Qərarlar

13.06.08 N.Əbilovun şikayəti üzrə AR Ali Məhkəməsi MİÜMK-nın 09/02/06-cı il və AR Ali Məhkəməsi Plenumunun 22/12/06-cı il qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLIKASI KONSTITUSIYA

MƏHKƏMƏSI  PLENUMUNUN

Q Ə R A R I


N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

13 iyun 2008-ci il                                                                                                    Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), S.Salmanova, F.Babayev, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, İ.Nəcəfov və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

ərizəçi N.Əbilovun, onun nümayəndəsi N.Abdullayevin,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının əməkdaşı R.Əkbərovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Nəcməddin Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin və onun nümayəndəsinin, cavabverən orqanın nümayəndəsinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N   E T D İ:  

İddiaçı V.İsazadə cavabdehlər N.Əbilov və A.Əbilova qarşı 20.000 ABŞ dolları məbləğində borc pulun alınması və tələbin N.Əbilovun təsisçisi olduğu «Avtodviqatel-Servis» şirkətinin girov qoyulmuş əmlakına yönəldilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. V.İsazadə tələblərini onunla əsaslandırmışdır ki, N.Əbilov və A.Əbilov onun mərhum həyat yoldaşı O.İsazadədən 20.000 ABŞ dolları məbləğində borc pul almış və borcun ödənilməsinin təminatı kimi N.Əbilovun yuxarıda qeyd olunan əmlakını girov qoymuşlar.

Qusar rayon məhkəməsinin 28 noyabr 2003-cü il tarixli qətnaməsi ilə 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - «əvvəlki MM») 266 və 188-ci maddələrinə əsasən iddia təmin olunmuş, cavabdehlər N.Əbilov və A.Əbilovdan müştərək qaydada 20.000 ABŞ dolları məbləğində pulun ödənildiyi anda manatın məzənnəsi ilə alınaraq V.İsazadəyə ödənilməsi və borcun Qusar şəhərində yerləşən «Avtodviqatel-Servis» şirkətinin girov qoyulmuş daşınmaz əmlakına yönəldilməsi qət edilmişdir.

Mülki işin materiallarından görünür ki, məhkəmə işin hallarını müəyyən edərkən «Admiral» firması adından N.Əbilovun mərhələli şəkildə ödənilməsi şərti ilə ümumilikdə bir il müddətinə götürdüyü 20.000 ABŞ dolları məbləğində borcun qaytarılmasının təminatı kimi özünün təsisiçi olduğu «Avtodviqatel-Servis» şirkətinin yarımçıq tikili ofis binasını və inzibati binasını girov qoymasına dair Qusar rayon Dövlət Notariat Kontorunda 4E2-518 saylı reyestrlə 28 sentyabr 1998-ci ildə təsdiq edilmiş müqaviləyə və cavabdeh N.Əbilovun iddianı etiraf etməsinə istinad etmişdir.

İşə apellyasiya qaydasında baxmış Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – «Apellyasiya Məhkəməsinin MİÜMK») 19 oktyabr 2005-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – «Ali Məhkəmənin MİÜMK») 09 fevral 2006-cı il tarixli qərarı ilə, sonuncu qərar isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun (bundan sonra – «Ali Məhkəmənin Plenumu») 22 dekabr 2006-cı il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

Ərizəçi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – «Konstitusiya Məhkəməsi») şikayət vermişdir. Ərizəçinin qənaətinə görə işə baxmış məhkəmələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - «MPM») tətbiq edilməli olan bir sıra, o cümlədən 81, 88 və 217-ci maddələrini tətbiq etməməklə saxta sənədi mötəbər sübut kimi qəbul etmiş, irəli sürdüyü dəlilləri nəzərə almamış, bununla da işin hallarını səhv müəyyən etməklə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə isə onun Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – «Konstitusiya») 13, 29 və 60-cı maddələrində təsbit olunmuş hüquq və təminatları pozulmuşdur. N.Əbilov konstitusiya şikayətində mülki iş üzrə qəbul olunmuş Ali Məhkəmənin MİÜMK-nın 09 fevral 2006-cı il tarixli qərarının və Ali Məhkəmənin Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Konstitusiyaya və qanunlara uyğun olmadığı üçün qüvvədən düşmüş hesab olunmasını xahiş edir.

Şikayətə Qusar rayon Dövlət Notariat Kontorunun Dövlət Notariusu tərəfindən N.Əbilovun adından və ya onun adına həmin Notariat Kontorunun 1998-ci ilin reyestr kitablarında heç bir əməliyyatın qeydə alınmamasına dair arayış əlavə edilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.      

