Qərarlar

18.07.08 «Məhkəmələr və hakimlər haqqında» AR Qanununun 109-cu,«Konstitusiya Məhkəməsi haqqında» AR Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» AR Qanununun 20.1.4 və 20.7-ci m-nin şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLIKASI

KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN

Q Ə R A R I

«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun

73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair

18  iyul  2008-ci il                                                                                             Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, S.Həsənova, B.Qəribov, R.Qvaladze, E.Məmmədov (məruzəçi-hakim), İ.Nəcəfov və S.Salmanovadan ibarət tərkibdə,

məhkəmə katibi V.Zeynalovun,

maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Ə.Mirzəliyevin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının sosial qanunvericilik şöbəsinin əməkdaşı M.Seyidin,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin Mülki proses, əmək və ekologiya hüququ kafedrasının professor əvəzi, hüquq elmləri doktoru M.Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 may 2008-ci il tarixli 8-3/08 saylı sorğusu üzrə konstitusiya işinə baxdı.

İş üzrə hakim E.Məmmədovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını və ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N   E T D I :

Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğu ilə Konstitusiya Məhkəməsinə müraciət edərək göstərmişdir ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununa və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununa edilmiş 19 oktyabr 2007-ci il tarixli əlavə və dəyişikliklərlə pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin pensiya təminatının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəyi təsbit edilmişdir. Bununla da, hakimlərin pensiya təminatı ilə bağlı məsələlərin həllində qeyri-müəyyənlik yaranmışdır.

Belə ki, 10 iyun 1997-ci il tarixdən qüvvəyə minmiş «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin beşinci hissəsinin ilkin redaksiyasında göstərilirdi ki, səlahiyyət müddəti qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları vəzifə maaşlarının 80 faizi miqdarında pensiya verilir.

Həmin Qanuna 20 iyun 2003-cü il tarixdə edilmiş dəyişikliklə isə pensiya təminatı ilə bağlı müddəalar aşağıdakı kimi verilmişdir: «Səlahiyyət müddətləri qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişiklik həmin məbləğə şamil edilir. Bu Qanuna uyğun olaraq keçirilmiş təyinatlardan əvvəl işləmiş və həmin vaxt pensiya yaşına çatmış sabiq hakimlərə bu maddənin beşinci hissəsinin müddəaları şamil edilir».

Bundan sonra Qanuna edilmiş 14 iyun 2005-ci il tarixli dəyişikliklə maddədəki «Səlahiyyət müddəti qurtardıqdan sonra pensiya» sözləri «Pensiya» sözü ilə əvəz edilmişdir.

Beləliklə, 1997-ci ildən sonra hakim vəzifəsində çalışmış şəxslər, eləcə də  «Məhkəmələr və hakimlər haqqında» Qanuna uyğun olaraq keçirilmiş təyinatlardan əvvəl işləmiş və həmin vaxt pensiya yaşına çatmış sabiq hakimlər axırıncı iş yerlərində hakim kimi aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya təminatı hüququna malik olmuşlar. Eyni zamanda əmək haqqı artımındakı sonrakı dəyişikliklərin həmin məbləğə şamil ediləcəyi təsbit edilmişdir.

Lakin 30 dekabr 2005-ci il tarixdə «Məhkəmələr və hakimlər haqqında» Qanuna edilmiş başqa bir dəyişikliklə hakimlərin pensiya təminatına dair müddəalar aşağıdakı redaksiyada verilmişdir: «Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə hakim vəzifəsində işləmiş müddətdən asılı olaraq aşağıdakı qaydada pensiya təyin edilir:

5 il hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları 5 ilin orta əmək haqqının 45 faizi miqdarında;

5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stacının hər ili üçün orta əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla;

10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stacının hər ili üçün orta əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə əmək haqqı artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir».

19 oktyabr 2007-ci il tarixdə isə «Məhkəmələr və hakimlər haqqında» Qanuna edilmiş sonuncu əlavə və dəyişikliklə 109-cu maddənin beşinci və altıncı hissələri maddədən çıxarılmış və maddəyə  aşağıdakı məzmunda beşinci hissə əlavə olunmuşdur:

«Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir».

