Qərarlar

15.02.08 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.5-ci maddəsinin və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLIKASI

KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN

Q Ə R A R I

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.5-ci maddəsinin və

«Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun

82.3-cü maddəsinin şərh edilməsinə dair

15 fevral 2008-ci il                                                                                               Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, S.Həsənova, B.Qəribov, R.Qvaladze, E.Məmmədov (məruzəçi-hakim), S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

maraqlı subyektlərin nümayəndələri Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi İ.Şirinov, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin böyük məsləhətçisi C.Cavadov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi İ.Cəfərovun,

ekspert – Bakı Dövlət Universitetinin «Mülki proses, əmək və ekologiya hüququ» kafedrasının dosenti, hüquq elmləri doktoru M.Mövsümovun,

mütəxəssis – Bakı Dövlət Universitetinin «Mülki hüquq» kafedrasının dosenti, hüquq elmləri namizədi, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi B.Əsədovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.5-ci maddəsi və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin şərh edilməsinə dair Bakı şəhəri Nəsimi rayon məhkəməsinin müraciətilə bağlı konstitusiya işinə baxdı.

İş üzrə məruzəçi-hakim E.Məmmədovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin nümayəndələri İ.Şirinov və İ.Cəfərovun, ekspert M.Mövsümov və mütəxəssis B.Əsədovun çıxışlarını dinləyib müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N    E T D I:

Bakı şəhəri Nəsimi rayon məhkəməsinin müraciətində məhkəmənin icraatında məhkəmə icraçısının borclu R.Məhərrəmovun icra vərəqəsini icra etmədiyi üçün borclunun Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 265-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsinə dair məsələyə baxdığı qeyd olunmuşdur. Borclu qətnaməni icra etmədiyinə görə inzibati məsuliyyətə cəlb edilmiş, bundan sonra ona xəbərdarlıq olunmasına baxmayaraq, o icra vərəqini icra etməkdən imtina etmiş və buna görə də məhkəmə tərəfindən onun cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunmuşdur. Məhkəmə məsələyə dair tətbiq edilməli olan hüquq normalarını araşdırarkən, onların arasında məsələnin tənzimlənməsinə fərqli yanaşmanın mövcud olduğunu müəyyən etmişdir.

Belə ki, MPM-in 265.5-ci maddəsində göstərilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmadıqda, məhkəmə bir ay müddətində bununla bağlı cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.

«Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinə uyğun olaraq isə icra sənədi üzrsüz səbəbdən yenidən icra edilmədikdə, məhkəmə icraçısı məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbəri tərəfindən təsdiq olunan təqdimat verir.

Beləliklə, MPM-in 265.5-ci maddəsi məhkəmə qətnaməsi icra olunmadıqda, məhkəmənin bir ay müddətində bununla bağlı cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verməsini göstərdiyi halda, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsi icra sənədi üzrsüz səbəbdən yenidən icra edilmədikdə, məhkəmə icraçısının məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbəri tərəfindən təsdiq olunan təqdimat verməsini tələb edir.

Nəsimi rayon məhkəməsi hesab edir ki,  hakimin qərəzsizliyinə şübhə yaratmaq və məhkəməyə inamın artırılmasına xələl gətirməmək baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 355-ci maddəsindəki məhkəmə baxışının nəticələrinə dair xüsusi qərarının tənzimlənməsi bir-birindən fərqli olan MPM-in 265.5-ci maddəsinin və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin normalarından daha uğurludur. CPM-in 355-ci maddəsi məhkəmə baxışının nəticələrinə dair xüsusi qərarın çıxarılmasının mümkünlüyünü müəyyən edir. O, mülki prosessual qanunvericiliyinin normalarından fərqli olaraq məhkəmələrin cinayət işinin başlanması haqqında deyil, yalnız fiziki şəxslərin cinayət məsuliyyətinə səbəb olmayan hərəkət və ya hərəkətsizliyi, dövlət orqanlarının vəzifəli şəxslərinin fəaliyyətindəki çatışmazlıqları və ya səhvləri, habelə məhkəməyədək icraat üzrə CPM-in tələblərinin pozulması barədə xüsusi qərar çıxarılmasına və bu qərarı əlaqədar orqanlarının rəhbərlərinə göndərilməsinə yol verir.

