Qərarlar

30.10.07 R.Salamovun şikayəti ilə əlaqədar AR Ali Məhkəməsinin MİÜMK-nın 03/04/07-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN

Q Ə R A R I

R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının

3 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

30 oktyabr 2007-ci il                                                                                              Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), S.Salmanova, S.Həsənova, F.Babayev, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, İ.Nəcəfov və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ. İsmayılovun,

ərizəçi R.Salamovun, 

cavabverənin nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi B.Əsədovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair R.Salamovun şikayəti ilə bağlı konstitusiya işinə baxdı.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçi R.Salamovun, cavabverənin nümayəndəsi B.Əsədovun çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək,

M Ü Ə Y Y Ə N  E T D İ:

Bakı şəhəri Nizami rayon məhkəməsinin 31 avqust 2006-cı il tarixli qətnaməsi ilə Nailə Yaqubzadənin Rasim Salamova və Kübra Hacıyevaya qarşı ümumi paylı mülkiyyət hüququnun müəyyən edilməsi, paylı mülkiyyətdə olan əşyanın bölünməsi, ondan payın ayrılması, qeydiyyat vəsiqəsinin verilməsi, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası rədd edilmişdir.

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra - Apellyasiya Məhkəməsinin MİÜMK) 14 noyabr 2006-cı il tarixli qətnaməsi ilə rayon məhkəməsinin yuxarıda göstərilən qətnaməsi ləğv olunmuş, N.Yaqubzadənin iddiası təmin edilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə  kollegiyasının (bundan sonra - Ali Məhkəmənin MİÜMK) 3 aprel 2007-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

R.Salamovun əlavə kassasiya qaydasında verilmiş şikayətinə Ali Məhkəmə sədrinin məktubu ilə cavab verilmişdir ki, şikayətə Ali Məhkəmənin Plenumunda baxılması üçün əsaslar yoxdur.

Ərizəçi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) ünvanladığı şikayətdə kassasiya instansiyası  məhkəməsinin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş edir.

Ərizəçi konstitusiya şikayətini aşağıdakılarla əsaslandırmışdır.

N.Yaqubzadə ilə aralarında olan nikah 22 oktyabr 2002-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı  (bundan sonra - VVADQ) şöbəsi tərəfindən pozulmuşdur. N.Yaqubzadənin əmlak bölgüsü ilə bağlı iddia tələbi nikahın pozulmasından 3 il 32 gün  keçdikdən sonra verilmişdir. Ailə münasibətlərinə iddia müddətinin tətbiqi məsələlərini nizamlayan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8-ci maddəsinə əsasən, pozulmuş hüquqların müdafiəsi üçün bu Məcəllədə müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur. İddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydaları rəhbər tutur. Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Mülki Məcəllənin 367.1-ci maddəsinə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Bu Məcəllənin 369.1-ci maddəsi isə nəzərdə tutur ki, illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır.

Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsaslanaraq, ərizəçi hesab edir ki, ər-arvadın ümumi mülkiyyətinin bölünməsi haqqında N.Yaqubzadənin tələbi iddia müddəti ötürülməklə verildiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq digər əsaslarla yanaşı qətnamədə bu əsası da göstərməklə iddianı təmin etməmişdir.

Həmin məhkəmənin qətnaməsini ləğv edərək yeni qətnamə qəbul etmiş  apellyasiya instansiyası məhkəməsi, sonradan isə bu məhkəmənin qətnaməsini  qüvvədə saxlamış kassasiya instansiyası məhkəməsi onun apellyasiya və kassasiya şikayətlərində N.Yaqubzadənin iddia müddətinin ötürülməsinə dair dəlillərinə heç bir əhəmiyyət verməyərək qəbul etdikləri məhkəmə aktlarında göstərilən mühüm məqama, ümumiyyətlə, münasibət bildirməmişdir.

Konstitusiya şikayətinin əsas dəlili iddia müddəti ilə bağlı olduğundan Konstitusiya Məhkəməsinin Plenumu bu məsələyə bir daha aydınlıq gətirilməsini zəruri hesab edir.

İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.

Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

İşin materiallarından göründüyü kimi, iddiaya qarşı birinci instansiya məhkəməsinə təqdim olunmuş ərizədə R.Salamov göstərmişdir ki, N.Yaqubzadə ilə olan nikah VVADQ şöbəsi tərəfindən pozulmuş və nikah pozularkən aralarında heç bir mübahisə olmamışdır. N.Yaqubzadə əmlakın bölünməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsi ilə müraciət etmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsaslanaraq, R.Salamov N.Yaqubzadənin ona qarşı irəli sürdüyü iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsi N.Yaqubzadənin iddiasını rədd edərək qətnamədə belə qənaətə gəlmişdir ki, mübahisələndirilən mənzil R.Salamov ilə N.Yaqubzadə arasında nikah bağlanmamışdan əvvəl R.Salamovun şəxsi vəsaiti hesabına alınmışdır.

Məhkəmə qətnamədə həmçinin tərəflərin münasibətlərinə iddia  müddətlərinin tətbiq edilməli olduğu qənaətinə gəlmişdir. Məhkəmə müəyyən etmişdir ki, R.Salamov ilə N.Yaqubzadə arasındakı nikah 22 oktyabr 2002-ci ildə pozulduğu halda, N.Yaqubzadənin məhkəməyə əmlakın bölünməsi tələbi barədə verdiyi iddia ərizəsində 22 oktyabr 2005-ci il tarixini göstərməsinə baxmayaraq,  əslində bu iddia ərizəsi ilə məhkəməyə 23 noyabr 2005-ci il tarixdə müraciət etmişdir.