Beləliklə, «Məhkəmələr və hakimlər haqqında» Qanuna edilmiş 30 dekabr 2005-ci il və 19 oktyabr 2007-ci il tarixli əlavə və dəyişikliklərlə hakim kimi pensiya təminatı hüququna malik olmaq üçün əvvəla, ən azı 5 il hakim vəzifəsində işləmək şərti təsbit edilmişdir. Bundan başqa, təyin ediləcək pensiya məbləğinin hakim vəzifəsində işləmə müddətlərindən asılı olaraq müəyyən faiz dərəcələrinə görə hesablanması qaydası müəyyənləşdirilmişdir. Halbuki, qeyd edilən dəyişikliklərədək hakim vəzifəsində işlədikləri müddətlərdən asılı olmayaraq hakimlər axırıncı iş yerlərində hakim kimi aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya təminatı hüququna malik idilər.

Ali Məhkəmənin sorğusunda həmçinin qeyd olunur ki, oxşar vəziyyət Konstitusiya Məhkəməsi hakimlərinin pensiya təminatı hüquqları ilə bağlı mövcuddur.

Belə ki, 21 oktyabr 1997-ci il tarixli «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 94-cü maddəsinin beşinci hissəsində göstərilirdi ki, səlahiyyət müddəti qurtardıqdan sonra pensiya yaşına çatmış Konstitusiya Məhkəməsinin sabiq hakimi Konstitusiya Məhkəməsi hakiminin aylıq vəzifə maaşının 80 faizi məbləğində pensiya alır.

23 dekabr 2003-cü il tarixdən qüvvədə olan «Konstitusiya Məhkəməsi haqqında» yeni Qanunun 73.7-ci maddəsində isə göstərilirdi: «Pensiya yaşına çatmış Konstitusiya Məhkəməsinin hakimi hər ay fəaliyyətdə olan Konstitusiya Məhkəməsi hakiminin aylıq əmək haqqının 80 faizi məbləğində pensiya alır və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir».

19 oktyabr 2007-ci il tarixdə isə «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 73.7-ci maddəsinə aşağıdakı məzmunda dəyişiklik edilmişdir: «Pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş Konstitusiya Məhkəməsinin sabiq hakiminin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir». Bu dəyişikliklə Konstitusiya Məhkəməsi hakiminin də pensiya təminatı əvvəlkinə nisbətən aşağı salınmışdır.

 Beləliklə, ««Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli, 184-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikası Qanunu ilə bir sıra qanunlara, o cümlədən «Məhkəmələr və hakimlər haqqında» və «Konstitusiya Məhkəməsi haqqında» Qanunların hakimlərin pensiya təminatı ilə bağlı məsələləri nizama salan normalarına yeni tənzimləmə gətirilmişdir. Həmin qanunlara edilmiş dəyişikliklərə əsasən, pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin pensiya təminatının artıq «Əmək pensiyaları haqqında» Qanuna uyğun olaraq həyata keçiriləcəyi təsbit edilmişdir.

«Əmək pensiyaları haqqında» Qanunun 20.7-ci maddəsinə əsasən, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə  tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı kimi ödənilir:

5 il hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları 5 ilin orta əmək haqqının 45 faizi miqdarında;

5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stacının hər ili üçün orta əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla;

10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stacının hər ili üçün orta əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

Bütün yuxarıdakıları göstərməklə Ali Məhkəmə hesab edir ki, istər ümumi yurisdiksiyalı məhkəmələrin, istərsə də Konstitusiya Məhkəməsi hakimlərinin pensiya təminatını müəyyən edən qanunvericilik müddəaları həmin hakimlərin statusunu və təminatlarını nizamlayan qanunlar qəbul olunduğu gündən bu günədək bir sıra ciddi dəyişikliklərə məruz qalmışdır. Belə ki, qanunvericiliyə edilmiş sonrakı əlavə və dəyişikliklər hakimlərin əvvəllər malik olduqları pensiya təminatlarından daha aşağı səviyyəli maddi-sosial təminatların müəyyən edilməsinə gətirib çıxarmışdır. Bu isə hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə uyğunlaşmır.

