AZƏRBAYCAN
RESPUBLIKASI ADINDAN
AZƏRBAYCAN
RESPUBLİKASI
KONSTİTUSİYA
MƏHKƏMƏSİ PLENUMUNUN
QƏRARI
Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 228.5-ci maddəsinə dair
27 may 2008-ci il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
F.Abdullayev (sədrlik edən), S.Salmanova, F.Babayev, S.Həsənova, B.Qəribov,
R.Qvaladze (məruzəçi hakim), E.Məmmədov, İ.Nəcəfov və Ə.Sultanovdan ibarət
tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Sumqayıt
Apellyasiya Məhkəməsinin hakimi Y.Cavadov, Azərbaycan Respublikası İnsan
Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdiri A.Səfixanlı və
əməkdaşı M.Məmmədov, Azərbaycan Respublikası Milli Məclisi Aparatının inzibati
və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi İ.Cəfərov və ekspert Bakı
Dövlət Universiteti mülki hüquq kafedrasının müdiri, hüquq elmləri namizədi,
dosent R.Dünyamalıyevanın iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI və VII
hissələrinə müvafiq olaraq açıq məhkəmə iclasında Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 228.5-ci maddəsinə dair konstitusiya işinə baxdı.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsi ilə bağlı
Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti və
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) sorğusu
üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin qanuni
nümayəndələrinin və ekspertin çıxışlarını dinləyib, işin materiallarını
araşdıraraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – «MM»)
228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin
onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış
sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış
binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına
çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər.
Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin
razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən
istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da
saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin
istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə (bundan sonra – «Konstitusiya Məhkəməsi») müraciət
edərək MM-in 228.5-ci maddəsinin üçüncü cümləsində göstərilmiş «mülkiyyətçinin
razılığı» ifadəsinin şərh olunmasını xahiş etmişdir. Müraciət onunla
əsaslandırılmışdır ki, qanunvericilik qeyd olunan müddəanın həyata keçirilməsi
qaydasını tənzimləmədiyindən məhkəmə təcrübəsində həmin normanın tətbiqi ilə
bağlı çətinliklər yaranmışdır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
(bundan sonra – «İnsan Hüquqları üzrə Müvəkkil») Konstitusiya Məhkəməsinə sorğu
ilə müraciət edərək MM-in 228.5-ci maddəsinin Azərbaycan Respublikası
Konstitusiyasına (bundan sonra – «Konstitusiya») uyğunluğunun yoxlanılmasını
xahiş etmişdir.
Sorğu onunla əsaslandırılmışdır ki, mübahisələndirilən normada
yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin digər ailə
üzvlərinin (ərin, arvadın) yaşayış binasının tərkib hisəssindən istifadə
hüququnun mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da
saxlanılmasının nəzərdə tutulması mülkiyyətçinin Konstitusiyanın 13 və 29-cü
maddələri ilə təmin olunan mülkiyyət hüquqlarını məhdudlaşdırır. Sorğuverən
həmçinin bildirmişdir ki, həmin maddədə mülkiyyətçinin ailə üzvlərinin yaşayış
binasının tərkib hissəsindən istifadə etmək hüququnun bu Məcəllənin qüvvəyə
mindiyi gündən yaranmasının göstərilməsi Konstitusiyanın 149-cu maddəsinin VII
hissəsinə ziddir.
Məsələni mahiyyəti üzrə həll etməzdən əvvəl qeyd edilməlidir ki,
Konstitusiya Məhkəməsi MM-in 228-ci maddəsinin tətbiqinə dair əvvəllər də
qərarlar qəbul etmiş və bir sıra məsələlərə aydınlıq
gətirmişdir.
Belə ki, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci
maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair»
Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə
gəlmişdir ki, 2001-ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən)
istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı
mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək
yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin
123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26
sentyabr 2007-ci il tarixli qərarında, MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq,
mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd
etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə
tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə
gəlmişdir.
Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya
onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir
neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ),
digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür.
Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və
mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata
keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin
müddəaları nəzərə alınmalıdır.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan qərarlardakı hüquqi
mövqeyinə uyğun olaraq sorğunun və müraciətin predmeti ilə bağlı mülkiyyət
hüququ ilə istifadə hüququ arasında yaranan qarşılıqlı əlaqələrin hüquqi
təhlilinin aparılmasını zəruri hesab edir.
Qanunverici mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən
qorunmasına dair konstitusiya prinsipindən çıxış edərək, qüvvədə olan MM-in
228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair
qaydaları müəyyən etmişdir.
Əgər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin
birinci hissəsi yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü
ailə üzvlərinin evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək
hüquqlarını onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməməsi halından
asılı edirdisə, 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş MM-in 228.1-ci
maddəsi müəyyən etmişdir ki, yaşayış binasının tərkib hissəsinin
mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə
hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət
reyestrində qeydə alınmış olsun.
Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib
hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və
xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı
razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə
hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin
məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya
verilməsi yolu ilə xitam verilə bilər.
MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi
yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün
aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur:
- mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması;
- həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi;
- istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə
alınması.
Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət
hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş
geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz
tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan
istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə
müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər
şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət
tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü
şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və
maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. … Ayrıca olaraq vurğulanmalıdır
ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya
digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə
Konstitusiya Məhkəməsi Plenumunun qərarı).
«Azərbaycan Respublikası bəzi qanunvericilik aktlarına əlavələr
və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 21 oktyabr
2005-ci il tarixli Qanunu ilə MM-ə 228.5-ci maddə əlavə edilmişdir (14 dekabr
2005-ci il tarixdən qüvvəyə minib).
