Qərarlar

13.06.25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci mad. “Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci mad. ikinci hissəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair QƏRARDAD

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R D A D I

 

 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinin “Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci hissəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair

  

 

 13 iyun 2025-ci il                                                                                  Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev,  Fikrət Məmmədov, İsa Nəcəfov, Kamran Şəfiyev (məruzəçi-hakim) və Xanlar Vəliyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinin “Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin müraciətini və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq elmləri doktoru A.Qədirovun rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək etibarnamə üzrə nümayəndənin daşınmaz əşya barəsində əqd bağlamaq hüququna məhdudiyyət tətbiq edilməsinin mümkünlüyünə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinin “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci hissəsi ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdə qeyd olunmuşdur ki, S.Quliyevanın etibarnamə əsasında mənzilinə dair bağlanmış müqavilənin etibarsız hesab olunması və mənzilin qaytarılması barədə iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə rədd edilmişdir.

Həmin qətnamədən verilmiş şikayət üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsi belə qənaətə gəlmişdir ki, nümayəndənin notariusa etibarnamə təqdim etməsi özü-özlüyündə nümayəndə üçün daşınmaz əşyaya sərəncam vermək hüququ yaratmır. Həmin hüququn yaranması üçün etibarnamə ilə yanaşı təmsil olunanın öz hüquq və vəzifələrini şəxsən həyata keçirməsini qeyri-mümkün edən və ya çətinləşdirən hallar olmaldır.

"Notariat haqqında" Qanunun 45-ci maddəsinin ikinci hissəsinə istinad edən Bakı Apellyasiya Məhkəməsi müraciətdə göstərmişdir ki, həmin maddəyə görə, notariuslar təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Sərəncam əqdi nümayəndə vasitəsilə bağlandığı halda "həqiqi niyyət" deyiləndə həm də təmsilçilik niyyətinin həqiqi olub-olmadığının yoxlanılması nəzərdə tutulur. Təmsilçilik niyyəti o zaman həqiqi olur ki, təmsil olunmağa zərurətin olması müəyyən edilir.

Beləliklə, müraciət edən hesab edir ki, etibarnamə üzrə nümayəndənin (təmsilçinin) daşınmaz əşya barəsində sərəncam əqdi bağlamaq hüququnun yaranması üçün iki fakt birlikdə mövcud olmalıdır: 1) etibarnamə; 2) təmsil olunanın öz hüquq və vəzifələrini şəxsən həyata keçirməsini qeyri-mümkün edən və ya çətinləşdirən hallar. Əgər həmin iki fakt birlikdə mövcud deyilsə, nümayəndənin (təmsilçinin) sərəncam əqdi bağlaması qadağandır.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələ ilə əlaqədar təmsilçilik institutunun mahiyyətinin və təyinatının, bununla bağlı münasibətləri tənzimləyən müvafiq qanunvericilik normalarının açıqlanmasını zəruri hesab edir.

İlk növbədə qeyd edilməlidir ki, təmsilçilik institutu mülki dövriyyə iştirakçıları arasında münasibətlərin operativ, çevik və səmərəli şəkildə qurulmasına şərait yaradan əsas hüquqi təsisatlardan biri olaraq mülki dövriyyənin təmin edilməsində, sahibkarlıq fəaliyyətinin, sərbəst bazar iqtisadiyyatının inkişafında müstəsna əhəmiyyətə malikdir.

Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

Təmsilçi təmsil etdiyi şəxsin adından və onun verdiyi səlahiyyət çərçivəsində fəaliyyət göstərməklə, hərəkətləri təmsil olunan tərəfin hərəkətləri hesab edilir və təmsil etdiyi şəxslə üçüncü şəxs arasında hüquq münasibətinin yaranmasına gətirib çıxarır. Nəzərə alınmalıdır ki, hüquqi təsisat olaraq təmsilçilikdən istifadə edilməsi mülki dövriyyənin ehtiyaclarına cavab verməklə müxtəlif səbəblərdən (müvafiq əqdin bağlanması üçün lazımi bilik və səriştənin olmaması,  xaricdə olma, xəstəlik kimi şəxsi xarakterli hallar və s.) irəli gələ bilər ki, bununla bağlı qanunvericilikdə hər hansı məhdudiyyət və ya digər qayda nəzərdə tutulmamışdır.