Nəsimi rayon məhkəməsinin qənaətinə görə qanunvericiliyin bu mövqeyi təsadüfi deyil və cinayət məhkəmə icraatında işlərə baxılarkən hakimlərin qərəzsizliyinin təmin edilməsinə yönəlmişdir.  Ona görə də həmin məhkəmə Konstitusiya Məhkəməsinə müraciət edilməsi barədə qərardad çıxararaq, MPM-in 265.5-ci maddəsi və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 127-ci maddəsi II hissəsinin tələbləri baxımından şərh edilməsini xahiş etmişdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Nəsimi rayon məhkəməsinin müraciətinə baxılarkən ilk əvvəl MPM-in mülki məhkəmə icraatının, məhkəmə qətnaməsi, qərardadı və xüsusi qərardadlarının təyinatı və məzmunu, habelə mahiyyətcə eyni fakta – məhkəmə qətnaməsinin icra olunmamasına əsaslanan, lakin məhkəmə, hakim və məhkəmə icraçılarının müxtəlif davranışını müəyyən edən MPM-in 265-ci maddəsinin və  «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin normaları geniş hüquqi təhlilin predmeti olmalıdır.

Mülki proses ümumi yurisdiksiyalı məhkəmələrdə həyata keçirilən müxtəlif şəxslərin hüquqlarının qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiəsinə yönəlmiş prosesdir. Mülki məhkəmə icraatında mülki prosesin hər bir iştirakçısının prosessual hərəkəti onun tərəfindən prosessual hüquq və vəzifələrinin həyata keçirilməsi nəticəsi kimi qiymətləndirilir.

MPM mülki məhkəmə icraatı haqqında  qanunvericiliyin mühüm və əsas mənbəyidir.  O, mülki məhkəmə icraatının ümumi qaydalarını, o cümlədən icraatın prinsipləri və şərtlərini, işdə iştirak edən şəxsləri və mülki prosesin digər iştirakçılarını, onların hüquq və vəzifələrini müəyyən etməklə yanaşı,  ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, məhkəmə aktlarının qəbulu, onlardan şikayət verilməsi və bu şikəyətlərə baxılması qaydasını da tənzimləyir.

MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısının müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir.

Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərınin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2-ci maddəsi).

Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (MPM-in 5.1-ci maddəsi).

Mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir (MPM-in 6-cı maddəsi).

Məhkəmədə hər hansı məsələnin mülki prosessual qaydada baxılması üçün ilk növbədə maraqlı şəxs birinci instansiya məhkəməsinə iddia ərizəsi və ya müvafiq növ ərizə ilə müraciət edərək öz tələb və ya xahişini göstərir. Məhkəmə (hakim) müraciətdə göstərilən məsələnin həllinin onun səlahiyyətlərinə aid olub-olmamasını yoxlayır. Əgər məsələnin həlli onun tərəfindən həyata keçirilən məhkəmə müdafiə formasına aiddirsə, hakim müvafiq ərizəninin öz icraatına qəbul edilməsi barədə qərardad çıxarır və bu andan bir qayda olaraq mülki iş və həmin iş üzrə məhkəmə icraatı başlanılır.

İşə (iddia və ya digər növ  ərizələrə) mahiyyəti üzrə baxılması birinci instansiya məhkəmələrində müvafiq olaraq iddia tələblərinin və ya məhkəməyə ünvanlanmış xahişin əsasında və hədlərində həyata keçirilir. Birinci instansiya məhkəməsində mülki məhkəmə icraatı məhkəmə baxışı həyata keçirildikdən sonra yekunlaşdırılır. Bu icraat, bir qayda olaraq, işi mahiyyəti üzrə həll edən qətnamənin və ya icraata xitam verilməsi haqqında qərardadın qəbulu ilə sona çatır. Lakin məhkəmə baxışında həmçinin digər növ məhkəmə aktları – qərardad və ya xüsusi qərardad qəbul oluna bilər.

Məhkəmə qərardadı işi mahiyyəti üzrə həll etməyən, lakin məhkəmə və ya hakimin iddianı icraata qəbul etmək, iddianı baxılmamış saxlamaq, icraatı dayandırmaq, ona xitam vermək  və MPM-də nəzərdə tutulmuş digər hüquq səlahiyyətlərindən istifadə olunmasını rəsmiləşdirən məhkəmə aktıdır. 

Məhkəmənin xüsusi qərardadı isə məhkəmə aktlarının elə bir növüdür ki, o işə (iddia və ya digər növ  ərizələrə) baxılması zamanı müəyyən olunmuş hər hansı şəxs tərəfindən qanunçuluğun pozulmasına məhkəmənin reaksiya verməsinin prosessual vasitəsi kimi çıxış edir. Xüsusi qərardadın çıxarılması əsasən onunla izah olunur ki, məhkəmə baxışı zamanı məhkəmə aşkar olunmuş qanunazidd hərəkətlərin (hərəkətsizliyin) və hüquqi normaların pozulmasının etinasız şahidi qala bilməz.