Konstitusiyanın 29-cu maddəsinin I hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 13-cü maddəsinin I hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrinin biri Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin I hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Əsas Qanunun 125-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə məhkəmələr həyata keçirirlər.

Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur.

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir.

Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri).

Ədalətli məhkəmə araşdırması hüququnun mühüm elementlərindən biri prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşağı məhkəmə instansiyalarının aktlarından yuxarı instansiya məhkəməsinə şikayət və ya protest vermək hüququnun mövcudluğudur.

Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan MPM-də nəzərdə tutulmuş qaydada və hallarda apellyasiya şikayəti verilə bilər.

MPM-in 365-ci maddəsi ilə müəyyən edilmişdir ki, apellyasiya icraatına bu fəslin (41-ci fəsil) və bu Məcəllənin müddəaları tətbiq olunur. Prosessual qanunvericiliyin həmin müddəalarına görə apellyasiya instansiyası məhkəməsində işlərə bu məhkəmədə icraatı müəyyən edən MPM-in 41-ci fəslində göstərilmiş xüsusiyyətlərlə yanaşı, mülki prosesin prinsiplərinə, o cümlədən tərəflərin bərabər hüquqlara və imkanlara malik olması prinsipinə uyğun olaraq baxılır.

MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 385.1.1 və 385.1.3-cü maddələrində maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar kimi nəzərdə tutulmuşdur.

Ərizəçi apellyasiya şikayətində bir necə məsələni, o cümlədən birinci instansiya məhkəməsində iş üzrə keçirilmiş heç bir məhkəmə iclasına dəvət edilməməsini və hər hansı etirafedici izahatları vermədiyini qeyd etmişdir.

Mülki prosessual qanunvericiliyin tələblərinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında, yaxud ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəməyə çağırış vərəqələri ilə xəbərdar edilirlər (MPM-in 140.3-cü maddəsi). Çağırış vərəqəsi poçt vasitəsi ilə və ya hakimin tapşırdığı şəxslər tərəfindən çatdırılır. Ünvan sahibinə çağırış vərəqəsinin verilməsi vaxtı çağırış vərəqəsinin məhkəməyə qaytarılmalı olan kötüyündə qeyd edilir (MPM-in 142.1-ci maddəsi).

Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunun bu tələbləri pozulmuşdur. Belə ki, iş materiallarında N.Əbilova ünvanlanmalı olan çağırış vərəqəsinin kötüyü mövcud deyildir.

Qroşev Rusiyaya qarşı iş üzrə 20 oktyabr 2005-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etməyə yönəlib. Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, iş üzrə tərəf iclasda iştirak etmək imkanına malik olduğu tərzdə onun keçirilməsi barədə məlumatlandırılmadığı halda, ədalətli və açıq məhkəmə araşdırılması hüququ mahiyyətindən məhrum edilmiş olur.

İşin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün məhkəmə instansiyaları tərəfindən qəbul edilmiş məhkəmə aktlarında istinad olunan N.Əbilovun iddianı etiraf etməsinə gəldikdə isə, qeyd olunmalıdır ki, MPM-in 191.1-ci maddəsinə əsasən cavabdehin iddianı etiraf etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu cavabdeh imzalayır. Cavabdehin iddianı etiraf etməsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizədə ifadə olunmalıdır. Lakin, qanunvericiliyin bu tələblərinə əməl etməyərək, birinci instansiya məhkəməsi iddianı etiraf etməsi barədə işin materiallarında ərizənin mövcud olmamasını nəzərə almadan məhkəmə iclas protokolunda N.Əbilov tərəfindən imza ilə təsdiqlənməmiş ifadələrə əsaslanmışdır.

İnsan hüquqları üzrə Avropa Məhkəməsi Suxorubçenko Rusiyaya qarşı iş üzrə 10 fevral 2005-ci il tarixli qərarında hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsinin maddi-texniki təminatının həllində Razılığa gələn Yüksək Tərəflər geniş qiymətləndirmə hədlərinə malik olsa belə, dəqiq məhkəmə protokollarının aparılması Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində əks olunmuş ədalətli məhkəmə araşdırılması təminatının əsaslarından biridir (§ 45).

N.Əbilov apellyasiya şikayətində, həmçinin, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qanunun tələblərini pozaraq, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş girov müqaviləsinin mötəbərliyini yoxlamadan, həmin sənədə əsaslanaraq iddianı təmin etmişdir. Ərizəçi göstərmişdir ki, V.İsazadə tərəfindən məhkəməyə təqdim olunmuş girov müqaviləsi saxta olmaqla qətnamədə göstərildiyi kimi Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən rəsmiləşdirilməmişdir. Bununla əlaqədar ərizəçi Dövlət Notariusunun iş üzrə şahid qismində dindirilməsini xahiş etmişdir.