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mənzil
qanunvericiliyi mülki hüququn tərkib hissələrindən biridir. Yaşayış sahələri
yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik,
onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri
tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa
məsələlər mənzil qanunvericiliyi ilə tənzimlənməlidir. Başqa hallarda isə,
Mülki Məcəllənin mənzil sahəsində mövcud münasibətlərinə yönələn normaları, o
cümlədən MM-in 228-ci maddəsi əsas rol oynayır.
Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi
statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə
«yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır.
«Mülkiyyət hüququ»nun anlayşı MM-in 152.1-ci maddəsində verilir. Bu
maddəyə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşya) öz
istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək
üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun birinci xüsusiyyəti
mülkiyyətçiyə məxsus olan yaşayış sahəsi üzrə onun hüquqlarının əmlakın
təyinatına uyğun olaraq, yəni müstəsna olaraq mülkiyyətçinin və onun ailə
üzvlərinin şəxsi yaşaması, eləcə də ona məxsus yaşayış sahəsinin başqa
şəxslərin yaşaması məqsədi ilə əvəzli və ya əvəzsiz verilməsi və s. üçün həyata
keçirilməsindən ibarətdir. Yaşayış sahəsi başqa məqsədlər üçün istifadə edilə
bilməz. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun ikinci xüsusiyyəti ondan
ibarətdir ki, çox mənzilli binada mənzil əldə edərkən mülkiyyətçi yalnız
yaşayış sahəsinə deyil, həm də, binanın ümumi mülkiyyətinə payı əldə edir.
Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun üçüncü xüsusiyyətini mülkiyyətçidən
başqa ona məxsus olan yaşayış sahəsində yaşayan digər şəxslərin hüquqlarının
mövcudluğu təşkil edir. Məhz bu məqamda «yaşayış binasının tərkib hissəsindən
istifadə hüququ» meydana gəlir.
MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının
tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri,
arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə
etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə
yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış
sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının
tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə
alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri
ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi
daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin
ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi
yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi
mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin
dairəsinə düşmür.
Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in
228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17-ci maddəsinin II
hissəsindən və 34-cü maddəsinin IV və V hissələrindən, eləcə də Azərbaycan
Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən
irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə
arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları
tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması,
valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların
borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və
məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması
və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış
yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin
olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə
üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ
mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə
əlaqələri əsasında yaranır.
Qeyd edilməlidir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti
tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq
və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə
üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ
mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə
üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış
sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi
qiymətləndirilməlidir.
Həmin əmlakın özgəninkilləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən
sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn
mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən
mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət
hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən
biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən
(mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün
Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb
olunur.
MM-in 228.5-ci maddəsi onu da nəzərdə tutur ki, yaşayış binasının
tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan
uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə
üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə, MM-in 228.5-ci maddəsi
həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun
bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin
mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə
köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Göründüyü kimi
qanunvericilik bu müddəada qeyd olunan şəxslərin yaşayış binasının tərkib
hissəsinə köçürülməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Lakin, bunun üçün
mülkiyyətçinin razılığının xüsusi olaraq mütləq şərt kimi müəyyən edilməsi qeyd
olunan şəxslər tərəfindən yaşayış binasının tərkib hissəsindən əldə edilən
istifadə hüququnun mülki hüquq sahəsi baxımından əşya hüququ kimi
qiymətləndirilməli olmasına dəlalət edir.
Müraciətə görə isə MM-in 228.5-ci maddəsində əks olunan bu müddəanın,
yəni «mülkiyyətçinin razılığı»nın təcrübədə müxtəlif təfsirinə, o cümlədən
mülkiyyətçi tərəfindən digər şəxslərin köçürülməsinə etirazın edilməməsinin
faktiki razılıq kimi qəbul edilməsinə rast gəlinir.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyanın 94-cü
maddəsinin I hissəsinin 13-cü bəndinə əsasən mülkiyyət hüququ ilə bağlı ümumi
qaydaların müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinin
səlahiyyətindədir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Şrimer Polşaya qarşı iş üzrə
21 sentyabr 2004-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə
«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya dair
1 saylı Protokolun 1-ci maddəsinin ikinci bəndi Dövlətlərə hüquq verir ki,
ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək
üçün zəruri hesab etdikləri qanunları qəbul etsinlər. Belə qanunlar müasir
cəmiyyətlərimizdə ictimai və iqtisadi siyasətin əsas marağında olan mənzil sahəsinə
xüsusilə xasdır (§ 34).
Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini
Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan
qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik
prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə
aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan insanlar qanunla
müəyyən olunmuş qaydada daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının
həqiqiliyinə etimad göstərməlidirlər. İnsanlar həmin reyestrdən əldə etdikləri
məlumatları şübhə altına alan, dəyişən xarakterə malik olan və özü üçün neqativ
nəticələrə səbəb olan başqa yeni məlumatları daimi olaraq gözləməməlidir.
Bu baxımdan vurğulanmalıdır ki, MM-in 228.5-ci maddəsində əks olunmuş
«mülkiyyətçinin razılığı» müddəasının həmin Məcəllənin 228.1 və 228.2-ci
maddələrinin ziddinə təfsiri Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı),
29 (mülkiyyət hüququ), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi) və 149-cu
(qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin
müddəaları ilə uyğunsuzluğa gətirib çıxara bilər.
Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki,
MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin
Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh
olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı
şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Həmin müddəanın belə şərhi
mülkiyyətçinin Konstitusiyanın 13 və 29-cu maddələrində təsbit olunmuş təminat
və hüquqlarını pozmur.
Sorğuda, həmçinin, İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən MM-in
228.5-ci maddəsinin «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən
istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da
saxlanılır» müddəasının Konstitusiyaya uyğunluğu mübahisələndirilir.
Mübahisələndirilən müddəada göstərilən qayda ilə Konstitusiya
Məhkəməsi Plenumunun yuxarıdakı hüquqi mövqeyinə uyğun olaraq MM-in 228.1 və
228.2-ci maddələrinə əsasən yazılı bağlanılmış, notariat qaydasında təsdiq
edilib müvafiq reyestrdə qeydə alınaraq yaşayış binasının tərkib hissəsi
üzərində digər ailə üzvlərində yaranmış istifadə hüququ nikah
münasibətlərinin mövcudluğu ilə hər hansı formada əlaqələndirməmişdir.
Qeyd edildiyi kimi, yaşayış binasının tərkib hissəsindən istifadə
hüququna xitam verilməsi MM-in 228.2-ci maddəsinə əsasən mülkiyyətçi ilə
bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyən olunur.
Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında
razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən
bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə
bilər.
Konstitusiya Məhkəməsinin Plenumu özünün yuxarıdakı hüquqi mövqeyinə
uyğun olaraq belə nəticəyə gəlir ki, MM-in 228.2 və 228.5-ci maddələrinə əsasən
notariat qaydasında təsdiqlənən yazılı razılaşma üzrə daşınmaz əmlakın dövlət
reyestrində qeydə alınmış yaşayış binasının tərkib hissəsindən istifadə hüququ müstəqil
mahiyyətə malikdir və bu hüquqa xitam verilməsinin şərtləri tərəflərin
razılaşmada ifadə etdikləri iradəsindən asılıdır (razılaşmada həmin hüquqa
xitam verilməsinin nikahın pozulması ilə əlaqələndirilməsi istisna
olunmur).
Sorğuverənin mübahisələndirdiyi ikinci müddəaya gəldikdə isə, qeyd
olunmalıdır ki, MM-in 228.5-ci maddəsində «yaşayış binasının tərkib hissəsindən
mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə
mindiyi gündən yaranır» müddəası öz əksini tapmışdır. Həmin hüquq normasının
mənasına görə MM-in 228.5-ci maddəsində yaşayış binasının tərkib hissəsindən
mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ ilə bağlı müddəaların
qüvvəsi geriyə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qüvvəyə mindiyi vaxta
şamil edilmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu bu məsələ ilə əlaqədar qeyd edir
ki, Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə əsasən fiziki və hüquqi
şəxslərin hüquqi vəziyyətini yaxşıllaşdıran, hüquq məsuliyyətini aradan
qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil
edilir. Başqa normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
Konstitusiyanın 98-ci maddəsinə görə qanunun və Azərbaycan
Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa,
qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir. Konstitusiya Məhkəməsinin
Plenumu ««Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər
edilməsi barədə» Azərbaycan Respublikasının 28 noyabr 2003-cü il tarixli
Qanununun II hissəsinin şərh edilməsinə dair» 07 sentyabr 2004-cü il tarixli
qərarındakı hüquqi mövqeyə uyğun olaraq bu maddənin mənasına görə qanunun və
qərarın özündə onların qüvvəyə minməsi vaxtı göstərildiyi halda qanun və qərar
özündə müəyyən edilən tarixdən qüvvəyə minir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də
mülki qanunvericiliyin geriyə şamil olunması «İnsan hüquqlarının və əsas
azadlıqların müdafiəsi haqqında» Konvensiyanın müddəaları ilə açıq-aşkar
qadağan edilməyib və müəyyən hallarda haqlı ola bilər (Melnik Ukraynaya qarşı
iş üzrə 28 mart 2006-cı il tarixli Qərar, § 30).
Eyni zamanda, MM-in mülki qanunvericiliyin zamana görə qüvvəsindən
bəhs edən 7.1-ci maddəsinə əsasən Konstitusiyanın 149-cu maddəsinin VII
hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik
müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ
gəlmiş münasibətlərə tətbiq edilir. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən
qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi
ola bilər. Bu Məcəllənin 7.3-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, mülki
hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə,
mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz.
Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, normativ-hüquqi
aktın fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşıllaşdıran, hüquq
məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən hesab edilməsi onunla
tənzimlənən münasibətlərin hər bir iştirakçısının hüquq və azadlıqlarına müsbət
təsir etməsi ilə bağlıdır. Konstitusiya Məhkəməsi Plenumunun MM-in 228.5-ci
maddəsinə dair yuxarıdaki hüquqi mövqeyi baxımından isə həmin maddənin
müddəaları mülki hüquq münasibətlərinin heç bir iştirakçısının, o cümlədən
mülkiyyətçinin hüquqi vəziyyətini pisləşdirmir, əksinə mülkiyyətçi və onun ailə
üzvləri ilə bağlı müəyyən hüquq və təminatları nəzərdə tutmaqla onların
hüquqi vəziyyətini daha aydın etməklə yaxşıllaşdırır. MM-in 228.5-ci maddəsində
nəzərdə tutulan digər ailə üzvlərinə gəldikdə isə, Konstitusiya Məhkəməsi
Plenumunun yuxarıda göstərilən hüquqi mövqeyinə görə həmin şəxslərin yaşayış
binasının tərkib hissəsindən istifadə hüququ MM-in 228.1 və 228.2-ci maddəsinə
müvafiq olaraq yarandığından mübahisəli müddəanın geriyə şamil olunması nə bu
şəxslərin, nə də mülkiyyətçinin hüquqi vəziyyətinin dəyişdirilməsinə səbəb
olmur.