Təmsilçinin fəaliyyətinin əsasını məhz onun təmsil səlahiyyəti – təmsil olunanın adından və hesabına hərəkət etməklə sonuncunu haqq sahibi və öhdəlik daşıyıcısı edən bir səlahiyyət təşkil edir ki, bu təmsil edilən şəxsin etibarnamə verməsi ilə qanunun göstərişinə (qanuni nümayəndələr, məsələn, valideynlər, övladlığa götürənlər, qəyyumlar) əsasən və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktları ilə yaranır.

Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

Etibarnamə təmsil səlahiyyətini müəyyən etməklə etibarnaməni verən (təmsil olunan) adından əqd bağlayıb həmin əqddən irəli gələn haqq və öhdəliklərlə bağlı hüquqi nəticələrin məhz etibarnaməni verən (təmsil olunan) üçün əmələ gətirilməsinə yönəlik sərbəst iradə ifadəsidir.

Müraciətdə də qeyd olunduğu kimi, daşınmaz əşya  üzərində sərəncam verilməsi ilə bağlı təmsilçiliyin mülkiyyət sahibi (etibarnamə verən) üçün ciddi hüquqi nəticələr doğurduğu nəzərə alınarsa,  təmsil edilənin və mülki münasibətlərin digər subyektlərinin hüquqlarının qorunması, mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi baxımından belə etibarnamələrin verilməsi halında şəxsin iradə ifadəsinin həqiqiliyinin, qanunauyğunluğunun yoxlanılması zəruridir. Eləcə də təmsilçi vasitəsilə bağlandığı təqdirdə həmin əqdin həqiqətən təmsil edilənin iradə ifadəsi olduğunu təsdiq edən sənəd  etibarnamə olduğundan, bu etibarnamələrdə onu verən şəxsin iradə ifadəsinin məzmununun aydın şəkildə ifadə olunması vacibdir.

Qeyd edilənlər baxımından notariusların fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Belə ki, “Notariat haqqında” Qanunun 9-cu maddəsinin I və II hissələrinə görə, notariuslar fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməli, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir.

Həmin Qanunun 45-ci maddəsinin ikinci hissəsində müəyyən edilmişdir ki, notariuslar təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Bu isə onu da ehtiva edir ki, notarius etibarnaməni təsdiqləməzdən əvvəl onun məzmununun qanuniliyinin, etibar edənin həqiqi niyyətinin və iradə ifadəsinin dəqiq və aydın müəyyənləşdirilməsi üçün bütün zəruri məlumatları aydınlaşdırmalı və etibarnamədə əks etdirilmiş olmasını təmin etməli, eləcə də etibarnamənin hüquqi nəticələrini etibarnamə verən şəxsə izah etməlidir.

O da qeyd olunmalıdır ki, qüvvədə olan etibarnamənin mövcudluğuna, orada təmsil edənin müvafiq əqdi bağlamaq səlahiyyətinin aydın şəkildə ifadə olunmasına baxmayaraq, sonradan əqd bağlanarkən notarius tərəfindən təmsil olunanın öz hüquq və vəzifələrini şəxsən həyata keçirməməsinin səbəblərinin araşdırılması mülki münasibətlərdə sürətliyin və səmərəliyin təmin olunmasında mühüm əhəmiyyət kəsb edən təmsilçilik institutunun mahiyyət və məqsədinə uyğun gəlmir.

Təmsilçilik münasibətlərində mümkün sui-istifadə hallarının qarşısının alınması, təmsil olunanın üstün mənafelərinin qorunması baxımından qanunvericilikdə bir sıra digər tənzimləmələr də nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunanın adından özü ilə müqavilə bağladığı halda təmsilçinin təmsil olunanın üstün mənafeyini nəzərə alaraq hərəkət etməsi ağlabatan olmadığından təmsilçinin belə səlahiyyəti yolverilməzdir. Qanunverici qeyd edilən norma ilə müqavilə üzrə hər iki tərəfin eyni anda eyni şəxs vasitəsilə təmsil edilməsini də qadağan etmişdir.

