Qərarlar

18.07.08 Svetlana Əliyevanın şikayəti üzrə AR Ali Məhkəməsinin MİÜMK-nın 12/09/07-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLIKASI

KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN

QƏRARI

Svetlana Antonovna Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 

12 sentyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 

18 iyul  2008-ci il                                                                                                    Bakı şəhəri

 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu  F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov və S.Salmanovadan (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

ərizəçi Svetlana Əliyevanın, onun nümayəndəsi A.Qasımovun,    cavabverən   orqanın    nümayəndəsi   Azərbaycan    Respublikası   Ali Məhkəməsi Aparatının əməkdaşı R.Əkbərovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya  məhkəmə icraatı üzrə S.Əliyevanın şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 sentyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin və onun nümayəndəsinin, cavabverən orqanın nümayəndəsinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

S.Əliyevanın Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) verdiyi şikayətdən məlum olur ki, onun oğlu Teymur İsrafil oğlu Əliyevlə Kəmalə Arif qızı Əliyeva 11 dekabr 2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. S.Əliyeva mülkiyyətində olan Bakı şəhəri, M.Sübhi küçəsi, 48 saylı evin 9-cu mənzilində (bundan sonra – mübahisəli mənzil) müvəqqəti olaraq onların yaşamalarına şifahi razılıq vermişdir. S.Əliyeva isə əri ilə birlikdə başqa ünvanda olan mənzildə yaşayırlar.

Şikayətdə qeyd olunur ki, ərizəçi oğlunun və gəlininin 11 dekabr 2004-cü il tarixdən həmin mənzildə yaşamasına baxmayaraq onların oraya pasport qeydiyyatına alınmalarına icazə verməmişdir. T.Əliyev və K.Əliyevanın birgə nikahdan uşaqları olmamış, aralarındakı nikah Bakı şəhəri Nizami rayon məhkəməsinin  24 iyul 2007-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.

K.Əliyeva T.Əliyevlə nikahlarının pozulmasından əvvəl  mübahisəli mənzildən istifadə hüququnun tanınması və pasport qeydiyyatına alınması barədə iddia ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə (bundan sonra – Yasamal rayon məhkəməsi) müraciət etmişdir.

Yasamal rayon məhkəməsinin 28 fevral 2007-ci il tarixli qətnaməsi ilə onun iddiası rədd edilmiş, S.Əliyevanın qarşılıqlı iddiası təmin edilərək, K.Əliyevanın mübahisəli mənzildən çıxarılması, S.Əliyevanın mülkiyyətçi kimi həmin mənzilə köçürülməsi qərara alınmışdır.

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki işlər üzrə   məhkəmə kollegiyasının (bundan sonra – Apellyasiya Məhkəməsinin MİÜMK)  16 may  2007-ci  il  tarixli  qətnaməsi ilə K.Əliyevanın apellyasiya şikayəti qismən təmin edilmiş, Yasamal rayon məhkəməsinin qətnaməsi ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın «Əliyeva Kəmalə Akif qızının mübahisəli mənzildən çıxarılması» hissəsində ləğv edilməsi, iddiaçı K.Əliyevanın həmin mənzilə yaşayış hüququnun tanınması, pasport qeydiyyatına alınması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının  (bundan sonra – Ali Məhkəmənin MİÜMK)  12 sentyabr 2007-ci il tarixli qərarı ilə  Apellyasiya Məhkəməsinin MİÜMK-nın 16 may 2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ərizəçinin   əlavə   kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri 14 noyabr 2007-ci il tarixli məktubu ilə cavab vermişdir ki, işin Ali Məhkəmənin Plenumunun baxışına çıxarılması üçün əsaslar yoxdur.

S.Əliyeva konstitusiya şikayətində yuxarıda qeyd olunan məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13, 29, 60 və 71-ci maddələrinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə uyğun olmadığını göstərmiş və onların qüvvədən düşmüş hesab edilməsini xahiş etmişdir.

Şikayətdə göstərilmişdir ki, Ali Məhkəmənin MİÜMK apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması qənaətinə gələrkən, öz qərarını əsaslandırmamış, Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair  qərarında ifadə olunmuş və məhkəmələr üçün məcburi olan rəsmi şərhi nəzərə almamışdır.

Şikayətdə qeyd olunur ki, ərizəçi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 228.5-ci maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması üçün Konstitusiya Məhkəməsinə sorğu verilməsi tələbi ilə Ali Məhkəmə qarşısında vəsatət qaldırmış, lakin Ali Məhkəmə nəinki həmin vəsatəti təmin etməmiş, hətta bu barədə öz qərarında heç bir şərh verməmişdir.

Ərizəçi öz mövqeyini əsaslandırmaq üçün həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsinin «mülkiyyət hüququ»na və «hüquqi müəyyənlik prinsipi»nə dair bir sıra presedentlərinə istinad etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıları qeyd etməyi vacib hesab edir.

Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ  mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri).

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə  nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən  məhrum edilə bilməz.

Mülkiyyət hüququnun MM-in 152.1-ci maddəsində verilmiş anlayışına görə  bu hüquq subyektin ona mənsub əmlaka  (əşyaya) öz istədiyi kimi  sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən  tanınan və qorunan hüquqdur.

Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi MM-in 228-ci maddəsi ilə bağlı bir neçə qərar qəbul etmişdir.