Konstitusiya Məhkəməsinin Plenumu mülkiyyət hüququ ilə yaşayış
sahəsindən istifadə hüququnun müəyyən mənada mütənasib şəkildə
tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gələrək onu da qeyd etməyi
zəruri hesab edir ki, son illər ərzində Mülki Məcəllənin və Mənzil Məcəlləsinin
normalarının qarşılıqlığı ilə bağlı bir çox məsələlər ortaya çıxıb. Yaranmış
problemin dərinliyinə varmadan, yalnız onu qeyd etmək lazımdır ki, iyirmi beş
ildən artıq müddət əvvəl qəbul olunmuş Mənzil Məcəlləsi mövcud olan yeni
sosial-iqtisadi şəraitdə yaranmış ictimai münasibətlərə uzun müddət cavab
vermir, ona görə ki, əsasən dövlət və ictimai mənzil fonduna aid olan yaşayış
sahəsinin sosial kirayə müqavilələrin tənzimlənməsinə yönəlmişdir. Bu baxımdan
mövcud olan hüquqi şərait mülkiyyətçinin ailə üzvlərinin və digər şəxslərin
hüquqi vəziyyətini tənzimləyən mənzil qanunvericiliyinin qəbul olunmasını tələb
edir.
Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə
nəticəyə gəlir ki:
MM-in 228.5-ci maddəsinində əks olunmuş «mülkiyyətçinin
razılığı» müddəası konstitusiya-hüquqi mənasına görə həmin Məcəllənin 228.2-ci
maddəsinin tələbləri baxımından tətbiq edilməklə mülkiyyətçinin razılığı yazılı
şəkildə bağlanan notariat qaydasında təsdiqlənən razılaşmada ifadə edilməli;
MM-in 228.5-ci maddəsində əks olunmuş «həmin şəxslərin yaşayış
binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə
münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəası Konstitusiyaya
uyğun hesab edilməli və yaşayış binasının tərkib hissəsindən digər şəxslərin
istifadə hüququna xitam verilməsinin MM-in 228.2-ci maddəsinə uyğun olaraq
tərəflərin yazılı bağladıqları razılaşma ilə təyin edilməlidir (razılaşmada
həmin hüquqa xitam verilməsinin nikahla əlaqələndirilməsi istisna olunmur);
MM-in 228.5-ci maddəsində nəzərdə tutulan «yaşayış binasının tərkib
hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin
qüvvəyə mindiyi gündən yaranır» müddəası Konstitusiyanın 149-cu maddəsinin VII
hissəsinə uyğun hesab olunmalıdır;
yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin
hüquqi vəziyyətini tənzimləyən mənzil qanunvericiliyinin qəbul edilməsi
Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə
edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və VI
hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun
52, 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin
«mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən
olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən
razılaşmanı nəzərdə tutur.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin
«həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ
mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır»
müddəası Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə
uyğun hesab edilsin.
Yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə
hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir.
3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin
«yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə
etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır» müddəası Azərbaycan
Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə uyğun hesab
edilsin.
4. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin
hüquqi vəziyyətini tənzimləyən mənzil qanunvericiliyinin qəbul edilməsi
Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə
edilsin.
5. Qərar elan edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə əsasən bu Qərarın qüvvəsi onun
qüvvəyə mindiyi gündən sonra baxılan mübahisələrə şamil
olunur.
6. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi»
qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda
dərc edilsin.
7. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə,
dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədrlik edən
Fərhad Abdullayev
X Ü S U S İ
R Ə Y
27 may 2008-ci il tarixdə Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu (bundan sonra – KM) Sumqayıt Apellyasiya Məhkəməsinin
müraciəti və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin
(Ombudsmanın) sorğusu əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin
(bundan sonra – MM) 228.5-ci maddəsinə dair qərar qəbul etmişdir. Biz bu
qərarın təsviri-əsaslandırıcı hissəsini bəzi məqamlarını ziddiyyətli hesab
etsək də, onun nəticə hissəsinin 1, 2 və 4-cü bəndlərinə səs vermişik. Bu hissənin
1 və 2-ci bəndləri MM-in 228.5-ci maddəsinin əksər müddəalarını MM-in 228.1 və
228.2-ci maddələrinin müddəalarına tarazlaşdıraraq KM-in hakimləri mülkiyyət
hüququna dair öz mövqeləri arasında müəyyən kompromis yaratmağa çalışmışlar.
Lakin biz bunu səbəb kimi istifadə edərək MM-in 228.5-ci maddəsinin
son müddəasının Konstitusiyaya uyğunluğunu tanıyan KM-in qərarının nəticə
hissəsinin 3-cü bəndi ilə qəti razı deyilik. Biz hesab edirik ki, bu bənd
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya)
müddəalarına, beynəlxalq hüquq aktların tələblərinə, hüquq nəzəriyyəsində ümumi
qəbul edilmiş müddəalarına və indiyə kimi digər baxılmış işlər üzrə KM-in
qərarlarında əks olunmuş onun özünün hüquqi mövqelərinə də ziddir.
KM-in qərarı ilə tanış olarkən təsəvvür yarana bilər ki, Ombudsman
tərəfindən mübahisələndirilən məsələnin müxtəlif nöqteyi-nəzərdən
araşdırılmasına kompleks hüquqi yanaşma əvəzinə, KM ümumi kontekstdən
çıxarılmış Konstitusiyanın bəzi müddəalarına istinad etməklə MM-in 228.5-ci maddəsinin
reallığını nəzərə alaraq onun son müddəasının hər hansı şəxsin ziyanına
tanımasının məqsədə müvafiq olmadığını hüquqi cəhətdən əsaslandırmaq
görüntüsünü yaratmışdır.