Beləliklə yuxarıda qeyd olunduğu kimi MPM iddia və ya digər növ  ərizələrin verilməsi, onların məhkəmə icraatına qəbul edilməsi, işlərə baxılması, məhkəmə aktlarının çıxarılması, onlardan şikayət  verilməsi və məhkəmə aktlarına yenidən baxılması ilə bağlı məhkəmələrin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının bütün hərəkətlərini prosessual baxımdan nizamlayır. Məhz bu prosessual hərəkətlərin məcmusu, habelə məhkəmə, tərəflər və ya mülki prosesin digər iştirakçılarının prosessual hüquq və vəzifələri mahiyyətcə mülki məhkəmə icraatını təşkil edir.

Konstitusiyanın 129-cu maddəsinə müvafiq olaraq məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

Məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində, hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir (MPM-in 15.1 - 15.3-cü maddələri). 

Mülki məhkəmə icraatında dərhal icra olunan qətnamələr istisna olmaqla birinci instansiya məhkəmələrində qəbul olunan bütün məhkəmə aktları qüvvəyə mindikdən sonra icraya yönəldilir. CPM-dən fərqli olaraq MPM-də məhkəmə aktlarının icra olunmaması ilə bağlı birinci instansiya məhkəməsində xüsusi məhkəmə icraatının aparılmasının mümkünlüyü nəzərdə tutulmamışdır.

Bununla yanaşı göstərilməlidir ki, hər hansı hüquqi mübahisə və  məsələnin həlli məhkəmə tərəfindən ədalət mühakiməsini həyata keçirmək yolu ilə mümkündür. Bu isə mülki məhkəmə icraatının prinsip və şərtlərinə ciddi riayət olunmasını tələb edir.

Məhkəmə MPM-nin 265.5-ci maddəsinin məzmununu əsas götürərək, MPM-in təyinatını,  tənzimlədiyi münasibətləri, mülki məhkəmə icraatının vəzifələrini,  birinci instansiya məhkəməsində mülki məhkəmə icraatının hansı andan başlanmasını və hansı anda sona çatmasını nəzərə almadan, mülki məhkəmə icraatının əsas prinsip və şərtlərini müəyyənləşdirən müddəaları icra etmədən öz təyinatına uyğun çıxış edə bilməz.

Ümumiyyətlə nəzərə alınmalıdır ki, MPM-nin 265.5-ci maddəsi qanunverici tərəfindən MPM-in 265.1 - 265.4-cü maddələrindən dərhal sonra verilsə də, o, nəinki bu normalarla, həmçinin MPM-in digər normaları ilə uyğunsuzluq təşkil edir.

Belə ki, məhkəmənin xüsusi qərardadları adı altında MPM-in 265-ci maddəsinin tərkibində 6 maddə (hissə) cəmləşdirilmişdir. Bu maddələrdən dördü aşağıdakıları müəyyən edir:

     «265.1 Məhkəmə mübahisəyə baxarkən, hüquqi şəxsin, dövlət, yerli özünüidarə orqanının və digər orqanın, vəzifəli şəxsin və ya fiziki şəxsin fəaliyyətində qanunların və digər normativ hüquqi aktların pozulduğunu aşkar etdikdə, xüsusi qərardad çıxartmağa haqlıdır.

265.2        Xüsusi qərardadlar müvafiq hüquqi şəxslərə, vəzifəli şəxslərə, dövlət və yerli özünüidarə orqanlarına və digər orqanlara, fiziki şəxslərə göndərilir. Onlar gördükləri tədbirlər barədə 1 ay müddətində məhkəməyə məlumat verməlidirlər.

265.3        Görülmüş tədbirlər barədə məlumat verilmədiyi halda, təqsirkar vəzifəli şəxslər müəyyən olunmuş şərti maliyyə vahidinin 100 mislinədək miqdarda cərimə oluna bilərlər. Cərimənin qoyulması müvafiq vəzifəli şəxsi məhkəmənin xüsusi qərardadına əsasən görülmüş tədbirlər haqqında məlumat vermək vəzifəsindən azad etmir.

265.4        Məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir».

MPM-in 265.1 - 265.3-cü maddələrinin məzmunundan göründüyü kimi bu maddələr ümumi və hüquqyaradıcı normalardır. Bu normalar qanunçuluğun pozulması aşkar olunduğu halda məhkəmə tərəfindən xüsusi qərardadın çıxarılmasının mümkünlüyünü, müvafiq vəzifəli şəxslərin bununla bağlı tədbirlər görməklə 1 ay müddətində məhkəməyə görülmüş tədbirlər barədə məlumat verməyə borclu olduğunu, əks təqdirdə cəriməyə məruz  qalmasının mümkünlüyünü və bu halda da xüsusi qərardad üzrə görülmüş tədbirlər barədə məlumat vermək vəzifəsindən azad edilmədiyini müəyyən edir.