Belə ki, Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli Azərbaycan Respublikasının Mülki Məcəlləsinin  228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM-in 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında isə Konstitusiya Məhkəməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi ilə əlaqədar bəzi məsələlərə aydınlıq gətirmişdir. Konstitusiya Məhkəməsi həmçinin vurğulamışdır ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə bu qərarında mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn  müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin  edilməli olması qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ərizəçinin şikayətinin Konstitusiya Məhkəməsinə daxil olmasından sonra MM-in 228-ci maddəsinin tətbiqi ilə bağlı yaranmış çətinliklərin aradan qaldırılması məqsədilə Konstitusiya Məhkəməsinə həmçinin, Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti və  İnsan hüquqları üzrə Müvəkkilin (Ombudsman) sorğusu daxil olmuşdur.

Bununla əlaqədar olaraq S.Əliyevanın şikayətinə baxılması qeyd olunan sorğu və müraciətə mahiyyəti üzrə baxılıb müvafiq qərar qəbul edilənədək dayandırılmışdır. 27 may 2008-ci il tarixdə Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki  Məcəlləsinin 228.5-ci maddəsinə dair qərar qəbul etmişdir. Məhz bundan sonra S.Əliyevanın şikayətinə mahiyyəti üzrə baxılması qərara alınmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki  Məcəlləsinin 228.5-ci maddəsinə dair qərarında qeyd etmişdir ki, MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur:

- mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması;

- həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi;

- istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması.

Göstərilən qərarda yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsinin daha geniş xarakter daşıdığını qeyd edən Konstitusiya Məhkəməsi göstərmişdir ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür.

Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası konstitusiya-hüquqi mənasına görə həmin Məcəllənin  228.2-ci maddəsinin tələbləri baxımından  tətbiq edilməli, mülkiyyətçinin razılığı yazılı şəkildə bağlanan notariat qaydasında təsdiqlənən  razılaşmada ifadə edilməlidir.

Belə ki, həmin müddəanın məhz bu cür şərhi mülkiyyətçinin hüquqlarını və qanuni mənafelərini pozmur. Əksinə, MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı»  müddəasının həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin ziddinə təfsiri Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi) və 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin müddəaları ilə uyğunsuzluğa gətirib çıxara bilər.

Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, K.Əliyeva mübahisəli mənzilin mülkiyyətçisi olan qayınanası S.Əliyeva ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiq olunan yazılı razılaşma bağlamamışdır.

K.Əliyevanın iddası üzrə mülki işə baxarkən birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair qərarına istinad etməklə, iddia tələbini rədd etmişdir.

Lakin Apellyasiya Məhkəməsi 16 may 2007-ci il qətnaməsində birinci instansiya məhkəməsinin MM-in 228.5-ci maddəsini nəzərə almadığını qeyd etmiş və həmin normanın «mülkiyyətçinin razılığı» müddəasını MM-in 228.1 və 228.2-ci maddələrinə zidd olaraq şifahi razılıq kimi şərh edərək, S.Əliyevanın şifahi razılığını K.Əliyevanın onun mülkiyyətində olan mənzilə istifadə hüququ (yaşayış və pasport qeydiyyatı hüququ) verən əsas kimi qiymətləndirmiş və ilkin iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir.

Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqelərindən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi MM-in 228.1 və 228.2-ci maddələrinin tələblərini nəzərə almamış və həmin Məcəllənin 228.5-ci maddəsinin mülkiyyətçinin razılığına dair müddəasını düzgün şərh etməmiş, ərizəçinin mülkiyyət hüququ, hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatları ilə uzlaşmayan qətnamə qəbul etmişdir.

İşə kassasiya qaydasında baxmış Ali Məhkəmənin MİÜMK-sı  MPM-in 416, 417.1.3 və 418.1-ci maddələrinin tələblərinə əməl etməyərək apellyasiya instansiyası məhkəməsinin MM-in normalarının məzmununa uyğun olmayan qətnaməsini dəyişiklik edilmədən saxlamışdır.

Bununla da ərizəçinin Konstitusiyanın 29-cu maddəsi ilə təminat verilmiş mülkiyyət və 60-cı maddəsinin I hissəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüquqları pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, K.Əliyevanın S.Əliyevaya qarşı mənzilə yaşayış hüququnun tanınması və qeydiyyata alınması tələbi, K.Əliyevanın  mənzildən çıxarılması və mənzilə köçürülmə tələbinə dair  S.Əliyevanın qarşılıqlı iddiası barədə mülki iş üzrə Ali Məhkəmənin MİÜMK-nın 12 sentyabr 2007-ci il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinə və 60-cı maddəsinin I hissəsinə, MPM-in 416, 417.1.3 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

  Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin  V və IX hissələrini və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 60, 62, 63, 65-67 və 69-cu  maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:

1.   Kəmalə Akif qızı Əliyevanın Svetlana Antonovna Əliyevaya qarşı mənzilə yaşayış hüququnun tanınması və qeydiyyata alınması tələbi, K.Əliyevanın  mənzildən çıxarılması və mənzilə köçürülmə tələbinə dair S.Əliyevanın qarşılıqlı iddiası barədə mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 sentyabr 2007-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə  və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin və işə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

 2.   Qərar dərc olunduğu gündən qüvvəyə minir.

 3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

 4.   Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

  

Sədrlik edən                                                                Fərhad Abdullayev