R.Salamovun iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etməsini və belə tələbin işdə olan sənədlərlə təsdiq olunmasını nəzərə alan məhkəmə Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsaslanaraq iddianı rədd etmişdir.

Göründüyü kimi, məhkəmə N.Yaqubzadənin iddiasını mübahisəli mənzilin R.Salamovun nikah bağlanmamışdan əvvəl şəxsi vəsaiti hesabına alması və N.Yaqubzadə tərəfindən iddia müddətinin ötürülməsi əsasları ilə rədd etmişdir.

Məhkəmənin göstərilən qətnaməsindən N.Yaqubzadə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

R.Salamov isə həmin şikayətə qarşı verdiyi etirazda digər əsaslarla yanaşı, N.Yaqubzadə tərəfindən iddia müddətinin ötürüldüyünü göstərərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.

Apellyasiya Məhkəməsinin MİÜMK 14 noyabr 2006-cı il tarixli qətnaməsi ilə N.Yaqubzadənin apellyasiya şikayətini təmin edərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və N.Yaqubzadənin iddia tələblərini təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzil birgə nikah dövründə əldə edilmiş, R.Salamov tərəfindən birgə mülkiyyətçi olan N.Yaqubzadənin razılığı olmadan mənzilin satılması  sonuncunun qanunla qorunan mülkiyyət hüququnu pozmuşdur. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi R.Salamovun iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə dair dəlillərini müzakirə etmədən saxlamışdır.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin mübahisəyə baxarkən Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 60-cı maddəsinin I hissəsinin, 127-ci maddəsinin II və VII hissələrinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 9.1, 9.3 və 88-ci maddələrinin tələblərini pozmuşdur.

Belə ki, Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiya Məhkəməsinin Plenumu qəbul etdiyi bir çox qərarlarında qeyd etmişdir ki, beynəlxalq hüquqda (İnsan hüquqları haqqında Ümumi  Bəyannamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur.

Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur.

Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir (MPM-in 9.1, 9.3 və 88-ci maddələri).

Ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişməsi əsasında həyata keçirilməsi prinsipi mülki prosesin bütün mərhələlərinə, o cümlədən apellyasiya və kassasiya icraatlarına da şamil edilir.

MPM-in 365-ci maddəsi ilə müəyyən edilmişdir ki, apellyasiya icraatında bu fəslin (41-ci fəsil) və bu Məcəllənin müddəaları tətbiq olunur. Prosessual qanunvericiliyin həmin müddəalarına görə apellyasiya instansiyası məhkəməsində işlərə bu məhkəmədə icraatı müəyyən edən MPM-in 41-ci fəslində göstərilmiş xüsusiyyətlərlə yanaşı, mülki prosesin prinsiplərinə, o cümlədən tərəflərin bərabər hüquqlara və imkanlara malik olması prinsipinə uyğun olaraq baxılır.

Apellyasiya instansiyası məhkəməsi isə bu iş üzrə Konstitusiya və mülki- prosessual qanunvericilikdə təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərinə əməl etməyərək, R.Salamovun iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə dair dəlillərini müzakirə etməmişdir.

MPM-in 372.6-cı maddəsinə görə şikayət qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır.

Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya instansiyası  məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Qanunun bu müddəalarını yerinə yetirməyərək, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin iddia müddətinə aid olan hissəsinin qanuni və əsaslı olub-olmamasının yoxlanılmasına heç bir cəhd göstərməmişdir.

Mülki-prosessual qanunvericiliyə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddi və prosessual  hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 416, 418.1 və 418.3-cü maddələri).

R.Salamovun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia müddətlərinin tətbiq edilməməsinə dair dəlillərin irəli sürülməsinə baxmayaraq, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının düzgün tətbiq edilməsinə lazımi diqqət yetirməmiş, nəticədə MPM-in 416, 418.1 və 418.3-cü maddələrinin tələblərinə cavab verməyən qərar qəbul etmişdir. Bu isə öz növbəsində ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsi ilə təsbit olunmuş hüquq və azadlıqlarının məhkəmə təminatının mühüm elementlərindən biri olan müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqlarının səmərəli bərpa edilməsi prinsipinin pozulmasına gətirib çıxarmışdır.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin MİÜMK-nın 3 aprel 2007-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, MPM-in 416, 418.1 və 418.3-cü  maddələrinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilməlidir. İşə Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş  qaydada və müddətdə yenidən  baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A  A L D I:

1. N.Yaqubzadənin R.Salamova və K.Hacıyevaya qarşı ümumi paylı mülkiyyət hüququnun müəyyən edilməsi, paylı mülkiyyətdə olan əşyanın bölünməsi, ondan payın ayrılması, qeydiyyat vəsiqəsinin verilməsi və daşınmaz əmlakın alğı-satqı müqaviləsinin  etibarsız hesab edilməsi barədə iddia tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 aprel 2007-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar elan olunduğu andan qüvvəyə minir.

3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədrlik edən                                                                  Fərhad Abdullayev