AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİNİN
Q Ə R A R I
“Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20 aprel 1990-cı il tarixli, 3/81 N-li qərarın ləğv edilməsi haqqında” Bakı şəhər icra hakimiyyəti başçısının
1995-ci il 14 iyul tarixli, 876 saylı sərəncamı ilə əlaqədar hakimiyyətlər arasında səlahiyyətlərin bölünməsinə dair mübahisə haqqında
16 fevral 1999-cu il Bakı şəhəri
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyevin (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, S.Salmanova, Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun;
sorğu verən orqanın qanuni nümayəndəsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədr müavini Ç.Bəşirovun; cavab verən orqanın qanuni nümayəndələri, Bakı şəhəri icra hakimiyyəti hüquq və inzibati orqanlarla əlaqələr şöbəsinin müdiri Z.Rzayeva və mənzil sahəsinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin müdiri İ.Hacıqayıbovun iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 9-cu bəndinə müvafiq olaraq, açıq məhkəmə iclasında “Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20 aprel 1990-cı il tarixli, 3/81 №-li qərarın ləğv edilməsi haqqında” Bakı şəhər icra hakimiyyəti başçısının 1995-ci il 14 iyul tarixli, 876 saylı sərəncamına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 yanvar 1999-ci il tarixli 5-1/98 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.
Hakim R.Qvaladzenin məruzəsini, tərəflərin qanuni nümayəndələri Ç.Bəşirovun, İ.Hacıqayıbovun və Z.Rzayevanın çıxışlarını dinləyib, təqdim edilmiş materialları nəzərdən keçirərək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
M Ü Ə Y Y Ə N E T D İ:
Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğuda “Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20 aprel 1990-ci il tarixli, 3/81 №-li qərarın ləğv edilməsi haqqında” Bakı şəhər icra hakimiyyəti başçısının 1995-ci il 14 iyul tarixli, 876 saylı sərəncamının 2,2.1 və 3-cü bəndlərinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsinə, 29-cu maddəsinin III hissəsinə, 81-ci maddəsinə, 94-cü maddəsinin I hissəsinin 12 və 13-cü bəndlərinə, 150-ci maddəsinin I hissəsinə, “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Azərbaycan Respublikasının 1991-ci il 09 noyabr tarixli Qanununun 21-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 100-1-ci maddəsinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”Azərbaycan Respublikasının 1996-cı il 04 aprel tarixli Qanununun 2 və 3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 18 oktyabr tarixli, 372 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında» Əsasnamənin 13-cü maddəsinə uyğunluğunun yoxlanılmasını xahiş edir.
Sorğu verən orqanın mülahizəsinə görə, Bakı şəhər icra hakimiyyəti başçısının adı çəkilən sərəncamının 2,2.1 və 3-cü bəndləri Azərbaycan Respublikası Konstitusiyasında, digər qanunlar və normativ hüquqi aktlarda öz əksini tapmış vətəndaşların mülkiyyət hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bundan başqa, sorğu verən orqan hesab edir ki, həmin sərəncamın göstərilən bəndləri Azərbaycan Respublikası Konstitusiyasının təsbit etdiyi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları arasında səlahiyyətlər bölgüsü prinsipinə ziddir.
Baxılan məsələ ilə bağlı iş materiallarına “Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20 aprel 1990-cı il tarixli, 3/81 №-li qərarın ləğv edilməsi haqqında” Bakı şəhər icra hakimiyyəti başçısının 1995-ci il tarixli, 876 saylı sərəncamının, ”Azərbaycan Respublikasında mülkiyyət haqqında” Azərbaycan Respublikasının 1991-ci il 09 noyabr tarixli, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının 1996-cı il 4 aprel tarixli Qanunlarının, Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 18 oktyabr tarixli 372 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 100-1-ci maddəsinin rəsmi mətninin surətləri əlavə edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi aşağıda göstərilənləri qeyd edir:
Bakı şəhər icra hakimiyyəti başçısının yuxarıda adı çəkilən sərəncamının 2,2.1 və 3-cü bəndləri ilə müəyyən edilmişdir ki, Bakı şəhərində 1990-cı ilədək burada pasport qeydiyyatında olmuş vətəndaşlar alqı-satqı yolu ilə evlər (mənzillər) əldə edə bilərlər. Bu məhdudiyyət müvəqqəti olaraq, daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların geri qaytarılması həll edilənədək tətbiq olunur. Həmçinin, xüsusi ev (mənzil) Bakı şəhərində daimi qeydiyyatda olan yaxın qohumlara (valideynlərə, ər-arvada, uşaqlara, bacı-qardaşlara) bağışlana bilər. Üzrlü səbəblər olduqda, pasport qeydiyyatı olmayan vətəndaşlara alqı-satqı, bağışlama müqavilələri əsasında xüsusi ev (mənzil) almağa Bakı şəhər icra hakimiyyətinin başçısı tərəfindən icazə verilə bilər.