MPM-in 265.4-cü maddəsi isə həmin Məcəllənin 265.1-ci maddəsi ilə müqayisədə xüsusi norma kimi çıxış edərək nəzərdə tutur ki, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.

Xüsusilə qeyd olunmalıdır ki, MPM-in 265.1 - 265.4-cü maddələri nəinki mülki prossesual hüququn nəzəriyyəsinə və MPM-in müddəalarına tam uyğundur, MPM-in 265.4-cü maddəsi həmçinin, CPM-in cinayət təqibini başlanmasını müəyyən edən maddələrinin normalarına mütənasib olaraq cinayət prosessual münasibətlərinə müdaxilə etmədən məhz mülki prosessual münasibətləri tənzimləyir.

Cinayət-prosessual qanunvericiliyində cinayət təqibinin həyata keçirilməsinin ümumi qaydaları, o cümlədən cinayət işinin başIanmasının səbəb və əsasları, habelə cinayət barədə daxil olmuş məlumatların yoxlanılması qaydası və s. müddəalar müəyyən edildiyi bir halda, başqa qaydanı əks etdirən cinayət işinin bir tərəfdən məhkəmənin xüsusi qərardadı ilə başlamasını, digər tərəfdən bununla bağlı cinayət təqibinə prokuror tərəfindən və faktiki olaraq məhkəmə nəzarəti altinda başIanmasını nəzərdə tutan MPM-in 265.5 və 265.6-cı maddələrinin üzərində ayrıca dayanılmalıdır.

Belə ki, MPM-in 265.1 və 265.4-ci maddələrinin məzmunu və quruluşundan fərqli olaraq qanunverici həmin Məcəllənin 265.5 və 265.6-cı maddələrini aşağıdakı kimi müəyyənləşdirmişdir:

«265.5 Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmadıqda, məhkəmə bir ay müddətində bununla bağlı cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.

265.6        Prokuror cinayət işinin başlanmasını istisna edən halları aşkar etməzsə, məhkəmənin xüsusi qərardadı üzrə cinayət işi başlamaqdan imtina etməyə haqlı deyildir. Bu məsələ üzrə əsaslandırılmış qərar qəbul edən prokuror, həmin qərarı xüsusi qərardadı çıxarılmış məhkəməyə göndərir. Məhkəmə prokurorun qərarı ilə razılaşmadığı halda, zəruri təsir tədbirləri görülməsi məqsədi ilə yuxarı prokurorun diqqətini aşağı prokurorun qərarının qanunsuzluğuna və ya əsassızlığına yönəldə bilər».

Bu maddələrin məzmunu belə qurulmuşdur ki, qüvvəyə minmiş məhkəmə qətnaməsi icraya yönəldikdən sonra bir ay müddətində icra olunmadıqda, məhkəmə bununla bağlı cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla prokurora nəinki xəbər verir, həmçinin xüsusi qərardadla bağlı prokurorun qərarı ilə razılaşmadığı halda, zəruri təsir tədbirləri görülməsi məqsədi ilə yuxarı prokurorun diqqətini aşağı prokurorun qərarının qanunsuzluğuna və ya əsassızlığına yönəldə bilər.

MPM-in 265.5 və 265.6-cı maddələrinin məzmununun bu cür qurulması aşağıdakılara görə açıq-aşkar qusurlu görünür: 1) xüsusi qərardad məhkəmə tərəfindən yalnız işə (mübahisəyə) baxarkən çıxarıla bilər; 2) cinayət işinin başlanması haqqında xüsusi qərardad bu növ məhkəmə aktlarının təyinatı ilə  uzlaşmır; 3) məhkəmə tərəfindən cinayət işinin başlanması və yaxud bu məsələnin həlli üçün məhkəmənin israrlı olması ədalət mühakiməsinin əsas prinsiplərindən olan hakimlərin işlərə qərəzsiz baxması və məhkəmə icraatının tərəflərin çəkişməsi əsasında həyata keçirilməsi prinsiplərinə xələl gətirir.

