla müəyyən edilmiş əsasların mövcudluğunu, habelə daha yüngül
qətimkan tədbirinin tətbiqinin mümkünlüyünü yoxlamalı və qiymətləndirməlidir;
- məhkəmənin həbs qətimkan
tədbirinin seçilməsi barədə qərarında şəxsin şübhəli bilindiyi və ya ittiham
olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və müvafiq qətimkan tədbirinin
tətbiqi əsaslarının mövcudluğuna dəlalət edən ilkin sübutların kifayətedici olmamasına əsaslanması həmin şəxsin
təqsirliliyi məsələsinin məhkəmə tərəfindən qabaqcadan həll edilməsi kimi qiymətləndirilə
bilməz.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV və IX hissələrini,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63,
65–67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
Q Ə R A R A A L D I:
1. Azərbaycan Respublikası Konstitusiyasının 28 və
60-cı maddələrinin təyinatı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
155, 156.1, 157.1, 157.2, 157.5, 444.1.2
və 447.5-ci maddələrinin tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi
mövqelər nəzərə alınmaqla həbs qətimkan tədbirinin seçilməsi barədə müraciətə
baxan məhkəmə şəxsin şübhəli bilindiyi və ya ittiham olunduğu cinayəti törətməsinə
əsaslı şübhələrin olub-olmamasını, həmin şübhələrə dəlalət edən ilkin
sübutların kifayət edib-etməməsini, həbs qətimkan tədbirinin tətbiqi üçün
qanunla müəyyən edilmiş əsasların mövcudluğunu, habelə daha yüngül qətimkan tədbirinin
tətbiqinin mümkünlüyünü yoxlamalı və qiymətləndirməlidir.
2. Məhkəmənin həbs qətimkan tədbirinin seçilməsi
barədə qərarında şəxsin şübhəli bilindiyi və ya ittiham olunduğu cinayəti törətməsinə
əsaslı şübhələrin və müvafiq qətimkan tədbirinin tətbiqi əsaslarının
mövcudluğuna dəlalət edən ilkin sübutların
kifayətedici olmamasına əsaslanması həmin şəxsin təqsirliliyi məsələsinin
məhkəmə tərəfindən qabaqcadan həll edilməsi kimi qiymətləndirilə bilməz.
3. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
4. Qərar Azərbaycan
Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
5. Qərar qətidir,
heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir
edilə bilməz.
Sədr
Fərhad Abdullayev