AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q
Ə R A R D A D I
Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 262 və 264-cü maddələrinin
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların
maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi
və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan
Respublikası Qanununun 2-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi üzrə Cəbrayıl
Rayon Məhkəməsinin müraciətinə dair
13 oktyabr 2026-cı il Bakı
şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay
Əfəndiyeva, Rauf Quliyev, Otari Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov, Rəşid
Rzayev (məruzəçi-hakim), Fərhad Tutayuk və Xanlar Vəliyevdən ibarət tərkibdə,
məhkəmə
katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Cəbrayıl Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 262 və 264-cü maddələrinin
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların
maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi və “Sahibkarlıq sahəsində
aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası
Qanununun 2-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya
işinə baxdı.
İş
üzrə hakim R.Rzayevin məruzəsini, maraqlı subyekt Cəbrayıl Rayon Məhkəməsinin
müraciətini, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi, Bakı Apellyasiya Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi,
Şəki Apellyasiya Məhkəməsi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən
təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi,
hüquq üzrə fəlsəfə doktoru G.Cəbinin və həmin kafedranın dosenti, hüquq üzrə
fəlsəfə doktoru N.Şükürovun rəyini və iş materiallarını araşdırıb müzakirə edərək,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
M Ü Ə Y Y Ə N
E T D İ:
Cəbrayıl Rayon Məhkəməsi Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət
edərək sahibkarlıq fəaliyyəti ilə əlaqədar inzibati xətalar haqqında işlərə
baxmaq hüququ olan vəzifəli şəxslərin səlahiyyətlərinin hədlərinə münasibətdə Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar
Məcəlləsi) 262 və 264-cü maddələrinin, eləcə də “yoxlama”, “yoxlama obyekti”,
“yoxlayıcı orqan”, “məcburi tələblər” anlayışları və “yoxlamaların vahid
məlumat reyestrindən çıxarış”ın əldə edilməsi əsasları baxımından “Sahibkarlıq
sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının
müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların
maraqlarının müdafiəsi haqqında” Qanun) 1-ci maddəsinin “Sahibkarlıq sahəsində
aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası
Qanununun (bundan sonra – “Sahibkarlıq sahəsində aparılan yoxlamaların
dayandırılması haqqında” Qanun) 2-ci maddəsi ilə əlaqəli şəkildə şərh
edilməsini xahiş etmişdir.
Müraciətdən görünür ki, Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət
Nəzarəti Xidmətinin (bundan sonra – Suların İstifadəsinə və Mühafizəsinə Dövlət
Nəzarəti Xidməti) Regional Bölməsinin
rəhbəri tərəfindən imzalanmış sərəncama əsasən, su qanunvericiliyinin
tələblərinə riayət olunması haqqında araşdırma aparmaq məqsədilə Xidmətin
əməkdaşları tərəfindən hüquqi şəxslərin və fərdi sahibkar kimi vergi orqanında
uçota alınmış fiziki şəxslərin obyektlərində yoxlama tədbiri kimi müayinə aparılmış
və su qanunvericiliyinin tələblərinin pozulması halları aşkar edilərək, həmin
şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 264.0.3-cü maddələri
üzrə inzibati xətaların törədilməsinə dair protokol tərtib edilərək baxılması
üçün Cəbrayıl Rayon Məhkəməsinə göndərilmişdir.
Müraciət edən qeyd edir ki, İnzibati Xətalar
Məcəlləsinin 262–266-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar “Ətraf
mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları
əleyhinə olan inzibati xətalar” kateqoriyasına aiddir. “Sahibkarlıq sahəsində
aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda isə sahibkarlıq
sahəsində ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik
qaydalarına riayət edilməsinin yoxlanılması nəzərdə tutulmamışdır.