Nəzərə alınmalıdır ki, MPM-nin 265.1 və 265.4-cü maddələrinə  görə xüsusi qərardadın tətbiqi yalnız məhkəmə mübahisəyə (işə) baxarkən mömköndör. MPM-in digər maddələrinin (5.1 - 5.3, 13.2, 149 - 151, 285, 286, 275 - 277, 305 və 306-ci maddələrinin) tələblərinə görə mölki-prosessual qaydasında məhkəmə baxışı yalnız iddia ərizəsi (iddia icraatında) və ya muvafiq ərizə (əmr icraatında, xösusi iddia icraatında, xüsusi icraatda) üzrə  keçirilir. Lakin bu növ ərizələr məhkəmə tərəfindən baxıldıqdan və müvafiq məhkəmə qətnaməsi çıxarıldıqdan sonra qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmadığı halda bununla bağlı cinayət işinin başlanması haqqında xüsusi qərardadın çıxarılması üçün baxılmış mülki iş üzrə yenidən məhkəmə iclasının keçirilməsi MPM-də nəzərdə tutulmamışdır.

Digər tərəfdən o da nəzərə alınmalıdır ki, məhkəmə qərarlarının icra olunması və məhkəmə tərəfindən cinayət işinin başlanması (başqa sözlə cinayət təqibinə başlanması) kimi məsələləri mölki-prosessual höququn və MPM-in predmeti ola bilməz. Məhkəmə qərarlarının icrasının və cinayət təqibinin həyata keçirilməsi qaydaları müvafiq olaraq «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununda və CPM-də müəyyən olunmuşdur.

Konstitusiyanın 127-ci maddəsinin II hissəsinə görə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

 «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə uyğun olaraq (məhkəmələrin vəzifələri) Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçiriməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Azərbaycan Respublikasının Konstitusiyasında və bu Qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Məhkəmələrin üzərinə başqa vəzifələr qoyulması yolverilməzdir.

Konstitusiyanın 125-ci maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Bu müddəa məhkəmə hakimiyyətinin əsas funksiyasının ədalət mühakiməsinin həyata keçirilməsi olduğunu vurğulayır.

Qərəzsizlik ədalət mühakiməsi və ədalətli məhkəmə anlayışlarının özəyini təşkil edir. Ədalət mühakiməsinin qərəzsizliyinə insanların əminliyi isə onların öz məhkəmə sisteminə münasibətdə hiss etməli olduqları inamın əsasında dayanır.

Qərəzsizlik adətən bir şəxs barəsində qabaqcadan əmələ gəlmiş yanlış fikrin və ya hansısa rəyin olmaması kimi çıxış edir. Qərəzsizliyin mövcudluğu hər hansı konkret iş üzrə hakimin şəxsi əqidəsini əks etdirən subyektiv yanaşma, habelə bu mənada şübhələri istisna etmək üçün kifayət qədər təminatların olub-olmamasını müəyyən edən obyektiv yanaşma əsasında yoxlanıla bilər.

Subyektiv qərəzsizlik əksi sübut edilənədək ehtimal olunur. Obyektiv qərəzsizliyinin müəyyən olunmasında isə hətta xarici təzahürlər belə mühüm əhəmiyyət daşıyır. Ona görə də, hakimlər nəinki formal olaraq qərəzsiz qalmalı, həm də ictimayyətin nəzərində faktiki olaraq məhz qərəzsiz kimi qəbul olunmalıdırlar. Tərəflər arasındakı mübahisə ilə bağlı onlardan birinin mənafelərinə birbaşa və ya dolayı yolla dəstək nümayiş etdirən hakimin qərəzsizliyi şübhə altına alına bilər.

Ədalətli məhkəmə araşdırması hüququnu əks etdirən «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında ədalətli məhkəmə araşdırması hüququ ilə əlaqədar məhkəmə qərəzsizliyinin xarici təzahürlərinin əhəmiyyətinə xüsusi önəm verdiyini ardıcıl olaraq nümayiş etdirir və öz mövqeyini məhkəmə icraatının ədalətli həyata keçirilməsinə ictimaiyyətdə getdikçə artan maraqlarla əsaslandırır. O, Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə uyğun həyata keçirməyə qadir olan məhkəmə sisteminin uzlaşdırılmış tərzdə işləməsinin vacibliyini daim nəzərə almağa çağırmaqla məhkəmə qərəzsizliyinin təmin olunmasının əhəmiyyətli olduğuna dair geniş izahlar vermişdir (Pyersak Belçikaya qarşı, 1 oktyabr 1982, 30-cu bənd; Haushildt Danimarkaya qarşı, 24 may 1984, 47-ci bənd; Fey Avstriyaya qarşı, 24 fevral 1993, 30-cu bənd; Remli Fransaya qarşı, 30 mart 1996; Ferrantelli və Santanselo İtaliyaya qarşı, 7 avqust 1996; Oberşlik Avstriyaya qarşı (№1), 23 may 1991; De Haan Niderlanda qarşı, 26 avqust 1997; Vettştayn İsveçrəyə qarşı, 21 dekabr 2000).