«Məhkəmələr və hakimlər haqqında» və «Konstitusiya Məhkəməsi haqqında» Qanunlar qəbul edilərkən həm Azərbaycan Respublikası Konstitusiyasına (7, 38, 127-ci maddələr), həm də beynəlxalq-hüquqi aktlara əsaslanaraq həmin aktlarda hakimlərin yüksək statusuna uyğun maddi və sosial təminatlar, o cümlədən pensiya təminatları nəzərdə tutulmuşdur. Həmin təminatlar  məhkəmələrin  həqiqi müstəqilliyinin və qərəzsizliyinin təmin olunmasına yönəlmişlər.

Eyni zamanda Ali Məhkəmə sorğusunda qeyd edir ki, qanunvericilikdə müstəqilliklərinin təmin edilməsi məqsədilə ilk dəfə məhz hakimlər üçün yüksək pensiya təminatları nəzərdə tutulmuşdu. Lakin heç bir əsas göstərilmədən həmin təminatlar yuxarıda göstərildiyi kimi tədricən aşağı salınmışdır. Bunun əksinə olaraq isə Azərbaycan Respublikası qanunvericilik hakimiyyəti və bəzi digər dövlət orqanlarının təmsilçiləri üçün ardıcıl olaraq qanunvericilikdə hakimlərin ilkin pensiya təminatlarına bərabər pensiya təminatları müəyyən olunmuşdur. Nəticədə isə bu gün qüvvədə olan qanunvericilik bir sıra şəxslər üçün hakimlərə münasibətdə daha yüksək pensiya təminatını nəzərdə tutur.

Ali Məhkəmə sorğuda onu da vurğulayır ki, hakimlər korpusunun böyük əksəriyyəti hakimlər üçün məhz daha yüksək pensiya təminatlarını müəyyən edən qanunvericilik qüvvədə olarkən vəzifəyə təyin edilmişlər. Bununla da, hakimlərə pensiyanın hansı təminatlar rəhbər tutulmaqla təyin ediləcəyi məsələsində qeyri-müəyyənlik yaranmışdır.

Göstərilənləri nəzərə alaraq Ali Məhkəmə sorğuda hakimlərin pensiya təminatı ilə bağlı məsələlərin həllində yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması üçün «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh olunmasını xahiş edir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğuda göstərilən məsələlərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Azərbaycan Respublikasının Konstitusiyasına görə ölkəmiz demokratik və hüquqi dövlətdir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi isə dövlətin ali məqsədidir. Dövlət xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Azərbaycan Respublikasında sosial təminat hüququ tanınır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir  (Konstitusiyanın 7-ci maddəsinin I hissəsi, 12-ci maddəsinin I hissəsi, 16-cı maddəsinin I hissəsi, 38-ci maddəsinin I və III hissələri).

Azərbaycan Respublikası sosial dövlət kimi çıxış edərək bəzi kateqoriya şəxsləri dövlət səviyyəsində himayə edir. Belə ki,  qüvvədə olan qanunvericilik müəyyən hallarda vətəndaşların əmək pensiyası təminatı hüququnu tanımaqla  bu hüququn gerçəkləşdirilməsi üçün həmin şəxslərə müxtəlif növ əmək pensiyası, o cümlədən yaşa, əlilliyə, ailə başçısının itirildiyinə görə əmək pensiyasının verilməsinin şərtlərini müəyyənləşdirir («Əmək pensiyaları haqqında» Qanunun 3.1 və 4.1-ci maddələri).

Ölkəmizdə məhkəmə islahatının həyata keçirilməsi vətəndaşların pensiya təminatı hüququnun təmin olunması üçün aparılan pensiya islahatı ilə təqribən eyni dövrə təsadüf edir.

Belə ki, keçən əsrin 90-cı illərinin ikinci yarısından başlayaraq Azərbaycan Respublikasının məhkəmə sistemi ciddi islahatlara məruz qalmışdır.  Əhəmiyyətli dərəcədə nəinki məhkəmə quruluşu və məhkəmə icraatının qaydaları yeniləşmiş, həmçinin müasir cəmiyyətdə məhkəmənin və hakimlərin rolu və yerinə dair baxışlar prinsipial olaraq dəyişdirilmişdir.