Müraciətdə o da göstərilmişdir ki, “Sahibkarlıq
sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının
müdafiəsi haqqında” Qanuna əsasən yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq
fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama
tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, təftişlər, nəzarətlər və
digər bu cür tədbirlərə bu Qanun şamil edilməlidir.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların
tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsində müəyyən edilmişdir ki,
bu Qanun və onun əsasında
qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o
cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan
yoxlamaların hüquqi nəticəsi yoxdur.
Cəbrayıl Rayon Məhkəməsi göstərilən qanunvericilik
normaları baxımından hesab edir ki, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət
Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Qanunla müəyyən edilmiş məcburi
tələblərə riayət edilmədən həyata keçirilmiş yoxlama nəticəsində tərtib olunmuş
inzibati xəta haqqında protokollar hüquqi nəticəyə səbəb ola bilməz.
Göstərilənlərə əsasən müraciət edən inzibati
xətalar qanunvericiliyi ilə sahibkarlıq sahəsində qanunvericiliyin tətbiqinin
sərhədlərinin müəyyən edilməsi, qanunun eyni qaydada tətbiqinin və hüquqi
müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə Suların İstifadəsinə və
Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən su qanunvericiliyinin
tələblərinə riayət olunması haqqında araşdırma aparmaq üçün hüquqi şəxslərin və
ya fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerlərə getməklə,
habelə getmədən baxış, müayinə və ya monitorinqin aparılması nəticəsində
İnzibati Xətalar Məcəlləsinin 262 və 264-cü maddələrində nəzərdə tutulmuş
xətalar aşkar edildiyi halda müvafiq tədbirlərin görülməsi üçün sahibkarlıq
haqqında qanunvericiliklə müəyyən edilmiş yoxlamanın aparılması qaydalarına
əməl edilməli olub-olmamasının aydınlaşdırılması baxımından qeyd olunan
normaların şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılmış
məsələlərlə əlaqədar aşağıdakıları qeyd edir.
Azad sahibkarlıq hüququ Azərbaycan Respublikası
Konstitusiyasında (bundan sonra – Konstitusiya) əsas insan hüquq və azadlıqları
sırasında yer almaqla, hər kəsin öz
imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına
və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan
edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilməsini nəzərdə tutur.
Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və
sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir (59-cu maddə).
Bu norma iqtisadi fəaliyyət
azadlığı prinsipini bəyan etməklə, hər bir fərdin sahibkarlıq sahəsində
fəaliyyətini onun şəxsi azadlığının təzahürü kimi qəbul edir.
Qeyd olunmalıdır ki, dövlətin
azad sahibkarlıq hüququna təminat verməsi bu hüququn normativ əsaslarının bəyan
edilməsi ilə yanaşı, sahibkarlıq fəaliyyətinin sərbəst və maneəsiz şəkildə
həyata keçirilməsi üçün əlverişli mühitin yaradılması, dövlət orqanlarının
qanunsuz təsirlərdən çəkinməsi, eləcə də sahibkarların hüquqlarının effektiv
məhkəmə müdafiəsi ilə təmin olunmasını da ehtiva edir.
Belə ki, dövlət orqanlarının
sahibkarlıq fəaliyyətinə qanunla nəzərdə tutulmayan və ya qeyri-mütənasib təsirləri
iqtisadi fəaliyyət azadlığı, qanunçuluq, hüquqi müəyyənlik və hüquqi təhlükəsizlik
prinsiplərinin pozulmasına səbəb olmaqla bazar iqtisadiyyatının normal
fəaliyyətinə mənfi təsir göstərə, iqtisadi təşəbbüsün və inkişafın zəifləməsinə
gətirib çıxara bilər.