Eləcə də təmsil səlahiyyətlərinin hədlərinin aşılması, səlahiyyətsiz təmsilçilik hallarının baş verməsi ehtimalı da nəzərə alınaraq, bu kimi hallarda təmsil olunanın və digər mülki dövriyyə subyektlərinin hüquq və mənafelərinin qorunması məqsədilə qanunvericilikdə bir sıra normalar nəzərdə tutulmuşdur. Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360-cı maddəsinə müvafiq olaraq, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.

Təmsilçilik institutundan sui-istifadənin (dələduzluğun, özbaşınalığın və s.) qarşısının alınması üçün müraciətdə də göstərildiyi kimi bəzi  ölkələrin qanunvericiliyində xüsusi təminatlar müəyyən edilmişdir. Həmin təminatlardan biri hüquq sahibinin şəxsi iştirakı olmadan hüquqa dair hər hansı dövlət qeydiyyatının aparılmasının qeyri-mümkünlüyü barədə qeydin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsidir. Belə qeyd reyestrə hüquq sahibinin ərizəsi əsasında daxil edilir.

Əgər dövlət reyestrinə belə qeyd daxil edilibsə, notarius etibarnamə üzrə təmsilçi tərəfindən bağlamaq istədiyi əqdi təsdiq etməkdən imtina edir. Hüquq sahibi əqdi ya şəxsən bağlamalıdır, ya da həmin qeydi ləğv etdirməlidir.

Bu sahədə xarici ölkələrin təcrübəsində tətbiq edilən belə təminatların Azərbaycan Respublikasının qanunvericiliyinə daxil edilməsi gələcəkdə mümkün hesab edilə bilər.

Lakin nəzərə alınmalıdır ki,  Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində təsbit olunmuş hakimiyyətlərin bölünməsi prinsipinə görə, Konstitusiya Məhkəməsi normayaratma fəaliyyətinin subyekti, yəni hər hansı hüquq münasibətlərinin tənzimlənməsinə dair normativ hüquqi aktı hazırlayan, o cümlədən onların müddəalarının mətnini dəyişən və ya əlavə normaları daxil edən orqan və ya normayaratma təşəbbüsünün subyekti deyil, səlahiyyətli subyektlərin sorğu və müraciətləri, vətəndaşların şikayətləri əsasında qanunverici, icra və məhkəmə hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları tərəfindən qəbul olunmuş aktlar üzərində konstitusiya nəzarətini həyata keçirən ali konstitusiya ədalət mühakiməsi orqanıdır.

Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Konstitusiyanın və qanunların şərh edilməsi haqqında Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

Konstitusiya Məhkəməsi Plenumunun Konstitusiyanın və qanunların şərh edilməsi ilə bağlı qəbul edilmiş Qərarlarında ifadə olunan hüquqi mövqelərin hüquq tətbiqedən orqanlar tərəfindən birmənalı tətbiqi məhkəmə və inzibati təcrübənin sabitliyinə və hüquq tətbiqetmə təcrübəsinin təkmilləşdirilməsinə xidmət edir.

Əqdlər, mülki müqavilələr, nümayəndəlik və vərəsəliyə dair ümumi qaydaların müəyyən edilməsi isə Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 12-ci bəndi baxımından qanunvericinin diskresion səlahiyyətlərinə aiddir. Bu sahədə o, geniş mülahizə sərbəstliyinə malikdir.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, təmsilçilik institutundan sui-istifadə hallarının qarşısının alınması üçün əlavə təminatların müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aid edilmişdir.

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin müraciətində qaldırılan məsələnin müvafiq qanunvericilik normaları və bu Qərardadda əks olunmuş hüquqi mövqelər üzrə həlli mümkün olduğundan, müvafiq əlavə təminatların müəyyənləşdirilməsi isə qanunverici orqanının səlahiyyətinə aid edildiyindən, hazırkı vəziyyətdə Konstitusiya Məhkəməsi Plenumunun ayrıca Qərarının qəbul edilməsinə ehtiyac yoxdur.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 49, 62, 68 və 69.2-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

  

QƏRARA  ALDI:

 

1.        Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınsın.

2.        Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin müraciəti üzrə konstitusiya işinin icraatına xitam verilsin.

3.        Qərardadın surəti 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

4.        Qərardad “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

 

   

  

Sədr                                                                                                                                     

                                                                                                       Fərhad Abdullayev