KM bir çox məsələlərə toxunmadan hesab etmişdir ki, bu maddənin
müddəaları həm mülkiyyətçinin həm də onunla birgə yaşayan ailə üzvlərinin
və digər şəxlərin hüquqi vəziyyətini yaxşılaşdırdığına görə onun qüvvəsi geriyə
şamil oluna bilər. Lakin KM belə vəziyyətin mülkiyyətçinin və onunla birgə
yaşayan ailə üzvlərinin qanuni mənafelərinin üst-üstə düşmədiyi, onların
arasında razılıq və ya müqavilə olmadığı, aralarında faktiki münasibətlərin
yarandığı zaman müvafiq hüquq normasının mövcud olmadığı və bu normanın 5 ildən
sonra meydana gəldiyi bir şəraitdə mümkünlüyünü şərh etməmişdir.
Belə yanaşma ilə razı olmadığımıza görə biz KM-in digər hakimlərinin
fikirləri ilə tamamilə fərqli mövqe tutmaq və bundan sonra təfərrüatı ilə ifadə
olunan xüsusi rəydə qalmaq qərarına gəldik.
İlk əvvəl göstərilməlidir ki, mübahisə doğuran məsələnin qısa fabulası
aşağıdakılardan ibarətdir:
1 sentyabr 2000-ci il tarixdən qüvvədə olan MM-in 228.1 və 228.2-ci
maddələri müəyyən edir ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin
ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər
ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış
binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata
keçirilməsi şərtələri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat
qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış
binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında
razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən
bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər;
21 oktyabr 2005-ci il tarixdən qüvvədə olan MM-in 228.5-ci maddəsi
isə müəyyən edir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin
onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış
sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış
binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına
çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər.
Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin
razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən
istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da
saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin
istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Beləliklə, 5 il müddətində mülkiyyətçinin ailə üzvlərinin və digər
şəxslərin onun yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun
tanımasının ümumi qaydasının mövcudluğundan sonra qanunverici tərəfindən
yaşayış binasının tərkib hissəsindən mülkiyyətçi ilə birgə yaşayan ailə üzvləri
(əri, arvadı, valideynləri, uşaqları) və digər şəxslərin onunla bərabər
istifadə hüququnun tanınması üçün fərqli qayda müəyyən olunmuşdur. Buna əlavə
olaraq MM-in 228.5-ci maddəsinin son müddəasında qanunverici həmçinin müəyyən
etmişdir ki, həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ bu maddənin
deyil, MM-in qüvvəyə mindiyi gündən yaranır. Bu hal isə mahiyyət etibarilə
əvvəlki tarixlə bəzi şəxsləri MM-in 228.1 və 228.2-ci maddələrinin
müddəalarının qüvvəsindən kənara qoyur.
KM öz qərarında yaşayış binasının tərkib hissəsindən istifadə
hüququnun əmələ gəlməsi üçün mülkiyyətçi ilə birgə yaşayan ailə üzvləri və
digər şəxslər arasında müəyyən differensiasiya aparmağa cəhd etmişdir. Bunun
üçün o, MM-in 228.5-ci maddəsinin bəzi müddəalarını 228.2-ci maddəsinin
müddəalarına bağlamaqla mülkiyyətçinin ailə üzvünün ərin və ya arvadın da belə
hüququnun əmələ gəlməsi üçün yazılı bağlanan notariat qaydasında təsdiqlənən
razılaşmanın mövcud olmasını şərt kimi göstərməklə kifayətlənmişdir.
Lakin qeyd olunmalıdır ki, mülkiyyətçinin ailə üzvlərinin və onların yetkinlik
yaşına çatmış uşaqlarının yaşayış binasının tərkib hissəsindən istifadə
hüququnun əmələ gəlməsi üçün nə MM-in 228.5-ci maddəsinin müddəalarında, nədə
ki KM-in qərarında göstərilən razılaşma tələb olunmur.
Bu isə o deməkdir ki, MM-in 228.5-ci maddəsinin son müddəasını nəzərə
almaqla mülkiyyətçinin ailə üzvlərinin və onların yetkinlik yaşına çatmış
uşaqlarının yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ
gəlməsi üçün onların 1 sentyabr 2000-ci il tarixdən həmin yaşayış sahəsində
yaşaması əsas meyar kimi çıxış etməlidir. Belə olan halda isə MM-in
228.5-ci maddəsinin son müddəasının qüvvədə qalması onun Konstitusiyaya
uyğunluğunun mübahisələndirilməsinin aktuallığını tamamilə aradan götürmür.
Xüsusilə qeyd olunmalıdır ki, KM hələ 27.07.2001-ci il tarixdə özünün
«Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil
Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair»
qərarında artıq bəyan etmişdir ki, 1 sentyabr 2000-ci il tarixdən sonra
yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM-in 228.1 və 228.2-ci
maddələrinin qaydalarına uyğun həll edilməlidir.