Göründüyü kimi, sərəncamla mülkiyyətin hüquqi reciminə dair ümumi qaydalar müəyyən edilmişdir.
Bu isə beynəlxalq hüquq normalarına, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsinə, 29-cu maddəsinin III hissəsinə, Azərbaycan Respublikasının digər qanunlarının və normativ hüquqi aktlarının müvafiq müddəalarına ziddir.
Belə ki, BMT-nin Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli qətnaməsi ilə qəbul olunmuş “İnsan hüquqlarına dair Ümumi bəyannamənin”13-cü maddəsinin 1-ci bəndinə əsasən hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir.
Bu Bəyannamənin 17-ci maddəsinin 1-ci bəndində isə göstərilir: “Hər bir şəxsin həm təkbaşına, həm də müştərək mülkiyyətə sahib olmaq hüququ vardır.”
Qanuni surətdə Azərbaycan Respublikası ərazisində hər kəsin sərbəst olaraq özünə yaşayış yeri seçmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsinin tələblərindən irəli gəlir. Konstitusiyanın 29-cu maddəsinin III hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınan və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
“Azərbaycan Respublikasında Mülkiyyət haqqında” Azərbaycan Respublikasının 1991-ci il 09 noyabr tarixli Qanununun 21-ci maddəsində göstərilmişdir ki, mülkiyyətində mənzil, yaşayış evi, bağ, qarac, başqa binalar və tikililər olan vətəndaş, həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bunları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir.
Azərbaycan Respublikası vətəndaşlarının həmin Qanunda nəzərdə tutulan hüquqları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 100-1 maddəsində də öz əksini tapmışdır.
Beləliklə, Bakı şəhər icra hakimiyyəti başçısının adı çəkilən sərəncamının 2,2.1 və 3-cü bəndləri Azərbaycan Respublikasının Konstitusiyası, “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulan Azərbaycan Respublikası vətəndaşlarının istədiyi yerdə mülkiyyətinə ev (mənzil), bağ və digər tikililər əldə etmək, habelə bunlar barəsində sərəncam vermək hüquqlarını məhdudlaşdırır.
Qeyd olunanlardan başqa, göstərilən sərəncamın 2,2.1 və 3-cü bəndlərindən göründüyü kimi, Bakı şəhərində evlərin (mənzillərin) alqı-satqısı və bağışlanması pasport qeydiyyatı ilə bağlıdır. Bu isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının 1996-cı il 4 aprel tarixli Qanunu ilə ziddiyyət təşkil edir.
Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 3-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.
Göründüyü kimi, yuxarıda göstərilən Qanunda vətəndaşların pasport qeydiyyatına alınmaları nəzərdə tutulmamışdır. Buna baxmayaraq, sərəncamın 2,2.1 və 3-cü bəndləri Azərbaycan Respublikası vətəndaşlarının yaşayış hüquqlarını pasport qeydiyyatı ilə məhdudlaşdırmışdır. Sərəncamın qanunlara uyğun olmaması vətəndaşların öz hüquqlarının müdafiə edilməsi üçün məhkəmələrə müraciət etmələrinə səbəb olur. Məhkəmə təcrübəsi göstərir ki, belə müraciətlər məhkəmələr tərəfindən adı çəkilən sərəncamın «Azərbaycan Respublikasında mülkiyyət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olmaması əsası ilə təmin edilir. Belə ki, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 1999-ci il 26 yanvar tarixli, S-2№-li məktubundan göründüyü kimi, 1998-ci ildə həmin rayon məhkəməsi tərəfindən vəzifəli şəxsin qanunsuz hərəkətlərindən şikayətlər üzrə 2241 işə baxılmış və sərəncamın 2,2.1 və 3-cü bəndləri göstərilən Qanuna zidd olduğu üçün bütün şikayətlər təmin edilmişdir.