Cəmiyyətdə yaranan hüquqi mübahisə, münaqişə və digər məsələlərin müstəqil və qərəzsiz həlli, bu zaman insan hüquq və azadlıqlarının müdafiəsi ədalət mühakiməsi orqanı olan məhkəmənin əsas təyinatı kimi qərarlaşdırılmışdı. Buna görə də, məhkəmə islahatının həyata keçirilməsi zamanı məhkəmə hakimiyyətinin dövlət mexanizmi daxilində qanunvericilik və icra hakimiyyətlərindən asılı olmayan, öz fəaliyyətində müstəqil və nüfuzlu qüvvəyə çevrilməsi vacib məqsədlərdən biri kimi qarşıya qoyulmuşdu.  Məhkəmə hakimiyyətinin daşıyıcılarına – hakimlərə kökündə müstəqillik və toxunulmazlıq konstitusiya təminatları duran, yüksək adına layiq ictimai-siyasi, maddi və sosial statusun verilməsi məhkəmə islahatının ayrılmaz tərkib hissəsidir.

Xüsusilə qeyd olunmalıdır ki, hakimlərin müstəqilliyi həm ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsiplərindən biridir, həm də dövlət tərəfindən hakimlərə verilən konstitusiya təminatıdır. Hakimlərin sosial müdafiə təminatı isə hakimlərin müstəqilliyinin ayrılmaz mühüm bir elementi kimi çıxış edir.

Belə ki, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 100-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq hakimlərin müstəqilliyi onların səlahiyyəti dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir.

Konstitusiya Məhkəməsi əvvəllər qəbul etdiyi «Məhkəmələr və hakimlər haqqında» Qanunun 106 və 109-cu maddələrinin müvafiq müddəalarının şərh edilməsinə dair 23 yanvar 2001-ci və 27 iyun 2001-ci il tarixli qərarlarında da hakimlərin maddi və sosial təminatlarını Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə hakimiyyəti müstəqilliyinin tərkib hissəsi kimi qiymətləndirməklə belə bir mövqe müəyyənləşdirmişdir ki, dövlət və cəmiyyət hakimlərə, xüsusilə onların ədalətliliyinə və peşəkarlığına son dərəcə ciddi tələblərlə yanaşmaqla bərabər, öz səylərini hakimlərin sosial və maddi təminatı məsələlərinin yüksək səviyyədə həll edilməsinə yönəltməlidir.

Qanunvericilikdə digər şəxslərlə müqayisədə hakimə daha yüksək pensiya təminatı müəyyənləşdirməklə dövlət və cəmiyyət nəticə etibarilə hakimin əməyini xüsusi dəyərləndirməklə, məhkəmə hakimiyyətinin rolunu, müstəsna əhəmiyyətini və nüfuzunu etiraf edir.

BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş «Məhkəmə hakimiyyətinin müstəqilliyinin əsas Prinsipləri»nin 7-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər bir dövlət məhkəmə hakimiyyətinin mütləq şəkildə öz funksiyalarını yerinə yetirə bilməsi üçün kifayət qədər vəsait ayırmağa borcludur.

«Hakimlərin Statusuna dair Avropa Xartiyasının» 6.1-ci maddəsində göstərilir: «Hakimlər öz funksiyalarını həyata keçirərkən onların müstəqilliyinə və qərəzsizliyinə zərbə vura biləcək və öz səlahiyyətləri çərçivəsində onlar tərəfindən qəbul edilən bu və ya digər qərarlara və ya həyata keçirilən hərəkətlərə təsir göstərilməsi məqsədinə yönələn müdaxilələrdən qaçınmalarına şərait yaradacaq miqdarda maddi mükafatlandırma hüququna malikdirlər».

Həmin Xartiyanın 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə təminat verilməlidir.

«Hakimlərin müstəqilliyi, səmərəliliyi və rolu haqqında» Avropa Şurası Nazirlər Komitəsinin Tövsiyyəsinə görə isə hakimləri peşə nüfuzuna və məsuliyyət dərəcəsinə uyğun statusla təmin etmək və həvəsləndirməklə onların fəaliyyəti üçün lazımi şərait yaradılmalıdır.