Baxmayaraq ki, həmin qərar 27 iyul 2001-ci il tarixdən indiyədək
qüvvədədir, KM-in Plenumu özünün 27 may 2008-ci il tarixli qərarı ilə nəinki 21
oktyabr 2005-ci il tarixdə meydana çıxmış MM-in 228.5-ci maddəsinin son
müddəasının Konstitusiyaya uyğunluğunu tanımış, o həmçinin mahiyyət etibarilə
hüquqtətbiqedicini ağır bir seçim qarşısında qoymuşdur. Belə ki, bundan sonra
hüquqtətbiqedici özü həll etməlidir ki, mülkiyyətçinin və onunla birgə yaşayan
digər ailə üzvlərinin və digər şəxslərin arasında olan mübahisələrin
tənzimləməsində münasibətlər 1 sentyabr 2000-ci il tarixdən sonra, lakin MM-in
228.5-ci maddəsindən əvvəl yaranmışdırsa, KM-in hansı qərarı rəhbər tutmalıdır.
Hesab edirik ki, çaşqınlıq doğura biləcək anlaşılmazlığa yol verməmək
üçün KM, konstitusiya müddəalarına tam şəkildə, o cümlədən mülkiyyət hüququna
dair müddəalara, bütün bu müddəalarla bağlı olan hüquqi məsələlərə, habelə
özünün əvvəllər bəyan etdiyi hüquqi mövqelərinə münasibətdə daha diqqətli
olmalı idi.
Məlumdur ki, Konstitusiyanın 13 və 29-cu maddələrində göstərilənlərə
görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən
müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlakı ola bilər.
Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları birlikdə əmlaka sahib
olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından
ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə
bilməz.
Mülkiyyət hüququ əsas insan hüquqlarından biridir. Digər konstitusiya
hüquqları ilə yanaşı mülkiyyət hüququnu gözləmək və qorumaq qanunvericilik,
icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Konstitusiyanın 71-ci
maddəsinin I hissəsi).
Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi
aktlarda da əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur
(İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, Mülki və siyasi
hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi və s.).
İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına
1 saylı əlavə Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz
mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları
naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş
şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Qeyd olunmalıdır ki, göstərilən beynəlxalq aktlar, o cümlədən İnsan
hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına 1 saylı
əlavə Protokol hər bir şəxsin mülkiyyətinə hörmətlə yanaşılması hüququnu, yəni
məhz həqiqi əmlak hüququnu təmin edir. Heç kəs mülkiyyət hüququna verilən
təminatlara özbaşına müdaxilə edə bilməz.
«R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli
qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair» Konstitutusiya Məhkəməsinin 26 sentyabr
2007-ci il tarixli qərarında məhkəmə artıq qeyd etmişdir ki:
Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki
mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus
olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün
təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın
hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan
qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan
maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış
həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək,
bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək
səlahiyyətidir;
Subyektlər arasında razılığın mövcudluğu münasibətlərin qanunun
tələblərinə zidd olmayan qaydada qurulması üçün əsas ola bilər. Lakin razılıq
olmadıqda münasibətlərin hüquq əsasında nizamlanması zəruridir. Münasibətlərin
məhz hüquq münasibətləri kimi qəbul olunması üçün onları hüquq norması
(normaları) vasitəsilə tənzimlənməsi tələb olunur. Bu halda belə münasibətlər
biri-birindən öz strukturuna, yəni subyektlər, obyekt, subyektiv hüquq və
hüquqi vəzifələrinə görə fərqlənir. Sonuncu iki element hüquq münasibətlərinin
hüquqi məzmununu yaradır. Bu isə subyektlərin qanunda nəzərdə tutulan hədlər
üzrə həmin qanunla təmin edilən davranış çərçivəsini müəyyənləşdirir;
Azərbaycan Respublikasında mülkiyyət və yaşayış sahəsindən istifadə
etmək hüquqlarının həyata keçirilməsi ilə bağlı yaranmış mübahisələrin həlli
zamanı həm beynəlxalq hüquq normaları, həm də milli qanunvericiliyin müddəaları
nəzərə alınmalıdır.
Fikrimizcə, MM-in 228.5-ci maddəsinin son müddəasının Konstitusiyaya
uyğunluğuna dair məsələnin hüquqi təhlili Konstitusiyanın 25-ci maddəsinin I
hissəsində təsbit edilmiş hamının qanun və məhkəmə qarşısında bərabərliyi
prinsipi ilə davam etdirilməlidir.
Hüquqi dövlətin başlıca əlamətlərindən biri kimi hüquqi bərabərlik
hüquqların, azadlıqların və vəzifələrin bərabərliyini ifadə edir. Digər
məqamlarla yanaşı bu hal onu da nəzərdə tutur ki, hüquqların normalaşdırılması
nəticəsində hər kəs eyni dərəcədə əhəmiyyətli olan özünə məxsus hüquq və
vəzifələrə malikdir. Təsadüfi deyildir ki, Konstitusiyanın 149-cu maddəsinin I
hissəsində qeyd olunur ki, normativ-hüquqi aktlar hüquqa və haqq-ədalətə
(bərabər mənafelərə - bərabər münasibətə) əsaslanmalıdır.
Dövlət hakimiyyətinin hər hansı qolu, o cümlədən qanunvericilik
hakimiyyəti öz səlahiyyətlərini bir tərəfin maraqlarına, digər tərəfin isə
ziyanına xidmət edən tərzdə istifadə etməməlidir. Belə yanaşma Konstitusiyanın
71-ci maddəsinin II hissəsində nəzərdə tutulmuş insan və vətəndaş hüquqlarının
və azadlıqlarının həyata keçirilməsini heç kəsin məhdudlaşdıra bilməməsi
müddəasından irəli gəlir.