Onu da göstərmək lazımdır ki, Bakı şəhər icra hakimiyyəti başçısının 26 noyabr 1998-ci il tarixli, 1216 saylı sərəncamı ilə 14 iyul 1995-ci il tarixli, 876 saylı sərəncamına qismən dəyişiklik edilərək, sərəncamın 3-cü bəndinin 1-ci abzası ləğv edilmiş, Bakı şəhərində yerləşən xüsusi evlərin (mənzillərin) bağışlanmasında nəzərdə tutulmuş məhdudiyyətlər götürülmüşdür.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi adı çəkilən sərəncamın Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının müvafiq maddələrinə uyğun olmadığını göstərməklə yanaşı, aşağıdakı halları qeyd etməyi lazım bilir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 5-ci bəndində bələdiyyə aktlarının Konstitusiyaya, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğunluğunun Konstitusiya Məhkəməsi tərəfindən yoxlanılması nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiyasının həmin maddəsində icra hakimiyyəti orqanları aktlarının Konstitusiyaya, qanunlara və digər normativ hüquqi aktlara uyğunluğunun yoxlanılması nəzərdə tutulmamışdır. Buna görə də, göstərilən sərəncamın Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğun olması məsələsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid deyil.
Bununla belə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hesab edir ki, Bakı şəhər icra hakimiyyəti başçısının adı çəkilən sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin III hissəsində təsbit edilən hakimiyyətlərin bölünməsi prinsipinə, həmçinin 81-ci maddəsinin və 94-cü maddəsinin I hissəsinin 12 və 13-cü bəndlərinin müddəalarına ziddir.
Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin III-cü hissəsində göstərilmişdir ki, «Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir».
Hakimiyyətlərin bölünməsi prinsipi qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərmələrini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının 81-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir.
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci bəndinə görə əqdlər, mülki müqavilələr, nümayəndəlik və vərəsəlik, həmin maddənin 13-cü bəndinə görə isə mülkiyyət hüququ, o cümlədən, dövlət, xüsusi və bələdiyyə mülkiyyətinin hüquqi reciminə dair ümumi qaydaları Azərbaycan Respublikasının Milli Məclisi müəyyən edir.
Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 18 oktyabr tarixli, 372 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamənin 13-cü maddəsində icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sadalanmışdır. Həmin maddədə icra hakimiyyəti başçısına qanunvericilik fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti verilməmişdir.
Beləliklə, Bakı şəhər icra hakimiyyətinin başçısı yuxarıda göstərilən sərəncamın 2,2.1 və 3-cü bəndlərini qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin III hissəsinin, 81-ci maddəsinin, 94-cü maddəsinin I hissəsinin 12 və 13-cü bəndlərinin tələblərinə zidd olaraq, qanunvericilik səlahiyyətini öz üzərinə götürmüşdür.
Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 130-cü maddəsinin III hissəsinin 9-cu bəndini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 80-83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
Q Ə R A R A A L D I:
1. “Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20 aprel 1990-cı il tarixli, 3/81№-li qərarın ləğv edilməsi haqqında” Bakı şəhər icra hakimiyyəti başçısının 1995-ci il 14 iyul tarixli, 876 saylı sərəncamının 2,2.1 və 3-cü bəndlərinin Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə, 81-ci maddəsinə, 94-cü maddəsinin I hissəsinin 12 və 13-cü bəndlərinə zidd hesab edilsin.
Bu qərar qüvvəyə mindiyi gündən “Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20 aprel 1990-cı il tarixli, 3/81 №-li qərarın ləğv edilməsi haqqında” Bakı şəhər icra hakimiyyəti başçısının 1995-ci il 14 iyul tarixli, 876 saylı sərəncamının 2,2.1 və 3-cü bəndləri qüvvədən düşmüş hesab edilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan” qəzetində dərc edilsin.
4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və təfsir edilə bilməz.
Sədrlik edən Xanlar Hacıyev