MPM-in 265.5-ci maddəsini nəzərdən keçirərkən aydın olur ki, bu maddənin norması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmadıqda faktla bağlı məhkəmə tərəfindən cinayət işinin başlaması haqqında xüsusi qərardadın qəbul olunmasına hüquqi əsas yaradır. Bu isə öz növbəsində MPM-in 265.6-cı maddəsinin məzmunu ilə birlikdə götürüldükdə cinayət prosesində ittiham tərəfinə xas olan prosessual hərəkətin yerinə yetirməsində israrlı olmaq, yəni  şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə görə mütləq təqib edilməsi üçün ittiham funksiyasının həyata keçirilməsini öz üzərinə götürmək anlamına gələrdi.

Mülki məhkəmə icraatında cinayət işinin başlanması haqqında xüsusi qərardadın çıxarılması bu icraatın təbiətinə yad olan digər növ -  cinayət mühakimə icraatı daxilində və həmin icraatı başlayan ibtidai araşdırma orqanları əvəzinə  qərarın qəbul olunması mənasını verə bilər.  Xüsusi qərardadla cinayət işinin başlanması, bu barədə prokurora xəbər verilməsi və onun tərəfindən cinayət təqibinin aparılmasında hakimin israrlı olması həmçinin məhkəmə tərəfindən ittiham funksiyalarının həyata keçirilməsi kimi  də dəyərləndirilə bilər.

Eyni zamanda nəzərə alınmalıdır ki, MPM-in 265.6-cı maddəsi CPM-in 39, 40, 210, 212-ci və digər maddələri ilə tənzimlənən cinayət işinin başlanması və cinayət təqibinin aparılması qaydalarına müdaxilə edərək, cinayət işinin başlanmasını istisna edən hallar aşkar olunmasa, prokurorun məhkəmənin xüsusi qərardadı üzrə cinayət işi başlamaqdan imtina etməkdə haqlı olmadığını müəyyən edir. Bundan başqa, MPM-in 265.6-cı maddəsinin müddəaları həm də CPM-in 449-cu maddəsinin cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından (o cümlədən prokurorun cinayət işi başlamaqdan imtina olunması haqqında qərarından) məhz məhkəməyə şikayət verilməsi və ona məhkəmədə baxılması ilə bağlı müddəaları ilə bir araya sığmır. Belə ki, məhkəmə cinayət prosesində olduğu kimi məhkəmə nəzarətini həyata keçirmək əvəzinə MPM-in 265.6-cı maddəsinin müddəalarına görə prokurorun cinayət işi başlamaqdan imtina olunması haqqında qərarı ilə razılaşmadığı halda onu yuxarı prokuror qarşısında mübahisələndirən tərəfə çevrilir.

Bütün yuxarıda göstərilən hallar MPM-in 265.5 və 265.6-cı maddələrinin müddəalarının hakimlərin işlərə qərəzsiz baxılması prinsipi ilə toqquşduğuna dəlalət edir, bu prinsipin reallığına kölgə salmaqla onun pozulmasına şərait yaradır və bununla da hətta ədalət mühakiməsinin təyinatı belə sual altına alınır.

Şübhəsiz, məhkəmə işə baxarkən mülki prosesdə iştirak edən şəxslərin hərəkətlərində cinayət  əlamətlərini aşkara çıxararsa, o prokurora məlumat verməlidir. Lakin belə məlumatın verilməsi hakimin qərəzsizliyinə şübhə yaratmamalı və ədalət mühakiməsi orqanı kimi məhkəməyə olan inama  xələl gətirməməlidir. Bu mənada, məhkəmənin məlumatı MPM-in 265.4-cü maddəsində nəzərdə tutulduğu kimi cinayət işinin başlanması haqqında deyil, sadəcə tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayət əlamətlərinin aşkar olunmasına dair xüsusi qərardadın qəbulu ilə müşaiyət oluna bilər. Məsələnin bu cür həlli MPM-in 265.5 və 265.6-cı maddələrində göstərilmiş müddəalardan daha uğurlu görünür.