Konstitusiya müddəalarında həmçinin göstərilir ki, qanunlar qəbul
edildiyi gündən 14 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə
imzalanmaq üçün təqdim edilir (97-ci maddənin I hissəsi). Azərbaycan
Respublikasının Prezidenti qanunları imzalayır və dərc edir (109-cu maddənin
19-cu bəndi). Qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının
özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən
qüvvəyə minir (98-ci maddə).
Konstitusiya müddəalarına görə qanunun özündə onun qüvvəyə minməsi
anı göstərildiyi halda bu qanunun həqiqətən həmin andan qüvvəyə minməsinin
mümkünlüyü göstərilsə də, «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə
və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 28 noyabr 2003-cü
il tarixli Qanununun II hissəsinin şərh edilməsinə dair Konstitutusiya
Məhkəməsinin 7 sentyabr 2004-cu il tarixli qərarında qeyd olunduğu kimi Avropa
Məhkəməsinin təcrübəsinə görə qanun açıq-aşkar, sadə, aydın olmalı, qabaqcadan
xəbər verilməklə son dərəcədə dəqiq və dürüst ifadə edilməli, həmçinin onun
təsiri altına düşən şəxslərə rəftar zamanı özbaşınalığa rəvac vermə təhlükəsinə
qarşı təminatları özündə cəmləşdirilməlidir.
Qanun dərc edilməmişdən əvvəl ona görə qüvvəyə minə bilməz ki, bütün
maraqlı şəxslər onun məzmunu ilə tanış olmalıdırlar. Qanunun imzalandığı andan
qüvvəyə minməsi, xüsusi ilə əgər onun müddəaları bir-birinə qarşı duran
tərəflərdən heç olmasa birinin hüquq və qanuni maraqlarını məhdudlaşdırarsa,
həmin Qanunun qüvvəsinin onun qəbul edilməsindən əvvəlki dövrə şamil edilməsi
yol verilməzdir. Belə ki, ümumi qəbul olunmuş qanunvericilik təcrübəsinə görə
yalnız insan və vətəndaşların hüquqlarına, azadlıqlarına, vəzifələrinə,
məsuliyyətinə, maraqlarına toxunmayan və dövlət orqanlarına ünvanlanmış
qanunlar onların dərc edilməsindən əvvəl olan andan qüvvəyə minə bilərlər.
Lakin qanun hər hansı xüsusi maraqlara toxunarsa, onun əvvəlki tarixdən qüvvəyə
minməsi ona görə mümkün deyildir ki, onu tətbiqedənlər və ondan
istifadəedənlər yeni qanunu öyrənsinlər və öz fəaliyyət və davranışlarını onun
tələblərinə uyğunlaşdırsınlar.
Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiyasının
149-cu maddəsinin VII hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi
vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya
yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa
normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən də Konstitusiyanın 149-cu maddəsinin VII
hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla mülki qanunvericilik
müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ
gəlmiş münasibətlərə tətbiq edilir. Mülki qanunvericilik müddəalarının tətbiqi
mülki hüquq subyektlərinə ziyan vurarsa və ya bu subyektlərin vəziyyətini
pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi yoxdur.
Beləliklə, Konstitusiya müddəaları qanunun qüvvəyə minməsi anının
qanunun özündə göstərilməsinin və qanunun qüvvəsininin onun qüvvəyə minməsindən
əvvəl yaranmış münasibətlərə şamil olunmasının mümkünlüyünü ehtiva etsə
də belə, qanunverici bu məsələni həll edərkən, özbaşına hərəkət etməməli və heç
kəsin həmin Konstitusiyada müdafiə altına alınmış hüquqlarını pozmamalıdır.
Eyni zamanda qanunverici, qanunu tətbiqedənlər və ondan
istifadəedənlər yeni qanunun geriyə şamil edilməsindən o halda bəhs edə
bilərlər ki, bunun nəticəsində mülki qanunvericiliklə tənzimlənməmiş
münasibətlər tənzimlənmiş olsun, mülki dövriyyənin iştirakçıları üçün daha
imtiyazlı hüquqi recim yaradılsın və ya onların hüquqları və qanunla qorunan
mənafelərinin gücləndirilmiş müdafiəsi təmin edilsin.
Razılıq olmadığı halda mülkiyyətçi və onunla birgə yaşayış binasının
tərkib hissəsində yaşayan ailə üzvləri və onların yetkinlik yaşına çatmayan
uşaqları arasında olan münasibətlər üzrə mülkiyyətçinin hüquq və qanuni
mənafeləri baxımından MM-in 228.5-ci maddəsinin son müddəası yuxarıda
sadalanmış hallardan heç birinə uyğun gəlmir.
Belə qiymətləndirilmə aparmaq üçün hüquq münasibətlərinin, o cümlədən
mülki hüquq münasibətlərinin qanunvericilik qaydasında tənzimlənməsinə dair
hüquq nəzəriyyəsində ümumi qəbul edilmiş mövqeləri göstərmək lazımdır.
Qanun – ictimai münasibətlərin xüsusi, rəsmi və dövlət
tənzimləyicisidir. Onun vasitəsi ilə bu münasibətlər qanunlaşdırılır və nizama
salınır. Bu isə münasibətlərə sabitlik və davamlılıq gətirmək, habelə onları
arzu olunan yönə istiqamətləndirmək üçün zəruridir.
Qanun normaları bəzi hərəkətləri qadağan edə, digərlərinə icazə verə,
üçüncüləri isə həvəsləndirə bilər, subyektlərin davranışını müəyyən edərək
onların şəxsi istəklərini və məqsədlərini məhdudlaşdıra və ya genişləndirə
bilər, göstərişlərinin pozulmasına görə məsuliyyəti nəzərdə tuta bilər.