Beləliklə, hakimlərin sosial müdafiəsinə yönəldilən pensiya təminatı onların müstəqilliyini və qərəzsizliyini qorumaq üçün verilən Konstitusiya və beynəlxalq-hüquqi aktlarda nəzərdə tutulan təminatların zəruri tərkib hissəsidir. Hakimlərin layiqli sosial müdafiə təminatları onların yüksək konstitusiya-hüquqi statusundan irəli gəlir və xüsusi növ hakimiyyət fəaliyyətinin – ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsi üçün hətta bir çox xüsusi statusa malik olan şəxslərlə müqayisədə hakimlər barəsində pensiya qanunvericiliyinin fərqli yanaşmasını tələb edir.

Qanunvericilik hakimiyyəti orqanı özünün diskresiya səlahiyyətlərindən istifadə edərkən hər hansı şəxslərin, o cümlədən hakimlərin pensiya təminatı hüququnun həyata keçirilməsinin şərtlərini müəyyənləşdirərək bunun üçün müvafiq hüquqi  tənzimləmə qaydalarını qəbul edə bilər. Lakin dövlət hakimiyyəti orqanlarında çalışan və müxtəlif vəzifələri həyata keçirən şəxslərin, o cümlədən hakimlərin inkişaf prosesində olan pensiya təminatına dair qanunvericilik tənzimləmələri yalnız konkret və obyektiv hüquqi meyarlara söykənməklə həyata keçirilməlidir.

Hakimlərə münasibətdə isə nəzərə alınmalıdır ki, məhkəmənin istənilən təsirə dayanıqlığı yalnız hakimlərin etikası, nüfuzu, ixtisası, ləyaqəti və məsuliyyətilə deyil, həmçinin onların müstəqilliyinin bir hissəsi kimi qəbul olunan yüksək maddi-sosial təminatları ilə də birbaşa bağlıdır. Konstitusiyanın 127-ci maddəsində göstərilmiş hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtləri məhz yuxarıda qeyd edilən hakimlərin real maddi və sosial təminatlarından asılıdır. Bu mənada, pensiya təminatı hakimlər üçün müəyyənləşdirilmiş maddi-sosial imtiyaz kimi deyil, əksinə hakimlərin müstəqilliyinin təminatının bir vasitəsi kimi dəyərləndirilməlidir.

Məhz belə yanaşmanın nəticəsidir ki, Avropa ölkələrində hakimlərin pensiya təminatı onların öz ölkələrində aldıqları orta əmək haqqlarının ümumi səviyyəsindən asılı olmaqla müəyyənləşdirilir. Bu zaman, pensiyanın məbləği bir qayda olaraq hakimlərin məvaciblərinin 50 faizindən az olmamaq şərtilə daha çox faizlərə, bəzi hallarda isə 100 faizə çatır. Məsələn, bu göstəricilər Danimarka, İspaniya, Finlandiya, İslandiya, Malta, Hollandiya, İsveç, Almaniya, Belçika, Estoniya və Fransada – 57 faizdən 75 faizədək, Avstriya, Belarus, Lüksemburq, Polşa, Rusiya, Ukrayna, Sloveniya, Portuqaliya,  Rumıniya, Gürcüstan və digər ölkələrdə 80 faizdən 100 faizədək təşkil  edir.