Nəzərə alınmalıdır ki, CPM-in 46-cı maddəsi cinayət işinin başlanması ilə bağlı cinayət təqibi üzrə icraatın açılmasının xüsusiyyətlərini müəyyən edir. Bu maddəyə görə cinayət təqibi üzrə cinayət işinin başlanması üçün müvafiq səbəb (ərizə və ya məlumatlar) və əsaslar (cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillər) olmalıdır. Bunların, habelə cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsasların mövcudluğunda təhqiqatçı, müstəntiq və ya prokuror öz səlahiyyətləri daxilində dərhal cinayət işini başlamalıdır. Cinayət təqibini istisna edən halların mövcudluğu istisna edilməklə, məhkəmə iclasında sədrlik edən ədalət mühakiməsi əleyhinə olan hər hansı cinayətin əlamətlərinin məhkəmə baxışı zamanı müəyyən olunduğuna prokurorun diqqətini cəlb etdikdə, prokuror bununla bağlı dərhal cinayət işi başlamalıdır. Bu halda prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edərsə, məhkəmə iclasında sədrlik edən həmin qərarın qanunsuz və əsassız olması qənaətinə gəldikdə yuxarı prokurordan zəruri tədbirlərin görülməsini tələb edə bilər (CPM-in 46.1 - 46.4-cü maddələri).

Göründüyü kimi MPM-in 265.4-cü maddəsinin norması həmin Məcəllənin 265.5 və 265.6-cı maddələrindəki normalarından fərqli olaraq CPM-in 46.1 – 46.4-cü maddələrinin tələbləri ilə ziddiyyət təşkil etmir.

Xatırlanmalıdır ki, xüsusi qərardadların çıxarılması yalnız bir halda - məhkəmədə işə baxılarkən mümkündür. MPM-də əks olunmuş məhkəmə icraatının qaydalarına görə icraya yönəldə biləcək məhkəmə aktı yalnız birinci instansiya məhkəməsində icraat aparıldığı zamanı qəbul oluna bilər. Məhkəmə baxışı sona çatandan sonra qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra olunmaması ilə bağlı birinci instansiya məhkəməsində baxılmış iş üzrə yenidən məhkəmə iclasının keçirilməsi və ya hər hansı xüsusi növ icraatın aparılması MPM-də nəzərdə tutulmamışdır.

Qanunverici MPM-in 231-ci maddəsinin müddəalarında qətnamənin icrasına möhlət verilməsini və ya onun hissə-hissə icra edilməsini, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsini işdə iştirak edən şəxslərin ərizəsinə, icra üzrə icraatın dayandırılmasını isə məhkəmə icraçısının təqdimatına əsasən məhkəmə iclasında baxılan məsələlərə aid edərək  həmin məsələlərin həlli ilə bağlı bəzi qaydaları təsbit etsə də, bu maddədə məhkəmə aktlarının icra olunmaması ilə əlaqədar müddəalar müəyyən etməmişdir.

Bütün bu hallar, habelə məhkəmə aktlarının icrası ilə bağlı məsələlərin «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməsi onu göstərir ki, qanunverici əvvəlki MPM-dən fərqli olaraq məhkəmə qətnamələrinin icrasına dair məsələlərin hal-hazırda qüvvədə olan MPM-də nizamlanmasını o qədər də məqsədə müvafiq hesab etməmişdir.

Həmin mövqeyi gücləndirən amil həm də ondan ibarətdir ki, qanunverici tərəfindən üzürsüz səbəbdən icra sənədi icra edilmədiyi halda cinayət məsuliyyətinə cəlb olunma ilə bağlı «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində MPM-in 265.5 və 265.6-cı maddələrində göstərilənlərdən tamamilə başqa qayda müəyyən edilmişdir.

Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, məhkəmə icraçısı borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Eyni zamanda məhkəmə icraçısı tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Bu müddəaları davam etdirən həmin Qanunun 82.3-cü maddəsinə uyğun olaraq icra sənədi üzrsüz səbəbdən yenidən icra edilmədikdə, məhkəmə icraçısı məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbəri tərəfindən təsdiq olunan təqdimat verir.

«Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin quruluşunda qanunverici tərəfindən inzibati preyudisiyasindan istifadə olunmuşdur. Həmçinin inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada muvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimati əsasinda mümkünlüyü müəyyən olunmuşdur.

Maddədən göründüyü kimi, məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə sonradan onun cinayət məsuliyyətinə cəlb olunması üçün qanunvericiliklə müəyyən olunmuş mexanizmdən, yəni CPM-in normalarında nəzərdə tutulmuş hüquqi mexanizmdən istifadə olunması nəzərdə tutulmuşdur. Bu mexanizm insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunmasına yönəldilmişdir. Cinayət təqibinə, onun daxilində cinayət işinə prokurorluq və icra hakimiyyəti orqanları tərəfindən başlanması və ədalət mühakiməsini həyata keçirən məhkəmələrin bu məsələdən kənarlaşdırılması həm Azərbaycan Respublikasında dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkilini təsbit edən Konstitusiyanın 7-ci maddəsinin tələblərinə, həm də  Konstitusiyanın 127-ci maddəsinin II hissəsində öz əksini tapmış  hakimlərin işlərə qərəzsiz baxması  prinsipinə uyğundur.