Bu baxımdan iqtisadi təşəbbüsün və işgüzarlığın geniş təzahür
etməsi üçün zəruri mühitin təmin edilməsi məqsədilə qəbul edilmiş “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan
Respublikası Qanununun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən qanunvericilikdə
nəzərdə tutulan hallar istisna edilməklə dövlət orqanlarının, həmkarlar
təşkilatlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsi qadağandır. Həmin Qanunda
o da təsbit edilmişdir ki, sahibkarlıq fəaliyyətinə nəzarət həmin fəaliyyətin
səmərəli həyata keçirilməsinə maneələr yaratmamalı və yalnız qanunla səlahiyyət
verilmiş orqan və qurumlar tərəfindən həyata keçirilməlidir (13-cü
maddə).
Həmçinin “Sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”
Qanun sahibkarların hüquqlarının müdafiəsinə yönəlmiş xüsusi qanun olmaqla Azərbaycan Respublikasında sahibkarlıq sahəsində
aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılma qaydalarını,
yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli
şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının
müdafiəsi ilə bağlı tələbləri müəyyən edir.
Həmin Qanunun 1.1.1-ci maddəsində sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların
sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrinin
qiymətləndirilməsi üzrə tədbirlər məcmusu kimi müəyyən edilmişdir. Yoxlama əldə
olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur.
Sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər
dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı əməl edilməli
olan, qanunla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş icrası məcburi
olan qaydalar nəzərdə tutulur. Həmin məcburi tələblərə lisenziya və icazə ilə
bağlı tələblər, əmək münasibətlərinin rəsmiləşdirilməsinə dair tələblər,
sanitariya və epidemioloji tələblər, fitosanitar və baytarlıq təhlükəsizliyinin
təmin edilməsinə dair tələblər, ətraf mühitin mühafizəsinə dair tələblər və s.
aid edilə bilər.
Qanunun 2.1-ci maddəsinə görə bu Qanun yoxlayıcı
orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə
gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar,
müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar,
reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
Həmçinin Qanunun
3-cü maddəsi yoxlamanın qanuniliyinin hüquqi şərtlərini təsbit
etməklə bəyan edir ki, yoxlamalar Azərbaycan Respublikasının Rəqabət
Məcəlləsinin tələbləri nəzərə alınmaqla yalnız bu Qanunda nəzərdə tutulmuş
hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş
digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən
yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların
hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq
fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası
qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların
pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
Beləliklə, sahibkarlıq sahəsində qanunvericiliklə
nəzərdə tutulmuş konkret hallar istisna olmaqla, yoxlama tədbirləri həyata
keçirilərkən qanunla müəyyən edilmiş prosedur qaydalara, o cümlədən
yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınma ilə bağlı tələblərə
əməl olunmalıdır.
Müraciətdə qaldırılmış məsələ məhz Suların
İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən su
qanunvericiliyinin tələblərinə riayət edilməsinin yoxlanılması ilə bağlı
tədbirlər həyata keçirilərkən sahibkarlıq sahəsində qanunvericiliyin göstərişlərinə
əməl edilməli olub-olmaması ilə bağlıdır.
Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu
qeyd edir ki, Əsas Qanunun
39-cu maddəsində hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ təsbit edilmiş,
heç kəsin ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən
artıq təhlükə törədə və ya zərər vura bilməməsi, dövlətin isə ekoloji
tarazlığın saxlanılmasına təminat verməsi nəzərdə tutulmuşdur.
Konstitusiya
ilə bəyan edilmiş bu hüququn, eləcə də dövlətin ətraf mühitin təhlükəsizliyinin
təmin edilməsi ilə bağlı öhdəliyinin realizəsi məqsədilə müxtəlif tənzimetmə
qaydaları qəbul edilmiş, habelə bu qaydalara riayət olunmasına nəzarəti həyata
keçirən qurumlar təsis edilmişdir.
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan
Respublikası Qanununun (bundan sonra – “Ətraf mühitin mühafizəsi haqqında” Qanun) 71-ci maddəsinin 1-ci hissəsinin
tələbinə əsasən ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq
icra hakimiyyəti orqanları bu Qanunun və “Sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”
Qanunun tələblərinə uyğun olaraq həyata keçirirlər.