Hüquq nəzəriyyəsində hüquq münasibətlərinin hüquq normalarından
müstəqil və ayrı mövcud olması qəbul olunmur. Hüquq münasibəti yalnız hüquq
normasının əsasında yaranır və fəaliyyət göstərir.
Mülki hüquq münasibətləri – mülki hüquqi normalarla (norması ilə)
tənzimələnən ictimai münasibətlərdir. İctimai münasibətlərin mülki hüquqi
tənzimlənmə prosesində onun iştirakçıları hüquq subyektliliyinə, subyektiv
hüquq və hüquqi vəzifəyə malik olurlar. Bunlar hamısı gələcəkdə
iştirakçılar arasında yaranan hüquq münasibətlərinin subyektlərinin müvafiq
hüquqi davranışını müəyyən edir.
Nəzərə almaq lazımdır ki, subyektiv hüquq qanunla təmin olunmuş bir
şəxsin mümkün olan və ya yol verilən davranışının növü və həddi kimi, hüquqi
vəzifə isə – gərəkli və ya tələb olunan davranışının növü və həddi kimi ifadə
olunur. Onu da qeyd etmək vacibdir ki, subyektiv hüququn əsasında hüquqla təmin
olunmuş mümkünlük vardırsa, vəzifənin əsasında hüquqi təhkim olunmuş zərurət
dayanır. Mümkünlüyün daşıyıcısı səlahiyyətdar, vəzifənin daşıyıcısı isə
hüquqi mükəlləfiyyətli adlandırılır. Birincisı müəyyən hərəkətləri həyata
keçirə bilirsə, ikincisi onları təmin etməyə borcludur.
Bununla yanaşı qeyd olunmalıdır ki, subyektiv hüquq müvafiq hallarda
hüquqi davranış, hüquqi istifadə, hüquq tələbetmə və ya hüquqi iddia kimi
çıxış edə bilər. Bu hüququ səciyyələndirən əlamət ondan ibarətdir ki, belə
hüquq həm qanunla, həm də digər şəxslərin hüquqi vəzifələri ilə təmin olunur.
Ümumiyyətlə vurğulanmalıdır ki, hüquqi vəzifə daim subyektiv
hüququn əks tərəfi kimi çıxış etməklə: müəyyən hərəkətləri etmək və ya onlardan
çəkinmək; hüquqi mükəlləfiyyətli şəxs üçün ona ünvanlanmış səlahiyyətdarın
qanuni tələblərinə reaksiya vermək; bu tələblərin icra edilməməsinə görə
məsuliyyət daşımaq; qarşı tərəfə hüququ olan nemətdən istifadə edilməsi üçün
mane olmamaq kimi zərurətlərdən ibarətdir.
Hüquqda birmənalı qəbul olunmuşdur ki, öz təbiətinə görə heç vaxt
bir-birinə uyğun və məzmunca eyni ola bilmədiyi üçün bir tərəfin subyektiv
hüququ və digər tərəfin hüquq vəzifəsi mahiyyətcə bir münasibətin qarşı-qarşıya
duran iki qütbü kimi çıxış edirlər. Məhz bu səbəbdən mülki
hüquq münasibətləri tərəflərin hüquq bərabərliyi
zəminində tənzimlənir və bu, mülki hüquq münasibətlərinin ayrılmaz
xüsusiyyətidir. Bu xüsusiyyətin itirilməsi ilə həmin münasibətlər öz hüquqi
təbiətini dəyişməklə başqa növ münasibətlərə çevrilirlər.
Baxmayaraq ki, qeyd olunduğu kimi mülki hüquq münasibətləri hüquq
normasına əsaslanır, onlar yalnız bu münasibətlərdə iştirak edən şəxslərin
razılığı ilə yoluna qoyulur və bu zaman onların iradə sərbəstliyi əsas amil
kimi çıxış edir. Tərəflərin bərabərliyi ilə yanaşı mülki hüquq münasibətlərini
səciyyələndirən digər əlamət – subyektlərin (səlahiyyətdarın və
hüquqi mükəlləfiyyətlinin) biri-birindən hüquq müstəqilliyidir. Bu növ
münasibətdə tərəflərdən heç biri əks tərəfə əmr verə və ya tutduğu mövqeyinə
görə öz şərtlərini ona diqtə edə bilməz.
Mülki hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən
müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında
olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan
qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun.
Qanunverici hər hansı qanun normasını qəbul edərkən, heç bir
subyektin hüququna (o cümlədən mülkiyyət hüququna) özbaşına müdaxilə etməklə
həmin norma əsasında digər subyektin hüququnu əvvəlki tarixlə tanımamalıdır.
Belə ki, bu halda həmçinin subyektlərin qanun qarşısında bərabərliyinin
pozulması, birinci subyektin iradəsini nəzərə almadan onun əvvəl mövcud olmayan
hüquqi vəzifəsinin (məsələn, yaşayış sahəsindən istifadə hüququnun xitamına
görə kompensasiya verilməsi vəzifəsinin) tanınması və buna görə də onun hüquqi
vəziyyətinin pisləşməsi ilə nəticələnir.
Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq biz hesab edirik ki,
MM-in 228.5-ci maddəsinin son müddəası Azərbaycan Respublikası
Konstitusiyasının 13-cü, 29-cu, 25-ci maddəsinin I hissəsinə, 71-ci maddəsinin
II hissəsinə, 98-ci və 149-cu maddəsinin I və VII hissələrinə uyğun deyil və bu
səbəbdən də KM-in Plenumu onu qüvvədən düşmüş elan etməli
idi.
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsinin
hakimləri:
E.Məmmədov
İ.Nəcəfov