Qeyd etmək lazımdır ki, «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq eyni hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlar arasında ziddiyət olduqda daha sonra qüvvəyə minmiş normativ hüquqi akt tətbiq olunur. Bu müddəa məhkəmələrin hüququ tətbiqetmə təcrübəsində xüsusi əhəmiyyət kəsb edir. MPM 1 iyun 2000-ci ildən, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu isə 8 mart 2002-ci il tarixindən qüvvəyə minmişdir. Nəzərə alsaq ki, MPM-in 265.5 və 265.6-cı maddələri ilə «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsi arasında ziddiyət mövcuddur, bu halda «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsi tətbiq olunmalıdır.

Bütün yuxarıdakıları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MPM-in 265.5 və 265.6-cı maddələrinin müddəaları Konstitusiyanın 127-ci maddəsinin II hissəsində təsbit edilmiş  hakimlərin işlərə qərəzsiz baxması  prinsipinə xələl gətirdiyi və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin məzmunu ilə ziddiyyət təşkil etdiyi üçün «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə uyğun olaraq, daha sonra qüvvəyə minmiş «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsi tətbiq olunmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin aşağıdakılara xüsusi diqqət yetirilməsini zəruri hesab edir.

«Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinə görə icra sənədi üzrsüz səbəbdən yenidən icra edilmədikdə, məhkəmə icraçısı məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbəri tərəfindən təsdiq olunan təqdimat verir. Lakin burada «müvafiq orqan» dedikdə onun hansı orqana aid olması məsələsi nə Qanunda, nə də ki onun tətbiqinə dair qəbul olunmuş Azərbaycan Respublikası Prezidentinin fərmanında açıqlanmamışdır.

Bununla bağlı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının həm mülki, həm də cinayət prosessual qanunvericiliyində məhkəmə icraçıları qurumunun rəhbəri tərəfindən təsdiq olunan təqdimata məhkəmə tərəfindən baxılmasının mümkünlüyü müəyyən olunmamışdır. Cinayət prosessual qanunvericiliyində isə cinayət işinin başlanması barədə qərar qəbul edən subyektlər sırasında məhkəmənin və ya hakimin adı ümumiyyətlə nəzərdə tutulmamışdır (CPM-nin 46, 209 və 210-cu maddələri).

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuşdur ki, məhkəmə aktlarının icrasının təmin olunması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qurumlarının vəzifəsidir.

Cinayət Məcəlləsinin 306-cı maddəsinə görə məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmək və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmək cinayət tərkibini yaradır. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli fərmanının 3-cü bəndinin dördüncü abzasına uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılır.

CPM-in 205.1-ci maddəsinə görə törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır.

Mövcud qanunvericiliyin normalarını nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin tətbiqi zamanı: 1) «müvafiq orqan» kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqan; 2) «məhkəmə icraçıları qurumunun rəhbəri tərəfindən təsdiq olunan təqdimat» CPM-nin 205.1-ci maddəsinin müddəalarına əsasən törədilmiş və ya hazırlanan cinayətlər haqqında vəzifəli şəxslərin müraciətinin bir növü kimi qəbul olunmalıdır.

«Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin bu cür tətbiqi məhkəmədən kənar cinayət işinin başlanması üzrə aparılan hərəkətlərdə ədalət mühakiməsini həyata keçirən hakimlərin iştirakını istisna etdiyi üçün onların qərəzsizliyinə heç bir xələl gəlmir.

Yuxarıdakıları nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

Q Ə R A R A   A L D I:

1.  Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.5 və 265.6-cı maddələrinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsində təsbit edilmiş hakimlərin işlərə qərəzsiz baxması  prinsipinə xələl gətirdiyi və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin məzmunu ilə ziddiyyət təşkil etdiyi üçün «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə uyğun olaraq, daha sonra qüvvəyə minmiş «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsi tətbiq olunmalıdır.

2.  «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin tətbiqi zamanı: 1) «müvafiq orqan» kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqan; 2) «məhkəmə icraçıları qurumunun rəhbəri tərəfindən təsdiq olunan təqdimat» Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 205.1-ci maddəsinin müddəalarına əsasən törədilmiş və ya hazırlanan cinayətlər haqqında vəzifəli şəxslərin müraciətinin bir növü kimi qəbul olunmalıdır.

3.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4.  Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinskiy raboçiy» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

5.  Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.

Sədrlik edən                                                                               Fərhad Abdullayev