Azərbaycan
Respublikası Prezidentinin 2024-cü il 29 iyul tarixli 163 nömrəli Fərmanı ilə
təsdiq edilmiş “Azərbaycan
Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə
Dövlət Nəzarəti Xidməti haqqında” Əsasnamənin (bundan
sonra – Əsasnamə) 1.1, 2.1.3,
2.1.4, 3.1.2 və 3.1.3-cü yarımbəndlərinə
müvafiq olaraq Xidmət su obyektlərindən istifadə və onların
mühafizəsi qaydalarına, sudan istifadə limitlərinə, su obyektlərindən istifadə
və onların mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji,
hidroloji, texnoloji tələbləri nəzərdə tutan normativ hüquqi aktlara, su
mühafizə zonalarının ərazisindən istifadə rejiminə və Azərbaycan Respublikası
su qanunvericiliyinin digər tələblərinə riayət edilməsinə dövlət nəzarətini, su
və su təsərrüfatı obyektlərinin monitorinqini həyata keçirən, Agentliyin
strukturuna daxil olan qurumdur.
Həmin Əsasnamənin 3.1.31-ci yarımbəndində qanunda
nəzərdə tutulmuş hallarda “Sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri nəzərə alınmaqla yoxlama
aparmaq Xidmətin vəzifələrindən biri kimi müəyyən edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 25 sentyabr tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş “Su
obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata
keçirilməsi Qaydaları”nın 3 və 4-1-ci hissələrinə görə su obyektlərinin
istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətini Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların
tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda nəzərdə
tutulmuş hallarda və qaydada həyata keçirir.
Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici
su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata
keçirilməsini sahibkarlıq sahəsində yoxlamalar haqqında qanunvericiliyin
müəyyən etdiyi xüsusi hüquqi rejimə tabe tutmuş və belə nəzarətin həmin qanunvericiliklə
müəyyən edilmiş prinsiplər, şərtlər və prosedurlar çərçivəsində həyata
keçirilməli olduğunu təsbit etmişdir.
Başqa sözlə, sahəvi qanunvericilik nəzarətin
məzmununu və maddi hüquqi əsaslarını müəyyən etsə də, bu nəzarət sahibkarlıq
fəaliyyətinə dövlət nəzarətinin ümumi prinsipləri və xüsusi prosedur
qaydalarına uyğun həyata keçirilməlidir.
Bununla yanaşı qeyd edilməlidir ki, “Ətraf mühitin
mühafizəsi haqqında” Qanunun 71-ci maddəsinin 2-ci hissəsinin 2.1-ci bəndində sahibkarlıq
fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil
olarkən yoxlamanın həyata keçirilməsi haqqında qərarın surətinin və yoxlamanın
sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində
qeydiyyata alınması barədə çıxarışın ətraf mühitin mühafizəsi sahəsində dövlət
nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanları tərəfindən
təqdim edilməsi nəzərdə tutulmuşdur.
Sadalanan normalar baxımından Konstitusiya
Məhkəməsinin Plenumu qeyd edir ki, su obyektlərinin istifadəsi və mühafizəsi
üzərində dövlət nəzarəti mühüm ekoloji və ictimai əhəmiyyət daşısa da, bu
nəzarət sahibkarlıq subyektlərinə münasibətdə həyata keçirildiyi halda müvafiq
qaydalara riayət edilməsi qanunvericiliyin birbaşa tələbidir.
Belə hüquqi yanaşma onunla izah olunur ki, ətraf
mühitin mühafizəsinə dair, eləcə də su obyektlərinin istifadəsi və mühafizəsi
üzərində nəzarət tədbirləri sahibkarlıq subyektinin fəaliyyət göstərdiyi əraziyə
daxil olmaqla həyata keçirildikdə (araşdırma aparılması, məlumatların
toplanılması, sənədlərin tələb və təftiş edilməsi, nümunələrin götürülməsi, müşahidə
edilməsi, baxış keçirilməsi, texnoloji proseslərin təftiş edilməsi və
s.), dövlət orqanı artıq sahibkarın fəaliyyət sahəsinə daxil olur ki, bu da onların
hüquq və qanuni mənafelərinə təsir göstərməsi ilə nəticələnə bilər.