Lakin Ali Məhkəmənin sorğusunda göstərilənlərdən də göründüyü kimi Azərbaycan Respublikasında son illərdə «Məhkəmələr və hakimlər haqqında» və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikasının Qanunlarında tədricən və dəfələrlə edilmiş dəyişikliklərin nəticəsində sosial müdafiə təminatları  ilə bağlı fəaliyyətdə olan hakimlərin hüquqi vəziyyətləri ciddi dəyişikliklərə məruz qalmışdır. İlk əvvəl göstərilən qanunlarda onlara müəyyən yaş həddinə çatmaqla heç bir hakimlik stacı ilə bağlı olmayan və aldıqları əmək haqqının (vəzifə maaşının) 80 faizi  məbləğində qanunla müəyyənləşdirilmiş pensiya hüququ verilmişdi. Daha sonra qanunvericiliyin müddəaları dəyişdirilmiş və nəticə etibarilə «Əmək pensiyaları haqqında»  Qanun bu hüququn əmələ gəlməsini ən azı 5 illik hakimlik stacına bağlamış və hakimlərin stacından asılı olaraq pensiyanın miqdarı differensiasiya olunaraq hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45  faizindən 80 faizədək məbləğində müəyyən edilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hakimlərin pensiya təminatına dair hazırki vəziyyət həqiqətən birmənalı deyildir. Belə ki, hakimlərə əmək haqqının (vəzifə maaşının) 80 faizi əvəzinə 45  faizdən 80 faizədək məbləğində pensiya təminatını müəyyənləşdirilməsi  «Hakimlərin Statusuna dair Avropa Xartiyasının» 6.4-cü maddəsinin hakimlərə onların aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə dair təminatdan bir qədər uzaqlaşmaq kimi qiymətləndirilə bilər. Digər tərəfdən pensiya təminatına dair qanunvericiliyin bir-birindən kəskin fərqlənən müddəaları qüvvədə olduğu vaxt fəaliyyətdə olan hakimlər barəsində hansı müddəaların tətbiq olunması məsələsini mübahisəli edir.  Nəhayət, qanunvericilikdə dəyişikliklər edilərkən nəzərə alınmamışdır ki, bəzi ümumi yurisdiksiyalı məhkəmələrin və hətta Konstitusiya Məhkəməsinin fəaliyyətdə olan hakimlərinin səlahiyyət müddətləri 5 ildən 10 ilə qədərdir və bu hal da öz növbəsində onlara pensiya təminatının təyin olunmasında müəyyən anlaşılmazlıqlar yaradır.

Bununla yanaşı göstərilməlidir ki, hakimlər korpusunun böyük əksəriyyəti hakimlər üçün məhz daha yüksək pensiya təminatlarını müəyyən edən qanunvericilik müddəaları qüvvədə olarkən vəzifəyə təyin olunmuşdur. Bunun nəticəsində 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin və 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinin pensiya təminatları ciddi dəyişdirilərək hüquqi vəziyyətləri əvvəllər malik olduqlarından daha aşağı səviyyəyə endirilmişdir.

Lakin Konstitusiyanın və beynəlxalq-hüquqi aktların müddəalarına əsasən hakimlərin pensiya təminatının maddi-sosial imtiyaz kimi deyil, müstəqilliklərinin təminatının əhəmiyyətli bir vasitəsi kimi qəbul edilməsi əsas verir ki, sonradan  qanunvericiliyi dəyişdirməklə fəaliyyətdə olan hakimlərin malik olduqları pensiya təminatlarının səviyyəsi azaldıla bilməz. Əks halda, yeni qanunvericilik Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipi ilə, 127-ci maddəsinin I hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatı ilə, habelə 149-cu maddəsinin I hissəsində müəyyən olunmuş normativ hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanılması prinsipi ilə, eləcə də 149-cu maddəsinin VII hissəsində  təsbit edilmiş yalnız fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil ediləcəyi müddəası ilə  ziddiyyət təşkil edə bilər.

Odur ki, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş (əvəz olunmuş) hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab edir ki, qanunverici, hakimlərin pensiya təminatına dair yeni qanunvericilik müddəalarını, o cümlədən «Əmək pensiyaları haqqında» Qanunu qəbul edərkən əvvəllər «Məhkəmələr və hakimlər haqqında» və «Konstitusiya Məhkəməsi haqqında» Qanunlarda nəzərdə tutulmuş pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin pensiya təminatının şərtlərini dəyişdirərkən fəaliyyətdə olan hakimlərin müstəqilliyinə verilən təminatların pozulmasına və onların pensiya təminatı ilə bağlı hüquqi vəziyyətinin pisləşdirilməsinə şərait yaratmamaq üçün mütləq keçid müddəaları nəzərdə tutulmalı idi.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 73-cü maddəsinin müddəaları Konstitusiyanın 127-ci maddəsinin I hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.

Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Qanunun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə – həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin; 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə – həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A   A L D I:

1. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin I hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri  dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.

2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən:

-  30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə – həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin;

-  19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə – həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti» və «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.

Sədrlik edən                                                         Fərhad  Abdullayev