Qərarlar

12.01.99 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında

AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI 

KONSTİTUSİYA MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin

Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin

IV hissəsinə uyğunluğu haqqında

12  yanvar 1999-cu il                                                                                     Bakı şəhəri

 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), ha­kimlər: F.Babayev, B.Qəribov (məruzəçi-hakim), R.Qvaladze, E.Məmmədov, S.Sal­manova, Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

sorğu verən orqanın qanuni nümayəndəsi, Azərbaycan Respublikası Baş Prokurorunun müavini N.Allahverdiyevin, cavab verən  orqanın qanuni nümayəndəsi, Azərbaycan Respublikası Milli Məclisi Aparatı inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri N.Səfərovun, ekspert, M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti hüquq fakultəsinin cinayət hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F.Səməndərovun, mütəxəssislər, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü V.Nəzərovun, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik idarəsinin mütəxəssisi N.Nəbiyevin iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə müvafiq olaraq açıq məhkəmə iclasında, konstitusiya məhkəmə icraatı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Prokurorluğunun 30 noyabr 1998-ci il tarixli 11/112 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

 Hakim B.Qəribovun məruzəsini, tərəflərin qanuni numayəndələri N.Al­lah­ver­di­yev, N.Səfərovun çıxışlarını, ekspert F.Səməndərovun rəyini, mütəxəssislər V.Nə­zərov, N.Nəbiyevin mülahizələrini dinləyib müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi    

M Ü Ə Y Y Ə N   E T D İ:

  Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsində göstərilir: “Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsində isə məhkumun xüsusi mülkiyyətdə olan əmlakının hamısının və ya bir hissəsinin məcburi qaydada, əvəzsiz olaraq dövlət mülkiyyətinə alınması müəyyən edilmişdir.               

 Azərbaycan Respublikası Prokurorluğunun sorğusunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğunun yoxlanılması xahiş olunur.  

  Baxılan məsələ ilə bağlı iş materiallarına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin rəsmi mətninin, “İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin”, “Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması haqqında” Azərbaycan Respublikasının 6 noyabr 1991-ci il tarixli Qanununun, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 15 sentyabr 1980-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Məhkəmənin hökmü ilə müsadirə edilməməli olan əmlakın siyahısının” surətləri də  əlavə edilmişdir.

  Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülkiyyət hüququnun ümumbəşəri dəyərlər sırasında olması  qəbul edilmiş bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır.

  1948-ci il 10 dekabr tarixdə BMT tərəfindən qəbul olunmuş “İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin” mülkiyyət hüququndan bəhs edən 17-ci maddəsində göstərilir: “hər bir şəxsin həm təkbaşına, həm də müştərək mülkiyyətə sahib olmaq hüququ vardır və heç kim özbaşına olaraq mülkiyyətdən məhrum edilə bilməz”.

 Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən maddələr vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsində qeyd olunur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

  Əmlakın müsadirəsi keçmiş dövrlərdə cinayət  hüququnun əsas təsisatlarından biri hesab edilirdi və  8 dekabr 1960-cı ildə qəbul olunmuş  Azərbaycan Respublikası Cinayət Məcəlləsində əlavə cəza növü kimi öz əksini tapmışdır.

 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinə əsasən “əmlak müsadirəsi məhkumun xüsusi mülkiyyətdə olan əmlakının hamısının və ya bir hissəsinin məcburi qaydada, əvəzsiz olaraq dövlət mülkiyyətinə alınmasından ibarətdir”.

 Cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Lakin Cinayət Məcəlləsinin 32-ci maddəsinin nəzərdə tutduğu əmlakın hamısının müsadirəsi cəzanın məqsədinə uyğun deyildir. Belə ki, əmlakın hamısının müsadirəsi nəinki məhkumun, həmçinin onun  himayəsində olan yetkinlik yaşına çatmamış uşaqlarının, yaşlı valideynlərinin, ərinin (arvadının) mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına, onların maddi vəziyyətinin ağırlaşmasına səbəb olur. Məhz bunu, eləcə də ədalət və humanizm prinsiplərini əsas götürərək Azərbaycan Respublikası Ali Soveti 6 noyabr 1991-ci il tarixdə “Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması haqqında”  Qanun qəbul etmişdir.

 Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin IV hissəsinə əsasən, bu Məcəlləyə əlavədə verilmiş siyahıda göstərilən, məhkum və onun himayəsindəki  şəxslər üçün zəruri olan əşyalar müsadirə edilə bilməz. 

 Belə olduğu halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci mad­də­si­nin I hissəsində nəzərdə tutulan  əmlakın  hamısının müsadirəsi formal xarakter daşıyır.     

 Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsində məhkumun xüsusi mülkiyyətdə olan əmlakının hamısının məcburi qaydada, əvəzsiz olaraq dövlət mülkiyyətinə alınmasını nəzərdə tutan müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğun hesab edilə bilməz. 

 Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin müddəaları əmlakın bir hissəsinin müsadirəsini istisna etmir. Lakin, əmlakın müsadirəsi tətbiq edilərkən Azərbaycan Respublikası Konstitusiyası ilə mülkiyyət hüququnu müdafiə edən normaların tələbləri nəzərə alınmalıdır. 

 Əmlakın müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına, habelə onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırmasına yönəldilməməlidir. Əks halda onun tətbiqi Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində öz əksini tapmış təqsirsizlik prezumpsiyası prinsipinə uyğun hesab edilə bilməz.

 Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinin tələblərini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinə və bu Məcəllənin Xüsusi Hissəsinin sanksiyalarına əsasən əlavə cəza növü kimi tətbiq edilən əmlak müsadirəsi cinayət törədilərkən istifadə olunmuş alət və vasitələrə, habelə cinayət yolu ilə əldə edilmiş əmlaka yönəldilməlidir.

  Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI və VII hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası  Qanununun 75, 76, 78, 81, 82, 83 və 85-ci maddələrini rəhbər tutaraq

Q Ə R A R A     A L D I:

1.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsində məhkumun xüsusi mülkiyyətdə olan əmlakının hamısının məcburi qaydada, əvəzsiz olaraq dövlət mülkiyyətinə alınmasını nəzərdə tutan müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğun olmayan hesab edilsin. 

Bu Qərar qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsində məhkumun xüsusi mülkiyyətdə olan əmlakının hamı­sının məcburi qaydada, əvəzsiz olaraq müsadirə edilməsini nəzərdə tutan müddəaları qüvvədən düşmüş hesab edilsin.

2.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsində və bu Məcəllənin Xüsusi Hissəsindəki maddələrin sanksiyalarında əlavə cəza növü kimi nəzərdə tutulan əmlak müsadirəsi yalnız cinayət törədilərkən istifadə edilmiş alət və vasitələr, habelə cinayət yolu ilə əldə edilmiş əmlak barəsində tətbiq edilə bilər.      

3.Qərar 1 fevral 1999-ci il tarixindən qüvvəyə minir.

4.Qərar “Azərbaycan” qəzetində dərc edilsin.

5.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və təfsir edilə bilməz.

Sədrlik edən                                                                 Xanlar Hacıyev