Beləliklə, ətraf mühitin mühafizəsinə, o cümlədən
su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət tədbirlərinin həyata
keçirilməsinin xüsusi prosedurlara tabe edilməsində qanunvericinin məqsədi bu
sahədə dövlət nəzarətinin həyata keçirilməsini məhdudlaşdırmaq deyil, sahibkarlıq
fəaliyyəti ilə bağlı dövlət nəzarətini vahid hüquqi çərçivəyə salmaq, bununla
da ətraf mühitin, insanların sağlamlığının mühafizəsi sahəsində dövlət nəzarəti
ilə sahibkarın hüquq və qanuni mənafelərinin qorunması arasında ədalətli
balansın təmin edilməsinə nail olmaqdır.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin
Plenumu qeyd edir ki, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti
Xidməti tərəfindən su qanunvericiliyinin tələblərinə riayət olunması haqqında
araşdırma aparmaq məqsədilə hüquqi şəxslərin və ya fiziki şəxslərin (fərdi
sahibkarların) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerlərə gəlməklə
aparılan tədbirlər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun mənası baxımından
yoxlama hesab edilir.
Lakin o da nəzərə alınmalıdır ki, yoxlayıcı
subyektlər tərəfindən, o cümlədən su obyektlərinin istifadəsi və mühafizəsi
üzərində nəzarət və monitorinq tədbirləri nəticəsində sahibkarlıq fəaliyyətini
həyata keçirən hüquqi və ya fiziki şəxslərin (fərdi sahibkarların) sahibkarlıq
fəaliyyətini həyata keçirdiyi yerlərə daxil olmadan aşkar edilmiş hüquqazidd
əməllərə dair işlər üzrə icraat “Sahibkarlıq sahəsində aparılan yoxlamaların
tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun
tənzimləmə sferasına aid deyildir.
Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir
ki, belə inzibati xətalara dair işlərə baxarkən məhkəmələr iş üzrə əhəmiyyət
kəsb edən bütün halları, o cümlədən qanununvericiliyin məcburi göstərişlərinə
riayət edilməsi məsələsini tam, obyektiv və hərtərəfli araşdıraraq məsələyə
hüquqi qiymət verməlidirlər.
Müraciətdə qeyd olunmuş sahibkarlıq sahəsində su qanunvericiliyinin
tələblərinə əməl edilməsinin yoxlanılmasının müvafiq qanunvericilik aktlarında
nəzərdə tutulmaması ilə əlaqədar məsələyə gəldikdə isə Konstitusiya
Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi vacib hesab edir.
Azərbaycan Respublikasında sahibkarlığın
inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il 20 oktyabr
tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması
haqqında” Qanun qəbul edilmişdir. Həmin
Qanunun 1-ci maddəsi ilə Azərbaycan Respublikası ərazisində sahibkarlıq
sahəsində aparılan yoxlamaların 2027-ci il yanvarın
1-dək dayandırılması təsbit edilmişdir.
Qanunun 2.1-ci maddəsində isə sahibkarlıq sahəsində yoxlamaların dayandırıldığı
dövr ərzində sahibkarlara münasibətdə həyata keçirilə bilən yoxlamaların
dairəsi müəyyən edilmiş və həmin Siyahıda yalnız vergi
yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük
auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin
subyektlərində aparılan yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı
müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq
subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin
oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan
kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma
(təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının
araşdırılması ilə bağlı və s. yoxlamaların, habelə insanların həyat və
sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə
yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamaların
aparıla biləcəyi müəyyən edilmişdir.