İşin materiallarından göründüyü kimi, V.İsazadə məhkəməyə N.Əbilovun adından yazılmış «raspiska» adlanan sənədin kserosurətini təqdim etmiş, məhkəmə isə həmin sənədi sübut növü kimi qəbul edərək iddianı təmin etmişdr.

Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi mülki mühakimə icraatını həyata keçirərkən MPM ilə müəyyən edilmiş qaydalara riayət etməmişdir.

MPM-in 89.1-ci maddəsinə müvafiq olaraq yazılı sübutlar - iş üçün  əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar,  işgüzar  yazışmalar  və  s.  sənəd  və materiallardır. Bu mənada qeyd olunmalıdır ki, MPM-in 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Lakin, mülki işə baxılarkən qanunun həmin tələbinə riayət edilməmiş, mülki işə əlavə edilmiş yuxarıda göstərilən yazılı sənədin surəti lazımi qaydada təsdiq olunmamışdır. Bu isə həmin sənədə sübut kimi istinad edilməsini istisna edir.

Yuxarıda göstərilən mülki prosessual normaların tələblərini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Qusar rayon məhkəməsi mübahisəni həll edərkən MPM-in tətbiq edilməli olan 9.1, 9.3, 88, 89.3, 191.1, 140.3, 142.1, 217.1 və 217.3-cü maddələrini tətbiq etməməklə, ərizəçinin Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnu pozmuşdur.

Məhkəmə səhvlərinin aradan qaldırılmasının təmin edilməsi məqsədi ilə MPM-in 372.1-ci madəsində müəyyənləşdirilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə  təqdim olunmuş  sübutlar əsasında mahiyyəti üzrə baxır. Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir.

Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyi halda, apellyasiya şikayətində irəli sürülən dəlilləri, o cümlədən V.İsazadənin borcun A.Əbilov tərəfindən alınmasını iddia etməsinə baxmayaraq, atasının hərəkətlərinə görə oğlu kimi məsuliyyət daşımalı olmadığı halda, qeyri-qanuni olaraq cavabdeh qismində işə cəlb olunması barədə dəlilləri hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi yalnız məhkəmə iclas protokolunda ərizəçinin anket məlumatlarının əks etdirilməsini onun məhkəmə iclasında iştirak etməsinin və etirafedici izahatlar verməsinin sübutu kimi qiymətləndirmiş, müqavilənin ərizəçi tərəfindən iddia olunan saxtalığının yoxlanılmasına ümumiyyətlə cəhd belə göstərməmiş və Qusar rayon Dövlət Notariat Kontorunun notariusunu məhkəmə araşdırmalarına cəlb etməmişdir.

Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi ərizəçi tərəfindən iddianın etiraf olunmasının daha bir sübutu kimi iddianın təmin etmə tədbiri barədə V.İsazadənin 24 sentyabr 2003-cü il tarixli ərizəsinə əsasən Qusar rayon məhkəməsinin 24 sentyabr 2003-cü il tarixli qərardadı üzrə Qusar rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları qrupu tərəfindən 24 sentyabr 2003-cü il tarixdə tərtib olunmuş akta istinad etmişdir.

Lakin, bunu edərkən apellyasiya instansiyası məhkəməsi iddianı təmin etmə barədə ərizənin 24 sentyabr 2003-cü ildə verilməsi, bu barədə məhkəmə qərardadının həmin gün qəbul olunması və onun icra olunmasına dair məhkəmə icraçıları tərəfindən aktın eyni gündə tərtib edilməsi, eləcə də iddianı təmin etmə tədbiri üzrə qərardadın icrası ilə bağlı aktda iddianın etiraf edilməsinin əks olunmasının qeyri-adi olması kimi aydınlıq tələb edən məqamlara toxunmamışdır.

Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi iddia müddəti barədə irəli sürülən dəlillərə dair onun tətbiq edilməsi ilə bağlı müvafiq ərizənin N.Əbilov tərəfindən təqdim olunmamasına istinad etməklə qüvvədə olan MM-in 375.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin bu dəlilini rədd etmişdir.

Bununla bağlı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qüvvədə olan MM-in mülki qanunvericiliyin zamana görə qüvvəsindən bəhs edən 7.1-ci maddəsinə əsasən Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Digər tərəfdən həmin Məcəllənin 7.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər.

Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.1-ci maddəsinin şərh edilməsinə dair» 28 yanvar 2002-ci il tarixli qərarındakı hüquqi mövqeyinə uyğun olaraq bir daha qeyd edir ki, mülki dövriyyə iştirakçılarının hüquq və mənafelərinin ədalətli təmini və səmərəli müdafiə olunmasının zəruriliyi, o cümlədən əvvəl yaranmış və davam edən hüquq münasibətlərinin bütövlüyünün və fasiləsizliyinin qorunması baxımından maddi mülki hüquq normalarının qüvvəsi belə normanın qəbul edildiyi müddətdən sonra yaranan münasibətlərə tətbiq edilir.

Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinin, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və qüvvədə olan MM-in təhlilindən görünür ki, həmin Məcəllənin 375.2-ci maddəsinin müddəalarının hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən əvvəlki müddətlərə şamil edilməmişdir.

İddia müddəti ilə bağlı isə apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən girov müqaviləsinin 1998-ci ildə bağlanması barədə nəticəyə gəlsə də, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş MM-in yuxarıda göstərilən və tətbiq edilməli olmayan maddəsini tətbiq etməklə qanunvericiliyin tələblərini nəzərə almamışdır.

Həmçinin, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, əvvəlki MM-in 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Bununla bağlı qeyd olunmalıdır ki, müəyyən olunmuş icra müddəti ilə öhdəliklər üzrə iddia müddətinin axımı, iddiaçı öz hüquqlarının pozulmasının vaxtını bildiyinə görə, öhdəliyin icra müddəti bitdikdə başlayır və ümumi qayda ilə hesablanır.

Məsələyə bu baxımdan yanaşanda aydın olur ki, V.İsazadənin icra müddəti bir il müəyyən olunmuş 28 sentyabr 1998-ci il tarixli müqavilə üzrə borcun tutulmasına dair 05 sentyabr 2003-cü il tarixli iddia tələblərinə aid məhkəmə tərəfindən iddia müddəti düzgün hesablanmamış və nəzərə alınmamışdır ki, əvvəlki MM-in 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilmişdir. Həmin Məcəllənin 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq olunur. Bu Məcəllənin 82-ci maddəsinə müvafiq olaraq isə iddia qaldırana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır.

N.Əbilov işə baxmış məhkəmələr tərəfindən yol verilən qanun pozuntularını göstərməklə kassasiya və əlavə kassasiya şikayətləri vermişdir.

MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. MPM-in 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi üçün əsasdır. MPM-in 424.2.3-cü maddəsinə əsasən kassasiya  instansiyası məhkəməsinin  qərarında onun istinad etdiyi motivlərin əsasının olmaması kassasiya qərarlarının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 429.0.3-cü maddəsinə görə Ali Məhkəmənin Plenumu kassasiya instansiyası məhkəməsinin qərarını tam və ya qismən və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini və ya qərardadını tam və ya qismən ləğv etmək, işi apellyasiya instansiyası məhkəməsinə yenidən baxılmağa göndərmək səlahiyyətinə malikdir.

Lakin, mülki prosessual qanunvericiliyin qeyd olunan normalarının ziddinə olaraq Ali Məhkəmənin MİÜMK Apellyasiya Məhkəməsinin MİÜMK tərəfindən işə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilmədən baxıldığını nəzərə almayaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən, Ali Məhkəmənin Plenumu isə 22 dekabr 2006-cı il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılan qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair Ali Məhkəmənin MİÜMK-nin 09 fevral 2006-cı il tarixli qərarını qüvvədə saxlamış, nəticədə, ərizəçinin Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi hüququ pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu K.Bunyatovun şikayəti üzrə 27 dekabr 2007-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyini bir daha xatırlayaraq qeyd edir ki, kassasiya qaydasında, eləcə də əlavə kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin MİÜMK-nın 09 fevral 2006-cı il tarixli qərarı MPM-in 417.3 və 418.1-ci maddələrinə və Ali Məhkəmənin Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarı MPM-in 424.2.3 və 429.0.3-cü maddələrinə, eləcə də hər iki qərar Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, ""Konstitusiya Məhkəməsi haqqında"" Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A   A L D I:

1. İddiaçı V.İsazadənin cavabdehlər N.Əbilov və A.Əbilova qarşı borc pulun alınması və tələbin girov qoyulmuş əmlaka yönəldilməsinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.3 və 418.1-ci maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 424.2.3 və 429.0.3-cü maddələrinə, eləcə də hər iki qərar Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti» və «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.    


Sədrilk edən                                                                                            Fərhad Abdullayev