Bununla yanaşı, Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli fərmanı ilə təsdiq
edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”
Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin
təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə
aparılmasına yol verilən yoxlamaların Siyahısı”na (bundan sonra – Siyahı) görə sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının
(səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində
siyahıda göstərilən yoxlamaların (sanitar-gigiyenik, fitosanitar və s. tələb və
qaydalara riayət olunması ilə bağlı) aparıla bilindiyi müəyyən edilmişdir.
Siyahının 2-ci hissəsində qeyd olunmuşdur ki, Bu
Siyahının 1-ci hissəsində nəzərdə tutulmamış, lakin insanların həyat və
sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə
yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada
aidiyyəti yoxlayıcı orqanın əsaslandırılmış müraciəti əsasında
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin razılığı ilə
aparılır.
Bununla əlaqədar göstərilməlidir ki, ətraf mühitin
qorunmasının hər bir şəxsin borcu olması Konstitusiyanın 78-ci maddəsi ilə
konstitusion vəzifələrdən biri kimi müəyyən edilmişdir. Sağlam ətraf mühitdə
yaşamaq hüququ isə şəxslərin ətraf mühitə, təbii ehtiyatlara
qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura
bilməməsini ehtiva edən əsas hüquqlardandır.
Nəzərə alınmalıdır ki, su qanunvericiliyinin
tələblərinə əməl olunmasının yoxlanılması yalnız su ehtiyatlarının mühafizəsinə
deyil, eyni zamanda insanların həyat və sağlamlığının, sanitariya-epidemioloji
salamatlığın, ətraf mühitin və bununla əlaqədar ictimai maraqların qorunmasına
xidmət edir.
Su ehtiyatlarının çirkləndirilməsi və ya onlardan
düzgün istifadə edilməməsi əhalinin içməli su ilə təminatına,
sanitariya-epidemioloji vəziyyətə, ətraf mühitə və nəticə etibarı ilə insanların həyat və
sağlamlığına təhlükə yarada bilər. Həmçinin su obyektlərinin qanunsuz
istifadəsi kənd təsərrüfatı, sənaye və digər iqtisadi sahələrə zərər vurmaqla,
dövlətin iqtisadi maraqlarına birbaşa təsir göstərə bilər.
Bu baxımdan insanların həyat və sağlamlığının
qorunması, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi və su
ehtiyatlarının mühafizəsi məqsədilə su qanunvericiliyinin tələblərinin
pozulması insanların həyat və sağlamlığı, dövlətin iqtisadi maraqları və ətraf
mühit üçün mühüm təhlükə yaratdığı təxirəsalınmaz hallarda belə tədbirlərin
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilməsi
Prezidentin müvafiq Fərmanı ilə təsdiq edilmiş Siyahının 2-ci hissəsinə əsasən mümkündür.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin
Plenumu belə nəticəyə gəlir ki, Cəbrayıl Rayon Məhkəməsinin müraciətində
qaldırılan hüquqi məsələlərin hazırkı vəziyyətdə mövcud qanunvericiliyin
müvafiq normalarına, eləcə də bu Qərardadın təsviri-əsaslandırıcı hissəsində
ifadə edilmiş hüquqi mövqelərə uyğun həll edilməsi mümkün olduğundan, müraciət
üzrə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ayrıca Qərar qəbul edilməsinə
zərurət yoxdur.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 49, 60, 62, 68 və 69.2-ci
maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
Q
Ə R A R A A L D I:
1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi
mövqelər nəzərə alınsın.
2. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının
təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Cəbrayıl Rayon
Məhkəməsinin müraciəti üzrə ayrıca Qərar qəbul edilməsinə ehtiyac olmadığından
konstitusiya işinin icraatına xitam verilsin.
3. Qərardadın surəti 7 gün müddətində Cəbrayıl
Rayon Məhkəməsinə göndərilsin.
4. Qərardad “Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Məlumatı”nda dərc edilsin və Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
Sədr
Fərhad Abdullayev